Şuşanın işğalı

 

Şuşanı qaytarmaq olardımı?

 

Yaqub Məmmədovun dedikləri:

 

- Dövlət çevrilişi baş verməsə, Şuşanı qaytarmaq mümkün olardı. Həm siyasi, həm də hərbi sahədə müəyyən addımlar atılsaydı, mən əmin idim ki, Şuşanı qaytara bilərdik. Ermənistan müxalifətçiləri bu işdə fəal iştirak etmişdilər. Mən o vaxt Ermənistanın prezidenti ilə əlaqə saxladım. Ter-Petrosyan özü də hiss edirdi ki, atəşkəs haqqında sənəd imzalandıqdan sonra bu hadisənin baş verməsi onu nüfuzdan salır. (?) Erməni qoşunlarının Şuşadan çıxarılması ilə bağlı İran rəhbərliyi ciddi məşğul idi. Məsələ başqa cür həll oluna bilərdi.

Sözsüz ki, hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində Şuşa işğal olundu. Dəfələrlə demişəm, yenə təkrar edirəm: Azərbaycanın daxilində hakimiyyət uğrunda mübarizə getməsəydi, bu faciələrin çoxu bizim başımıza gəlməzdi. O cümlədən Şuşa faciəsi.

May ayının 14-dən sonra mən hakimiyyətdən uzaqlaşdırıldım. Ona qədər isə hərbi və siyasi yolla lazımi tədbirlər görüldü. Siyasi yolla ermənilər Şuşadan çəkilməzdilərsə, hərbi yolla bu məsələni həll edəcəkdik. Ermənilərin oradan çıxarılması üçün kifayət qədər güc də toplamış, texnika da əldə etmiş, müəyyən plan da hazırlanmışdı. Hakimiyyət çəkişmələri buna imkan vermədi.

 

Laçın alayının komandiri Arif Paşayevin dedikləri:

 

"Açığı mən, hər hansı iqtidarın fəaliyyəti dövründə torpaq itkisini onun adı ilə bağlamaq fikrindən uzağam. Mən torpaqların işğalına siyasi arşınlarla qiymət vermək istəmirəm. Hesab edirəm ki, bir nömrəli günahkar və səbəbkar erməni işğalçılarıdır. Eyni zamanda iqtidarların qətiyyətsizliyi, bacarıqsızlığından söhbət gedə bilər. Həmin dövrdə siyasi hakimiyyətə can atmayan qüvvə yox idi. Onların aralarındakı siyasi dartışmalar nəticə etibarı ilə yenicə uyuşan ordu hissələrində müəyyən düşkün psixoloji ovqat yaratmışdı. Ordu da siyasiləşdirilmişdi və mütəşəkkil birlik yox idi, siyasi parçalanma baş vermişdi. Bu ondan irəli gəlirdi ki, siyasi proseslər orduya birbaşa təsir edirdi.

Şuşanı azad etmək mümkün idi. Lakin təxribatçı qüvvələr buna mane oldular. İşğaldan iki gün sonra-mayın 10-da Tahir Əliyevlə Laçın rayon partiya komitəsinin qonaq otağında görüşdük. Şuşanın geri qaytarılması planının harda müzakirə edilməsini qərarlaşdırdıq. Onun təklifi ilə rayon mədəniyyət evinin zirzəmisində toplaşdıq. Orda bizdən başqa Tofiq Abdullayev, rayon icra hakimiyyəti başçısının müavini var idi. Bir qədər keçmiş Etibar Məmmədov, Xaliq Bahadır, Arif Hacıyev, Mirsaleh Axundov da gəldilər. Dedim ki, mənim səlahiyyətlərim alınıb. Ümumi komadanlıq təşkil etmək lazımdır. Tahir Əliyev bu işi öz boynuna götürməyə söz verdi. Elbrus Orucov o zaman Müdafiə Nazirliyinin 0153 nömrəli əmiri ilə Şuşa, Laçın, Qubadlı Zəngilan rayonlarının məsul komendantı briqada komandiri təyin olunmuşdu. O zaman Laçın qərargahı Qarıkahası deyilən yerdə idi. Biz qərargaha gəldik Elbrus Orucov mənə göstəriş verdi ki, Etibar Məmmədovun Bakıdan gətirdiyi qüvvələri Turşsuya aparım. Belə etdim. Həmin günün səhəri biz yenidən iclas etdik. Orada Nadir Bəxtiyarov Məhərrəm Cahangirovdan başqa Rövşən Cavadov da iştirak edirdi. Elbrus Orucov dedi ki, ayın 13 dən 14-nə keçən gecə Laçına 4 istiqamətdən hücum olacaq. Mövcud hərbi qüvvələr Laçın-Ermənistan sərhədinə cəmləşdirilməlidir. O zaman Tahir Əliyev göstəriş verdi ki, Laçın alayı ilə Laçın polisi bir yerdə fəaliyyət göstərməlidir. Biz bütün əraziləri yoxladıq məlum oldu ki, boş qalan yer Suarasıdır.Bu yer çox strateji əhəmiyyətli idi. Ermənilər Suarasından bizim müdafiəmizi yarıb keçməklə Laçını mühasirəyə ala bilərdilər. Deyim ki, beş dəfə belə cəhd oldu hər dəfə Laçın polisi onun qarşısını aldı. Həmin vaxt Turşsuda Daxili Qoşunların 5456 saylı hissəsi, "omon"çular müxtəlif yerlərdən gəlmiş polis dəstələri yerləşmişdi. Təqribən 2000-nə qədər qüvvə, 15 ədəd tank 21 ədəd BMP, kifayət qədər minamyot, raket kompleksləri, çoxsaylı pulemyotlar, tank əlehinə əl qumbaraları s. cəmi-cümlətanı 37 km bir ərazini müdafiə edirdi. Bax, həmin bu qüvvə Şuşanı geri qaytarmağa yetərli idi.

Mayın 15-də isə Şuşaya hücum planlaşdırılmışdı. Ayın 14-də Müdafiə Nazirliyinin məsul bir vəzifədə çalışan nümayəndəsi Qubadlıdan zəng edib bildirdi ki, 15-də Şuşa istiqamətində döyüş olacaq. Bu oldu da. Çox xəyanətkar plan əsasında. Mayın 15-də saat 15-də bizim qüvvələrə Zarıslı istiqamətinə irəliləmək əmri verildi. Bu əməliyyat isə baş tuta bilməzdi. Çünki dağların arası ilə uzanan yolun hər iki tərəfində yüksəkliklərdə ermənilər mövqe tutmuşdular. Təbii ki, bu sallaqxanaya əsgər göndərmək idi. Tanklar və BMP-lər vuruldu, əsgərlərimiz öldürüldü və şayiələr baş alıb getdi. Turşsudan döyüşçülər geri çəkilməyə başladılar, mərmi ambarları partladıldı. Çünki onlara xəbər verdilər ki, Turşsu işğal olunub. Beləcə 1992-ci il may ayının 15-də keçirilən uğursuz əməliyyat Şuşanın qaytarılmasından çox, həm də Laçının işğalına xidmət etdi. Bir faktı da qeyd etmək istəyirəm. 1992-ci il mayın 9-də Babayev familiyalı bir döyüşçü məlumat verdi ki, Ayaz Mütəllibov tərəfdarları Gəncədəki Rusiya birləşmələrinin komandanı Şerbaka 30 milyon manat rüşvət verib. Hücum mayın 15-ə planlaşdırılıb. Lakin ayın 15-də Ayaz Mütəllibovun bir günlük hakimiyyətinə son qoyuldu. Belə qənaətə gəlmək olardı ki, Şuşanı geri qaytarmaq üçün cızılmış ssenariyə görə Mütəllibov hakimiyyətə qayıdır və hakimiyyətini möhkəmləndirirdi. Lakin bu, baş vermədi. Mütəllibov bir daha hakimiyyətdən salındı. AXC hakimiyyətə gəldi.

 

Gördüklərim

 

1992-ci il mayın 6-da Tehranda keçirilən görüşdən sonra Azərbaycan televiziyasının müxbiri Tofiq Abbasovla Ermənistan prezidenti Ter Petrosyan arasında belə bir müsahibə alındı:

- Cənab prezident, Siz təbrikləri qəbul edirsiniz, deyilmi?

- Bəli, mən təbrikləri qəbul edirəm. Prezident Məmmədov da təbrikləri qəbul edir.

- Görüşün yekunlarını necə xarakterizə edirsiniz?

- Bu danışıqların müsbət cəhəti ondadır ki, hər iki tərəf vasitəçiyə inanır.

Dialoqa Ermənistanın sabiq xarici işlər naziri, Amerika mənşəli erməni Papazyan qoşulur:

- Ümumiyyətlə, danışıqların gedişindən erməni tərəf razı olsa da, Azərbaycan nümayəndə heyətinin tərkibində məsələnin qoyuluşuna müxtəlif münasibətlərin olması bizi narahat edir.

- Daha konkret söyləyə bilərsinizmi?

- Xeyr! Bu, Azərbaycanda vəziyyəti gərginləşdirə bilər.

 

Tehran görüşündə məğlubiyyət

 

Danışıqlarda ekspert kimi iştirak edən, Milli Məclisin məsul işçisi Səfa Mirzəyev həmin görüşlə bağlı müsahibəsində mənə bunları dedi:

- Gərək Azərbaycan tərəf tələb edəydi ki, ermənilər Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsuliyyəti öz üzərlərinə götürsünlər. Buna nail ola bilmədik ki, o da çox böyük qüsurdur. Əks halda, ermənilər deyəcək ki, Dağlıq Qarabağ Azərbaycanın öz ərazisidir, biz müdaxilə etmirik, orada baş verənlər üçün Ermənistan məsuliyyət daşımır. Belə olan halda isə Ermənistan-Azərbaycan münaqişəsi tamamilə başqa müstəviyə çıxır. Bunlar mənim şəxsi fikirlərimdir. Ola bilsin ki, başqaları dediklərimlə razılaşmasın.

1992-ci il mayın 6-da Tehranda Haşimi Rəfsancani-Yaqub Məmmədov-Ter Petrosyan arasında keçirilən danışıqları müşahidə edən bir jurnalist kimi deyə bilərəm ki, məhz həmin görüş Şuşanın işğalını rəsmiləşdirdi. Mən o fikirdəyəm ki, Azərbaycan nümayəndə heyəti həmin görüşdə aldadıldı. Yaqub Məmmədov hansı sənədi imzaladığını dəqiq bilmədi. Bunu yolasalma mərasimində, İran prezidentinin iqamətgahı önündə, pilləkənlərin üstündə Rəfsəncani ilə Yaqub Məmmədov arasında olan belə bir dioloq da təsdiq edir.

 

Yaqub Məmmədov:

- Bu nə sənəddir mənə verirsiniz?

Haşimi Rəfsancani:

- Həmin sənəddir, narahat olmayın.

Yaqub Məmmədov:

- Hansı, hansı?

Haşimi Rəfsancani:

- Gedin, yaxşı yol, gedin. Təyyarədə açıb baxarsınız, həmin sənəddir.

 

Şuşanın işğalı ilə bağlı məlumatı xalqdan gizlədən kimlər idi?

 

Həmin dövrdə cəbhədəki vəziyyət barədə məlumatlar əsasən Müdafiə Nazirliyinin mətbuat xidməti və AXC-nin orqanı olan "Azadlıq" qəzeti vasitəsi ilə yayılırdı. Həmin dövrün qəzet səhifələrini vərəqləyərkən saxtakarlığın və xəyanətin ayaq tutub yeridiyinin bir daha şahidi olmaq mümkündür. Şübhəsiz, Şuşa və Laçındakı real vəziyyəti Müdafiə Nazirliyi və AXC rəhbərliyi dəqiq bilirdi. Bəs xalqa hansı məlumatlar çatdırılırdı?

- "Azadlıq" qəzeti 1992-ci il 8 may tarixli sayında yazırdı: "Rayon ərazisində sakitlikdir. Şuşa-Laçın yolundakı maneə aradan götürülüb". Bu qəzet yalnız mayın 12-də xəbər verirdi: "Şuşa üçüncü dəfə dağıdıldı və ilk dəfə işğal olundu".

Rəsmi dövlət qəzeti olan "Xalq qəzeti" isə həmin günlər ya Şuşadakı vəziyyət barədə məlumat vermir, yaxud şəhərin müdafiə olunduğu və işğal edilmədiyi haqqında saxta məlumatlar yayırdı.

Mayın 9-da artıq Şuşa işğal olunsa da, ən yüksək səviyyədə bu həqiqət danılırdı. "Xalq qəzeti" 9 may tarixli sayında respublika Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun bəyanatını dərc etmişdir. Həmin bəyanatda deyilirdi: "Erməni hərbçiləri yeni vəhşi hərəkətə yol veriblər. Bu gün səhərə yaxın Şuşa şəhəri şiddətli bombardımana məruz qalıb. Lakin şəhərin müdafiəçiləri düşmənin təzyiqinin qarşısını ala biliblər".

Laçındakı real vəziyyət barədə də saxta məlumatlar verilirdi. Laçının işğalı ilə bağlı ilk dolğun və düzgün məlumat yalnız mayın 26-da "Xalq qəzeti"nin müxbiri Ziyəddin Sultanovun "Laçın harayı" yazısında verilmişdir.

Mayın 15-dən 25-dək rəsmi və qeyri-rəsmi mətbuat Ayaz Mütəllibovun qayıtması və hakimiyyətdən salınması barədə hadisələri, AXC-nin bəyanatlarını, İsa Qəmbərin spiker seçilməsini, yeni təyinatları gen-bol işıqlandırmışlar. Beləliklə, hakimiyyət naminə torpaqlar hərraca qoyulmuş, Vətənin müdafiəsi üçün şəhid olan yüzlərlə qeyrətli oğullarımız yada belə salınmamış, başlar vəzifə bölgüsünə qarışmışdı. Ermənistan isə öz istəyinə çatmışdı. Təcavüzkar artıq Şuşa havasını udurdu. Hələ ki, Şuşanın havası erməni daşnaqları boğmayıb. Şuşa azad ediləcəyi günü gözləyir. Bəlkə də, Şuşanın təmiz havası zəhərə dönüb ermənilərin boğazına tıxanacaq...

P.S. Bu yazıda arxiv materiallarından və vaxtilə aldığım müsahibələrdən istifadə etmişəm.

P.P.S. 1999-cu ilin oktyabrında bir qrup Azərbaycan jurnalisti ilə birlikdə Brüsseldə olarkən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin o vaxtki həmsədrlərindən biri, "Molodyoj Azerbaydjana" qəzetinin sabiq əməkdaşı Aliyə xanım mənə ürək ağrısı ilə bir hadisə danışdı: "Şuşa işğal olunan gün uzun illərdən bəri Brüsseldə yaşayan ahıl bir soydaşımız erməni taciri Avakyanın qapısına gedərək onu bayıra çağırıb. Nifrət dolu baxışlarla süzən gəncəli erməniyə belə deyib:

- Şuşanı aldınız, Avakyan? Ancaq onu əlinizdə saxlaya bilməzsiniz. Çünki o bizim ürəyimizdir.

Erməninin əlini gəncəlinin əlindən polislər zorla qoparmışlar".

 

 

Səyyad AĞBABALI,

"Arena" qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2009.- 8 may.- S.4.