Azərbaycan dilinin qorunması
istiqamətində yeni
layihəyə start verilib
Dünən Azadlıq Hərəkatçıları
İctimai Birliyi "Natiqlərin I ümumrespublika müsabiqəsi"
adlı yeni layihənin təqdimat mərasimini keçirib. Birliyin
İdarə Heyətinin sədri Təhmasib Novruzov bildirib ki,
bu layihə Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata
keçirilir. Onun sözlərinə görə, müsabiqənin
məqsədi Azərbaycan dilinin qorunmasına,
saflaşmasına və zənginləşməsinə
yönəlib: "Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlərin dilimizə hörmətlə
yanaşmadığı açıq-aydın
görünür. Çünki onlar işə qəbul
zamanı öz dilimizi deyil, xarici dili əsas şərt kimi
irəli sürürlər. Bu mənada, biz belə bir layihəni
həyata keçirməklə ana dilimizin qoruyur və təbliğ
etmiş oluruq".
Akademik Afad Qurbanov
müsabiqədə həqiqi natiqlərin üzə
çıxacağına əmin olduğunu vurğulayıb:
"Çox təəssüflər ki, indiyədək bu məsələyə
diqqət ayrılmayıb. Kənar sözlər dilimizə
daxil olub, televiziya və radio aparıcıları efirdə
başqa dillərə məxsus sözləri işlətməklə
yanaşı, şivə və dialektlərdən istifadə
edirlər. Bütün bunlar yolverilməzdir. Hesab edirəm ki,
orta və ali məktəblərdə bu istiqamətdə ciddi
tədbirlər görülməlidir".
Yazıçı
Qadınlar Cəmiyyətinin sədri Nüşabə Məmmədli
bildirib ki, bəzi gənclərimiz süni surətdə
dilimizə yabançı sözlər gətirir: "Bunun
qarşısını almaq üçün belə
müsabiqənin keçirilməsi təqdirəlayiqdir". O,
bu layihənin davamlı olacağına əminliyini qeyd edib.
Qeyd edək ki,
"Natiqlər müsabiqəsi"nin münsiflər heyətinə
akademik Afad Qurbanov, filologiya elmləri doktoru Firidun Cəlilov,
xalq şairi Zəlimxan Yaqub, xalq artisti Ofeliya Sənani,
Yazıçı Qadınlar Cəmiyyətinin sədri
Nüşabə Məmmədli, diktor Əli Məmmədov və
şair-pedaqoq Kəmalə Abıyeva daxildir.
BƏXTİYAR
525-ci qəzet.- 2009.- 7 may.- S.2.