Şuşa həsrətinin səhnə
təcəssümü nümayiş
olunub
"Azərsun
Holdinq" şirkətlər qrupunun Mədəniyyət Mərkəzində
Şuşanın işğalının 17-ci
ildönümünə həsr olunmuş "Ürəyimin
şüşəsi Şuşa" adlı anım mərasimi
keçirilib. Tədbirin əvvəlində görkəmli sənətkar
Xan Şuşinskinin ifasında "Qarabağ şikəstəsi"nin
sədaları altında Şuşadan görüntülər
nümayiş etdirilib. Giriş sözü ilə
çıxış edən Şuşa Teatrının
aktyoru Teymur Məmmədov yurdumuzun dilbər guşəsi olan
bu şəhərin prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
tezliklə düşməndən təmizlənəcəyinə
əminliyini ifadə edib.
Şuşa rayon rəhbərliyi
adından çıxış edənlər işğaldan
17 il keçməsinə baxmayaraq, şuşalıların
daima yurd həsrətilə yaşadıqlarını və
bu nisgili bir an da unutmadıqlarını, qələbənin
çox uzaqda olmadığını vurğulayıblar.
Mərkəzin foyesində
Şuşanın tarixi məkanlarını, qədim tikililərini,
mədəni-mənəvi dəyərlərini, ziyarətgahlarını,
bəxtəvər günlərini əks etdirən fotosərgi
açılıb. Sərgi üçün deviz olaraq,
ümummilli lider Heydər Əliyevin "Şuşasız Azərbaycan
yoxdur!" sözləri seçilib.
Çıxışlardan
sonra Aygün Həsənoğlunun "Adsız qadın" əsəri
əsasında respublikanın əməkdar artisti Loğman Kərimovun
quruluş verdiyi tamaşanın premyerası təqdim olunub. Tamaşanı
Şuşa Dövlət Musiqili Dram Teatrının
aktyorları ifa ediblər. Əsərdə mənfur ermənilərin
təcavüzkarlığı nəticəsində həyatının
ən xoş anlarını, övladlarını, ömür
yoldaşını, doğma ocağını itirmiş
ananın faciəsi öz əksini tapıb. Ana ondan
adını soruşan jurnalistə həyəcan və göz
yaşı ilə: "Əzizləri
öldürülmüş, torpağından qovulmuş
qadına nə ad qoymaq olar?"- sualını verir. Tamaşada
Ana rolunu respublikanın əməkdar artisti Şükufə
Musayeva əsl Şuşa yanğısı, sənət
eşqilə canlandırır. Jurnalist obrazını yaradan
Etibar Cəfərov isə Vətənin müstəqilliyi
uğrunda daim mübarizəyə hazır olan gəncliyi təmsil
edir.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 9 may.- S.23.