"Bu üç-dörd
kəlmə də Süleymanındır..."
XALQ ŞAİRİNİN
XATİRƏSİ MUĞAM TEATRINDA YAD EDİLİB
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən olan xalq şairi
Süleyman Rüstəmin
xatirə gecəsi keçirilib. Muğam
Teatrında təşkil
edilən tədbiri giriş sözüylə
açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov şairin bütün yaradıcılığı boyu
vətənin gözəlliklərindən,
doğma xalqın ağrı-acısından, ayrılıq
dərdindən, "ikiyə
bölünmüş ürəklər"in
nisgilindən səmimiyyətlə
yazdığını bildirib:
"1941-ci ildə Təbrizə
səfəri ilə bağlı qələmə
aldığı "Təbrizim"
şeiri onun yaradıcılığında xüsusi yer tutur, indi də
sevilə-sevilə oxunur".
Yazıçılar
Birliyinin sədri Anar, akademik Bəkir Nəbiyev, xalq
yazıçısı Çingiz Abdullayev və
başqaları öz çıxışlarında S.Rüstəmin
Azərbaycan şeirinin inkişafında mühüm xidmətləri
olduğunu bildiriblər. Çıxış edənlər sənətkarın
yaradıcılığında vətən uğrunda
müharibə mövzusunun, yeni həyatın və dinc
quruculuq işlərinin tərənnümünün ciddi yer
tutduğunu vurğulayıblar. Görkəmli şairin İkinci
Dünya müharibəsi illərində yazdığı
"Ana ürəyi", "Ana və poçtalyon" kimi
dəyərli şeirləri ilə xalqı qələbəyə
səslədiyi də çıxışlarda xüsusi qeyd
edilib.
Şairin oğlu Azad
Rüstəmzadə atasının xatirəsinə göstərilən
ehtirama görə minnətdarlığını bildirib.
Sonda incəsənət
ustalarının ifasında S. Rüstəmin sözlərinə
bəstələnmiş mahnılar səslənib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 8 may.- S.7.