Qayaların soyqırımı

 

ya DÜNYANIN DAŞ KİTABININ CIRILMIŞ VƏRƏQLƏRİ

 

...Bakı-Tiflis dəmiryolunun relslərində, məscidlərin divarlarında, qəbirlərin başdaşlarında itirilən Qobustan yazıları...

Min illər oxunmamış qalan minlərlə səhifəsi kəşf edilmədən məhvə məhkum imiş, sən demə. Dünyanı fəth edən Böyük İsgəndərin də bundan xəbəri olmadı. Dəfələrlə Xəzər sahillərinə ekspedisiyalar göndərsələr də, Qobustanı kəşf edə bilmədilər. Elə yaxşı ki, kəşf edə bilməyiblər. Yoxsa 12 min inək dərisi üzərinə yazılmış olan Avestanı məhv etdikləri kimi, Qobustan qayalarını götürüb daşıtdırardı Yunanıstana Perqamın divarlarını süslədərdi, Aten divarlarına hördürərdi edərdi Yunanıstanın ədədi tarixi! Heç ərəb səyyahları da kəşf edə bilmədilər Qobustanı - Qayalar ölkəsini. Azərbaycana gələn Avropa səyyahları, Marko Polodan tutmuş Klavixo, Afanasi Nikitin, Katerino Zeno, İosafat Barbaro, Antoni Cenkinsona qədər, heç kim bu Qayalar ölkəsinə səfər etmədi, onun daş sakinləri ilə tanış olmadı, söhbətləşmədi.

XX əsrin 20-ci illərində "Qızıl Ordu" Azərbaycanı işğal etdi. Ərlər, igidlər, əslzadələr soyuldu, qarət edildi, amansızcasına, haqsız yerə cəzalandırıldı, sürgün edildi. Çaphaçap, soyhasoy, talançılıq başladı. Bir yandan neft Rusiyaya daşınır, bir yandan da qızıl, digər tərəfdən isə xalqın ziyalılarına divan tutulur, ölkədən dərbədər edilir, repressiyalarla üzləşirlər. Elə Qobustan qayaları da repressiyaya uğradı deyə bilərik bu zaman içərisində. Yox. Represiyayaya yox, soyqırıma məruz qaldı desəm, daha doğru bənzətmə olar. Yüzlərlə, bəlkə də minlərlə qayanın, dünyanın heç bir yerində əvəzi olmayan 15 min illik sivilizasiyanın tarixinin soyqırımı başlandı Qayalar ölkəsində. Qayalar titrədi, lərzəyə gəldi. Buldozerlərin caynağında harayları eşidilməz oldu, Hər parçası, hər tikəsi bir divara hörüldü, izi-tozu silindi tariximizin. Dünyaya hökm edə biləcək, dünyanı ululuğu ilə heyrətləndirə biləcək bir tarixin başına nə oyunlar gətirildi...

Oxunmamış daş kitabın səhifələri gündən-günə daha çox cırıldı, qoparıldı, məhv edildi. XX əsrin 30-cu illərindən başlayaraq yaxınlıqdakı Qobustan həbsxanasının məhbusları bu qayalıqlarda məcburi əməklə məşğul oldular. Bu tarixi muzey məhbus sallaqxanasına çevrilir. Onlar hər gün səhər tezdən buraya gətirilir, daşları, qayaları yarır, parçalayır, tökür, kubiklərə çevirirdilər dünyanın yeganə tarixi daş kitabını və bu daş səhifələr məhv olurdu. Bu kitabın səhifələrinin hər tikəsi Bakı-Tiflis dəmir yolunun relslərində, yaxınlıqda tikilən məscidin inşasında və yaxud qəbirlərə başdaşlarının qoyulmasında istifadə üçün yerlə-yeksan edildi. Günlərin birində daş kitabların növbəti çarmıxa çəkilmə, edam səhnəsi zamanı bir məhbus qayaların üstündə çəkilmiş rəsmlərə diqqət yetirir və ətrafdakılara xəbər verir. (İndiyə qədər mətbuatda yalnız "Bir işçi" kimi verilən bu böyük kəşfin sahibinin kimliyinin ortaya qoyulmaması, adının yazılmaması çox böyük haqsızlıqdır. Kim imiş bu "İşçi": Qobustan həbsxanasının ağıllı bir məhbusumu, qatilmi, canimi, yoxsa haqsız yerə həbs edilmiş ziyalı, qeyrətli bir soydaşımızmı?)

Sal qayaların üzərində qəssab işi aparılarkən param-parça edilən qayaların harayına elm adamları, tarixçilər tökülüşüb gəlsələr də, karxananın qayaların, tarixin qanına susayan sovet başlı sahibləri durmaq bilmir, sözlər onlara təsir etmir, burada çapıb-talama prosesi dayandırılmır. Məşhur arxeoloq Cəfərzadə 1939-cu ildən qayaların harayına ürəyi parçalana-parçalana qulaq asaraq, daş kitabın ilk səhifələrini oxumağa başlamışdı. Amma o, yalnız bir alim, bir tarixçi idi. Hökmü çatmazdı Sovet hökumətindən daş karxanasının işini dayandırmağı tələb etməyə. O bunu acizanə olaraq ürəyində arzulaya, Allahdan imdad diləyə bilərdi. Düz 1950-ci ilə qədər daşların, qayaların parçalanması, şaqqalanması işi bu tarix qəssabxanasında əzazil buldozerlərin çarxları, dişlərilə davam etdirildi. Hər gün daha çox daş və qaya parçalanaraq dünyanın heç bir yerində bir daha bulunamayacaq, hələ oxunmamış və oxunmayacaq tarix səhifələrini, misilsiz bir kitabın vərəqlərini məhvə məhkum edirdi. Kimsənin umurunda deyildi. Rusiya yalnız Bakının neftini, qazını, qızılını sovurub-sümürüb daşımağın qayğısında idi. 1950-ci ildə Qobustanda daşların, qayaların yeni soyqırımı baş verdi. Qırhaqır, çaphaçap bir daha başladı, nə başladı. Qobustandan neçə min ton daş qoparıldı, nə qədər qaya daşındı, neçə yüz qaya təsviri yer üzündən silindi, bunu kimsə deyə bilməz.

1952-53-cü illərdə isə Qobustan qayalığının tamamilə dağıdılması və burada nəhəng bir daş karxanası yaradılması planlaşdırıldı. Elə bu məqsədlə də oraya yüzlərlə ağır texnika və daha güclü, daha dağıdıcı buldozerlər göndərildi. Bu hadisəni eşidən xalq şairi Səməd Vurğun, qızının söylədiklərinə görə, bütün gecəni yatmayıb, səhər obaşdan şəhər prokurorunu da götürərək, təcili oraya gedib. Buldozerçinin onun sözünə baxmaq istəmədiyini sezən S.Vurğun qəzəbləndiyi üçün prokurorun tapançasını götürüb ona buldozerdən düşməyi tələb edir, əks halda, güllələyəcəyini bildirir. Şairin bu hərəkəti şəhər prokurorunu mat qoyur və o da Qobustanın məhv edilməsinə qarşı çıxır. Sonralar Qobustanın Dövlət Qoruğuna çevrilməsi üçün o da şairlə və digər həmfikirlərilə birgə əlindən gələni edir. Mən bu faktı öyrənəndən sonra Səməd Vurğuna hörmətim birə min artdı. Özümə söz verdim ki vətənə növbəti gəlişimdə mütləq onun məzarını ziyarət edərək, şairin ruhuna Allahdan qəni-qəni rəhmət diləyəcəm.

Bizə gəlib çatan Qobustan səhifələri, alimlərin yazdığı kimi, əslində əvvəllər var olanın yalnız 5-10 faizidir. Qobustanın cild-cild kitablarından qalmış cəmi 5-10 səhifə bizə tarixin elə sirlərini açır ki, dünyanın milyon-milyon cild kitablarında bunları tapa bilməzsən. "Tarix Şumerdən başlayır" kitabını yazan amerikalı Qobustanı görsəydi, yəqin ki, o da məşhur Norveç səyyahı Tur Heyerdal kimi deyərdi: "Bütün yollar Qobustandan başlayır". Bu yola ilk çıxan qədim Qobustan əhlinin varisləri isə biz - bugünkü azərbaycanlılar olmağımızla qürurlanmağa nə qədər haqqımız var...

Qobustanın ilk tədqiqatçılarından C.Rüstəmov və F.Muradova orada uzun illər apardıqları arxeoloji araşdırmalardan sonra təsdiq ediblər ki, hələ mezolit və və neolit dövrlərində bura uzun müddət qəbilələrin davamlı yaşayış məkanı olub.

İndi isə Qobustanda Amazon mağaralarının olmasını təsdiqləyən faktlara bir daha nəzər salaq. Ən böyük Amazon mağarası, adından da göründüyü kimi, "Ana zağa" mağarasıdır. Elə mağaranın girişindəcə sağ divarda çəkilmiş rəsmlərin ortada qəbiləyə başçılıq edən "Ana amazon"un ən böyük təsviri ilk sübutdur. Növbəti sübutlar bəzək, şeylərinin və asmaların ən çoxunun məhz bu mağaradan tapılmasıdır. İki qadın heykəlinin məhz "Ana zağa"dan tapılması da növbəti bir dəlildir. "Ana zağa"nın cəmi bir neçə metrliyində "Yeddi gözəl - Yeddi amazon" mağarası var. Əslində böyük sal qayanın üzərində 7 deyil, 8 amazon təsviri cızılıb.

İkitəkərli araba və başına ip keçirilmiş öküz (eradan əvvəl 6-cı minillik) bizə antik tarixçilərin çatdırdığı, amazonların öküz arabalarından istifadə etməsi barədə faktla üst-üstə düşür. Onlar bu arabalarla Qafqazın digər dağlarına, Dərbənd tərəfə və başqa yerlərə tez-tez gedirmişlər. Mağaralardan tapılan şüşə muncuqlar və o biri əşyalar da buna sübutdur. Amazonları "köçəri" adlandıranlar, məncə, onların daimi yaşayış yerlərini tapa bilmədiklərinə görə bu fikrə gəliblər. Artıq əlimizdə sübut var ki amazonlar uzun müddət Qobustanda həyat sürüblər. Deməli, Qobustan qayalığının amazonların dünyada yeganə yaşayış məskəni olduğunu sübut etmək üçün əlimizdə yetərli qədər elmi-tarixi-arxeoloji faktlar var.

Bəzi tarixçilər Qobustandakı qadınları ev-ailə qayğısına qalan, sırf ev işlərilə məşğul olan, indiki ifadəyələ desək, əsl evdar qadınlar kimi, guya tərbiyəvi mənada, bizə sırımağa çalışıblar. Burada Herodotun amazonların Kremnada sakların torpaqlarına gəlməsi, onlarla dostlaşması və sakların onları öz ölkələrinə apararaq əsl ailə qadını, evin yeganə arvadı edəcəkləri, başqa arvadları olmayacaqları barədə vədlərinə amazonların verdikləri cavabı qeyd etməyi vacib bilirəm: "Biz sizin qadınlar kimi dolana bilmərik. Axı bizim adətlərimiz onlarınki kimi deyil. Biz yay çəkib ox atırıq, balta tolazlayırıq, at minib çapırıq, bunun əksinə, biz ev işlərinə alışmamışıq. Sizin qadınlar isə bizim işimizin birini də görmürlər, onlar öz dəyələrində qalıb, oradakı işlərlə məşğul olurlar, ov ovlamırlar, heç yana çıxmırlar. Ona görə də biz onlar kimi yola gedə bilmərik. Siz bizi özünüzə arvad etmək və özünüzü namuslu göstərmək istəyirsinizsə, onda ata-analarınızın yanına gedib özünüzün vərəsə payınızı alın, qayıdıb gəlin və biz öz bildiyimiz kimi yaşayaq". (Herodot "Tarix", IV kitab, 114-cü abzas).

Herodot amazonları sarmatlar (savromatlar) adlandırmışdı. Qeyd edirdi ki, onlar sakların dilini öyrənmişdilər, amma pis danışırdılar. O, sarmatların nikah adətlərindən danışarkən bildirirdi ki, "bir qız düşmən öldürməyincə ərə getməz". Deməli, hələ Dədə Qorqud dastanlarının ortaya gəlməsindən min illər öncə bu adətlər Azərbaycanda varmış. Oğuz elinin sonrakı nəsilləri sadəcə ulu adət-ənənələrimizi davam etdirib, təkrarlayıblar. Tomris, Selcan xatun, Banu Çiçək, Burla Xatun, Ərəbzəngi, Nigar, Telli xanım bir Amazon xətti kimi Azərbaycan tarixindən keçmirmi?

Strabon qeyd edir ki, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh-topaks olub. Son arxeoloji qazıntılarda bu zirehin qalıqlarına bir qəbirdən tapılan 3 mindən artıq daş muncuğa rast gəlinir. Daş muncuqlar Qobustanda da tapılıb. Bu muncuqlar zirehlərə, yəni aşılanmamış öküz dərisindən olan geyimlərə tikilirmiş.

Plutarx Pompey ilə alban Basilevsinin qardaşı Kasis arasındakı savaşmadan bəhs edərkən göstərir ki, "...döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazon peltaları tapılmışdı". Qədim yunanlar peltaları aypara şəklində müdafiə silahı olduğunu yazırdılar. Amazonların aya sitayiş etdiklərini artıq ortaya çıxarmışıq. Arxeoloji qazıntılar nəticəsində tapılmış ikitərəfli baltaların bəziləri aypara şəklindədir. Naxçıvandakı Gəmiqaya rəsmlərində aypara olduğu faktını əvvəlki məqaləmdə göstərmişdim. Hətta amazonlar Ay rəngində, daha sonralar sarı paltarlar geyinərmişlər. Antik mənbələrdən bizə məlumdur ki, hələ eradan çox öncələr Azərbaycana gələn səyyahlar burada yuyulduğu zaman çıxmayan boyaları görüb heyrətlənmişdilər.

Skitlər amazonlara "Oiorpata" (ər öldürən), Herodot da "Oiorpata", Moisey Kalankaytuklu isə "Eripat" deyib.

Amazonların skitlərlə qaynayıb-qarışmasının, sak dilinin öyrənməsinin tarixini isə Herodot "Tarix"in 4-cü kitabında, 110-117 ci abzaslarda müfəssəl verir. Yəni yunanların heç bir zaman amazonlara sahib çıxma haqları olmadığını, onları yunan qadınları adlandırmanın çox böyük bir yalnış olduğunu bizə aşağıdakı faktlarla açıqlayır: "Ellinlilər (yunanlar) sağ tuta bildikləri sarmat qadınlarını Fermodontda müzəffər döyüşdən sonra 3 qayığa doldurub aparırdılar. Gözlənilmədiyi anda açıq dənizdə dustaqlar birdən qalxıb yunanlara hücum edir, hamısını öldürüb suya tullayırlar. Amma qayıqdan istifadə edə bilmədikləri üçün onu başlı-başına buraxırlar. Amazonlar yalnız at belində olublar. Uzun zaman qayıq onları Meoliti (Azov) dənizi boyunca aparır. Haradasa sakların yaşadığı bir sahildə, Kremnada onlar sahilə atılırlar. Onlar at ilxısına rast gəlincə, tez ata sıçrayırlar sakların ölkəsini talan etməyə başlayırlar. Bir dəfə gözlənilməyən döyüşdə xeyli amazon qırılır. Döyüşdən sonra meyidləri toplayarkən saklar düşmənlərinin hamısının qadın olduğunu görürlər. bundan sonra belə qərara gəlirlər ki artıq bu vəhşi qadınlarla müharibə etməsinlər. Onların sayı qədər yanlarına gənc sak kişiləri göndərirlər. Onlar amazonlara sak dilini öyrədirlər. Sonra isə amazonların məsləhətilə onlarla birlikdə Tanais çayının o biri sahilinə keçirlər".

Antik tarixçilərin amazonların bütün Kiçik Asiyanı əsarət altına almaları barədə yazdıqları mifologiyaya deyil, tarixi həqiqətlərə dayanır. Romalı tarixçi Sueton da bunu yazır, o, amazonları skitlər adlandırır.

Amazonlar yalnız vəhşi, gözəl, erotik, savaşkar, mübariz qadınlar kimi deyil, eyni zamanda şəhər qurucuları kimi də tarix səhifələrində yer alıblar. Onlar Themiskzyra, Ephesos (Efes) şəhərlərini salıblar. Hətta İzmir şəhərini Murina adında bir amazon qadının qurduğu bildirilir.

Amazonların saldığı ilk şəhər isə - Qayalar yurdu - əzəmətli Qobustan olub!

 

 

Nuridə ATƏŞİ

 

525-ci qəzet.- 2009.- 9 may.- S.20.