Şəhərmi maraqlıdır, yoxsa insanlar?..
2003-cü ildə ilk İstanbul səfərindən
qayıdanda uzun illər həsrətində
olduğum bu şəhər, bu məmləkət haqqında
yazmamağımın, bəlkə
yaza bilməməyimin
səbəbi bu doğma ölkəni çox gec görməyimlə bağlı
idi. Hələ sovet dönəmində yolların, bənd-bərələrin
qəddarcasına çəpərləndiyi,
sərhədlərin quşkeçməz,
Türkiyə və türklər haqqında yazmağın yasaq olduğu vaxtlarda ilk dəfə Mehdi Hüseynin, sonralar Anarın, Elçinin, Zaur Qədimbəyovun, Aqşin Babayevin, daha sonra Məmməd
Aslanın, Əsgər
Rəsulovun, Tofiq Abdinin və indi yadıma sala bilmədiyim başqalarının çox
maraqlı, əhatəli
və zəngin oçerk, esse,elmi
məqalələrindən sonra nəsə yazmaq mənə görə sovulmuş bostana girib peşəri-ura
axtarmaq kimi bir şey idi.
Beş günlük İstanbul səfərindən qayıdanda
belə düşünürdüm.
Elə o
vaxt da qərara
aldım ki, İstanbul təəssüratlarımı
isti-isti deyil, bir neçə aydan sonra yazım.
Və bu bir neçə ay altı il
çəkdi.
Bakıda olduğu kimi
İstanbul hava limanında da yoxlamadan keçmədən Azərbaycanın
İstanbuldakı konsulluğundan bizi qarşılamağa gəlmiş
mikroavtobusla şəhərə üz tutduq. "Yeşil
köy" hava limanından bir qədər aralandıqdan sonra
Anar bəy sükutu pozaraq yolun soluna işarəylə "Azər,
ora "Surlar qala divarı" adlanır" dedi. Bir an mənə
elə gəldi ki, Anar bəy bu yaşımda İstanbula
birinci, həm də gec gəlməyimə eyhamla mənimlə
zarafat eləyir. On beş yaşımda ilk dəfə İrəvan
şəhərinə gedərkən qatarda həmyerlilərimizdən
birinin mənə "Ağzında sümük yoxdu deyə
səni şəhərə buraxmayacaqlar" deməsini
xatırladım. Bir an keçməmiş Anar bəyin eyni
tonla "Bizans dövründən qalmadır" əlavəsindən
sonra düşündüm ki, yox, bu həssas insan heç
vaxt nəinki mənim, heç kimin qəlbinə
toxunmağı özünə rəva bilməz. Az sonra onun
yenə onun doğma səsini eşitdim. "Bu da Rum eli
hisarıdı".
Yol boyu Anar bəyin
"Anadolu hisarı..." və indi unutduğum bir neçə
möhtəşəm abidənin adını sadalamasından
başqa tədbir günlərində bəzən yan-yana
oturduğumuz, bəzən məndən bir sıra öndə
olanda arxaya dönərək İstanbulda yanından
-yaxınlığından ötdüyümüz "Sultan Əhməd
Camesi"ni, "Top qapı Sarayı"nı, neçə-neçə
başqa məşhur yerləri göstərməkdən
yorulmadığını görəndə onun
qayğıkeş və həssaslığının bir daha
şahidi olur, onu özümə bir dost, doğmaca qardaş
sanırdım. Anar bəydən söz düşmüşkən,
onun İstanbul axşamlarından birində
"Boğaziçi" deyilən yerin, yəni Mərmərənin
qırağında Moskvadan gəlmiş tanınmış
türkoloq, professor Tofiq Məlikliyə, Ramiz Rövşənə
və bəndənizə verdiyi qonaqlıq zamanı ləziz
yeməklər, ədəbiyyat, incəsənət, din, mənəviyyat,
əxlaq barəsində edilən söhbətlərdən
yadımda çox şey qalıb. Ən canlı və diri
xatirə isə İstanbulun Avropa və Asiya deyilən hissəsini
birləşdirən çox uzun və əzəmətli asma
körpünün üstüylə qaranlıqda
şütüyən maşınların işıldaquşa
bənzəməsi yeniyetmə çağlarımda
çoxdan unutduğum yaylağımızın yay gecələrini
mənə xatırlatması idi.
Bizi növbəti tədbirlərdən
birinə aparacaq avtobus gecikdiyindən hamımızın
darıxdığı vaxt Anar bəyin "Azər, sənnən
gözləməzdim, niyə qrafikdən çıxa bilmirsən,
nə əcəb gedib şəhərin görməli yerləriylə
tanış olmursan?" sorğusuna dəstədən
ayrıla bilməməyimin bir neçə səbəbindən
birini də deyə bilmədim, sadəcə "Anar müəllim,
heç özüm də bilmirəm" cavabını
verdim.
Bu səbəbin biri
Ramiz Rövşənlə tapışmağım idi. Bir
şəhərdə yaşasaq da ildə bir-iki dəfə
hansısa tədbirdə, toyda, yaxud yasda
görüşür, atüstü "nə var, nə
yox"dan başqa söhbətimiz olmurdu, bəzənsə
uzaqdan-uzağa təbəssümlə, başımızı
tərpədərək salamlaşmaqla kifayətlənməli
olurduq. Qaldığımız oteldə otaqlarımız
yanaşı idi. Bir axşam çağı Ramizlə
"İstiqlal" caddəsində "İstiqlal" abidəsinin
başına dolanarkən ondan şeirlərindən birini
söyləməsini istədim. O, iki şeirini özünəməxsus
çılğınlıqla dedi. İkinci şeirini deyib
qurtaranda "Bu şeir yarımçıqdı, bitirə
bilməmişəm" dedi. Şeirlərinin ikisini də bəyəndiyimi
bildirdim. "Sən deməsəydin,
yarımçıqlığını, bitmədiyini hiss eləməzdim.
Məncə, şeirin bitib-bitmədiyi şərtidir. Bunu
oxucu yox, ancaq şair bilir. Hətta bitmiş hesab edilən
şeirə də bir bənd artırmaq olar".
Ramiz mənimlə
razılaşmır, çoxlu misallar, dəlillər gətirirdi.
Nədənsə, mən onunla bu məsələdə
razılığa gələ bilmirdim.
İstanbul səfərimizdə
"Yerəbatan" deyilən yerdə şeir bayramında
iştirak edirdik. Bizans dövründən qalma həmin
möhtəşəm abidəni görmək
üçün təxminən on beş, iyirmi metr yerin təkinə
endik. Türkiyədən və dünyanın bir çox
yerindən gəlmiş türk şairləri burada şeirlərini
oxumalıydılar. Şairlərin arasında həsəd
apardığım yeganə şair Ramiz Rövşən idi.
Birincisi, gözəl şair olduğuna, ikincisi, şeirlərini
çox gözəl, özünəxas, sinədən
söyləməsinə, İstanbulda tanınıb-sevilməsinə
görə onun daha sürəkli alqışlarla
qarşılanacağını duyduğumdan
çıxış üçün ondan öncə mənə
söz verilməsini arzulayırdım. Azərbaycandan ilkin
olaraq mənim adım çəkilsə də
narahatlığım azalmadı, çünki şeirimi vərəqdən
oxumağım bir yana, eynək də taxmalıydım. Həmişə
mənə elə gəlib ki, eynək taxıb vərəqdən,
yaxud kitabdan şeir oxuyan şairin şeirlərinin təsiri,
gücü, effekti xeyli azalır. Qaydaya görə bu
toplantıda hər şair bir şeir oxumalıydı.
İstanbula həsr etdiyim şeirimi oxuyandan sonra,
üzlülük edib ikinci, "Anam, sən məni belə
doğmamışdın" şeirimi də oxudum. Anar bəyin
yanından ötəndə o, ikinci şeirimə işarəylə
dedi: (bu şeirimdə əsəbilik notları aydınca
duyulurdu) "Bilirdim, Azər yenə bir oyun
çıxaracaq". Yerimə oturanda yanımda Azərbaycan ədəbiyyatının
gözəl bilicisi olan bir ədəbiyyatşünas (heyif,
adını xatırlaya bilmirəm, amma bir neçə
toplantıda iştirak etdiyimizdən artıq bir-birimizi
tanıyırdıq), İstanbula həsr etdiyim şeirimin əlyazmasını
ona verməyimi xahiş edəndə, qəlbimi sevinc hissi
bürüdü.
Rəsmi toplantılardan
ayrılmamağımın bir səbəbi də Çingiz
Aytmatovun bu ədəbiyyat günlərində iştirak etməsiydi.
Həmin il görkəmli yazıçının yetmiş
beş yaşı qeyd olunurdu. Onunla bircə dəqiqə
söhbət etmək, heç olmasa ona bircə sual vermək
ürəyimdən keçsə də, ətrafında insan
selini görəndə istəyimin baş tutacağına
inanmadığımdan yaxınlaşmırdım. Tədbir
günlərindən Çingiz Aytmatovun çıxış
etdiyi salon böyük olmadığından dinləyicilərin
bir hissəsi, o cümlədən də mən ayaqüstə
dayanmışdıq. Tanımadığım bir gənc
ayağa qalxıb stolunu mənə sarı
sürüşdürdü. Çingiz Aytmatov toplantıda
rusca gərək ki, çağdaş dünya ədəbiyyatında
gedən proseslərdən danışırdı. Çıxışının
sonunda ona verəcəyim sual barəsində
düşündüyümdən onun
danışığına diqqətimi yönəldə
bilmirdim. Oxuduğum "Əlvida, Gülsarı", "Cəmilə",
"Ağ gəmi", "Əsrə bərabər
gün", "Dəniz kənarıyla qaçan
alabaş" roman və povestlərini xatırlayaraq,
maraqlı bir sual haqqında düşünürdüm. Bu məqamda
Anar bəyin stəkana su töküb içməyi
gözümdən qaçmadı. Bütün toplantı və
görüşlərdə dinləyicilərin
qarşısında- sədarətdə protokol qaydalarına əsasən
Çingiz Aytmatovla həmişə yanaşı əyləşən
Anar bəyi görəndə bir azərbaycanlı kimi
qürur hissi keçirirdim.
O axşamdan yadımda
qalan başqa bir məqamsa İstanbulda yaşayan bir gənc
şairin, bəlkə də şeir həvəskarının
bizim oturduğumuz yerə (sağımda Ramiz bəy, solumdasa
"Yerəbatan"da məndən şeirimin əlyazmasını
alan həmin ədəbiyyatşünas əyləşmişdi)
yaxınlaşaraq sıranın sonunda əyləşən gəncləri
göstərib "Ramiz bəy, son axşam gənclər sizi
öz aralarında görmək istəyir" deməsi idi.
O gecəki qonaqlıqda
masa bəyinin və ayrı-ayrı adamların
çıxışlarını dinləməyən, ana
arı missiyasında görünən Ramiz Rövşənlə
bir qrup gənc, pətəkdən beçə verib
ayrılmış müstəqil arı ailəsinə bənzəyirdi.
(Bu yazımı Tofiq Abdin oxusa, mənimlə görüşəndə,
yaxud telefonla zəng edərək ucadan, bir az da əsəbi-əsəbi
deyəcək: "Ə, sən yenə Ramizi sevməkdəsən!?
Ramizşünas olub getmisən, vallah")
Beş günlük
İstanbul səfəri zamanı, mənim üçün ən
maraqlı və yadda qalan daha iki məqam,
qaldığımız otelin yeməkxanasında baş verdi: Ədəbiyyat
günlərinin bitməsinə bir gün qalmış nahar
etmək üçün Ramiz Rövşənlə yeməkxanaya
düşəndə, gecikdiyimizdən orada masa arxasında əyləşmiş
bir nəfərdən başqa kimsəni görmədik. Yeməkləri
siniyə yığıb piştaxtadan aralananda "Ramiz bəy,
sən Allah, gedək onun yanında oturaq, bir az söhbətə
tutaq" deyib Ramizin razılığını almadan
qabağa düşərək tənha qocaya
yaxınlaşıb "İyi sabahlar" dedim. O,
salamımı alanda "Sizinlə birgə nahar etmək
olarmı?" soruşdum. Bəlkə dediyimi başa
düşmədiyindən, yaxud yaxşı eşitmədiyindən
mənə baxaraq "anlamadım" dedi. "Burda oturmaq
olarmı?" soruşanda o, "buyurun" dedi. Bütün
toplantılarda həmişə əlində kepka olan bu qocaman
şairin kiminləsə söhbət etdiyini görməmişdim.
Yaşı səksəni ötmüş, Türkiyədə
modernist şair kimi tanınmış İlhan Berk ağır
eşitdiyindən söhbətimiz yaxşı
alınmırdı. Mən onun Nazım Hikmətə, onun
şeirlərinə münasibətini öyrənmək istədim.
Sualımı təkrar etməli oldum. O, başını qaldırmadan
"O, mənim üçün keçilmiş mərhələ"
dedi. Mən övladları barədə soruşanda bir
oğlu olduğunu, Amerikada yaşadığını
bildirdi. "Əlaqəniz varmı, sizi arayırmı, telefon
açırmı?" soruşanda sualımın
cavabının gecikdiyini görəndə, sorğumun mənasız,
yersiz səslənməsinə qınayıcı bir tərzdə
Ramiz " Bu nə deməkdi, övladı, oğlu atasıyla
maraqlanmaya bilərmi" dedi. Ədəbiyyat və bir
çox mübahisəli məsələlərdə çox
vaxt son sözü deyib nöqtə qoyan və ətrafındakıları
da buna inandırmağa çalışan, çox vaxt da buna
nail olan Ramizin sanki "zəif yerini" tutduğumdan, insan
münasibətlərində bu məqamı dərindən
bilmədiyinə "sevinərək", İlhan Berkin də
yaxşı eşitməsi niyyətiylə ucadan dedim: "Niyə
sözümü qəribçiliyə salırsan. Oğulların
hamısımı eyni cür olur?! Bizim köydə (İlhan Berk
üçün bəzi sözləri Türkiyə ləhcəsində
işlədirdim) bir ananın bircə oğlu Rusiyaya
getmişdi. İllər ötsə də o, geri dönmür,
ancaq üç-dörd ildən bir quruca məktubu gəlirdi.
O gedəndən iyirmi altı il sonra anası
dünyasını dəyişdi. Ölüm xəbərini
teleqramla oğluna bildirəndə, bir gündən sonra
"poxoronite ne medlenno" cavabı gəldi" deyib, qaliblər
kimi Ramizə baxdım. "Necədi sənin
üçün, belə oğullar da var" dedim, sonra
teleqramın türkcəsini İlhan Berkə bəyan edəndə
o, ağır-ağır başını tərpədərək
"Olur, olur" söylədi və öz oğluyla normal
münasibətdə olduğunu bildirdi.
Sonuncu gün yola
düşməmiş otelimizin yeməkxanasına endim. Qonaqların
çoxu dünəndən vətənlərinə
döndüyündən yeməkxanada kimsəni görmədim.
Piştaxtadan yeməklərimizi götürüb qapıya
yaxın masada əyləşdim, birdən bir nəfərin tək
yeməkxanaya girdiyini, piştaxta boyu addımlayaraq yeməkləri
tələsik gözdən keçirdiyini istədiyini əlindəki
siniyə yığdığını görcək diksindim.
Bu, Çingiz Aytmatov idi. Metlax döşəmədə səs
salmamaq üçün dabanımı yerə basmadan yazıçıya
yan aldım. "Gün aydın, Çingiz bəy!" -
dedim.O, bir an başını qaldırıb gülümsəyərək
"İyi sabahlar" deyib ərik və incir qurularından
götürüb boşqaba qoydu. Bu dəfə ona
"Çingiz ağa" kimi müraciət edərək
"Hansı meyvəni daha çox bəyənirsiz?" -
soruşanda nə dediyimi anlamadığını bildirdi. Mən
rusca "İki türk bir-birini başa düşmür, bu,
faciə deyilmi" söyləyəndə o, yenə
gülümsəyərək başını qaldırmadan
"Bütün insanlar, milliyyətindən asılı
olmayaraq sevgi dilini gözəl anlayırlar" -dedi, yenidən
bir an mənə baxıb gülümsündü: "Eto ne
dostatoçno?". Çingiz Aytmatovun "sevgi dili" ifadəsi
bir şimşək kimi mənim yaddaşımı
işıqlandırdı. Böyük yazıçıyla
söhbət eləmək üçün Ulu Tanrı köməyimə
gəldi. "Əsrə bərabər gün"
romanındakı Rəhimalı əhvalatı yadıma
düşdü. "Axı Sizin romanınızda
özündən çox-çox balaca qızı dəlicəsinə
sevən Rəhimalını başqaları bir yana, heç
doğma qardaşı da başa düşmür". Görünür,
fikrimi aydın deyə bilmədiyimdən sözlərim onu o qədər
də maraqlandırmırdı. "Çingiz ağa,
romanınızdakı Rəhimalı obrazının prototipi
varmı? Yoxsa, sadəcə rəvayətdi?.." Onun
susduğunu görəndə davam elədim: "Nabokovun
"Lolita"sında yaşlı kişinin yeniyetmə
qıza vurulması bir cürdü, Sizin əsərinizdəki
tamam başqa cür... Bəlkə..."
Mən "Rəhimalı
bəlkə Siz özünüzsünüz?" demək istədim,
ancaq cürətim çatmadı. Deyəsən, bu duyğulu
sənətkar ürəyimdən keçəni gözümdən
oxumuşdu...
"Aaa...Raymanalı! Yadıma
düşdü" dedi. İndi o, mənimlə üzbəüz
dayanmışdı. "Hər bir obrazda yaratdığı
surətdə azmı, çoxmu yazıçının
özündən də nəsə olur..."
Onu əlində sini ayaq
üstə saxladığıma görə narahat idim. O, sanki
tələsdiyini gizlədərək "Bilirsiniz, hər
şey zamandan, məqamdan asılıdı. Bəzən bir
situasiyada məhəbbət qalib gəlir, bəzənsə adət-ənənə
sevgiyə qalib gəlir..." deyib məndən aralandı və
gedib boş masalardan birinin arxasında əyləşdi.
... Nədənsə, bu
gün mənə elə gəlir ki, Türkiyə səfərim
məhz həmin məqamda başa çatdı. Sonra geri necə
qayıtmağımızı demək olar ki,
xatırlamıram. Elə bil məhz həmin məqamda
yaddaşımın lenti qırılır. Və mən sonra
nəyisə nə görə, nə də eşidə bilirəm.
Deyəsən, mənim üçün insanlar şəhərlərdən
daha maraqlıdır, şəhərlər isə məhz
insanlarına görə maraqlıdır. Ola bilsin mənim nə
vaxtsa bir də İstanbula yolum düşdü. Amma bu şəhərdə
bu insanları bir də görə biləcəyəmmi?
Azər Abdulla
525-ci qəzet.- 2009.- 9 may.- S.24.