"Heydər Əliyev
və müstəqil Azərbaycan" mövzusunda
elmi konfrans keçirilib
Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsində ulu
öndər Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümünə həsr olunmuş elmi konfrans
keçirilib. Konfransda ilk öncə müstəqil Azərbaycan
Respublikasının memarı və qurucusu, ümummilli
liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
AMEA Naxçıvan
Bölməsinin, Naxçıvan Dövlət Universitetinin,
Naxçıvan Müəllimlər İnstitutunun və
Naxçıvan Özəl Universitetinin əməkdaşlarının
da iştirakı ilə keçirilən elmi konfransı
giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev açıb. O, ulu
öndər Heydər Əliyevin müstəqil Azərbaycanın
tərəqqisi yolunda gördüyü işlərdən, o
cümlədən xalqımız və dövlətimiz
qarşısındakı misilsiz xidmətlərindən
danışıb. Böyük öndər Heydər Əliyev
tərəfindən aparılan daxili və xarici siyasətin
uğurlarından söz açan akademik, bu gün Azərbaycanın
əldə etdiyi nailiyyətlərdən da bəhs edib. Bildirib
ki, Heydər Əliyev siyasəti Azərbaycana çox
böyük uğurlar gətirib və bu gün ulu öndərin
ölməz ideyaları ölkə başçımız
İlham Əliyev tərəfindən də layiqincə davam
etdirilir.
Elmi konfransda
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri
namizədi Elman Cəfərlinin "Heydər Əliyev
müstəqil Azərbaycan Respublikasının
memarıdır" mövzusunda geniş məruzəsi dinlənilib.
Natiq
çıxışında ulu öndərin
"İqtisadiyyatı olmayan ölkənin siyasəti də
olmur" sözlərini xatırladaraq qeyd edib ki, hələ
yüksək inkişaf və tərəqqinin təməl
tarixi olan 1969-cu illərdə ulu öndər ilk növbədə
respublikanın iqtisadiyyatının dirçəldilməsinə
böyük önəm göstərib. Ümummilli lider həyat
və fəaliyyətini doğma xalqına həsr edib söyləyən
məruzəçi Heydər Əliyevin müstəqil Azərbaycan
naminə həyata keçirdiyi məqsədyönlü siyasətdən
danışıb.
"Heydər Əliyevin
milli dil siyasəti" mövzusunda çıxış edən
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev ümummilli
liderin müstəqillik dövründə dövlət dilinin
yüksəlişi sahəsində gördüyü işləri
diqqətə çatdırıb. O, bildirib ki, 1995-ci ildə
Heydər Əliyevin bilavasitə təşəbbüsü və
iştirakı ilə dil haqqında geniş müzakirələr
keçirilib. Məruzəçi daha sonra Heydər Əliyevin
təhsilə verdiyi böyük önəmdən, o cümlədən
ulu öndərin orta və ali məktəblərdə Azərbaycan
dilinin tədrisinin daha da yaxşılaşdırılması
üçün mükəmməl proqram və dərsliklərin
tərtibi ilə əlaqədar tövsiyələrindən, fərman
və sərəncamlarından bəhs edib. Prezident İlham Əliyevin
2004-cü ildə, eləcə də bundan sonrakı illərdə
kiril əlifbasında olan bədii və ictimai-siyasi ədəbiyyatların
latın qrafikasına keçirilməsi haqqındakı sərəncamları
milli dil siyasətinin həyata keçirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir
söyləyən Ə.Quliyev çıxışı
zamanı bu gün Azərbaycan dilinin kütləviliyinin təmin
edilməsi üçün xarici filmlərin dilimizdə səsləndirilməsinin,
dərman preparatlarının Azərbaycan dilində təlimatlarının
hazırlanmasının, cib telefonlarına Azərbaycan dilində
proqramların yüklənməsinin son nəticədə Azərbaycan
dilinin mütəhərriliyinə təkan verdiyini
vurğulayıb.
Konfransda ayrı-ayrı
mövzularda Naxçıvan Müəllimlər
İnstitutunun baş müəllimi Ələkbər
Cabbarovun, Naxçıvan Özəl Universitetinin baş
müəllimi Əli Yusifovun, AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi
işçisi Asəf Orucovun məruzələri dinlənilib.
Elmi konfransın sonunda tədbir
iştirakçıları "Heydər Əliyev və
müstəqil Azərbaycan" adlı sərgidə
nümayiş olunan, həmçinin ulu öndərin həyat
və fəaliyyətinin müxtəlif məqamlarını
özündə əks etdirən kitablarla tanış olublar.
Daha sonra yığıncaq iştirakçıları ulu
öndərin şərəfli həyat yolundan bəhs edən
video görüntüləri izləyiblər.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin
əməkdaşı
525-ci qəzet.- 2009.- 8 may.- S.2.