Şərq və Qərb: düşüncə ziddiyyətləri
Qərb və Şərq arasındakı qarşılıqlı
münasibətlərin qədim
tarixi var. Zaman-zaman dağıdıcı
müharibələr, xaç
yürüşləri, ərəb
istilaları baş verib, eləcə də nisbətən sakitlik də hökm sürüb. Bununla belə, onlar arasındakı elm və bilik telləri
köklü dəyişikliklərə
məruz qalmayıb. Belə münasibətlər
indi də mövcuddur. Təəssüflə
qeyd etməliyik ki, hazırda Qərb və Şərq əlaqələrinin
müasir inkişaf səviyyəsi dərin tənəzzül mərhələsindədir.
Siyasi-iqtisadi maraqların, xarakterlərin,
milli xüsusiyyətlərin
müxtəlifliyi Şərqi
seçim qarşısında
qoyur: qərb standartlarını, elmi nailiyyətlərini qəbul
etmək, yaxud özünün tarixi ənənələrinə, dininə
istinad edərək, mürəkkəb və gərgin inkişaf prosesini davam etdirmək?
2001-ci ilin iyun ayından
2006-cı ilin iyun ayınadək dövlət strukturunda
işləyərkən əsas vəzifələri icra etməklə
yanaşı, tez-tez dövlətin dinə dair siyasətini
aydınlaşdırmaq məcburiyyətində
qalırdım. Həmsöhbətlərim arasında
avropalı diplomatlar, siyasətçilər, həm də
ictimai təşkilatların nümayəndələri var idi.
Bəzən söhbət əsnasında Avropa
standartlarının yaranma və formalaşması ilə
bağlı məsələlərə də toxunurduq. Deyə
bilərəm ki, həmsöhbətlərimin çoxu bizə
məlum olan və ümumiləşdirilmiş şəkildə
Avropa standartları adlandırdığımız məfhumun
mahiyyətini izah etməyə hazır deyildi. Bir məsələdə
tam razılıq var idi: Birləşmiş Avropa
strukturları öz xalqları və dövlətlərinin həyatında
çox müsbət rol oynayır, həmin ölkələrin
vətəndaşlarını maraqlandıran məsələlər
barədə müzakirələrin aparılması və
mühüm qərarların qəbul edilməsi
üçün çox münasib məkandır, Avropa
Şurasının üzvləri arasında lokal
münaqişələrin baş verməyəcəyinə
dair bir növ zəmanət verir. Bu beynəlxalq əməkdaşlıq
orqanının birləşdirici rolunu heç kim şübhə
altına qoya bilməz. Bununla belə, həmsöhbətlərimin
bir qrupu düşünürdü ki, Avropa Parlamenti öz gərəkliliyini,
bəzən isə "mütərəqqi"
düşüncə tərzini nümayiş etdirmək
üçün başqa ölkələrin xalqlarının
tam şəkildə anlamadığı qərarlar qəbul
edir. Nəticədə, Avropa ölkələrinin adi sakinləri
seçdikləri nümayəndələrin bu cür hərəkətlərinin
nəticələrindən daha çox əziyyət çəkirlər.
Avropalılara münasibət bu qrupların qəbul etdiyi qərarlar
prizmasından keçirilərək formalaşır. Hamı
bilir ki, istənilən standart məcburi çərçivə,
məhdudiyyət, kobud şəkildə desək,
hüdudlarından kənara çıxmaq mümkün olmayan
çəpərdir, yəni əvvəlcədən müəyyənləşdirilmiş
qapalı sahənin perimetri çərçivəsində
yaşamaq, yaratmaq və üzr istəyirəm, nəsil
artırmaq lazımdır. Yəqin ki, amerikalı "iş
adamı", milyarder Corc Sorosun dili ilə desək,
"Açıq cəmiyyətin" (o bizim Şərq cəmiyyətini
nəzərdə tuturdu) geniş məkanı
"standart" həvəskarlarına çox mane olur. Onlar
dərk edə bilmirlər ki, Şərq mentalitetinin,
xarakterinin genişliyi Avropa təfəkküründə
özünə yer tapa bilmir. Əlbəttə, mən
yalnız hər cəhətdən, o cümlədən maddi cəhətdən
firavan yaşayaraq, Şərq xalqlarının
hüquqlarını azaltmaq niyyətində olan
avropalıları nəzərdə tuturam.
"Əgər Qərbdə
hazır olanı sadəcə mənimsəyib istifadə etmək
mümkündürsə, yeni nə isə yaratmaq iqtisadi cəhətdən
inkişaf etməmiş Şərqin nəyinə gərəkdir?"
fikrini tez-tez eşitmək olar. Yəqin ki, bu, həqiqətən
də daha rahat olardı. Hər kəs öz yerli vəsaitlərinə
qənaət edər, Qərbdən müxtəlif növ
kredit və ya başqa yardım istəməz, onun elmi və
texniki inkişafına mane olmazdı. Əgər "Bizim
ağlımız - Sizin əməyiniz və
kapitalınız" formuluna uyğun şəkildə
razılığa gəlinsə, o zaman çox ehtimal ki,
Şərqə Avropa standartlarını maneəsiz şəkildə
qəbul etdirmək mümkündür. Belə olduğu halda
tərəflərin birgə müəyyənləşdirdiyi
sərhədlər daxilində şərq həyat tərzi ilə
yaşayanlara öz yerlərini inamla göstərmək
olardı.
Yəqin ki,
bütövlükdə məsələ Qərb və Şərqin
qarşılıqlı münasibətlərindəki mürəkkəb
problemlərə bu cür sadələşdirilmiş,
aydın və praqmatik qərb yanaşmasındadır. Şərq
bu gün həqiqətən də həm mənəvi, həm
də fiziki cəhətdən zəifdir. Lakin Qərb də bəzən
göründüyü kimi, yaxud da özünü göstərməyə
çalışdığı kimi güclü deyil. Onun
öz problemləri kifayət qədərdir. Bugünkü
dünya miqyaslı reallıqların sonuncu əyani nümunəsi
iqtisadi-maliyyə böhranıdır ki, onun səbəbkarı
da məhz Qərb, ilk növbədə artıq bir dəfə
uzun müddət davam edən "böyük tənəzzülə"
məruz qalmış dövlət, "dünya kapitalizminin
istinadgahı" kimi çıxış edən ABŞ
oldu. Sadəcə, Qərb liderləri məharətlə
qorxutmağı öyrəniblər. Lakin tarixdə
qorxudanın özünün daima xofun təsiri altında
olması fikrini təsdiq edən çoxlu sayda fakt məlumdur.
Qeyri-məqbul hərəkətlərin, bəzən isə həm
də sona qədər düşünülməmiş qərarların,
hətta müharibələrin səbəbi güc deyil, qorxu
olub. Qərb ilə Şərq arasında bu kimi ziddiyyətlər
artıq əsrlərdir ki, mövcuddur və yəqin, hələ
yaxın gələcəkdə də qalacaq. Bütün
bunları əsaslı şəkildə dəyişmək hələ
ki mümkün olmur. Lakin bununla belə, "tunelin sonunda"
zəif işıq görünür: bu barədə 2009-cu
ilin aprel ayının əvvəlində keçirilmiş
"Böyük İyirmilik"in London sammitinə əsasən
fikir söyləmək olar. Orada məhz Şərqin ən
böyük və qabaqcıl ölkələrinin - Çin,
Türkiyə, Ərəb dünyası, Rusiya, Yaponiya, Cənubi
Koreya və Hindistanın səsi dəqiq və ucadan
eşidildi. Bu səbəbdən də zənnimcə və
artıq keçmişdə dəfələrlə baş
verdiyi kimi, tarix özü hər kəsə öz yerini
göstərəcək. Belə daha yaxşı olardı,
heç kimə lazım olmayan itkilərsiz.
Bununla əlaqədar
olaraq oxucuların diqqətini olduqca mühüm bir məsələyə
yönəltmək istərdim. Lovğalıq Şərqdə
naqis hərəkət hesab olunur. Düz danışmaq müqəddəs
işdir. Beləliklə, tarixi həqiqət ondan ibarətdir
ki, Şərq əvvəllər dünyanın digər
ölkələrindən daha mütərəqqi və
yüksək inkişaf etmiş olub. Ciddi tədqiqatçılar,
o cümlədən Qərbdə, buna dəfələrlə
diqqət yetiriblər və bu, indi də onların nəzərlərindən
yayınmır.
Lakin mən bu barədə
danışmıram, baxmayaraq ki, bugünkü reallıqlar da
təsdiq edir ki, Şərq məhz bu cür olub. Bununla belə,
qeyd etmək yerinə düşərdi ki, Qərb Şərqi
öz hərbi gəmilərinin top gurultuları altında
"kəşf edib", xristianlıq isə burada heç də
könüllü surətdə yayılmayıb. Faktiki olaraq,
Qərb aldığının əvəzində Şərqə,
onun əhalisinə çox az şey verib. Əsrlər boyunca
Şərqin sərvəti Qərb tərəfə yönəldilib.
XX yüzilliyin ortalarına kimi Şərq ölkələrinin
böyük hissəsi müstəmləkə vəziyyətində
qalaraq, hətta nisbi müstəqilliyə də malik
olmayıb. Bütün bunlara baxmayaraq, Şərq Qərbə,
mən deyərdim, hətta bütün bəşəriyyətə
kompas və barıt, ipək və ətir, çay və
kağız, ksiloqrafiya və bir çox bu kimi dünya əhəmiyyətli
ixtiralar bəxş edib. Qərb əhalisi könüllü
surətdə və bilərəkdən buddizmin müxtəlif
formalarını, Şərq döyüş növlərini,
hətta məişətdə davranış və ünsiyyət
qaydalarını da qəbul edib və hələ də qəbul
edir. Deyəcəksiniz ki, deyilənlərin hamısı
keçmişdə qalıb, biz bu gün başqa şəraitdə
yaşayırıq və yeni əxlaq normalarına, o cümlədən
yeni siyasi meyarlara istinad edirik. Razıyam. Bütün bunlar həqiqətdir.
Lakin bu gün də mən Şərqə qarşı belə
etinasız münasibət üçün ciddi bir səbəb
görmürəm. Şərq heç də mücərrəd
coğrafi məkan deyil. Orada dünya əhalisinin yarıdan
çoxu yaşayır və bununla hesablaşmaq
lazımdır. Qərb bizim və özünün
keçmişinə laqeyd münasibət göstərə,
bu gün Şərqin maraqlarını nəzərə almaya
bilər, lakin dünyanın gələcəyini şübhə
altına qoya bilməz, çünki bu, Qərb və Şərqin
qarşılıqlı münasibətlərinin hansı
şəkildə inkişaf edəcəyindən
asılıdır. Beynəlxalq münasibətlərin
formalaşmasında bu mühüm məsələsini
gündəlikdən çıxarmaq, sadəcə,
mümkün deyil. Bu özünü məhz dünya
iqtisadi-maliyyə böhranının başlamasından sonra
bir daha biruzə verdi. Bəşəriyyətin böhran bəlası
təkcə Şərq və Qərbi bu dünya
böhranı ilə mübarizədə öz səylərini
birləşdirməyə çalışmağa deyil,
mövcud olan bütün ziddiyyətləri də kənara
qoymağa vadar etdi. Deməli, bütün məsələ tədricən
tragikomediyaya çevrilən dünya iqtisadi-maliyyə
"tamaşasının" bütün
iştirakçılarının maraqlarını başa
düşüb, onlara hörmətlə yanaşmaq istəyindədir.
Bu cür uzun söhbətdən
sonra, gəlin, sadə bir sual verək: Şərq Qərbdən
nələri əxz edib? Mən öz cavabımı səsləndirməyəcəyəm.
O, demək olar ki, Sizin fikrinizlə eyniyyət təşkil edə
bilər. Bütün qarşılıqlı münasibətlərimizi,
bu gün dəbdə olan şəkildə desək, təmiz
səhifədən başlamaq, proqramı "yenidən
yükləmək", bir-birimizə öz dəyərlərimizi,
standartlarımızı məcburən qəbul etdirmədən,
normal, layiqli ünsiyyət səviyyəsinə
çıxmaq Qərb və Şərq üçün daha
yaxşı və rahat olardı. Tarix göstərir ki, hər
bir təsir əks təsirlərə səbəb olur və
bu, heç də hər zaman yaxşı nəticələnmir.
Dəyərləri ən yeni texnologiyalarla birləşdirmək
və birgə səylə hamı üçün münasib
olan universal oyun qaydalarını formalaşdırmaq
mümkündür.
Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru,
Professor
525-ci qəzet.- 2009.- 8 may.- S.5.