Elçin
Hüseynbəylinin "günah"ı - "Adəm və
Həvva"
Həyatda və onun bədii
əksi olan ədəbiyyatda "müqəddəs yalan"
anlayışı var. Məişətdə bunu qəbul etmək
də olar, etməmək də - necə deyərlər, bu hər
adamın öz işidir. Ədəbiyyatda isə belə
tryuklarsız keçinmək çox zaman mümkün
olmur...
Müqəddəs
yalanın Elçin Hüseynbəyliyə nə dəxli var? Biləcəksiniz.
Amma indi başqa suala cavab verəcəyəm - niyə
yazıya məhz Elçin Hüseynbəylini qəhrəman
seçdim?
Ən əvvəl ona
görə ki o özünü "Azərbaycanın ən
yaxşı iri kalibrli yazıçısı"
adlandırır. Əlbəttə, bütün reklamlar kimi təvazökar
səslənmir (bunu deməyə ehtiyac varmı ki, təvazö
dövrümüzdə psevdosadəlik kimi qiymətləndirilir
və bu gün belə xüsusiyyətə malik adam ən
yaxşı halda - sadəlövh, ən pis halda - riyakar hesab
olunur) əvəzində maraqlı və deməli, bir qədər
də cəlbedicidir. Reklamın rolunu nə kiçiltmək,
nə də şişirtməyə ehtiyac yoxdur, bunu mənsiz
də bilirsiz. Yazıma E.Hüseynbəylini qəhrəman
seçməyim də təkcə bu məqamla bağlı
deyil. Bir qədər sentimental səslənsə də, məsələ
daha çox ondadır ki, Hüseynbəylinin imzası
yaddaşımın bir qədər uzaq və doğma
laylarında, ilişib qalıb - həə, "EQO"
Yaradıcılıq Birliyi - brendə çevrilə bilməyən
nostalji! Əlbəttə, "EQO" Elçindən ibarət
deyildi, oradakı bütün imzalar barədə ayrıca danışmağına
dəyər, amma ondan danışmağımın başqa
özəllikləri də var.
Hüseynbəyli
göründüyü qədər "eqoist yazar" deyil. Yəni
məhz o yazıçılardandır ki, əsəri təkcə
ədəbi mətn olmaqla yekunlaşmır, həm də digər
(bədii və və bədii olmayan) mətnlərə
başlanğıc və çıxış nöqtəsi
rolunu oynayır. Onu Azərbaycanın digər nisbətən gənc
nasirlərindən fərqləndirən də budur (elə
buradaca qeyd edim ki, gənc nasir deyəndə nəsillə
yanaşı, həm də yaş məsələsini nəzərdə
tuturam). Bir az da dəqiqləşdirsəm, Hüseynbəyli
heç vaxt bir mənbə ilə, bir süjetlə işləmir
və bu mənada onun mətni oxucunu bu barədə daha
müfəssəl məlumat almağa sövq edir - fərqi
yoxdur, mövzuya bağlı nəsə axtaracaqsan və bu
"nəsə" adi informasiya da ola bilər, nəzəri
mətn də, tarixə ekskurs və ya hətta başqa bir
yazıçının əsəri də...
E.Hüseynbəyli
"bir qatda" düşünmür, amma
düşündüyünü o qədər sadə,
anlaşıqlı və bir qədər də ironik dildə
ifadə edir ki, bir qədər diqqətsiz və ya tənbəl
oxucu ikinci qatı görmür və ya görmək istəmir.
Bu halda "Bəzəkli blondin" - adi bir ev
heyvanıdır və onun hekayəti də bu müstəvidən
kənara çıxmır.
Yox, mən nə
dostlarımın bir müddət əvvəl həvəslə
müzakirəyə çıxardıqları
"Blondin"dən, nə "Balıq-adam"dan, nə
"Don Juan"dan, nə də müəllifin son
kitabının qəhrəmanı olan "Şah Abbas"dan
danışacağam. Haqqında danışmaq istədiyim mətnin
adı "Adəm və Həvva"dır. Dram əsəridir.
"Ulduz" jurnalında dərc olunub.
İlk öncə ad
diqqət çəkir - sual yaranır ki, bizə yaxşı
məlum olan əhvalata müəllif hansı prizmadan
yanaşıb, onu necə işıqlandırıb.
Ümumiyyətlə,
Hüseynbəylinin mətnlərinin adı bir qayda olaraq
çağırır. Təəssürat yaranır ki, o,
piar işini bəzi həmkarlarından heç də az
bilmir, sadəcə, daha sadə və təhlükəsiz yol
seçir - bu məqsədlə süni hadisə yaratmır,
diqqəti adlarda cəmləyir - bu ad anlaşılmaz ola bilər,
tanış da - amma onun maraq doğuracağı şəksizdir...
"Adəm və Həvva"nın
girişindəki remarkada müəllif deyir ki, pyesin
yazılmasına təkan verən adını unutduğu bir
filmdəki epizod olub və buradakı hadisələr əfsanə
ilə reallığın arasında baş verir. Əsər
boyu müəllif (fərqi yoxdu - hakim, prokuror və ya vəkillər)
birbaşa suallar qoyur və ya səni dolayısı ilə bu
suallara doğru aparır: fikirləşirsən ki, günah nədi,
sevgi ilə günah hansı nöqtədə ayrılır? Xoşbəxtlik
nə olan şeydi? İblis əslində kimdi? Niyə Şər
Xeyirdən (İblisin hiyləsi Adəmlə Həvvanın
minilliklərdən keçib gələn təmiz (!!!)
münasibətindən) güclü çıxır? Özü
də demək olar, bütün maneələrin geridə
qaldığı anda... Daha dərinə gedib, başqa suallara
çıxa bilərsən - ilk günahı kim işlədir
- insanmı, yoxsa İblismi? Allahın sınağı nədən
ötrüdür? Nə üçün Həvvanı Adəmin
qabırğasından yaratdı - onlar bir-birlərinə can
atsınlar deyəmi? Bəlkə, natamamlıq kompleksinin
kökləri də buradadır, hə?..
Amma bu sualları hələlik
bir kənara qoyaq və keçək süjetin qısa məzmununa:
Adəmlə Həvva
ulu əcdadlarının günahkar olmadıqlarını
sübut etmək üçün məhkəməyə
müraciət ediblər, onlar münasibətlərini (daha
doğrusu, konkret deyək - sevgilərini) rəsmiləşdirmək
istəyirlər. Məhkəmə prosesi dövrümüzdə
baş verdiyi üçün heç nə təəccüblü
deyil - feminist (əslində, 5 dəfə ərdə olsa da,
kişilərlə münasibətdə bəxti gətirməyən
qadın) prokuror, içki düşkünü olan katib,
xalqın vəkili və qətiyyətsiz hakim. Onlar
hamısı Adəmlə Həvvanın ifadələrində
yalnız erotik çalarlar axtarırlar, çünki onlar
üçün qadın-kişi münasibətlərində
başqa motivlərə yer yoxdur. Buna görə də,
ekspertiza Həvvanın bakirə olduğunu aşkara
çıxaranda katib heyrətdən quruyur, prokuror isə belə
qənaətə gəlir ki, ya Həvva yaxşı qız
deyilmiş, ya da Adəm onu ürəkdən sevməyib. Onun
keçmiş ərlərinin (!) heç biri belə fürsəti
əldən qaçırmazdı, deməli...
Problem də elə
bu məqamda ortaya çıxır.
Özü ilk görüşdəcə
günahdan xilas ola bilməyən,
bunu acı və gizli bir
təəssüflə xatırlayan
prokuror Adəmin kişi qüruru ilə oynayır. Nəticədə ən
son məqamda - hədəfə
(bəraətə) çatmağa
bircə addım qalanda İblis Adəmlə Həvvanı
ayırır...
Amma maraqlısı əlbəttə
bu deyil, İblisin xisləti bəllidir, əsas olan müəllifin
Həvvanın dilindən söylədiyi fikirlərdir: "Əgər
O (Allah) bizi lənətləsəydi, Adəm və Həvvanın
nəsli yer üzündə olmazdı, onlar sonsuz
qalardılar". Yəni əslində, Allah onları cəzalandırmayıb,
sadəcə, nəfslərinə hakim olanadək gözləməyi
məsləhət bilib...
İnsan günahdan yox,
sevgidən əmələ gəlib - Adəmlə Həvva
bunu çatdırmaq istəyirlər. Amma məlum olur ki,
soydaşları üçün əksini düşünmək
daha asandır. Həm də ona görə ki (bunu artıq
müəllif demir, heç deməyə ehtiyac da yoxdur,
az-çox düşünməyi bacaran adam bu qənaətə
gəlib çıxa bilır) addımbaşı törətdikləri
günahlara bəraət qazandıra bilsinlər, pis mənada
müqayisə üçün nümunələri olsun...
Maraqlıdır, əsərdən
belə qənaət hasil olur ki, Adəmi də, Həvvanı
da "günaha" vadar edən İblisdən daha çox
onların bir-birinə olan məhəbbətidir. İblis
heç də onların nəfsindən deyil, sadəlövhlüklərindən
istifadə edir - Həvva Adəmə alma dərir, qadağan
olunan meyvə nə qədər ətirli olsa da, onu
özü yemir və sevdiyinə saxlayır - yeri gəlmişkən,
müəllif bilərəkdən ya bilməyərəkdən,
qadağa ilə bağlı suala Həvvanın
cavabını vermir - yəni Həvva özü qadağa məsələsinə
toxunmur və bu məsələ qaranlıq qalır. Adəm
isə Həvvaya xoş olsun deyə yalan danışır -
yenə də İblisin təhriki ilə edelveys
gülünü guya qarlı zirvələrdən dərdiyini
söyləyir.
Sevgililər alma
ağacının altında (sınaq nöqtəsi)
görüşürlər.
Yazının
başlığında "günah" sözünü
dırnağa almışam. İlk növbədə ona
görə ki, yazarın haqqında
danışdığım pyesində, müqəddəs
kitablardan bizə tanış olan məlum və məşhur
faktların təhrifinə və ya yumşaq desək, bu vaxtadək
alışmadığımız yozuma yer verilib. Amma
yazıçı bunu o qədər incə və xoşagələn
şəkildə edib ki, istər-istəməz sən
özün də hardasa günaha batırsan: düşünmək
istəyirsən ki, sadəcə bu vaxtadək eşidib-bildiyin
əhvalatda sənə təfərrüat verilməyib - motivlər
yetərincə işıqlandırılmayıb...
Nazimqızı Rəbiqə
525-ci qəzet.- 2009.- 9 may.- S.21.