Böyük aşiq
Bir tale üçün
eyni təqvim gününün neçə möhürü
ola bilər? Doğuluş gününün möhürü.
Sevdalanmaq gününün möhürü. Bitən həyat
möhlətinin möhürü. Ölümündən uzun
illər sonra işığa çıxan möhtəşəm
kitabının möhürü... Necə olur ki, olumla
ölüm arasındakı tale adlı yaşantının,
başlanğıcla sonun və sonsuzluğun möhürü
hamısı eyni günə, 1 Mayın payına
düşür?! Tanrının seçkin bəndəsi
olmaqdan özgə adı varmı bunun?! Az da, yüz də
yaşasalar, Seçkin kəslər həm də bişkin
olur. Nakam el şairi Əziz Məftun kimi.
Əziz Məftun 1 mayda
(1936) Tovuz rayonunun aşağı Mülkülü kəndində
doğuldu. 1 mayda Leylaya məftun oldu. 1 mayda (1978) sevgilisinin ləbindən
bir busə üzmədən dünyadan köçdü. Və 1 mayda... Bu barədə sonra.
Əziz kənddə
yeddiillik təhsilini bitirib Tovuza- şəhər məktəbinə
gələndə tanıdı Leylanı. Gözü
görüncə könlü sevdi və gizli-gizli canında
becərdi sevdasını. 1 May bayramında əllərində
sovetin oraq-çəkic nişanlı qırmızı
bayrağı, dillərində trafaret şüarlar
yanaşı yürüyərkən bir bənzərsiz
şüar da ürəyindən gəldi Əzizin: Mən sənə
məftunam, Leyla!... Bu məftunluq Əzizin 42 illik sitəmli-iztirablı
həyatına eşlik edəcək şair Əziz Məftunu
doğurdu.
Məftunun şairliyi məhəbbətinin
balasıydı, onu eşq dəlisinə çevirən
Leylasının bəlasıydı. Bu Leyla da Füzulinin Leylisi
kimi
"Mən gövhərəm,
özgələr xiridar,
Məndə deyil
ixtiyari-bazar"
-deyibən sevgililərin
vüsalı yolunda qaratikan kimi bitən validəsindən dad
çəkəndə bir-birinə qoşulub qaçmaqdan
qeyri yol qalmadı. Fəqət, onları tapıb
imansızcasına ayırdılar. Leyli ev dustağına, Məftun
hökumət dustağına döndü. Amma nə yazıq
ki, Məftunun Leylası Məcnunun Leylisi kimi eşqinə vəfa
qılmadı. Bir az ağlayıb-sıtqayıb kiridikdən
sonra anasının israrıyla bir əğyarə yar olan bu
Leyla Leyli kimi "dövran məni məzadə saldı"
demək bəraətini də itirdi. Qəlbinə daş
bağlayıb dönük çıxdı Leyla. Bədbəxtt
Məcnun;
"Mənim qəlbim səninkitək
daş deyil,
Yaş olar gözlərin,
az ağla, Leyla"
-deyibən bu
dönüklüyə şəfqətlə
qarşılıq versə də, ürəyi tablamadı,
Füzulinin Məcnunu kimi sözün əsil mənasında
zəncirləmə dəliyə döndü. İllərlə
ruhi xəstəxanalarda yatsa da, şəfa tapmadı.
Çünki onun dərdi də, dərmanı da eşq idi. Vüsaldan
ümidini üzən divanə aşiq;
"Sinəmi
yandırdı eşqin
közləri,
Bilməm göz
yaşınla sönərmi,
Leyla"
-deyibən dərdinin
ilacını iztirabda aradı.
Ata-anası madar
oğlun miskin, zəlil halına dözməyib xəstəxanadan
evə gətirdi. Divanə aşiqsə başladı
qışın şaxtasında, yayın qorasında
Mülkülü-Tovuz arasında, vaxtilə Leyla gəzən
yerlərdə onun izlərini arayıb məcnunluq eləməyə.
Yollardan yığmaq, elin təhnizindən qurtulmaq
üçün məcbur olub Məftunu ayaqlarından zəncirləyib
ev dustağı elədilər. Görənlər söyləyir
ki, bu ürəkparçalayan bir səhnə idi. El şairi
ustad Səlim günlərin birində onu yoluxmağa gedərkən
bu sarsıdıcı mənzərəni görüb Məftuna
belə nəsihət eləmişdi:
"Eşqin zəncirini
boynuna
dola,
Güləllər,
yaraşmaz,
ayağa salma."
Lakin Məftun- bizim zəmanənin
eşq dəlisi onu ağıla-kamala çağıran ustada
divanə könlüylə belə qarşılıq verir:
"Dünya cənnət
olsa gəlməz
karıma,
Mətləbim
gözümdə qalandan
sonra.
Gümanlıq
bağların seyrinə
çıxmam,
Fələk nəzərindən
salandan
sonra."
Amma fələk Məftunu
nəzərindən salmamış, əksinə, onu fitri
aşiqlik mərtəbəsinə ucaltmaqla, fitri istedad da
lütf etmişdi. Belə olmasaydı, yalnız orta məktəb
savadı alan, ciddi mütaliəsi, ədəbi bilgisi olmayan,
ömrünün böyük qismini divanəliklə
keçirən bir gəncin qısacıq sürədə zəngin
irs yaratmasını necə izahlamaq olardı?!
Əziz Məftunun indiyədək
kiçicik bir kitabı işığa
çıxmış və ölümündən sonra, 80-ci
illərdə nəşr olunan "Beş yarpaq" adlı həmin
broşürada şairin irsinin olduqca cüzi bir qismi
toplanmışdı. Xalq şeirinin bütün
formalarında yüzlərlə gözəl nümunələr
yaradan, "Eşqnamə", "Nikah", "Vicdan və
mən" kimi neçə-neçə romantik-fəlsəfi
poemaya həyat verən fitri ilham sahibinin zəngin irsi uzun illər
onu işığa çıxaracaq zamanı gözlədi. Və
bu zaman Əziz Məftunun anadan olmasının 73-cü ilində,
onun ad günündə yetişdi.
Fəaliyyəti
dövründə nəinki parlamentə seçildiyi dairə,
nəinki Tovuz, eləcə də bütün Qərb regionu, hətta
Gürcüstanda yaşayan soydaşlarımız
üçün böyük işlər görən millət
vəkili Qənirə Paşayevanın yaxından köməyi
sayəsində Əziz Məftunun bütün yaradıcılığını
əhatə edəcək ikicildlik kitabın birinci cildi
işığa çıxdı. 1000 nüsxəlik
(günümüz üçün bu rəqəm ciddi
göstəricidir), 450 səhifəlik bu böyük kitabda
şairin qoşma, gəraylı, təcnis, qəzəl və
digər janrlarda yazdığı şeirləri və əfsanələşmiş
ömrünü ifadə edən "Əziz Məftun"
dastanı təqdim edilib. Dastanı respublikanın Əməkdar
mədəniyyət işçisi, altıncı
Ümumdünya festivalı laureatı məşhur
aşıq Əkbər Cəfərov qələmə
alıb.
Kitaba əhatəli və
müfəssəl giriş yazan Qənirə Paşayeva
"Nakam şair" adlı həmin yazısıyla oxuculara Əziz
Məftunun şəxsiyyəti- həyatı, faciəsi və
yaradıcılığı ilə tanışlıq
fürsəti verib.
El ədəbiyyatının
araya-ərsəyə çıxarılmasında onun
toplanması və dürüst təqdim olunması vacib şərtlərdəndir.
Bu cəfalı işləri şair Bağman Baba (tərtibçi)
və filologiya elmləri doktoru, professor, görkəmli
jurnalist- publisist Nəsir Əhmədli (redaktor) böyük
sevgiylə yerinə yetiriblər.
Məftunun nə
qoşqusu varsa, eşqinə bağlıdı və o ilk
misrasından son kəlməsinə qədər nə
yazıbsa, hamısı divanə vaxtının məhsuludu. Çox
erkən havalanmış bir gəncin bəsit savadla, bədahətən
gözəl şeirlər deməsi göstərir ki, "Fələk
birəhm, dövran bisugun, tale zəbun" olmasaydı, o bəlkə
də zəmanəsinin böyük şairlərindən biri
olardı. Amma böyük şair olmasa da, böyük
aşiq oldu Məftun və dirigözlüykən əfsanələşərək
əsrimizin gerçək Məcnununa çevrildi. "Məndə
Məcnundan füzun aşiqlik istedadı var"- deyibən
zaman-zaman eşqsizliyə, qəlbsizliyə, vəfasızlığa
meydan oxuyan və bütün nakam sevgilərə böyük
eşq heykəli ucaldan ulu Füzulinin öncəgörməsi
kimi!
Bəsti Əlibəyli
525-ci qəzet.- 2009.- 9 may.- S.25.