"Azərbaycan - dünyam mənim" yaradıcılıq müsabiqəsi yekunlaşıb

 

Dünən Musiqili Komediya Teatrında Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin məktəblilər arasında keçirdiyi "Azərbaycan - dünyam mənim" adlı yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasimdə çıxış edən BŞTİ sədri Nailə Rzaquliyeva deyib ki, sözügedən müsabiqə ifaçılıq, musiqi, bədii qiraət müəllif şeirləri, rəsm, inşa yazı, fizika astronomiya, coğrafiya, iqtisadiyyat, kimya, tarix, biologiya, ekologiya, Azərbaycan dili, ədəbiyyat üzrə keçirilib. Onun sözlərinə görə, müsabiqənin təşkili onun şərtləri barədə əvvəlcədən Bakının bütün məktəblərində təbliğat işləri aparılıb. 330 min şagirdin təhsil aldığı paytaxtın ümumtəhsil məktəblərində müsabiqəyə böyük maraq göstərilib. Müsabiqənin iki ay davam edən seçmə mərhələsində 13 istiqamət üzrə 74 şagird qalib seçilib. Bunlardan 28 şagird birinci, 30 nəfər ikinci, qalanı isə üçüncü yeri tutub. Təhsil naziri Misir Mərdanov isə bu cür müsabiqələrin təkcə Bakıda deyil, regionlarda, kənd məktəblərində təşkil olunacağını deyib. Onun sözlərinə əsasən, prezidentin istedadlı gənclərin üzə çıxarılmasına dair təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq, ayrı-ayrı fənlər üzrə məktəblilər arasında müsabiqələr keçiriləcək: "Artıq riyaziyyat, fizika, kimya biologiya üzrə müsabiqənin yekun turuna hazırlaşırıq". Təhsil nazirinin sözlərinə görə, bu cür müsabiqələrdə qalib gələn gənclərlə daimi aparılır, onlarla görüşlər təşkil edilir. Nazir müvafiq dövlət qurumlarını belə gənclərə istedad bacarıqlarını nümayiş etdirə bilmək üçün lazımi şərait yaratmağa çağırıb: "Azərbaycanda istedadlı qabiliyyətli uşaqlar çoxdur. Əsas məsələ odur ki, belə uşaqlar həm rayon icra hakimiyyətlərinin, həm digər qurumların nəzarətində olsun. Bu uşaqlar qeydiyyata alınmalı onların gələcək inkişafına köməklik göstərilməlidir".

M.Mərdanov əlavə edib ki, Təhsil Nazirliyi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin yekun turuna hazırlıq tədbirlərinə başlayıb. Mayın 12-dən nazirlikdə sonuncu tur üzrə seçim aparılacaq. Əvvəlki turlar üzrə müsabiqəyə təqdim olunan sənədlər araşdırılıb. "İlin ən yaxşı müəllimi" adına iddialı namizədlərin pedaqoji fəaliyyəti, təhsildə yenilikləri və digər kriteriyalar üzrə yoxlama tədbirləri həyata keçirilib. Yaxın günlərdə isə müsabiqənin yekun turu üzrə müvafiq tədbirlərə start veriləcək.

Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələr üzrə müşahidə edilən inkişafın banisi olduğunu vurğulayıblar.

Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olunub, tədbir bədii hissə ilə davam etdirilib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 8 may.- S.7.