"Bu dünyanın işlərinə şair necə baxır?"

 

Daha bu sualı verən olmayacaq. Bəxtiyar Vahabzadə bu dünyanın problemlərini bu dünyadakıların öhdəsinə buraxıb haqq dünyaya qovuşdu…

Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsi xəbərini Azərbaycandan uzaqlarda aldım. Və bu xəbər məni illərin xatirələrinə, düşüncələrinə qaytardı...

Ağlıma gələn ilk xoş duyğu bu oldu: biz həm də ona görə xoşbəxt xalqıq ki, bizim yazıçılar, ziyalılar, sənət adamları bu dünyadan köçəndə də öz şan-şöhrətlərinə layiq şəkildə, məhəbbət və qayğı ilə yola salınırlar. Adətən bəzi xalqların məşhur adamları çox vaxt ömürlərinin sonuna doğru cəmiyyət tərəfindən unudulur, hətta bəzən övladları da onlardan üz döndərir. Xoşbəxtlikdən hələ bizdə böyüyə, ağsaqqala, ziyalıya hörmət istər ailə, istər cəmiyyət, istərsə də dövlət səviyyəsində qorunub saxlanılır. Böyük şairin dəfnindən izlədiyim telegörüntülər mənə bu fikri təlqin etdi...

Uşaqlıqdan Bəxtiyar Vahabzadə poeziyasının vurğunu olmuşam. Nə vaxtsa bu böyük şairlə üzbəüz gəlmək, onunla kəlmə kəsmək arzusu ucqar kənd məktəbində oxuyan yeniyetmə üçün təbii ki, əlçatmaz bir şey idi...

Bəxtiyar müəllimin indiki Bakı Dövlət Universitetində müəllim işlədiyini bilməyim hətta bir dəfə məni çaşdırmışdı: 1980-ci ildə universitetə qəbul imtahanı verərkən müəllimlərdən birinə "Bəxtiyar müəllim"- deyə müraciət ediləndə onu özlüyümdə Bəxtiyar Vahabzadə hesab eləmişdim. Sonralar dəqiqləşdirəcəkdim ki, bu, Bəxtiyar Vahabzadə yox, onun adaşı imiş...

Amma illər keçəcək və mən Bəxtiyar Vahabzadənin özü ilə nəinki üzbəüz oturub söhbət etmək, hətta onunla mübahisəyə girişmək imkanı qazanacaqdım. Bu görüşün və bu tanışlığın da maraqlı tarixçəsi var...

1988-ci ilin yayı idi. Onda mən "Azərnəşr"də redaktor işləyirdim. Sonu bilinməyən Qarabağ hadisələri təzə başlayırdı. Nəşriyyatın baş redaktoru, ağsaqqal yazıçı Cəmil Əlibəyov məni yanına çağırıb dedi ki, Bəxtiyar Vahabzadənin publisistik məqalələrindən ibarət kitab buraxılacaq, redaktoru da sən olacaqsan. Bu kitab indi xalqa şeirdən, poemadan daha vacibdir. Amma nəzərə al, Bəxtiyar müəllimin vaxtı azdır, məqalələri sistemləşdirib kitab halına salmaq sənin boynuna düşür...

O vaxt Moskvada çıxan qəzetlər hər şeyi bütün çılpaqlığı ilə açıq yazır, biz isə hələ də senzura qorxusu altında yaşayır, Moskva qəzetlərinə həsəd aparırdıq. Cəmil müəllim onu da əlavə elədi ki, Bəxtiyar müəllimlə danışmışıq, sən onun yazılarını redaktor kimi oxuduqca mövzuları Moskva qəzetlərində, xüsusən "Literaturnaya qazeta"da qaldırılan problemlər səviyyəsində dərinləşdirmək üçün ideyalar verməli, nələrisə müəllifin yadına salmalı, bir sözlə, hökumətdən adamların bütün narazılığı bu yazılarda öz əksini tapmalıdır.

Əslində, bu təklif - Bəxtiyar Vahabzadənin kitabına redaktor olmaq cavan nəşriyyat redaktoru üçün böyük etimad idi! Digər tərəfdən isə böyük məsuliyyət demək idi: Qarabağ mövzusu, millətin illərdən bəri ürəklərdə yaşayan azadlıq duyğusu və sovet quruluşunun bizə bəxş etdiyi problemlər...

Bir neçə gün sonra mən məzuniyyətə çıxdım və kitabın əlyazma variantını götürüb işləmək üçün kəndə getdim. Heç on gün keçmədi ki, iş yerindən teleqram aldım: "Təcili iş yerinə qayıtmaq lazımdır!".

Teleqramın səbəbini anlamasam da Bakıya qayıtdım. Baş redaktorun qəbul otağında öyrəndim ki, Bəxtiyar müəllim kitaba görə bərk narahat olub, əlyazmasını bir "cavan uşağın" götürüb kəndə getməsi onu təbdən çıxarıb və bilmək istəyir ki, kitab üzərində iş nə yerdədir. Az sonra Bəxtiyar müəllim özü də nəşriyyata gəldi və mən onun narahatlığını, hətta bir az da əsəbi olduğunu gözlərindən oxudum.

İlk sözü bu oldu:

- Ay oğul, sən hardasan? Kitab gecikir axı...

Bir az özümü itirsəm də əlyazmanı stolun üstünə qoyub redaktə elədiyim hissələri göstərdim, bəzi yerlərə Bəxtiyar müəllimin özünün əlavələrinə ehtiyac olduğunu bildirdim və hiss elədim ki, rəngi açılır, əhvalı düzəlir. Bir azdan artıq böyuk şair və cavan nəşriyyat redaktoru arasında psixoloji baryer götürüldü və biz həmkar kimi fikir mübadiləsinə, kitabı daha da təkmilləşdirmək üçün müzakirələr aparmağa başladıq... Qısa vaxtdan sonra kitab yığılmaq üçün mətbəəyə göndərildi.

Bəxtiyar Vahabzadənin hər söz, hər cümlə üzərində əsdiyini mən bundan sonra daha aydın başa düşməyə başladım. Onda mətbəələr indiki texnologiya ilə təchiz edilməmişdi: redaktədən sonra kitab mətbəədə yığılır, bir neçə dəfə korrektura oxunuşu aparılır, müəllif son variant ilə tanış olub hazır mətnin çapına rəsmi icazə verəndən sonra çap prosesi başlanırdı.

Bəxtiyar müəllim həmin günlər bu kitabla yaşadığı üçün az qala hər gün zəng vurur, işlərin necə getdiyi və hansı mərhələdə olduğu ilə maraqlanırdı. Bir dəfə zəng vurub dedi ki, evdə yaxşı qutab bişiriblər, gəl həm qutab yeyək, həm də bir az dərdləşək. Onda Bəxtiyar müəllim keçmiş Hüsü Hacıyev (indiki Azərbaycan) küçəsindəki yazıçılar evində, "Azrnəşr"in beş addımlığında yaşayırdı. Durub evlərinə getdim. Bir az söhbətdən sonra dedi ki, kitaba balaca bir əlavəm var, onu necə edə bilərik? Söhbət vaxtilə türklərə divan tutmuş Andranikin vəhşilikləri haqqında əlavələrdən gedirdi. İndi çox sular axıb, erməni vəhşiliyi barədə, demək olar ki, hər şey yazılıb. Amma həmin 88-ci ildə Andranikin vəhşilikləri barədə yazmaq hətta Azərbaycanın xalq şairinə də yasaq idi!

Mən bu əlavənin necə ediləcəyinin yolunu bilmirdim. Kitabın mətni senzuradan - "Qlavlit"dən keçmişdi, korrektura olunub çap üçün mətbəəyə verilmişdi.

- Bəxtiyar müəllim, bəlkə nəşriyyat rəhbərliyinə, yaxud Dövlətnəşrkoma deyəsiniz... - bu sözləri ehtiyatla dedim.

- Ay oğul, onları yaxşı tanıyıram, razılıq verməyəcəklər, - dedi. - Bunun bircə yolu var. Sən korrekturaya baxmaq adı ilə mətbəəyə gedib, əlavələri elə. Bilən olmasa əla! İşdi, kimsə duyuq düşsə, mən boynuma götürərəm ki, redaktordan və nəşriyyatdan xəbərsiz əlavəni özüm etmişəm...

Razılaşdıq və mən bu "əməliyyatı" uğurla həyata keçirə bildim - heç kim duyuq düşmədi. İlin sonunda Bəxtiyar müəllimin "Gəlin açıq danışaq" adlı publisistik kitabı 50 min nüsxə tirajla işıq üzü gördü, satıldı və yenidən 50 min nüsxə çap olundu. İndi həmin kitab Bəxtiyar müəllimin aftoqrafı ilə şəxsi kitabxanamda əziz xatirə kimi saxlanılır: "Bu kitabın yaranmasında müəlliflə bərabər əziyyət çəkmiş cavan qardaşım Müsəllim üçün böyük uğurlar arzusu ilə. 16.01.89".

Bəxtiyar müəllimlə bağlı bir xatirə də yadıma düşür. O vaxt mənim Bakıda mənzilim yox idi. Cəmil Əlibəyov Bəxtiyar müəllimin mənə isti münasibətini nəzərə alaraq Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinə nəşriyyat adından vəsadətnamə hazırladı ki, fəaliyyətimi və ailə vəziyyətimi nəzərə alaraq, şəhərin boşaldılmış mənzil fondundan mənə birotaqlı mənzil ayırsınlar. Təbii ki, məktubu şəhər İcraiyyə Komitəsinə yalnız Bəxtiyar Vahabzadə kimi bir nüfuz sahibi təqdim etsə, nəyəsə ümidli olmaq mümkün idi! Adi halda belə məktubu yazmırdılar və baxan da olmurdu. Cəmil müəllim məktubu hazırlayandan sonra vəziyyəti Bəxtiyar müəllimə dedi və o da bu işi məmnuniyyətlə görəcəyinə söz verdi. Növbəti gün şəxsi maşınında nəşriyyata gəlib məni məktubla "Baksovet"ə - o vaxt mənzil məsələlərilə məşğul olan qeyri-azərbaycanlı müavinin yanına apardı. Bunun özü də paradoks idi ki, Azərbaycanın xalq şairi bir azərbaycanlı gəncə mənzil üçün qeyri-azərbaycanlının yanına xahişə gedirdi. Amma neyləmək olar, dövrün reallığı beləydi!

...Məktubu təqdim edərkən Bəxtiyar müəllim mənim barəmdə o qədər xoş sözlər dedi ki, utandığımdan məni tər basdı. Onun sözlərindən belə çıxırdı ki, mən olmasam, "Azərnəşr"in fəaliyyəti dayana bilər və s. Amma onda ölkədə vəziyyət eləydi ki, bir cavan jurnalistə mənzil ayırmaq kimi məsələ xırda, olduqca xırda problem idi. Üstəlik də bu görüşdən az sonra həmin müavini işdən çıxarmışdılar. Lakin fakt faktlığında qalır ki, Bəxtiyar müəllim o vaxt uşaq kimi qabağıma düşüb mənim üçün xahişə getmişdi.

Bu arada Qarabağ problemi getdikcə dərinləşir, adamların narahatlığı günbəgün artırdı. "Azərbaycan gəncləri" qəzetinin redaktoru Yusif Kərimov Bəxtiyar müəllimlə münasibətlərimizin yaxınlığını bildiyindən onunla bu problemlər mövzusunda müsahibə hazırlamağı tapşırdı. Onda, təbii ki, indiki kimi diktofon bolluğu yox idi və mən Azərbaycan radiosunda işləyən bir tanışımdan xahiş etdim ki, diktofonunu bir günlüyə mənə versin. İndiki diktofonlarla müqayisədə çox nəhəng olan bu aparatla Bəxtiyar müəllimin evinə getdim. Ətraflı söhbət etdik və bir qəzet səhifəsi həcmində müsahibəni qələmə alıb redaksiyaya təhvil verdim. Bəxtiyar müəllim Qarabağ mövzusunda nə düşünmüşdüsə, hər şeyi dilinə gətirmişdi və mən də dediklərini olduğu kimi saxlamışdım. Başqa nə cür ola bilərdi? Xalq şairi xalqa söz deyirdi!

Növbəti gün redaksiyaya gedib bir səhifəlik müsahibənin çapa hazır variantını oxudum və "Azərnəşr"ə qayıtdım. Aradan bir neçə saat keçəndən sonra məni yenidən redaksiyaya çağırdılar və... gözlərimə inanmadım: Bəxtiyar müəllimin müsahibəsi qırmızı qələmlə, necə deyərlər, al-qana boyanmışdı. Redaksiyada dedilər ki, səhifəni partiyanın Mərkəzi Komitəsinə aparıblar və Bəxtiyar müəllimin "əsəbi şəkildə söylədiyi bəzi cümlələri" çıxarmağı tapşırıblar. Mən "əsəbi şəkildə" deyilmiş həmin "bəzi cümlələri" daha yumşaq fikirlərlə əvəzləməli oldum... Mərkəzi Komitənini "tövsiyəsi" ilə müəyyən ixtisara məruz qalan bu müsahibənin necə böyük rezonans doğurduğunu indi də xatırlayıram. Onda, vallah, insanlar Qarabağ problemi ilə yaşayırdılar! Onda hər şey Qarabağ üçün idi!

"Azərbaycan gəncləri" qəzetinin redaksiyasına müraciət edən oxucular "Azərnəşr"dəki telefon nömrəmi alıb müəllif kimi mənə də zəng vurur, Bəxtiyar müəllimə demək istədiklərini mənim vasitəmlə çatdırmağa çalışırdılar. Hətta sonralar da zəng vurub bu və ya digər haqsızlığa Bəxtiyar müəllimin münasibətini öyrənmək istəyirdilər. Sadəcə, "Bu dünyanın işlərinə şair necə baxır" sualını verirdilər.

Daha bu sualı verən olmayacaq! Çünki Bəxtiyar Vahabzadə uzun ömrü boyu bu dünyanın dərdləri ilə yaşadı, həmin dərdlərlə mübarizə apardı, amma bu dərdlərin tükənməz olduğunu biləndə də... bu fani dünyadan baş götürüb haqq dünyasına qovuşdu! Bəxtiyar Vahabzadə bu dünyanın dərdlərini bu dünyadakıların öhdəsinə buraxıb bu dünyadan köçdü...

 

    

Müsəllim HƏSƏNOV

 

525-ci qəzet.- 2009.- 9 may.- S.28.