Mədəniyyətimizin hamisi
HEYDƏR ƏLİYEVİN
DOĞUM GÜNÜ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT
UNİVERSİTETİNDƏ QEYD OLUNUB
Ulu öndər
Heydər Əliyevin anadan olmasının 86-cı
ildönümü münasibəti ilə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
keçirilən elmi konfrans əslində son dərəcə
maraqlı, təsirli məqamlarla müşayiət olunan, real
faktlara söykənən tamaşanı
xatırladırdı. Ona görə ki, elə H.Əliyevlə
bir vaxtda - 1923-cü ildə dünyaya gələn bu ixtiyar təhsil
müəssisəsində elmi-pedaqoji fəaliyyətlə məşğul
olanların böyük əksəriyyəti ulu öndərlə
bilavasitə təmasda olub, nə zamansa onun qərar və sərəncamları
ilə yüksək adlara layiq görülüb, fəxri
titullarla mükafatlandırılıblar.
Konfransı
giriş sözü ilə açan universitetin rektoru, professor
Timuçin Əfəndiyev ulu öndərin bir sıra ali
keyfiyyətlərini sadalamaqla onun mədəniyyətə olan
xüsusi diqqət və qayğısından söhbət
açdı, tarixi məqamları yada saldı. ADMİU-da bu
dahi şəxsiyyətlə ilgili hər il dəfələrlə
qeyd edilən irimiqyaslı tədbirlərin zəruri səbəblərini
sadalayarkən çoxsaylı müəllim və tələbə
kontingentinin hər gün geniş, işıqlı
auditoriyalarında dərs keçdikləri binaya da məhz H.Əliyevin
şəxsi göstərişi və yardımı sayəsində
sahib olduqlarını vurğuladı.
T.Əfəndiyev
daha sonra qeyd etdi ki, H.Əliyev hakimiyyətə gələnə
qədər Azərbaycan mədəniyyətinə
böyük töhfələr vermiş görkəmli
simalardan heç birinə SSRİ-nin ən ali
mükafatlarından sayılan Sosialist Əməyi Qəhrəmanı
adı verilməyib. Məhz onun respublikaya rəhbər təyin
olunduğu illərdə Süleyman Rüstəm, Rəsul Rza,
Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov bu
yüksək ada layiq görüldü. Beynəlxalq aləmdə
kölgəmizi qılınclayanlara, mənəvi
dünyamızdan bixəbər olanlara, adımızı pis mənada
hallandıranlara bu ən kəsərli cavab idi. Bu, əsl qələbə
idi və bu qələbə məhz H.Əliyevin o zamankı
SSRİ rəhbərliyi, yüksək çinli məmurları
ilə apardığı mücadilələr sayəsində
mümkün olmuşdu. Azərbaycanın say-seçmə sənət
adamlarının qatıldığı konfransda
iştirakçıların hər birində bu törəndə
çıxış etmək, ulu öndərlə
bağlı ürək sözlərini söyləmək
arzusu vardı. Xalq artisti, kinorejissor Oqtay Mirqasımov hələ
gənclik illərində ulu öndərin ona göstərdiyi
qayğıdan, professor Nizaməddin Şəmsizadə H.Əliyevin
çağdaş dünyamızda Azərbaycançılıq
ideologiyasının daha geniş vüsət tapmasındakı
əvəzsiz rolundan, Əməkdar İncəsənət
xadimi, kinoşünas Aydın Kazımov Azərbaycan kinosunun sərhədlərimizdən
uzaqlarda tanınması istiqamətində apardığı
işlərdən, professor Aqşin Babayev Heydər Əliyevin
Azərbaycana rəhbərliyinin ikinci dönəmində onunla
birgə işlədiyi vaxtda müşahidə etdiyi yüksək
keyfiyyətlərindən, hədsiz diqqətciliyi, fenomenal
yaddaşa sahib olmasından, professor Ağakişi Kazımovla
xalq rəssamı Ağəli İbrahimov ulu öndərin
qibtə olunacaq dərəcədə teatral və rəssamlıq
bilgilərinə yiyələnməsindən, bu sahədə
çalışan sənətkarlara hədsiz qayğı və
ehtiramla yanaşmasından, bir sözlə mədəniyyətimizin
hamisi olduğundan söhbət açdılar.
Hüsniyyə
525-ci qəzet.- 2009.- 9 may.- S.25.