Azərbaycan Gənc İstedadların VI Beynəlxalq Festivalında təmsil olunub

 

Belarusun Mozır şəhərində "Zemlya pod belımi krılyami" adlı Gənc İstedadların VI Beynəlxalq Festivalı keçirilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın verdiyi məlumata görə, 11 ölkənin təmsil olunduğu festivala Azərbaycan ilk dəfə qatılıb. Beş yüz nəfərdən çox iştirakçısı olan festivalda ölkəmizi Bakı şəhər 12 saylı Uşaq Musiqi Məktəbinin 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri təmsil ediblər.

Festival çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən, 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərindən Şamil Məmmədov solo-vokal (estrada) nominasiyası üzrə birinci dərəcəli diploma, Vüqar Məmmədov solo-vokal (xalq yaradıcılığı) nominasiyası üzrə xüsusu diploma, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Cabbar Səttarov və Vüsalə Babayeva isə milli rəqs nominasiyası üzrə birinci dərəcəli diploma layiq görülüblər. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 9 may.- S.23.