Bələdiyyə seçkilərində qadınların fəallığı artırılmalıdır

 

Avropa ölkələrində qadınlar səsvermə hüququnu Azərbaycan Xalq Cümhuriyyətində olduğu kimi, səssiz-küysüz deyil, qalmaqallı şəkildə ələ alıblar. Seçki hüququ uğrunda qadın hərəkatı XIX yüzilin ikinci yarısından etibarən İngiltərədə başlayıb. Hərəkat ingilis terminologiyasında "suffrage" (deyilişdə "safric", rus və bəzi başqa dillərin deyimində isə "sufric") adını alıb. Bu söz əslində seçki haqqını bildirsə də, daha çox qadınların seçki haqqını tələb etmək üçün işlədilir. Bəzən dəqiqləşdirmək üçün buna "fimale suffrage", yəni qadınların seçki haqqı da deyilir. Uyğun olaraq sufracistlər qadınların seçki hüquqları uğrunda çalışanlara deyilir.

Azərbaycanda qadın azadlığı fikrini isə I Dünya müharibəsi illərində Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli kimi görkəmli düşüncə adamları önə çəkib. Onlar bu addımı atmaqla milli gəlişmə işinə Azərbaycan qadınlarının da qoşulmasına çalışıblar. Məhz bu işlərin nəticəsi olaraq qadınlarımız seçki hüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının parlamentinə keçirilən seçkilər zamanı nail olublar. Lakin həmin dövrdə qadınlar seçmək və seçilmək hüququnu qazansalar da, parlamentə üzv kimi seçilə bilməyiblər.

Zaman keçdikcə isə Azərbaycan qadını seçki hüquqları uğrunda mübarizəsini dayandırmayaraq, müxtəlif seçkili qurumlarda təmsil olunmaq imkanı əldə edib. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artdı. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu. Bu təşkilatların hər birinin tərkibində gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var. Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan etibarən həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edərək, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Konstitusiyanın 56-cı maddəsinə əsasən, qadınların dövlət orqanlarına seçmək və seçilmək, həmçinin referendumda iştirak etmək hüququna malikdir. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "Seçki Məcəlləsində" öz əksini tapıb. Ancaq buna baxmayaraq, dövlət strukturlarında, parlamentdə, bələdiyyədə, siyasi fəaliyyətlə məşğul olan qadınlaımızın sayı çox azdır. Qeyd edək ki, Azərbaycanda ilk bələdiyyə seçkilərində (1999-cu il) bələdiyyələrə üzv seçilənlər sırasında cəmi 400 nəfərə yaxın qadın olub. 2004-cü ildə isə bələdiyyə üzvləri arasında qadınların təmsilçiliyi cəmi 20 faiz artıb. Təəsüff hissi ilə bildirək ki, bu günə qədər iki bələdiyyə seçkisinin keçirilməsinə baxmayaraq, bir nəfər də olsun qadın bələdiyyə sədri seçilməyib.

Qarşıdan bələdiyyə seçkisi gəlir. Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Bələdiyyələr bərabərlik əsasında qurulur, fəaliyyət göstərir və Konstitusiya, eləcə də Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.

"Bələdiyyə" və "yerli özünüidarə" terminləri, habelə bu ifadələrin iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, eləcə də əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar işlədilir. Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik şəhərlərdə şəhərin inzibati bölgüsünə görə bələdiyyə yaradıla bilir.

Bu prosesdə əhalinin fəallığı və seçkinin şəffaflığı demokratiya quruculuğunda çox əhəmiyyətli rol oynayır. Ona görə də ölkənin demokratik inkişaf mərhələləri dərindən təhlil olunmalı, bu müstəvidəki problemlər ciddi şəkildə öyrənilməlidir.

Belə problemlər içərisində xüsusi diqqət çəkən məqam qadınların demokratik quruculuq prosesində zəif iştirakıdır. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savad həddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Tədqiqatlardan məlum olur ki, qadınların böyük hissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə az məlumatlıdırlar.

Bələdiyyə seçkisi siyasi təsisatların yarışması olsa belə, digər seçkilərlə müqayisədə daha çox ictimai məsələdir. Bələdiyyələr fəaliyyət genişliyinə görə daha çox insanı əhatə edir. Ölkədə gedən demokratik inkişafın düzgün təmayülü naminə bu prosesdə qadının fəallığı mühümdür. Çünki bələdiyyələrin fəaliyyətinin əsas sahəsi sosial problemlərin həlli sayılırsa, bu problem cəmiyyətdə müxtəlif səbəblər üzündən əsasən qadınların üzərindədir. Qadınlar öz problemini daha yaxşı bilir. Məktəbin, xəstəxananın normal fəaliyyəti, yolların və bütövlükdə infrastrukturun qaydasında olması, işıq, qaz, su təminatı daha çox qadının problemləri deyilmi?

Deməli, bu problemlərin həll edilməsində daha çox məhz elə qadınlar fəallıq göstərəcəklər.

2003-cü ildə əsası qoyulmuş müstəqil yerli qeyri-hökumət təşkilatı olan "Praksis" Sosial İnkişafa Dəstək ictimai birliyi davamlı inkişafa nail olmaq üçün yerli özünüidarəetmə təsisatlarının gücləndirilməsi və vətəndaş iştirakına dəstəyi fəaliyyət məqsədlərindən biri kimi götürmüşdür. "Praksis" Sosial İnkişafa Dəstək İctimai Birliyinin 2007-2010-cu illər üçün müəyyən olunmuş strateji məqsədlərindən biri "Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi" istiqamətidir.

Qadınların problemləri üzrə Dövlət Proqramı"nın fəaliyyət planına daxil edilməsi, Strateji Plana uyğunluğu və gender bərabərliyinin icra olunan layihələrdə komponentlərdən biri kimi götürülməsi, təşkilatın problemə ciddi yanaşmasını göstərir.

Təşkilatın icra etdiyi layihələr çərçivəsində aparılan araşdırmaların nəticələrini nəzərə alaraq bələdiyyə seçkisində nisbi uğurlar qazanmaq üçün ölkədə əhalinin böyük faizini əhatə edən qadınların fəallaşdırılması yönündə səylərin gücləndirilməsini mühüm hesab edir. Belə ki, Azərbaycanda konstitusion baxımdan hüquq bərabərliyi mövcuddur və bundan irəli gələrək qadınlar arasında maarifçiliyə, xüsusilə seçki maarifçiliyinə böyük ehtiyac duyulur. Statistik məlumatlara əsasən ölkəmizdə qadınların sayı kişilərin sayına nisbətən çoxdur.

Amma seçib-seçilmək prosesi zamanı bu mütənasiblik pozulur. Həm seçilən, həm də səsverməyə gələn qadınlar azlıq təşkil edir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə qadınların seçkilərdə fəallığının artırılması üçün onların maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına böyük ehtiyac var.

 

 

"Praksis" Sosial İnkişafa Dəstək İctimai Birliyi

 

 

Zaur ƏLİYEV

 

525-ci qəzet.- 2009.- 7 may.- S.2.