Şuşanın işğalı

 

Qalanın işğalına bir neçə saat qalmış şəhərdəki vəziyyət

 

Əlisaab Orucovun dedikləri:

 

"Mən müharibə bölgələrində daha çox Şuşa və ətraf kəndlərdə olmuşam. Şəhərin işğalından bir gün əvvəl də oraya getmişdim. Mayın 7-də Laçın rayon daxili işlər şöbəsinin rəisi Akif Səlimov bildirdi ki, bizim Böyük Kirsdəki qüvvələrimiz ermənilərin Bala Kirsdəki qüvvələrini vurub çıxarıb və Şuşa yolu açıqdır. Ona qədər isə erməni silahlı qüvvələri həmin yolu daim atəş altında saxlayırdılar. Bu məlumatdan sonra mən, Səyavuş Vəliməmmədov, Azərbaycan radiosunun müxbiri Eyvaz Yusifli, Laçın rayon daxili işlər şöbəsinin rəisi Akif Səlimov və şəhər Sovetinin sədri Səlim Kərimov Şuşaya getdik. Çox qəribədir ki, Şuşada bir həyəcan duyulmur və bir sakitlik var idi. Hələ üstəlik bəziləri uçmuş divarları hörür, evlərin damlarını təmir edirdilər. Əkin edənlər də var idi. Biz Şuşa şəhər Sovetinin sədri Vaqif Hüseynov, prokuror Nəzir Quliyev, icra hakimiyyəti başçısının müavini Elxan Ələkbərov, qaz idarəsinin rəisi Məhi Abdullayev və başqaları ilə görüşdük. Prokuror və icra başçısının müavini bildirirlər ki, qalalılar vuruşa hazırdırlar. Şəhəri müdafiə etmək də mümkündür. Nizam-intizam isə öz qaydasındadır. Briqada komandiri Elbrus Orucovu nə qədər soraqlasaq da, onunla görüşə bilmədik. Dedilər ki, Kosalara gedib.

Biz Şuşadan qayıdanda yolda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmanovla görüşdük. Saat təxminən 17-18 radələri olardı. O, Bakıdan gəldiyini və bir neçə zirehli texnika da aldığını bildirdi. İcra hakimiyyətinin başçısı da dedi ki, onlar hücuma da, müdafiəyə də hazırdırlar.

Şuşa və Laçının işğalı ilə bağlı keçirilən məhkəmə prosesində bəlli olub ki, mayın 7-də saat 16 radələrində Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Şahin Musayev Elbrus Orucova zəng vuraraq bildirir ki, mayın 8-də Qırmızı Xaç Komitəsinin və ATƏT-in nümayəndələri Şuşaya gələcək. Ona görə də Şuşa-Xankəndi, Kərkicahan-Şuşa yolunu minalardan təmizləmək və birinci mövqedə olan hərbi hissələri, texnikanı geri çəkmək lazımdır. Həmin əmrin yerinə yetirilməsi nəticəsində erməni silahlı birləşmələri şəhərə maneəsiz girməklə yanaşı, ön mövqelərdə qalan əsgərlərimizi də xüsusi amansızlıqla qətlə yetirmişlər. Bundan dəhşətli xəyanətkarlıq ola bilərmi?"

Elə həmin gün də qədim Şuşa şəhəri əsasən işğal olunub. Əsasən deyirik ona görə ki, şəhərdə qalıb qəhrəmancasına vuruşan Azərbaycan oğulları olub.

"Bakınskiy raboçiy" qəzetinin müxbiri Vahid Sədiyaroğlunun dediklərindən:

...Şuşanın "Əjdaha bulağı" adlanan ərazisində yerləşən ticarət obyektlərinin, avtomobil nəqliyyatı müəssisəsinin işçiləri may ayının 8-də tank döyüşünün şahidi olmuşdular. İnqilab Şirinov Şuşadakı "N" hərbi hissəsində 713 nömrəli tankı idarə edirdi. Geri çəkilmək əmri almış bölmə komandirinin təslimçilik ruhuna zidd olaraq İnqilab öz tankı ilə düşmənə lazımi cavab vermək qərarına gəlib. O, şəhərin girəcəyindəki benzindoldurma məntəqəsinə doğru hərəkət edib. "Əjdaha bulağı"na dönən yerdə düşmən tankı ilə rastlaşıb və sərrast atəşlə onu yandırıb. Alov bürümüş maşının yanından keçərək qarşıdan gələn iki PDM ilə üz-üzə dayanıb. Onlardan birini yaxın məsafədən atəşlə vurub aşırıb. İkincisinə atəş açmağa macalı olmadığından onu taran edib. Lakin...Cəsur tankçının öz maşınını da alov bürüyüb. Onu qarşıdan gələn erməni tankı vurub.

 

Tehran danışıqları və Şuşanın işğalı

 

Əlisaab Orucovun dedikləri: "Məhkəməyə təqdim olunan istintaq sənədləri arasında Yaqub Məmmədovun Tehran səfəri zamanı Dağlıq Qarabağa humanitar dəhliz açılması ilə bağlı çox böyük əhəmiyyət kəsb edən bir sənəd də var. Mənim fikrimcə həmin sənəd Yaqub Məmmədovun səriştəsizliyi və aldadılması nəticəsində meydana gəlmişdir ki, bu memorandumun imzalanmasından dərhal sonra Ermənistan silahlı qüvvələri hücuma başlamışlar. Bu sənəd Ermənistana müəyyən siyasi dividendlər vermişdir".

Şuşa işğal olunan gün respublika Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda İİR prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışıqlar aparırdı. Bu sətirlərin müəllifi də Yaqub Məmmədovu müşayiət edənlər arasında idim. Mənim "Şuşanın işğalı günü siz İranın vasitəçiliyi ilə Tehranda Ermənistan prezidenti Ter-Petrosyanla görüşmüş, danışıqlar aparmış, sənəd imzalamışsınız. Bu, qurama bir oyun olmamışdır ki? Bu məsələdə Tehranın rolu nə dərəcədədir?" sualıma Yaqub Məmmədov belə cavab vermişdi:

- Mən Şuşanın işğalını İran səfəri ilə əlaqələndirmirəm. Ermənistanda da, Azərbaycanda da, Dağlıq Qarabağda da, bizi əhatə edən ölkələrdə də bu məsələnin siyasi yolla həll olunmasını istəməyən qüvvələr Şuşanın işğalına şərait yaratdılar. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həll olunmasında Tehran vasitəçi rol oynayırdı. Danışıqlar məndən əvvəlki rəhbərlik tərəfindən başlanmışdı. Sonradan məsləhətləşmələr aparıb belə qənaətə gəldik ki, danışıqları pozmaq olmaz. Qərara alındı ki, dövlət rəhbərliyi səviyyəsində görüş keçirilsin. Ona görə də Tehranda belə bir görüş baş tutdu. 1992-ci il mayın 8-də atəşkəs haqqında memerandum imzalandı. Sənədi imzaladıqdan sonra birbaşa təyyarə limanına getdik. Orda xəbər verdilər ki, ermənilər Şuşanı işğal ediblər.

Qısa müddətə səfərdə olmağımın Şuşanın işğalına dəxli olmamalıdır. Müdafiə Nazirliyi rayonlarımızın, bilavasitə Şuşanın müdafiəsini, hər hansı aqressiyanın dəf edilməsini təmin etməli idi. Mayın 8-də Bakıya qayıdanda həm Müdafiə Nazirliyi, həm də Şuşa rəhbərliyi tərəfindən mənə məlumat verildi ki, Şuşa işğal olunmayıb. Səfərdən dönən kimi Rəhim Qazıyevi tapa bilmədim. Axşam Rəhimlə telefon danışığımız oldu. O da mənə qəti bildirdi ki, ermənilər Şuşaya hücum edib, lakin onlar dəf edilib. Şuşa bizim nəzarətimiz altındadır. Mayın 8-dən 9-na keçən gecə mənə başqa bir mənbədən məlumat verildi ki, Şuşa işğal olunub. Bu məlumatdan sonra yenə də Rəhim Qazıyevlə telefon danışığımız oldu. Rəhim Qazıyev ona da belə ziddiyyətli məlumatlar verildiyini, birbaşa cəbhə bölgəsinə gedəcəyini, hər şeyi özü araşdırıb mənə məlumat verəcəyini bildirdi. Səhər saat 5-ə qədər ondan məlumat gəlmədi. Mən Müdafiə Komitəsinin iclasını çağırdım. Yevlaxa getdim. Yevlaxda Rəhim Qazıyevin Ağdama yollandığını, orada isə onun oraya gəlmədiyini bildirdilər. Sonra məlumat aldıq ki, o, Gəncəyə gedib. Gəncədə də öyrəndim ki, Rəhim Qazıyev guya kömək almaq məqsədi ilə Moskvaya uçub. Ağdamda Şuşanın müdafiəsi ilə bağlı müşavirə keçirdim. Baş qərargah rəisi Şahin Musayevə, hərbçilərə müvafiq tapşırıqlar verdim. Özüm də Rusiyanın Gəncədə olan bir neçə diviziyasının başçılarından bizə kömək etmələri üçün xahiş etdim. Onlar Moskva rəhbərliyinin icazəsi olmadan heç nə edə bilməyəcəklərini bildirdilər. Bakıdan Rusiya, İran, Türkiyə, Amerika dövlətlərinin rəhbərləri ilə əlaqə saxlayıb ermənilərin Şuşanı işğal etdiklərini bildirdim. Bu aqressiyanın dayandırılması üçün onlardan öz təsir mexanizmlərindən istifadə etmələrini xahiş etdim. Moskva səfərindən sonra mən Rəhim Qazıyevi görə bilmədim. Dövlət çevrilişləri dalbadal oldu. Mən hakimiyyətdən uzaqlaşdırıldım. Hadisələrin gedişatı bildiyiniz ssenari ilə inkişaf etdi.

 

 

(Ardı var)

 

Səyyad AĞBABALI,

"Arena" qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2009.- 7 may.- S.4.