Məmməd Cəfər: fəlsəfi
tənqid və poetik fəlsəfə
Tarixən Azərbaycanda
fəlsəfi fikir bədii ədəbiyyatın
bətnindən boy atıb. Bu mənada
klassik Azərbaycan ədəbiyyatını poetik
fəlsəfə kimi
dəyərləndirmək olar. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundzadənin
bədii irsi əslində Azərbaycan
fəlsəfəsinin ideya
məxəzləridir. Və
bu fəlsəfənin
əsasında böyük
insanpərvərlik - humanizm
dayanır. XX əsrdə
klassik Azərbaycan ədəbiyyatının fəlsəfi
dərki akademik Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır.
O ilk dəfə poetik fəlsəfədən
fəlsəfi tənqid
yaratdı.
Filologiya elmləri
doktoru (1961), professor (1963) Azərbaycan EA-nın həqiqi
üzvü (1976), əməkdar elm xadimi (1982) və heç
bir titulun çərçivəsinə sığmayan sabit,
sərt və təmkinli insan, bütöv şəxsiyyət
Azərbaycanın ədəbi-tarixi taleyində nüfuzlu
söz sahibi Məmməd Cəfər Cəfərov otuzdan
artıq monoqrafiya, dərslik və kitabın, 300-dən
artıq elmi-nəzəri məqalənin, duzlu-məzəli
hekayələrin ("Əntiqə adamlar" 1981) müəllifi
idi. M.Cəfərin zəngin və çoxcəhətli
yaradıcılığını bir neçə istiqamət
üzrə təsnif etmək olar.
Birincisi, M.Cəfər
rus ədəbiyyatının görkəmli tədqiqatçısı
idi. Bunu alimin "Rus ədəbiyyatı tarixi oçerkləri"
(1939), "Rus klassikləri" (1969) və üç cildlik
"XIX əsr rus ədəbiyyatı tarixi" (1970, 1974) dərslikləri
əyani sübut edir.
İkincisi, M.Cəfərin
"Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında
romantizm" (1963) monoqrafiyaları belə deməyə əsas
verir ki, o romantizmşünas alim idi.
Üçüncüsü,
M.Cəfər estetika nəzəriyyəçisi və sənətşünas
filosof idi. Buna əminlik üçün alimin "Estetik
zövq haqqında" (1965), "Mütəfəkirin şəxsiyyəti"
(1966), "Estetik tərbiyə, ailə və məktəb"
(1967), "Həyatın romantikası" (1968), "Nizaminin
fikir dünyası" (1982) kitablarını oxumaq kifayətdir.
Digər tərəfdən,
M.Cəfər 1932-ci ildən 1992-ci ilə qədər 60 il
gözü qarşısında davam edən cari ədəbi
prosesi ədəbiyyata məhəbbət və sərt tənqidçi
prinsipiallığı ilə izləmiş professional tənqidçi
idi. O 300-dən artıq ədəbi-nəzəri və tənqidi
məqalə yazmış, "Ədəbi düşüncələr"
(1958), "Sənət yollarında" (1975) və alimin iki
cildli "Seçilmiş əsərləri"ndə (1974)
bu məqalələrin bir qismi oxuculara
çatdırılmışdır.
Nəhayət, Cəfər
müəllim imzasını sənətin Füzuli zirvəsinə
həkk etmiş görkəmli füzulişünas alim idi.
Onun Füzuli sevdası
XX əsrin 40-cı illərindən başlanıb. M.Cəfər
1941-ci ildə "Füzuli sevir" məqaləsini, 1959-cu
ildə "Füzuli düşünür"
monoqrafiyasını, 1960-cı ildə "Füzuli
yaşayır" məqaləsini yazdı. "Füzuli
sevir", "Füzuli düşünür",
"Füzuli yaşayır" - bu füzulişünaslıqda
M.Cəfər yoludur. Bu yolun sonucunda isə alimin Füzulinin
beş yüz illiyi ilə bağlı həyəcan təbili
kimi səslənən "Füzuli 500 illiyini gözləyir"
(1986) məqaləsi dayanır.
Akademik Məmməd Cəfərin
"Füzuli sevir" məqaləsinin ilk cümləsi
M.Füzulinin bədii-fəlsəfi görüşlərini əks
etdirən aforizm kimi məşhurlaşdı: "Füzuli
sevir, Füzuli düşünür deməkdir. Aşiq
Füzüli ilə mütəfəkkir Füzuli ancaq vəhdət
halında alındığı zaman onu duymaq olur. Füzuli
başqa cür dərk edilə bilməz. Böyük bir ideal
kəskin, sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli
bir gülüş, amansız, sarsıdıcı bir satira,
könül açan və ya ürək parçalayan məhəbbət
lirikası ilə də ifadə edilə bilir. Biz Füzulinin
böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində
axtarmalıyıq. Füzulinin aşiqanə sözləri,
onun həkimanə sözləridir".
Məhz bu gözəl,
qanadlı, eyni zamanda, məzmunlu mülahizələrlə
böyük alim dahi Füzulinin sevgi və hikmət
dünyasına uğurlu açar sala bilir. Elə bu dövrdən
də nəzəriyyəçi alimin M.Füzuli sənətinə
diqqəti başlanır. Onu qəlb şairinin fəlsəfəsi,
dünyagörüşü daha çox
maraqlandırırdı. Alim doğru yol seçmişdi,
M.Füzulinin fəlsəfi dünyasına məhz şairin
sehrli lirikasından keçib getmək olardı. Uzun illərin
axtarışları öz səmərəli bəhrəsini
verdi, şairin vəfatının 400 illiyi bütün
dünyada qeyd olunan vaxt M.Cəfər "Füzuli
düşünür" kitabını yazdı.
Görkəmli alim
1958-ci ildə tamamladığı kitabın sonunda təvazökarlıqla
yazır: "Bu qeydlərin müəllifi Füzulinin
dünyagörüşünü, fəlsəfi fikirlərini
hərtərəfli aydınlaşdırmaq məqsədini
qarşısına qoymamışdır. Bu olsa-olsa,
böyük şairin milyonlarca oxuyucularından birinin qeydləridir".
Bu etirafın monoqrafiyanın son abzasında verilməsi təsadüfi
deyil. Burada dahi Füzuli sənətinə, Füzuli
dünyagörüşü və fəlsəfi-estetik sisteminə
baş vurub çıxmış nəzəriyyəçi
alimin Füzuli dühasına, onun fikri əzəmətinə
pərəstişi ifadə olunub. Həqiqətdə isə
M.Cəfərin "Füzuli düşünür" əsəri
şair Füzulidə mütəfəkkir Füzulini kəşf
edən, açıb aləmə göstərən nəzəri
monoqrafiyadır. Monoqrafiyada M.Füzuli "yeni mənəvi
istinad nöqtəsi, yeni məslək, yeni həqiqət
axtaran... allah problemini "dövran", "gərdiş",
təbiət problemi ilə əvəz etməyə təşəbbüs
göstərən"... "əql ilə etiqad arasında tərəddüd
edən" şair kimi təqdim olunur".
"Azərbaycan
şeirini Füzulisiz təsəvvür etmək mümkün
deyil" - deyə araşdırmaya, fikir və mühakiməyə
yol alan müəllif onu "bəşəriyyəti orta əsrlər
dünyasından eşq, səadət dolu işıqlı bir
gələcəyə doğru səsləyən məğrur
mütəfəkkir", bədii təfəkkürümüzün
inkişafına nəcib təsirini göstərən
canlı müasirimiz olaraq tədqiqata cəlb edir. M.Cəfər
obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən
tarixilik prinsipinə istinad edərək M.Füzulinin
yaşayıb yaratdığı zəmanədən tarixi
mühitdən bir an belə olsun ayırmır, orta əsrlərin
şəraitini, zamanın kontekstini diqqətlə nəzərə
alaraq yazır: "Füzuli zəmanəsinə son dərəcə
həssas münasibət bəsləyən, əsrini
bütün mürəkkəbliyi, ziddiyyətləri ilə dərk
etməyə çalışan mütəfəkkir şair
olmuşdur". Füzulinin böyüklüyünü
"insanı, insan mənəviyyatını,
şüurları, zövqləri orta əsrlərin hakim, ənənəvi
qənaətləri, puç etiqadları çərçivəsindən
xilas etməyə can atmasında, feodal münasibətlərini
cəsarətlə ittiham etməsində" görən
alim, öz meyarlarında sosioloji amilə üstünlük
verirdi.
M.Cəfər yazıb:
"Feodal dünyasında hökm sürən dini
ideologiyaların tutqun, qaranlıq səmasında Füzuli
özünü əql-idrak günəşinə doğru
çevirmiş, çox yerdə eşq
adlandırdığı bu əql-idrak günəşində
qızınmış, özünün dönə-dönə
qeyd etdiyi kimi, bu eşqin parlaq şüalarından mərifət
hasil etmiş, zahirdə eşq-məhəbbət, əslində
isə zamanına görə elmi bir
dünyagörüşü olan ölməz eşq
dastanını yaratmış, bu aşiqanə mərifət
dastanı ilə də səadətin və ədalətin
yolunu nurlandırmağa, sağır göylərə
sığınmış olan məhkum insana
bacardığı qədər həqiqəti deməyə
çalışmışdır" M.Cəfərin
M.Füzuli dünyagörüşündə eşqin rolu
haqqında əsas, ümumiləşmiş qənaəti belə
idi.
Füzulinin
poeziyasında eşq daha çox qəlbin yavrusu, ilahi töhfəsi,
tanrı əmanəti, insanı haqqa qovuşduran ilahi qüdrət
və əlbəttə, insan kamilliyinin əlaməti kimi mənalandırılır.
Qəzəllərinin birində şair yazır:
Əql yar
olsaydı, tərki-eşqi yar etməzmidim?
İxtiyar
olsaydı, rahət ixtiyar etməzmidim?
Eşq insanı kamala
çatdıran bir qüdrətdir, ona görə də Məcnun
orta əsrlərin ən kamil şəxsiyyəti, yeni fikirli ziyalısı
idi. Füzulidə eşq məhz elə M.Cəfərin dediyi
"yeni mənəvi istinad nöqtəsi, yeni məslək,
yeni həqiqət axtarışı" idi.
M.Cəfər bu qiymətli
monoqrafiyasında M.Füzulinin
dünyagörüşünü, onun fəlsəfi
görüşlərini izah etmək üçün bir
neçə ciddi və mübahisəli məsələni nəzərdən
keçirir. Onları aşağıdakı tərzdə təsnif
etmək olar: Füzuli yaradıcılığında
eşqin xarakteri; Füzulinin sufi olmadığını
sübut etmək; Füzuli poeziyasında ruh və onun mahiyyəti;
Füzulidə əql və etiqadın münasibəti;
Füzuli dünyagörüşündəki ziddiyyətlərin
sufizmdən törənməsini izah etmək.
M.Cəfər təriqətçiliklə
bağlı Füzuliyə münasibətdə iki cəhətə
- həm onu ifrat zövqpərəst, həm də zahidliyə
meyl etdiyini iddia edən fikrə qarşı çıxır
və öz konsepsiyasını bu fikirlərlə mübahisə
müstəvisində qurur. Alim Füzuli bədbinliyini
şairin romantikasından doğan, zəmanədən
narazılığından irəli gələn bir xüsusiyyət
hesab edir. Beləliklə də, o iddia edir ki, şairi
yalnız tərki-dünyalığa qarşı zövqpərəstliyi
qoyduğuna görə qiymətləndirmək olmaz. O, həm
Füzulinin zahidliyini, həm də zövqpərəstliyini qəbul
etmir. O yazıb: "Bunu da nəzərə almaq
lazımdır ki, sufizmə vahid fikir cərəyanı kimi
baxmaq olmaz. Sufizm daha çox seyrçi və bədbin bir
dünyagörüşü olmuşdur, bu onun zəif cəhətidir".
Alim bu fikrini əsər boyu israrla davam etdirir. O, Füzulinin
sufizmlə çətin mübarizə
apardığını iddia etdikdən sonra, bu mübarizənin
çətinliyinin səbəbinin izah edərək yazır:
"Çünki sufizm və ümumən təriqətçilik,
xüsusən sənətdə, bədii
yaradıcılıqda müəyyən müsbət keyfiyyətlərə
də malik idi və yuxarıda dediyimiz kimi o vahid bir fikir cərəyanı
da deyildi".
M.Cəfər monoqrafiya
boyu sufizmi zahidlik səviyyəsində qəbul edir,
"Rindü Zahid" əsərinə istinadən
Füzulini zahidliyə qarşı qoyur. Halbuki, zahidlik sufizmin
ilkin, ibtidai mərhələsi idi. "Müsəlman
dünyasında zahidlik hərəkatı nizamı
pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə
qarşı müxalifət ovqatından yaranır. Zahidlik hərəkatının
xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə
bağlanmamaq üçün dünyadan ifrat dərəcədə
ayrılmaq və Allahı unutmamaq üçün onun
adlarını müntəzəm olaraq təkrarlamaq idi. Bu hərəkatı
sufizm kimi xarakterizə etməyə imkan verməyən
başlıca cəhət mistik yaşantının zəifliyidir.
İslam sivilizasiyası daxilində zahidlikdən sufiliyə
keçid VIII əsrin sonları IX əsrin əvvəllərində
baş verir" (S.Xavəri).
M.Cəfəri də,
digər tədqiqatçıları da Füzulinin eşqi və
sufiliyi məsələsində tərddüd vəziyyətində
qoyan şairin zahidliyi inkar etdiyi halda "Leyli və Məcnun"
poemasının sonunda təsəvvüfə gəlib
çıxmasıdır. Bu baxımdan M.Cəfər real
gözəli - Leylini sevən Qeyslə, real Leylidən imtina edən
Məcnunu bir-birindən ayırır: "Füzuli tədqiqatçılarının
çoxu Məcnunun varlıq, gözəllik haqqında olan
mistik, sufiyanə anlayışını, eynilə onun müəllifinə
- Füzuliyə istinad edirlər. Hətta bu sufiyanə mistik
eşqi şairin əsas fəlsəfəsi,
dünyagörüşü adlandırmağa xüsusi səy
göstərirlər. İşin həqiqəti isə bu
müddəanı tamamilə şübhə altına
alır". Füzuli nəinki Məcnundur, o heç Məcnunu
bəyənmir, özünü ondan daha böyük aşiq,
eşqi ilahi sahibi hesab edir:
Məndə
Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi
sadiq mənəm, Məcnunun ancaq adı var.
Yaxud
başqa bir qəzəlində şair yazır:
Sürdü
Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Doğru
derlər, hər zaman bir aşiqin dövranıdır.
Məsələ
burasındadır ki, "Leyli və Məcnun"da Füzuli
artıq zahidliklə mücadilə edən, yaxud ilahi eşqi
haqqı bəsirət gözü ilə görənlərin
kamillik dərəcəsi kimi tərənnüm edən sufi
şair deyil, irfançı mütəfəkkir idi: "Sufilər
dünyanı bir kölgə, etibarsız, dəyişkən
sayırlarsa, irfançı mütəfəkkirlər onu həyat
və bilik məktəbi, elm xəzinəsi, böyük sirlər
aləmi bilirlər" (Ç.Sasani). Bu mərhələdə
artıq əqllə eşqin münasibətləri
dünyanı dərk edən iki güzgü, iki idrak müstəvisi
kimi üz-üzə gəlir. Məhz "Leyli və Məcnun"da
adi dünyanı dərk edən əql sahibi, ilahi aləmi
içindən nur kimi keçirib insanlara səadət gətirən
ziyalı, irfatçı aləmləri bəsirət
gözü ilə görən eşq əhli rəmzləşərək
üz-üzə dayanır.
"Füzuli
düşünür" müəllifinin eşq və
sufiliklə bağlı mülahizələrinə münasibət
olaraq belə qənaətə gəlirik: biz demirik ki,
Füzuli real eşqdən uzaq olub, biz deyirik ki, Füzuli real
eşqi ilahiləşdirib, insana kamilliyə gedən nur yolunu
- eşqi nişan verib. Bu, Qeysdən Məcnuna qədər gedən
ən ülvi, ən çətin, ən ali və müqəddəs,
pak bir yoldur.
Akademik Məmməd Cəfərin
Füzuliyə münasibətinin guşə daşında
onun ümumən klassik bədii irs haqqında estetik
konsepsiyası dayanır. Alim bu fikirdə idi ki,
"Zorakılığın məddahı olan bir ədəbiyyatla
üz-üzə gələn, ona qarşı müxalifət
təşkil edən ilk əvvəl məhəbbət
lirikası olmuşdur". Elə bu nöqteyi-nəzərdən
də füzulişünas alim şairin poeziyasında ictimai
etiraz notlarına üstünlük verir, filosof-aşiqi, zahidə
abidə qarşı qoyurdu. M.Cəfər bu cəhəti təkcə
Füzuli yaradıcılığı üçün deyil,
ümumən orta əsrlər poeziyası üçün səciyyəvi
sayırdı. Məqalələrinin birində alim
yazırdı: "bizim klassik şerimizin cismini, ruhunu təşkil
edən, onu mənalandıran, zənginləşdirən və
bu şerdə zahidə, abidə qarşı duran
filosof-aşiq surətidir". M.Cəfər bu qarşıdurmanı
"poeziyanın klassik konflikti kimi kəşf edir"
(Y.Qarayev).
Sevən aşiq və
düşünən filosof! - fikrimizcə, M.Cəfərin
klassik qəhrəman konsepsiyası bu iki özül üzərində
dayanır. Məmməd Cəfər Füzulinin qəhrəmanını
romantik qəhrəman hesab edərək yazırdı: "Bu
romantik qəhrəmanın daşıdığı eşq
bir məslək, dünyaya xüsusi bir baxışdır və
bu baxış hər şeydən əvvəl zahidliyə,
mistikaya qarşıdır".
Çox güman ki, M.Cəfər
50-ci illərdə Füzulinin romantikasından yazmasaydı,
60-cı illərdə, əslində cəmi 4 il sonra
(1959-1963) romantizmdən yazmazdı. Füzulidən Cavidə -
romantikadan romantizmə! - M.Cəfərin
yaradıcılığının əsas istiqamətlərindən
biri belə idi. 1960-cı ildə çap olunan
"H.Cavid" 1963-cü ildə işıq üzü
görən"Azərbaycan ədəbiyyatında
romantizm" monoqrafiyaları əslində "Füzuli
düşünür" əsərinin(1959)nəzəri-estetik
davamı idi.
Məmməd Cəfər
klassik poeziyamıza, o cümlədən orta əsrlərdə
onun zirvəsini təşkil etmiş Füzuli irsinə
münasibətdə cəsarətli fikirlər söyləyir.
O, yazırdı: "Görəsən, Platon olmasaydı və
qanadlı-qanadsız ruhlar haqqında mülahizələrini
söyləməsəydi, Şərq şerinin ruhu, ideya
istiqaməti nə ilə müəyyən olunacaqdı? Ümumiyyətlə,
demək lazımdır ki, müasir Şərqin böyük
bir hissəsində ədəbiyyat elmi elə bir səviyyəyə
çatmışdır ki, indi artıq köhnə Qərb
oriyentalistlərinin klassik Şərq şeri, Şərqin bədii
dühası haqqında verdikləri köhnəlmiş,
çeynənmiş formulalardan tamamilə və qətiyyətlə
əl çəkmək lazımdır". Məmməd Cəfər
özü ilk dəfə bu işi icra etdi, neoplatonizmin, avropamərkəzçilərin
yanlış və köhnəlmiş mülahizələrinə
qarşı Şərq poeziyasını dəyərləndirməyin
yeni nəzəri-estetik meyarlarını irəli sürdü.
Füzulinin fəlsəfəsinə hazır nəzəri qəliblərlə
yox, Leylinin və Məcnunun məhəbbəti ilə daxil ola
bildi. "Füzuli düşünür" kitabı bunun parlaq
sübutu idi.
M.Cəfər dahi
şair M.Füzulinin dünyagörüşü, fəlsəfi
görüşlərini araşdıraraq belə nəticəyə
gəlir ki, "Varlığa münasibətdə Füzuli
realistdir; qeyri-maddi varlıq, allah problemi məsələsində
isə o, skeptikdir. Böyük şairin kəskin mənəvi
böhranlarına səbəb də bu skeptizmdir".
M.Cəfər
M.Füzulinin böyüklüyünü, dünya əhəmiyyətini
göstərmək istərkən onun görüşlərində
şairin "insan konsepsiyası"nı ön plana çəkirdi.
Çünki, bütün Şərq fəlsəfi təlimlərinin
zirvə məqamı olan hümanizm bilavasitə insan amili ilə
bağlı idi. Füzuli də öz böyük sələfi
Nizamidən qəbul etdiyi "təbiətin tacı",
"yaranmışların əşrəfi" olan insanı
öz zirvə məqamında saxlamalı idi və saxladı
da.
"Füzuli
düşünür" düşünən Füzulini,
Füzulinin insanı kamilləşdirən eşqini duyan M.Cəfərin
- Azərbaycan füzulişünaslığının ən
layiqli elmi əsərlərindən biridir. O, Azərbaycan ədəbiyyatşünaslığının,
füzulişünaslığımızın səviyyəsini
əks etdirir.
Dahi Füzuliyə məhəbbət,
onu dərk və şərh etmək ehtirası, şairin
eşq fəlsəfəsini açmaq inamı, klassik irsin
taleyi üçün əsl alim və vətəndaş məsuliyyəti
M.Cəfəri bir füzulişünas kimi səciyyələndirən
əsas cəhətlərdir.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri namizədi, dosent
525-ci qəzet.- 2009.- 8 may.- S.7.