Darıxmayan üçlük və
"Ay saçlı qız"
"Cavad xan"la ən böyük
arzularımdan birini reallaşdırdım"
RÖVŞƏN ALMURADLI: "YAŞA DOLDUQCA HƏR GÜN
BİR AN KİMİ KEÇİB GEDİR - İNDİ ƏN
ÇOX TƏƏSSÜFLƏNDİYİM CƏHƏT DƏ
ELƏ BUDUR"
Tanınmış
rejissor Rövşən Almuradlı 1971-76-cı illərdə
İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsində təhsil alıb. Aktyor kimi
Tədris Teatrında fəaliyyətə başlayıb.
Müxtəlif illərdə Şəki, Sumqayıt, Mingəçevir,
Gəncə Dövlət Dram Teatrlarında əvvəlcə
aktyor, sonralar rejissor kimi çalışıb. Həmin illərdə
Şekspirin "Kral Lir"ində Kral Lir, C.Cabbarlının
"Aydın"ında Dövlət bəy, Anarın
"Adamın adamı"nda İbiş İbişli, Ə.Əylislinin
"Kür qırağının meşələri"ndə
Qasım obrazlarını yaradıb. Müxtəlif əyalət
və paytaxt teatrlarında Ə.Əylislinin "Vəzifə",
M.Salimoviçin "Dərviş və ölüm",
N.Hikmətin "Bayramın birinci günü",
M.Süleymanlının "Dəyirman", "Zirzəmi",
Dostoyevskinin "Şıltaq qız", Qoqolun "Dəlinin
qeydləri", Anarın "Beşmərtəbəli evin
altıncı mərtəbəsi", Y.Səmədoğlunun
"Qətl günü", V.Sergeyevin "Bağlı
qapı arxasında iki nəfər", İsmayıl
Şıxlının "Ölüləri qəbiristanlıqda
basdırın" əsərinin səhnə həllinə
quruluş verib. 1989-cu ildə "Azərbaycanfilm"də -
"Debüt" studiyasında "Hücum" adlı
qısametrajlı bədii filmin quruluşçu rejissoru,
1991-ci ildə Azərbaycan Teatr Xadimləri
İttifaqının nəzdində açılan
"İstiqlal" teatrının bədii rəhbəri
olub. 1993-95-illərdə "Bəri bax" müstəqil
kinostudiyasında tammetrajlı "Yük" bədii filminə
quruluş verib.
R.Almuradlı həmçinin
Azərbaycan Televiziyasının (AzTV) "Sabah" yaradıcılıq
birliyində hazırlanmış C.Məmmədquluzadənin
"Anamın kitabı", N.Hacızadənin "Qayalarda
qalan səs", "Yaz yuxusunun işığı",
"Şəkilçi və şəkilçi",
Şekspirin "Kleopatra" film-tamaşalarının, 7
seriyalı "Abbas və Gülgəz",
"Koroğlu" film-dastanlarının quruluşçu
rejissoru, "Bəsdir ağlama", "Ümid" bədii
filmlərinin, həmçinin "Etnoqrafik etüdlər",
"Qobustan", "Qax abidələri",
"Padarçöl", "Molla Cümə",
"Şıx ocağının işığı",
"Qudyalçay" kimi sənədli filmlərin rejissoru
kimi çalışıb. Bugünlərdə R.Almuradlı
ilə görüşüb, onun keçdiyi həyat və
yaradıcılıq yolu, "Cavad xan" filmi, eləcə də
rejissorun həyata, sənətə baxışı ilə
bağlı söhbətləşdik.
- İlk öncə
aktyorluqdan rejissorluğa gəlişinizin tarixi barədə
danışmağınızı istərdik.
- Dünyanın hər
yerində rejissorluq ikinci bir sənət kimi seçilir. Hansısa
sənətin sahibi və "mədəni baqaj"ı olan,
artıq düşüncə tərzi, xarakteri
formalaşmış insanlar rejissorluğa gəlirlər. Kimi ədəbiyyatdan,
kimi aktyorluqdan, kimi teatrşünaslıqdan, yaxud da tamam
başqa sahələrdən bu sənətə üz tutur. Məsələn,
məşhur rejissor Tarkovski şərqşünaslıqdan bu
sənətə gəlib. Sumqayıt teatrında işləyərkən
1983-cü ildə Moskva Ali Rejissorluq Məktəbinə daxil
oldum. Onda 31 yaşım vardı. Həmin dövrdə Moskva
Dövlət Akademik Satira Teatrında ikiillik təcrübə
mübadiləsində oldum. Həmin vaxt çox böyük
sənətkarlar mənə dərs deyiblər. 1987-ci ildə
Moskvadan qayıtdıqdan sonra Sumqayıt teatrında rejissor
kimi işləməyə başladım. Mənim rejissorluq
yolum bu teatrdan başladı. Bundan sonra Azərbaycanın bir
sıra teatrlarında rejissor kimi fəaliyyət göstərdim.
-Bu sənətdə
kimi özünüzə ustad bilirsiniz?
- İnsan kimisə
görmədən də, heç ünsiyyətdə olmadan
da onu özünə müəllim hesab edə bilər. Görkəmli
rejissor Ədil İsgəndərovu özümə ustad
bilmişəm. O, çox böyük şəxsiyyət idi.
Milli teatrımıza onun qədər yeni ab-hava gətirən
ikinci bir rejissor tanımıram. Düzdü, bizim çoxlu
istedadlı, professional rejissorlarımız olub və var. Mehdi
Məmmədov, Tofiq Kazımov kimi sənətkarlar səhnəmizə
ölməz tamaşalar bəxş ediblər. Amma 1939-61-ci illərdə
Akademik Milli Dram Teatrının bədii rəhbəri
olduğu müddətdə Ədil İsgəndərov Azərbaycan
teatrını rus teatrının şinelindən dartıb
çıxardı. Teatra millilik, milli sima gətirdi.
- Necə oldu ki, kino sizi
özünə cəlb etdi?
-Teatr tamaşası belədir
ki, bu gün var, sabah isə əsasən yaddaşlarda
yaşayır, yəni oynanılır və xatirələrə
köçür. Teatrın, teatr rejissorunun əsas işi bu gün üçün
döyüşməkdir. Rejissorun
əsas işi yaxşının daha yaxşı olması üçün apardığı
mübarizədir. Amma
bu mübarizə aqressivliyə söykənməməlidir,
inkişafa xidmət edən bir mübarizə
olmalıdır. Bunlar
həmişə mənim
daxilimdə olan hisslərdir. Təbii ki, mən də
bütün yaradıcı
adamlar kimi daxili təbəddülatlar
yaşamışam. Belə
bir vaxtda məni "Debüt" studiyasına "Hücum"
filminə rejissor kimi dəvət etdilər. Film 1989-cu ildə
ekranlaşdırılıb. Onda bədnam ermənilərlə konflikt
hələ təzəcə
alovlanırdı. Çox
hörmət etdiyim yazıçı Mövlud
Süleymanlının ssenarisi
əsasında çəkilən
bu filmin çox maraqlı süjet xətti var: Kəndə ermənilərin hücum xəbəri yayılıb.
Camaatda cəmi üç tüfəng
var. Silah sahiblərinin
biri deyir ki, mən özümü
qoruyacam. Tüfəngin
biri yalnız qundağını yerə
vuranda güllə atır, sonuncusu isə ümumiyyətlə
işləmir, sadəcə
adam qorxutmaqdan ötrüdür. Ermənilər
isə hücum etməmişdən qabaq xəbər göndərirlər
ki, davamız öz yerində, amma indi kəndə
it boğuşdurmağa gəlirik.
İtlər isə boğuşmaq əvəzinə
daha da mehribanlaşırlar.
Bu filmin taleyi çox uğurlu oldu. Bir sıra
kinofestivallarda mükafat
qazandı. Sonralar bir çox sənədli və bədii filmlərin quruluşçu rejissoru oldum. Yaradıcı taleyimdə bəzən büdrəmələr də
olub. Təəssüfləndiyim
məqamlardan biri budur ki, indiyədək
10-a qədər nüfuzlu
beynəlxalq kinofestivala
dəvət almışam,
amma maddi çətinlik ucbatından
gedə bilməmişəm.
Azərbaycanda kinoprokat
olmadığından çəkilən
filmlərimiz də əksər hallarda tamaşaçıya həsrət
qalır.
- Söz
düşmüşkən, Azərbaycan kinosunun bugünkü
durumu sizi bir rejissor kimi qane edirmi?
- İncəsənətin
bütün sahələrində olduğu kimi kinonun
inkişafında da tarixən enmələr, qalxmalar olur. Amma son dövrlər prezident İlham Əliyevin kino sahəsinə aid sərəncamlarının
həyata keçirilməsi
ilə məşğul
olan Mədəniyyət
və Turizm Nazirliyi bu sahənin
inkişafı üçün
əhəmiyyətli işlər
görür. Kinodakı
müəyyən durğunluqlar,
geriləmələr bu
istiqamətdə aparılan
işlər nəticəsində
aradan qalxacaq. Bu baxımdan mən millətimizin genetik yaddaşına, istedadına
da güvənirəm.
İnanıram ki, son yüz ildə bir çox sahələrdə dahilər
yetirmiş bu xalq yenə dünyaya görkəmli şəxsiyyətlər bəxş
edəcək. Əminəm
ki, kinomuz bir neçə onil bundan əvvəl
olduğu o zirvəyə
yenə çatacaq.
- "Cavad xan" filmi
üzərinə gələk. İstərdik ki, bu mövzuya
müraciət etməyinizin səbəbini oxucularımız
üçün də açıqlayasınız.
- Bu millətə aid
olan hər şey mənə doğma və əzizdir. Xalqıma xas dəyərləri çox
yüksək tuturam. Fəxr edirəm ki, türk doğulmuşam.
Mən on altı imperiya yaratmış böyük bir türk sivilizasiyasının
oğluyam və bundan hədsiz dərəcədə qürur
duyuram. Bu sivilizasiya yer kürəsinin ekvator xəttini - bel kəmərini üç dəfə böyük köçlə
dolaşaraq, dünyaya
zəngin mədəniyyət
bəxş edib, bəşəri dəyərlər
aşılayıb. Türklər
insanlara idarəçilik
bacarığı öyrədiblər.
Bu tarixin yetişdirdiyi
insanlara, həmvətənlərimə
olan məhəbbətim
məni "Cavad xan"ı ekranlaşdırmağa
sövq edib. Azərbaycan tarixinin xanlıqlar dövründə
Cavad xan kimi ikinci bir
şəxsiyyət yoxdur.
Çünki o bütövlükdə
işğala qarşı
mübarizə aparıb,
konkret şəxslərə
qarşı yox. 30 min
əhalisi olan Gəncə şəhəri
o dövrdə 10 min şəhid
verib. Onların 1200 nəfəri uşaq və qadınlar idi. Cavad xan
da özünün, övladlarının öləcəyini
bilə-bilə döyüşlərə
atılıb. Belə
sərkərdəni kinoda
əbədiləşdirməməyə haqqımız yoxdur. Mənim təkcə Cavad xana deyil,
onun sələfləri
olan digər sərkərdələrimizə də böyük ehtiramım və sevgim var. Cavad xanla yanaşı, Şəmsəddin Eldəgiz,
Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai də bizim söykənc
yerimizdi. Biz bu şanlı keçmişə
güvənərək başqa
milllətlərin gözünün
içinə dik baxa bilərik. Filmin ssenari müəllifi olan millət vəkili Sabir Rüstəmxanlı ilə çoxdan yaradıcı münasibətlər
qurmuşuq. Onun "Cavad xan" adlı poeması var. Bir dəfə Sabir bəy təklif etdi ki, bunu bir
televiziya tamaşası
kimi hazırlayaq. Mövzunun genişliyini nəzərə alaraq bu əsər əsasında film çəkmək
arzumu bildirdim. Sabir bəylə birgə Mədəniyyət
və Turizm Nazirliyinə müraciətimiz
müsbət qarşılandı.
Sabir bəy film üçün ssenari də yazdı. Elə ssenari yazılarkən artıq özüm üçün
müəyyənləşdirdim ki, Cavad xan
rolunu Nurəddin Mehdixanlı ifa edəcək. Filmin çəkiliş prosesi haqqında mediada geniş məlumat verildiyindən təkrara ehtiyac duymuram. Amma onu qeyd
edim ki, peşəkar aktyor kollektivi ilə birgə böyük bir iş ortaya
qoymağı bacardıq.
Filmə Lənkəran,
Şəki, Gəncə,
Sumqayıt və bir çox paytaxt teatrlarından aktyor ansamblı cəlb etmişik. Çəkilişlər Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi diqqətində idi, çünki tarixi film idi və bununla
bağlı səhv etmək olmazdı. Ona görə də bu filmə
xüsusi diqqət və kömək göstərilirdi. Ola bilər
ki, kimsə hansısa qüsurları tapsın, amma görülən işi qiymətləndirməməyə heç kəsin haqqı yoxdur. Əminəm ki, bu film yaşayacaq, çünki "Cavad xan" Azərbaycan dövlətçiliyinə xidmət
edən bir ekran əsəridir. Bu filmlə qəlbimdəki ən böyük arzulardan birini reallaşdırdım. Ümid
edirəm ki, tamaşaçılar bunu
layiqincə qiymətləndirəcəklər.
Film artıq hazırdır.
İranda bir sıra texniki işləri də başa çatan etalon nüsxəni gətirəcəyik.
- Gələcəkdə
daha hansı əsərləri ekranlaşdırmaq ürəyinizdən
keçir?
- Bir neçə əsər
var ki, onların ekran həllini vermək ən böyük
arzularımdandır. Xüsusilə İsmayıl Şıxlının
"Ölən dünyam"
əsərini ekranlaşdırmağı
çox istərdim. Belə hesab edirəm ki, bu roman son yüz ildə yaranan Azərbaycan ədəbiyyatının
ən dəyərli nümunələrindəndir. Artıq
ssenari kimi işlənib, hazırdır.
Yəqin ki, nə vaxtsa bu əsərə ekran həllini verə biləcəyik.
- Ömrünüzün indiyə
qədər olan mərhələsi Sizi qane edirmi? İstədiklərinizə
və umduqlarınıza
nail ola bilmisinizmi? Hansı məqamlara sevinmisiniz, nələr sizi təəssüfləndirib?
- Mən heç kəsdən heç nə ummuram. Düzdür, insan müəyyən mərhələlərdə təmənnalarla yaşayır, təmənnalardan keçə-keçə böyüyür, yaşa dolur. Uşaqkən valideynlərindən, gəncliyində dostlarından təmənnası olur. Müəyyən bir dövrdə yaradıcı adamların hər halda dövlətdən də umduğu nələrsə olmamış deyil. Ola bilər ki, yaşımın hansısa çağında artıq mənim də dövlətdən də umduqlarım vardı. İnsan yaşlaşdıqca təəssüfləndiyi məqamlar da olur, sevindiyi məqamlar da. İstədiyim əsərləri ekranlaşdıranda, onlara səhnə ömrü bəxş edəndə çox sevinmişəm. Ancaq yaş ötdükcə adamın təmənna hissi zəifləyir və nəhayət, yoxa çıxır. Hər halda mən belə fikirləşirəm. İndi daha çox vaxtın sürətlə keçdiyinə təəssüflənirəm. Adam cavan olanda elə bil bunu hiss etmir. Amma yaşa dolduqca hər gün bir an kimi keçib gedir - indi ən çox təəssüfləndiyim cəhət də elə budur. İndi Allahdan yeganə təmənnam budur ki, mənə möhlət, vaxt versin ki, ürəyimdə tutduğum niyyətləri, görmək istədiyim işləri həyata keçirim, arzuladığım tamaşa və filmləri hazırlaya bilim.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 9 may.- S.22.