YAP "Heydər Əliyev
ideyaları XXI əsrdə.
Azərbaycanın inkişaf
yolu" mövzusunda elmi-praktiki konfrans keçirdi
Əli Əhmədov:
"Azərbaycan Heydər
Əliyev ideyalarına
əsaslanaraq müstəqil dövlət
kimi dünya birliyində öz yerini tutmaqdadır"
Dünən
"Gülüstan" sarayında Yeni Azərbaycan
Partiyasının (YAP) təşəbbüsü ilə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 86
illiyi münasibəti ilə "Heydər Əliyev
ideyaları XXI əsrdə. Azərbaycanın inkişaf
yolu" mövzusunda elmi-praktiki konfrans keçirildi. YAP-ın
icra katibi, millət vəkili Əli Əhmədovun bildirdiyinə
görə, Azərbaycan Heydər Əliyevin rəhbərliyi
altında uzun illər inkişaf edib. Bu gün də Azərbaycanın
inkişafının kökündə Heydər Əliyev
ideyaları, onun zəngin irsi dayanır: "Azərbaycan Heydər
Əliyev ideyalarına əsaslanaraq müstəqil dövlət
kimi dünya birliyində öz yerini tutmaqdadır. Bu istiqamətdə
atılan bütün addımlar Heydər Əliyev irsinə
söykənir". Ə.Əhmədov əlavə etdi ki,
Heydər Əliyev irsi Azərbaycan cəmiyyətini birləşdirən
bir dəyərə çevrilib. Bu irs mərkəzləşdirici
qüvvə olaraq dövlətçiliyin möhkəmləndirilməsində
də öz rolunu oynayır. Heydər Əliyev irsi Azərbaycanın
milli-mənəvi zənginliyini təmin edən dəyərlər
üçün də baza rolunda çıxış edir. "Azərbaycanın
dünəni, bugünü və gələcəyi də Heydər
Əliyev ideyaları ilə bağlıdır" - deyə
YAP icra katibi vurğuladı. O əlavə etdi ki, son illər
Azərbaycan sürətli iqtisadi inkişafa nail olub. Prezident
İlham Əliyevin bu istiqamətdə atdığı
genişmiqyaslı addımlar özünün də dediyi kimi
Heydər Əliyev ideyalarına istinad edir. Çünki Azərbaycanın
inkişaf strategiyası məhz ümummilli lider tərəfindən
müəyyənləşdirilib: "Azərbaycanın
iqtisadi inkişaf tempi bundan sonra da davam edəcək. Bu o deməkdir
ki, Azərbaycan XXI əsrdə də Heydər Əliyev
ideyalarını yaşadacaq. O, həmişə Azərbaycanın
işıqlı gələcəyinin olacağına
inanırdı. Onun bu arzusu Azərbaycan cəmiyyətinin də
arzusuna çevrilmişdi. Bu arzunun gerçəkliyə
çevrilməsi üçün Azərbaycan cəmiyyəti
prezident İlham Əliyevin rəhbərliyi altında irəliləməkdədir.
"Azərbaycan
Respublikasının Konstitusiyası müasir mərhələdə"
mövzusunda çıxış edən Milli Məclis sədrinin
birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət
Əsgərov qeyd etdi ki, müasir dövrümüzdə Azərbaycanın
konstitutsion dövlət kimi təşəkkül tapması,
hər şeydən əvvəl ölkədə ictimai-siyasi
proseslərlə müşayiət olunan tarixi şərait və
bu müstəvidə fəaliyyət göstərən
görkəmli siyasi liderlərin dinamik mübarizə xətti
ilə bağlıdır. Konstitusiya müasir dövlətin
bütöv hüquqi sisteminin özəyi kimi
çıxış edən, ölkə vətəndaşlarına
əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı
və əsas dövlət qurumlarının fəaliyyətini
tənzimləyən normativ hüquqi aktdır. Birinci
vitse-spiker qeyd etdi ki, Azərbaycanın 1995-ci ildə qəbul
edilmiş mövcud Konstitusiyasını hazırlayan komissiyaya
məhz ümummilli lider Heydər Əliyev rəhbərlik
edib.
YAP Siyasi
Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov "Azərbaycan
islahatlar yolunda" adlı məruzə ilə
çıxış etdi. Komitə sədri qeyd etdi ki,
Naxçıvan Muxtar Respublikasının ağır günlərində
buraya gələn ümummilli lider qısa müddət ərzində
çox böyük işlər görüb. O,
Naxçıvanı ağır vəziyyətdən
çıxarmağı bacarıb. İlk növbədə
İran və Türkiyə ilə əlaqələr qurub,
Muxtar Respublikada təhlükəsizlik və siyasi sabitlik məsələlərini
həll edib. Bundan sonra Azərbaycan ictimaiyyətinin müxtəlif
təbəqələrini təmsil edən şəxslər
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtması üçün müraciətlər etməyə
başlayıblar. Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olunub.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, Azərbaycanın Avropa Şurası
Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin
rəhbəri Səməd Seyidov Heydər Əliyevin müəyyənləşdirdiyi
xarici siyasət kursu barədə məruzə etdi. O qeyd etdi
ki, son vaxtlar dünya və dövlətlərarası
münasibətlər sürətlə dəyişməyə
başlayıb. Bir sıra ölkələrdə sabitlik
pozulub, təhlükəsizliklə bağlı problemlər
müşahidə olunub. Dəyişikliklər Azərbaycanın
yerləşdiyi Cənubi Qafqaz regionundan da yan keçməyib.
Gürcüstan-Rusiya münasibətləri pozulub, Ermənistanda
prezident seçkilərindən sonra ciddi siyasi gərginlik
yaşanıb. Türkiyənin Ermənistanla münasibətləri
normallaşdırmaq üçün danışıqlara
başlaması regionda yeni geosiyasi vəziyyət yaradıb. S.Seyidov
dedi ki, belə bir məqamda Heydər Əliyevin müəyyənləşdirdiyi
xarici siyasət fəlsəfəsinin gündəmə gətirib
öyrənməyə ehtiyac var. Onun sözlərinə
görə, Heydər Əliyevin müəyyənləşdirdiyi
xarici siyasət kursu bir neçə əsasa söykənib. Bunlardan birincisi ölkə üçün
ən ali
marağın milli maraqlar olmasıdır. Bu siyasət hazırda
da davam etdirilir. Heydər Əliyev xarici
siyasət kursunun ikinci ana xətti
böyük dövlətlərin
maraqlarının Azərbaycanda
toqquşmasına imkan
verməmək, əksinə,
onları uzlaşdırmaq
olub. Üçüncü məqam kimi
Heydər Əliyev həmişə ölkənin
təhlükəsizliyinin təmin
olunması üçün
Azərbaycanın dünyadakı
təhlükəsizlik sistemlərinin
tərkib hissəsinə
çevirməyə çalışıb.
Dördüncü məqam Azərbaycanın
Şərq-Qərb dialoqunda
əsas oyunçuya çevrilməsi olub.
S.Seyidov qeyd etdi ki,
Heydər Əliyevin xarici siyasət kursu bu gün
prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu günlərdə
dünyanın ən böyük təhlükəsizlik
təşkilatı olan
NATO-nun baş katibi Yaap de Sxeffer alyansın Azərbaycanın
ərazi bütövlüyünü
tanıdığını birmənalı şəkildə
bəyan edib. Eyni zamanda, BMT-nin Baş Assambleyası da Azərbaycan torpaqlarının işğalı
faktını təsdiqləyib.
Avropa Şurasının Parlament
Assambleyası, QDİƏT PA-da da Dağlıq
Qarabağ münaqişəsi
mütəmadi olaraq gündəmə gətirilir.
S.Seyidov dedi ki, Azərbaycanın apardığı uğurlu
xarici siyasət nəticəsində Dağlıq
Qarabağ münaqişəsi
dünya birliyinin siyasi gündəminə gətirilib. ABŞ-ın dövlət katibi Hillari Klinton, prezident Barak Obama münaqişənin
tezliklə həlli üçün bütün
gücləri ilə çalışacaqlarını bildiriblər. Komitə sədri
onu da bildirdi
ki, hazırda Azərbaycan təbii sərvətlərinin satılması
məsələsində də
milli maraqlara uyğun mövqe tutur. Azərbaycanın nefti və qazı müxtəlif yollarla dünya bazarına çıxarılır.
Bir müddət əvvəl gündəmdən çıxmaqda
olan Nabukko kəməri layihəsi Azərbaycan prezidentinin qətiyyətli mövqeyindən
sonra yenidən müzakirə obyektinə
çevrilib.
S.Seyidov onu da bildirdi ki,
Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir
ki, burada ABŞ-la Rusiyanın, İranla Avropanın, Türkiyə
ilə Avropa Birliyinin münasibətləri
uzlaşdırılır. Onun sözlərinə görə, Azərbaycan neftini və qazını nəql edən Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kəmərləri
Türkiyənin Avropa
Birliyinə inteqrasiyasını
sürətləndirib. Bu kəmərlər həmçinin Türkiyənin
Yunanıstanla münasibətlərinin
istiləşməsinə səbəb
olub. "Apardığımız xarici
siyasətin nəticəsidir
ki, bu gün
Azərbaycan hərbçiləri
Gürcüstanda keçirilən
NATO tədbirlərində iştirak
edə bilirlər.
Apardığımız siyasətin nəticəsidir
ki, bu gün
Azərbaycan Barak Obamanın dünyada mətbuat azadlığı
ilə bağlı bəyanatında həqiqətə
uyğun olmayan fikirlər ifadə etdiyini vurğulaya bilir.
Parlamentin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov "Azərbaycançılıq və Azərbaycanşünaslıq, Əliyevçilik və Əliyevşünaslıq" mövzusunda məruzə etdi. Onun sözlərinə görə, dünyada bir çox ideyalar mövcud olub. Bu ideyaların bir hissəsi praktiklik qazanmır və tarixdə qalır. Bəzi ideyalar isə uzun illər yaşayır və ümumbəşəri xarakter alırlar, elmə çevrilirlər. N.Cəfərovun fikrincə, Heydər Əliyev ideyaları ikincilərdəndir. Hazırda bu ideyaların elmə çevrilməsi istiqamətində müəyyən nüanslar hiss olunmağa başlayıb. Əliyevşünaslığın müəyyən müddəaları artıq məlumdur. Hazırda bu ideyaların sistemləşdirilməsi gedir. Azərbaycanın böyük alimləri Ramiz Mehdiyevin, Seyfəddin Qəndilovun, Yaqub Mahmudovun əsərlərində bu istiqamətdə müəyyən çalarlar formalaşdırılır, - deyə N.Cəfərov qeyd etdi.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2009.- 8 may.- S.2.