İstiqlal Muzeyində Heydər Əliyevə həsr olunmuş sərgi açılıb

 

Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümünə həsr edilmiş "Xalqımızın zəhmətkeş atası" adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, Respublika Uşaq Təşkilatı ilə birgə təşkil edilən sərgidə Heydər Əliyevin muzeyin fondunda saxlanılan Baş Arxiv İdarəsinin kinoşəkil-sənədlər arxivindən əldə edilmiş müxtəlif dövrlərdə uşaqlarla birlikdə çəkdirdiyi foto şəkillər nümayiş olunur. Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ilin "Uşaq ili" olduğunu xatırladan F.Şəmsi Heydər Əliyev Fondunun da əsas fəaliyyət istiqamətlərinin uşaqların sağlamlığı təhsili ilə bağlı olduğunu bildirib. Tədbirdə "Mənim sevimli Heydər babam" adlı inşa yazı müsabiqəsinin qalibləri elan olunub, Bülbül adına Musiqi Məktəbinin şagirdləri tərəfindən kompozisiya ifa edilib.

 

 

525-ci qəzet.- 2009.- 8 may.- S.7.