İçimdə bayramımsan, ...Çölümdə yasım...

 

Xəyyamın təqvimində

Beş min ildə bir dəfə

Olan xətamsan mənim...

Göylərdən endirilən

Qərib ətamsan mənim.

İçimdə bayramımsan,

...Çölümdə yasım.

Yayda,

Dağda qarımsan

Qarı bağrıma basdım...

Suyum, Nurum, şəffafım –

İlacımsan - zəhərli –

İşıqda görünməyən,

Kölgədə zümrüd rənglim...

Dənizsən, bir andaca

Yerə gömülə bilən.

Səhramsan - "Yahu" - desəm

Göy dənizə çevrilən...

İçimdə bayramımsan,

...Çölümdə yasım...

 

 28 mart 2009-cu il

 

 

Üç min ildir

 

Sevgilisinin qatilinə təslim olmamaq və onun qələbə şadyanalığını görməmək üçün Kleopatra səbətdə zəhərli ilanların gətirilməsini əmr etdi.

Onun eşq yolunda intiharı da  bənzərsiziydi...

Sən mənim

Kleopatram! –

İlanlara yem olan.

Mən sənin ürəyinəm –

Dünya boyda

qəm dolan...

Üç min ildi sevirəm

Nur qoxuyan ağlını.

Üç min ildi sevirəm

O lalənin bağrını.

Üç min ildi

Qulac-qulac saçıntək,

Şabalıd çiçəyindən

Əqidən ətir saçır...

Üç min ildi bir gözəl

Ölümə qənşər qaçır...

(Şəlalələr yellənir

Alçalar çiçək açır...)

 

13 mart 2008-ci il

 

 

İlhamla Fərizədən əvvəl

Kleopatra olub, Antoniy olub,

Leyli, Məcnun, Beatriça, Cülyetta...

Dünya eşq ətriylə dolub

Havalanıb,

sonra key olub...

Keyiyib dünyanın əli-ayağı

Keyiyib dünyanın dili-dodağı.

bu keyin-küyün içində

Paşa Qəlbinur doğulub

Sürgün olub,

Eşq adlı dünyaya...

Dünya başdan-başa ətir gölündə

Mən ki, fələyin yel atında,

Əlimdə ulduzdan qələm-bıçağım

Yaza da bilirəm İşıq dilində,

Poza da bilirəm zülmət gecəni.

Ulduzlu göylərim and-aman yerim,

Ulduzlar köməyim, göylər köməyim.

 

23 mart 2009-cu il   

 

 

            ***

vaxtsa süd əmirdin,

İndi dərman sorursan,

Qolundakı saata bax,

Sındır əqrəblərini,

Boş özünü yorursan...

14 oktyabr 2008-ci il

 

 

Əlinə pul dəyən uşaq

 

Əlinə pul dəyən uşaq

belə ətin ürpəşdi.

belə tükün çimçəşdi,

belə gözün böyüdü...

Bir az adam iyi gələn,

Bir az badam iyi gələn.

Bu "kağız"a elə baxdın

Dostların yadından çıxdı...

Allahın yadından çıxdı...

Əlinə pul dəyən uşaq,

Pula nökərin kimi bax.

Pula nökərin kimi bax!..

 

5 oktyabr 2008-ci il

 

 

           ***

 

İməkdən yeriməyə

Verilən rüsxət kimi,

İşıqdan qaranlığa

Çəkilən düz xətt kimi

Sən mənim taleyimsən.

Kainatı yaradan

"Böyük partlayış" yalan

Pillə-pillə təkamül

Hamısı bom-boş yalan,

Sən mənim taleyimsən.

Zülmətlərin bağrına,

İldırımlar calandı.

Dünya haqq dünyasıdı,

Təsadüflər yalandı.

Sən mənim taleyimsən.

Sinəmdəki ürəkdi,

Kilsə zəngi döyül ha.

And içməyə çörəkdi –

Günəş çöhrən, Ay Allah!

Sən mənim taleyimsən.

Sən mənim xilasımsan,

Nuhun gəmisi kimi.

Sən mənim müqəddəsim

Taxıl zəmisi kimi...

Ağlın gözlərindədi,

Dünyanın gözəlliyi.

Cəm olub gözlərinə...

Nur şəlaləm, su pərim!

Ürəyim bir buz kimi

Əriyir gilə-gilə

Sənin qədəmlərinə...

Xoşbəxtlikdən o yana,

İtirsəm ürəyimi.

Bircə Sizə gələrəm,

Nuhun gəmisi kimi.

Son ümidim bilərəm.

İməkdən yeriməyə

Verilən rüsxət kimi,

İşıqdan qaranlığa

Çəkilən düz xətt kimi

Sən mənim taleyimsən,

Sən mənim taleyimsən...

 

 20 may, 14 oktyabr 2008-ci il

 

 

                   ***

 

Gözlərinin al rəngində

Sən məndən bir gül istədin.

Başdan başa düm-düz olan,

İlahi bir gün istədin.

Sən məndən ürək istədin,

İçində bir sən olasan.

Sən məndən yelpək istədin,

Uçub, göylərdə qalasan.

Nəğməyə, "göy qurşağı"na,

Əllə toxunmaq istədin.

Dünəndə qalıb, - indisiz,

Sabahda yaşayaq - dedin...

Sən məndən ömür istədin –

Lap əvvəldən yaşanası.

Ömürdən ömür-gün çəkən,

Şimşəyin tale maşası...

"Dəryada cicim gördüm,

Baxdıqca ucun gördüm,

Mən səndən ayrılmazdım,

Fələyin gücün gördüm".

 

19 aprel 2008-ci il

 

 

Ana

 

İşıq olub, nur olub,

Damarımda axanım...

Kilim olum, döşənim,

Ayağında tapdanım...

Gözlərimin yağında

Yanır şamın piltəsi.

Bu qaranlıq gecədə,

Nurunu qəbul eylə!..

Dualarım görünmür,

Göz yaşlarım allanır.

Bir ömür xərclədiyin

Barını qəbul eylə!..

Borcum dünyalar qədər,

Qibləm, şax dur, əyilmə!

Pirim, ruhum, qurbanın

Qurbanın qəbul eylə!..

İşıq olub

Damarımda axanım.

Kilim olum

Ayağında tapdanım,

Ay Ana...

 

6 aprel 2008-ci il

            

             ***

 

İşıqsan, göz qamaşmayan,

Rəngin bətnində gizlənib.

Fikirsən, söz yapışmayan,

Zaman axıb təmizlənib.

Söz deyərəm əzilməsin

"Nur" deyirəm, bənzərsizim.

Səndə məntiq gəzilməsin

Yoxdur həqqin tərəzisi.

divanə, müdrik var

ağıl var bu dünyada,

Küləklər qovan buludlar

Ömür denən, tale ya da...

Yerdən uca yüyürənim

Susuz axan şəkkim-çayım.

Göydə, nurda göyərənim,

Nar olub, sıxılan ayım...

İşıqsan, göz qamaşmayan

Rəngin bətnində gizlənib.

Fikirsən, söz yapışmayan,

Zaman axıb təmizlənib.

 

 10 mart 2008-ci il

 

 

Novxanıda küləklər

Ağaclardan

Əl çəkməyən kimi,

Qayğıların əlindən

Yaxamı çəkəmmədim.

Virus kimi çoxaldılar,

Donuz kimi çoşqaladılar...

Sevincimi

Yer tapıb əkəmmədim.

Qayğıların əlindən

Yaxamı çəkəmmədim.

 

23 iyul 2008-ci il

 

 

         ***

 

Balıq nəfəs alır

Dibində gölün

Suların üzündə qovuqlar qalır

Barama tor qurur, dəmirçi döyür

İpəyi tor olur, poladı qarmaq...

Qarmağın ucunda

Can verən o qurd

Bir qızıl balığın alın yazısı.

Atəş!..

Sıldırımda ova şığıyır

Hacı Mirəslafın qızıl tazısı...

Sularda balığın göz yaşı qaldı,

Yağ damlası kimi dumduru ilıq.

Qayaya sıçradı təkənin qanı

Lalə yanağında günəş qarışıq...

Atəş!.. Çe Qevara,

Müşfiq, Ziya, Nur,

İraq, Əfqanıstan, Nyu-York,

Xocalım!

Göyçayda nar, Təbrizdə dar

ağaclarım,

Biri içimdə qurulur mənim...

 

21 iyul 2007-ci il

 

 

Mən onu görürəm

 

Haqqım tapdananda,

Haqq danılanda,

Uzaq, uzaq, uzaqlardan

Yaxınlaşır bir Aləm!..

Gözlərim böyüyür göy üzü qədər

Mən Onu görürəm!.. Dərd kədər

Məni mismar kimi

Yerə çalanda!..

Allah mənə yaxın olur,

Ürəyim qədər!..

Mən Onu görürəm!..

İşıq ətəyiylə gözlərimi siləndə,

Qaranlıqlar yarılır...

Nur

Qanıma yayılır...

Mən Onu görürəm...

 

17 yanvar 2008-ci il

 

 

Paşa QƏLBİNUR

 

525-ci qəzet.- 2009.- 9 may.- S. 9.