Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

Hörmətli oxucular, bu məqalədə Avropa məkanına inteqrasiya prosesində ali təhsil müəssisələrimizin rolu və Azərbaycan ali təhsil sistemində nəzərdə tutulan islahatlar barədə məlumat verməyə çalışacağam.

Qeyd etmək istərdim ki, 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra ötən müddət ərzində ali məktəblərimizdə müəyyən işlər görülsə də, ümumilikdə bu istiqamətdə həyata keçirilən tədbirlər qaneedici hesab edilə bilməz. Avropa məkanına inteqrasiyanın ümumilikdə ali təhsil sahəsində islahatların əsas istiqaməti kimi bəyan edilməsinə baxmayaraq, heç də bütün universitetlərimiz bununla əlaqədar zəruri addımları atmağa kifayət qədər səy göstərmirlər.

Məlumdur ki, Boloniya Bəyannaməsinin tələbləri baxımından ali təhsilin inkişafı sahəsində tədbirlər üç səviyyədə həyata keçirilməlidir. Dövlət, Təhsil Nazirliyi və universitet səviyyələrində.

Qeyd etmək lazımdır ki, dövlətin bu işə böyük dəstəyi vardır, ölkə Prezidentinin tapşırığı ilə ali təhsildə islahatlar üzrə Dövlət proqramının layihəsi hazırlanmışdır, normativ-hüquqi bazanın yaradılması ilə bağlı Hökumət tərəfindən bir sıra qərarlar verilmişdir və bundan sonra da zəruri addımlar atılacaqdır. Dünya Bankının qrantı hesabına islahatlar layihəsi hazırlanır.

Təhsil Nazirliyi bu sahədə xüsusi Fəaliyyət Planı hazırlamışdır və həyata keçirir. Avropa universitetlərinin təcrübəsi göstərir ki, keyfiyyətin təmin olunması və rəqabətqabiliyyətli kadr hazırlığı sahəsində dünya səviyyəli universitetlərə yaxınlama prosesində ali təhsil müəssisələrinin özlərinin rolu daha çoxdur.

Bu mənada bir sıra məqamlara diqqəti cəlb etmək istərdim. İlk növbədə, narahatlıq doğuran məsələlərdən biri universitetlərimizin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı müvafiq inkişaf proqramlarının olmamasıdır. Ali məktəblərdə müəllimlər və tələbələr arasında aparılan sorğular göstərmişdir ki, Boloniya prosesinin mahiyyəti, tətbiq edilən yeniliklər- akkreditasiya, kredit sisteminin tətbiqi, məzmun islahatları barədə müəllimlərin özlərinin təsəvvürləri yoxdur, nə təhsilverənlər, nə də təhsilalanlar ümumilikdə aparılan islahatların, nəzərdə tutulmuş hədəflərin nədən ibarət olduğu barədə kifayət qədər məlumata malik deyildir. Əgər müəllimlər əvvəlki qaydalarla, metodlarla işləyəcəklərsə, öz fəaliyyətlərində heç bir dönüş etməyəcəklərsə, hansı islahatlardan danışmaq olar, Avropa universitetləri səviyyəsinə necə çatmaq olar? Onu da nəzərə almaq lazımdır ki, Avropa universitetləri də dayanıb yerlərində saymırlar, sürətlə inkişaf edirlər ki, rəqabətdə uduzmasınlar. Hesab edirəm ki, hər bir universitetin professor-müəllim heyətinin qarşıdakı dəyişikliklərə hazır olması üçün inkişaf proqramı olmalı, bu inkişaf proqramında hər bir müəllimin ehtiyacına uyğun tədbirlər nəzərdə tutulmalıdır.

Daha bir problem universitetlərimizin idarə olunması ilə bağlıdır. Sirr deyil ki, Boloniya Bəyannaməsinin əsas tələblərindən biri ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsidir. Ötən məqalələrdə qeyd etdiyim kimi, universitetlərimizdə müəllim-tələbə nisbətinin aşağı olması, strukturun təkmil olmaması, lüzumsuz fakültələrin, kafedraların saxlanılması barədə hər dəfə danışsaq, bu məsələləri nazirliyin kollegiya iclaslarında müzakirə etsək də, vəziyyət demək olar ki, dəyişmir, ali təhsil müəssisələri bu və digər sahələrdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmırlar. Hökumət tərəfindən bakalavr hazırlığı üzrə ixtisasların (proqramların) yeni siyahısı təsdiq edilib, lakin ali təhsil müəssisələrində bununla əlaqədar zəruri dəyişikliklər ləng aparılır. Prorektorlar, dekanlar, kafedra müdirləri təşəbbüskarlıq göstərmirlər, ənənəvi iş prinsiplərinə üstünlük verirlər, daha çox cari məsələlərin həlli ilə məşğul olurlar. Bu vəzifələrə gənc və perspektivli, beynəlxalq təcrübə ilə tanış olan kadrlar irəli çəkilmir, onların inkişafı sahəsində sistemli iş aparılmır. Xüsusi vurğulamaq istəyirəm ki, ali təhsilimizin inkişafı bilavasitə idarəetmə sisteminin təkmilləşdirilməsi, dünyanın aparıcı universitetlərində tətbiq olunan müasir idarəetmə mexanizmlərindən istifadədən birbaşa asılıdır və bu istiqamətdə də təsirli tədbirlər görülməlidir.

Boloniya prosesində həlledici amillərdən biri universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünyanın aparıcı universitetləri ilə səmərəli əməkdaşlığın qurulması və təcrübə mübadiləsinin təşkilidir. Bu əməkdaşlıq innovasiyaların, inkişaf tendensiyalarının bizim universitetlərə gətirilməsində əvəzsiz rol oynaya bilər. Ölkəmizin ali təhsil müəssisələri müəyyən beynəlxalq layihə və proqramlarda iştirak edirlər, bir sıra universitetlərlə əməkdaşlıq əlaqələri yaratmışlar. Lakin bu əməkdaşlığın real səmərəsi hiss olunmur, həyata keçirilən tədbirlər universitetlərin fəaliyyətinin təkmilləşdirilməsinə və keyfiyyətin yüksəldilməsinə yönəldilmir. Bu gün dünya universitetlərində əsas prioritet təşkil edən məsələlər bizim ali məktəblərin təcrübəsinə gətirilmir və fəaliyyətdə nəzərə alınmır. Elə bu səbəbdəndir ki, həm ölkədaxili, həm də beynəlxalq hesabatlarda Azərbaycanda ali təhsillə bağlı pessimist proqnozlar verilir, daha çox neqativ hallardan bəhs edilir. Hesab edirəm ki, bu vəziyyət hamımızı ciddi düşündürməlidir.

Universitetlərimizin beynəlxalq layihə və proqramlarda iştirak səviyyəsi də qənaətbəxş hesab edilə bilməz. Bu gün dünyanın aparıcı universitetləri daha çox qrantlar əldə etməklə təhsilin inkişafına yönələn maliyyə resurslarının həcmini artırırlar, eyni zamanda sınanmış təcrübələrin tətbiqinə şərait yaradırlar. Ali təhsilə cəlb edilmiş qrantların həcminə görə ölkəmiz nəinki Avropa və dünya, hətta postsovet və region ölkələrindən də dəfələrlə geri qalır.

Universitetlərin beynəlxalq əlaqələrinin, beynəlxalq layihə və proqramlarda iştirakının kifayət qədər səmərəli sisteminin yaradılmamasının səbəblərindən biri də odur ki, bu sahəyə rəhbərlik edən səriştəli mütəxəssislər çox azdır. Təsəvvür edin ki, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyasından danışırıq, lakin universitetlərimizdən yalnız 7-də beynəlxalq əlaqələr üzrə prorektorlar fəaliyyət göstərir ki, onların da əksəriyyəti xarici dillər, o cümlədən ingilis dili üzrə bacarıqlara malik deyildir. Fikrimcə, bu məsələ universitetlərdə ciddi araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.

Xarici dillər sahəsində yüksək bacarıqları olan, beynəlxalq təcrübəyə malik ali təhsil mütəxəssislərinin hazırlanması sahəsində zəif iş aparılır. Bununla əlaqədar rastlaşdığım bir problemi diqqətinizə çatdırmaq istəyirəm. 2008-ci ilin mayında Bakı şəhərində 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransı keçirilirdi. Etiraf etmək lazımdır ki, bu konfrans təhsil tariximizdə mühüm hadisə idi. Problem ondan ibarət idi ki, konfransın bölmə iclaslarını aparmaq üçün ingilis dilli, beynəlxalq səviyyəli tədbiri apara bilən ali təhsil mütəxəssisləri tapmaq müşkül bir işə çevrilmişdi. Az qala bütün ölkədə belə mütəxəssislər axtarmağa məcbur olmuşduq, təəssüflər olsun ki, ADU-nu çıxmaq şərtilə digər ali təhsil müəssisələrimizdə belə mütəxəssislər tapmaq mümkün deyildi. Fikrimcə, bu barədə də ciddi düşünmək lazımdır.

Daha bir "yaralı" yerə toxunmaq istərdim. Təhsil Nazirliyi 10 ildən çoxdur ki, Dünya Bankı ilə əməkdaşlıq edir, təhsil sektorunun inkişafı üzrə layihələr həyata keçirir. Bu illər ərzində layihələr çərçivəsində çoxlu sayda beynəlxalq ekspertlərlə əməkdaşlıq etmişik. Həmin ekspertlər müxtəlif inkişaf etmiş, etməkdə olan, yaxud inkişaf etməmiş ölkələrdən olmuşlar. Onların arasında postsovet ölkələrindən olanlar da var idi. Ona təəssüf edirəm ki, bu illər ərzində yüzlərlə ekspertlər içərisində bir nəfər də olsun azərbaycanlıya təsadüf etməmişəm. Ümid edirəm ki, Dövlət Proqramı ilə xaricdə təhsil alıb ölkəmizə qayıdanlar arasından beynəlxalq səviyyəli təhsil ekspertləri də yetişəcəkdir.

 Fikrimcə, mövcud problemlərdən biri də ondan ibarətdir ki, bizim universitetlərin əksəriyyəti müəyyən profillər üzrə fəaliyyət göstərir, məsələn, tibb, pedaqoji, iqtisadiyyat, inşaat, mədəniyyət-incəsənət və sair. Əlbəttə, dünyada belə istisnalar vardır, məsələn, Massaçusets Texniki Universiteti. Lakin təhlil göstərir ki, konkret profillər üzrə tədris universitetlərin fəaliyyətini məhdudlaşdırır, rəqabət imkanlarını azaldır. Ölkəmizdə tibb, mədəniyyət-incəsənət, inşaat sahələrində mütəxəssislər yalnız bir, digər sahələr üzrə mütəxəssislər isə bir neçə universitetdə hazırlanır. Bu səbəbdən də müvafiq sahələr üzrə mütəxəssis olmaq istəyənlərin seçim imkanları yoxdur, bu hal isə universitetlərdə keyfiyyətin yüksəldilməsinə və inkişafa gətirib çıxarmır. Bir qayda olaraq, dünya səviyyəli universitetlər xüsusi profillər üzrə fəaliyyət göstərmir, fikrimcə bu amil gələcək islahatlar prosesində nəzərə alınmalıdır.

Daha bir vacib məsələ barədə. Son zamanlar müxtəlif dövlət qurumları tabeliyində ali təhsil müəssisələrinin yaradılması tendensiyası müşahidə olunur. Bildiyiniz kimi ümummilli lider Heydər Əliyev məhz ali təhsilin keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə 13 iyun 2000-ci il tarixli "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərman vermişdi həmin Fərmana müvafiq olaraq mülkiyyət formasından tabeliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə həvalə edilmişdi. Həmin fərmandan sonra ölkədə ali təhsil sahəsində vahid təhsil siyasəti həyata keçirilməyə başlanmışdı. Fikrimcə, bu yeganə düzgün yoldur. Əsas məsələ universitetin kimin tabeliyində olmasından daha çox, müstəqil akkreditasiya sisteminin olmasındadır. Şəxsən mənim fikrimcə bütün universitetlərə muxtariyyət statusu, müstəqil maliyyələşmə idarəetmə səlahiyyətləri verilməlidir. Dünya təcrübəsində universitetlər müstəqildir, yəni idarəetmə funksiyalarını sərbəst yerinə yetirirlər. Düşünürəm ki, ölkəmizdə universitetlərə maksimum sərbəstlik verilməli, tabelik naminə səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Təcrübə göstərir ki, fəaliyyətin təşkili idarəolunmasında müstəqil olan universitetlər daha çox uğurlar əldə edir dünya səviyyəli universitetlərə çevrilirlər.

Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 31 yanvar 2008-ci il tarixli Sərəncam imzalandı. Sərəncamda deyilir: "2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya Deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya prosesinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. Ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır".

Həmin Sərəncamla ölkəmizin ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini sürətləndirmək məqsədilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" hazırlanması, eləcə də ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının UNESCO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması məsələləri Təhsil Nazirliyinə tapşırıldı. Bununla bağlı nazirlikdə mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrupu tərəfindən mövcud vəziyyət təhlil edildi, dünya təcrübəsinə əsaslanaraq bakalavr pilləsinin ixtisaslarının siyahısı və dövlət proqramının layihəsi hazırlandı, təsdiq üçün hökumətə təqdim olundu.

Proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Proqramda aşağıdakı 8 istiqamət üzrə islahatların aparılması müəyyənləşdirilmişdir:

1.Bolonya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq, ali təhsilin normativ-hüquqi bazasının yeniləşdirilməsi. Burada nəzərdə tutulacaq müddəalar ali təhsil sisteminin Avropa və mütərəqqi dünya ölkələrinin ali təhsil məkanına inteqrasiyasına hüquqi baza yaratmalıdır. Bununla bağlı ilk növbədə, birinci oxunuşdan keçmiş "Təhsil haqqında" çərçivə Qanunu və buna müvafiq "Ali təhsil haqqında" Qanun qəbul edilməlidir.

2.Ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi. Burada ilk növbədə ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına və əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris plan və proqramlarının (kurikulumların), təhsil resurslarının, müasir fənn proqramlarının (sillabusların) yeni təlim və informasiya texnologiyalarını təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması və tətbiqi nəzərdə tutulmalıdır.

3.Ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi. İlk növbədə idarəçilik strukturunun əsaslı şəkildə təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin idarə olunmasında və inkişafında iştirakını təmin edən strukturların yaradılması, hazırda olduğu kimi ali təhsil müəssisələrinin fəaliyyətinin təcrid formasında deyil, aidiyyəti müəssisələri baza kimi müəyyənləşdirməklə sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal sahələri ilə əlaqələrin qurulması), tələbə özünüidarə sisteminin inkişafı nəzərdə tutulmalıdır.

4.Ali təhsildə keyfiyyətin təmin olunması. Ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb edilməsi təmin olunmalı, universitetlərin reytinqini müəyyənləşdirən sistem yaradılmalı, tələbələrin biliyinin qiymətləndirilməsi sistemi Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmalı, ali təhsil müəssisələrinin fəaliyyəti haqqında hesabatvermə sistemi yaradılmalıdır.

5.Ali təhsildə kadr hazırlığı. Bunun üçün elmi, elmi-pedaqoji və pedaqoji kadrların attestasiyasının yeni mexanizminin, ali təhsil müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqinin və işədüzəltmə-karyera mərkəzlərinin, professor-müəllim heyətinin ölkə daxilində və xaricdə treninqlərinin təmin olunma sistemlərinin yaradılması nəzərdə tutulmalıdır. Eyni zamanda ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı"nın icra mexanizmləri də bu proqramla müəyyən edilməlidir.

6.Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması. Ölkənin elmi-tədqiqat institutlarının ali təhsil müəssisələri ilə birgə fəaliyyəti, onların potensialından kadr hazırlığı sistemində istifadə olunması, bəzilərinin müvafiq ali təhsil müəssisələri tərkibinə verilməsi məsələlərinə baxılması nəzərdə tutulmalıdır.

7.Ali təhsilin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması. Universitet kampuslarının (şəhərciklərinin, təhsil infrastrukturlarının) qurulması, ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin, tədris, elmi-tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və s. mərkəzlərinin yaradılması və onların müvafiq tədris-metodiki və elmi avadanlıqlarla təchizatı, elektron kitabxanaların və müasir nəşriyyat-poliqrafiya komplekslərinin yaradılması nəzərdə tutulmalıdır.

8.Ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi. Burada ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması və universitetlərin maliyyə müstəqilliyinin genişləndirilməsi, adambaşına maliyyələşməyə keçilməsi tədbirləri nəzərdə tutulmalıdır.

Proqramın yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir:

-ali təhsilin normativ hüquqi bazası yeniləşəcək;

-ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis hazırlığına keçiləcək;

-beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin ediləcək;

-ali təhsil sisteminin tədris-metodiki təminatı müasirləşəcək;

-beynəlxalq tələblərə uyğun müasir tipli elektron kitabxanalar və elektron versiyalı dərslik fondu yaradılacaq;

-interaktiv təlimi təmin edən yeni metodikalar hazırlanacaq;

-tədris prosesində informasiya texnologiyalarının tətbiqinin elmi-metodiki təminatı yaradılacaq;

-Bolonya prosesinin tələblərini təmin edən tədris-metodiki vəsaitlər hazırlanacaq;

-ali təhsildə Bolonya Bəyannaməsinin müddəalarına uyğun vahid terminologiyalar tətbiq ediləcək;

-kredit sisteminin tətbiqi ilə bağlı yeniliklərin yayılması və mənimsənilməsi təmin olunacaq;

-ömür boyu təhsil almaq üçün fasiləsizlik təmin olunacaq;

-ali təhsil sistemi beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin ediləcək;

-ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizası təmin olunacaq;

-ali təhsil müəssisələrinin optimal şəbəkəsi yaradılacaq;

-ali təhsil müəssisələrinin davamlı inkişafı təmin ediləcək;

-universitetlərin idarə edilməsində tələbələrin geniş iştirakı təmin olunacaq;

-ali təhsilin idarə olunması təkmilləşəcək;

-ali təhsilin beynəlxalq təhsil məkanına inteqrasiyası sürətlənəcək;

-beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və keyfiyyətə nəzarət mexanizmi yaradılacaq;

-beynəlxalq ekspertizadan keçmiş yeni akkreditasiya qaydaları yaradılacaq;

-kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində bilavasitə iştirakı təmin olunacaq;

-ali təhsildə tədrisin təşkili Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun qurulacaq;

-müəllim və tələbə mübadiləsi sahəsində ali məktəblərin imkanları genişlənəcək;

-tələbə və mütəxəssislərin diplomlarının və müvafiq təhsil sənədlərinin qarşılıqlı tanınması asanlaşacaq;

-ali təhsil müəssisələrinin fəaliyyəti haqqında ictimaiyyətin məlumatı genişlənəcək;

-tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq;

-elmi və elmi-pedaqoji kadrların fəaliyyətini qiymətləndirən attestasiya mexanizmi yeniləşdiriləcək;

-dünya təcrübəsinə və Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun hazırlanmış yeni ixtisas təsnifatı tətbiq ediləcək;

-ali təhsil müəssisələrinin müasir tələblərə cavab verən kadr potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq;

-ümumtəhsil sistemi peşəkar kadrlarla təmin olunacaq;

-iqtisadiyyat, sosial və digər sahələr rəqabətə davamlı kadrlarla təmin ediləcək;

-ali məktəb məzunlarının əmək bazarında işlə təmin olunma imkanları artacaq;

-ali təhsil müəssisələrində funksional idarəetmə modelini həyata keçirən menecerlər heyəti formalaşdırılacaq;

-ali təhsil müəssisələrinin elmi və elmi-pedaqoji potensialından səmərəli istifadə təmin olunacaq;

-ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların beynəlxalq nüfuzu artacaq və onların əməyini stimullaşdıran mexanizm yaradılacaq;

-ali təhsil müəssisələrinin elmi tədqiqat sahəsində beynəlxalq əməkdaşlıq imkanları genişlənəcək;

-elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ali təhsil müəssisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək;

-müasir tipli universitet şəhərcikləri salınacaq, təhsil infrastrukturu yaxşılaşacaq;

-təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki baza təminatı yaradılacaq;

-ali təhsil müəssisələrinin beynəlxalq informasiya-kommunikasiya şəbəkəsinə qoşulması təmin ediləcək;

-ali təhsil müəssisələrində müasir tipli avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat və tədris strukturları yaradılacaq;

-müasir tipli informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və zəruri avadanlıqlarla təchizatı ali təhsil müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq;

-ali təhsil subyektlərinin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək;

-ali təhsil müəssisələrinə yeni maliyyə mənbələri cəlb olunacaq;

-ali təhsil müəssisələrində adambaşına maliyyələşdirilmə mexanizmi tətbiq olunacaq;

-ali təhsil müəssisələrinə əldə etdikləri maliyyə resurslarından sərbəst istifadə etmək imkanı veriləcək;

-ali təhsil müəssisələrinin maliyyələşməsinin əsas mənbələrindən olan ödənişli təhsil xidmətinə və maliyyələşmədə iştirak edən investorlara vergi və ya digər güzəştləri verməklə onların maliyyə imkanları genişlənəcək;

-Bolonya Bəyannaməsinin müddəalarının tətbiqi sürətləndiriləcək və buraya əlavə maliyyə resursları cəlb olunacaq;

-nəticədə ali təhsilin keyfiyyəti yüksələcək.

İndi isə Azərbaycanda dünya səviyyəli universitet yaratmaq imkanları barədə fikirlərimi bildirmək istəyirəm. Ötən məqalələrdə dünya səviyyəli universitet yaratmağın üç yolu - mövcud universitetlərin səviyyəsinin yüksəldilməsi və müasirləşdirilməsi, ali təhsil müəssisələrinin birləşdirilməsi, yeni təhsil müəssisələrinin yaradılması - kimi yollarından bəhs etmişdik. Bəs Azərbaycan üçün bu yollardan hansı məqbul sayıla bilər? Hesab edirəm ki, ölkəmizdə yeni yaradılmış Diplomatik Akademiyanın bazasında dünya səviyyəli ali təhsil müəssisəsinin yaradılması üçün real imkanlar vardır və bu imkanlardan istifadə edilməlidir.

Daha bir variant isə Azərbaycanda yeni universitetin yaradılmasıdır. Bu yolun üstünlüyü ondan ibarətdir ki, əvvəldən ali təhsil müəssisəsinin strukturunu və idarəedilməsini dünya səviyyəli universitetlərə uyğun müəyyənləşdirmək mümkündür.

Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, təhsilə yönəldilən investisiyaların həcminin ilbəil artırılması, ən başlıcası isə dövlətin təhsilə böyük dəstəyi ölkəmizdə dünya səviyyəli universitetlərin yaradılması üçün əlverişli imkanlar açmışdır. Sinqapur, Malayziya və digər ölkələrin təcrübəsi göstərir ki, qısa müddət ərzində dünya səviyyəli universitetlər yaratmaq çətin olsa da, mümkündür və belə təcrübələrdən yararlanmağı bacarmalıyıq. İlk növbədə qısa müddətdə dünya səviyyəli universitetlərin yaradılması təcrübəsi öyrənilməli və bu sahədə fəaliyyət istiqamətlərinə çevrilməlidir.

Düşünürəm ki, ölkəmizin hazırkı inkişaf səviyyəsi imkan verir ki, yaxın 10 il ərzində bir və ya iki Azərbaycan universiteti ən nüfuzlu beynəlxalq reytinqlərdə təmsil oluna bilsin. Əlbəttə, bu işlərin məhz dövlət səviyyəsində həyata keçirilməsi real səmərə verə bilərdi. İlk növbədə, bu prosesə ən səriştəli professor-müəllim heyəti, o cümlədən xarici ölkələrin tanınmış təhsil mütəxəssisləri cəlb olunmalı, nəzərdə tutulan və yaradılacaq universitetlər ən müasir texnologiyalarla, resurslarla, xüsusilə beynəlxalq səviyyəyə uyğun şəkildə ehtiyacları ödəməyə qadir maliyyə vəsaitləri ilə təmin edilməlidir.

Hörmətli oxucular, bununla da dünyada ali təhsilin inkişaf tendensiyaları, Azərbaycanda ali təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər barədə düşüncələrimi başa çatdırıram. Növbəti yazılarda təhsilin digər pillələri, məktəbəqədər, texniki-peşə, eləcə də ümumi təhsil sistemində qiymətləndirmə, əlavə təhsil və digər məsələlərlə bağlı görülmüş işlər, problemlər və onların həlli yolları barədə məlumat verməyə çalışacağam.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 9 may.- S.10-11.