Memuar ədəbiyyatının
dəyərli örnəyi
Bu günlərdə
xalq yazıçısı Anarın "Unudulmaz
görüşlər" kitabı Azərbaycan və rus dillərində
nəşr olunub. Kitabda müəllifin ümummilli lider Heydər
Əliyevə həsr olunmuş yazıları toplanıb.
Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin kitaba yazdığı
giriş sözünü oxuculara təqdim edirik.
Hakimiyyət sahiblərinin
tarixdəki yeri və rolunun müəyyənləşməsində
onların mədəniyyətə, ədəbiyyata münasibəti
həmişə önəmli rol oynayıb. Onların hər
birinin ömür yolundan, əməllərindən bəhs
edilərkən mədəniyyətə, sənət
adamlarına münasibətləri haqqında mütləq
ayrıca söz açılıb. Zaman göstərir ki,
siyasi xadimlərin tarixin yaddaşında parlaq bir obraz kimi
qalması həm də onların ədəbi-mədəni
mühitə yanaşma tərzindən birbaşa
asılıdır. Bu cəhət uzun müddət ərzində
siyasi iqtidarı əldə saxlamağı, hakimiyyət
dövrünü bütöv bir epoxaya çevirməyi
bacaran güclü dövlət adamlarına xüsusilə
aiddir. Dünyanın tanıdığı, zəmanənin
böyük dövlət və siyasət adamı kimi qəbul
edilən belə tarixi şəxsiyyətlər
sırasında Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin məxsusi yeri var.
Heydər Əliyevin mədəniyyətə
və ədəbiyyata, bu iki sahədə istedad nümayiş
etdirən insanlara münasibəti hədsiz dərəcədə
əhatəli, çoxşaxəli və
çoxçalarlı olması ilə müstəsnadır. İndi
- fiziki yoxluğundan illər keçdikdən sonra,
dönüb bir neçə onillik arxaya nəzər yetirəndə
ədəbi-mədəni sferaya Heydər Əliyev
yanaşmasının gerçək miqyası daha aydın
görünür. Təxminən yarım əsr ərzində
Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ədəbiyyata
və mədəniyyətə mühüm təsir göstərdiyi
tarixi həqiqətdir. Ancaq burada yalnız rəsmiyyətdən
irəli gələn təsirdən danışmaq heç
cür kifayət etmir. Çünki Heydər Əliyevin mədəniyyət
və incəsənətlə, ədəbiyyatla
bağlılığı qətiyyən onun rəsmi fəaliyyəti,
tutduğu siyasi vəzifə və ictimai mövqe ilə məhdudlaşmırdı.
Bu münasibətin mənbəyinin ruhi bağlılıq, mənəvi
tələbat və yüksək zövq olduğu saysız
tutarlı faktlarla təsdiqlənib. Biz bu görkəmli
dövlət adamının müasirləri kimi dəfələrlə
görmüş və əmin olmuşuq ki, sənətə,
ədəbi prosesə diqqət ayırmaq Heydər Əliyev
üçün işdən daha çox, həyat tərzi,
gündəlik yaşamın əhəmiyyətli bir hissəsidir.
Bəşəri
anlayışlar olaraq, ədəbiyyat, mədəniyyət və
incəsənət Heydər Əliyev üçün nə
qədər doğmaydısa da, təbii ki, onu ilk növbədə
milli mədəniyyətin, Azərbaycan ədəbiyyatının
tarixi və müasir inkişafı maraqlandırırdı. Azərbaycanda
bu sahələrin vəziyyəti, tərəqqisi, problemləri
hər zaman onun diqqət mərkəzində dayanırdı. Sənət
və ədəbiyyat aləminin nümayəndələrilə
ünsiyyət Heydər Əliyevdə, başqa heç bir
müasir siyasətçidə olmadığı dərəcədə,
isti və səviyyəli alınırdı. Onun rəhbərliyi
və diqqəti altında ölkədə mədəniyyətin
çiçəklənməsi, ədəbiyyatın yüksəlişi
üçün bütün mümkün olan, hətta bəzən
mümkünsüz görünən işlər həyata
keçirilirdi.
Heydər Əliyevin ədəbi-mədəni
sferaya münasibəti öz fenomenallığı ilə
artıq tarixdə layiqli yerini və qiymətini alıb. Bununla
belə, yaradıcılığa, bədii sənətə
Heydər Əliyev yanaşmasının, onun bu sahədəki
dəyərli irsinin hərtərəfli təhlili və təbliği,
ilk növbədə gələcək üçün,
çox vacibdir. Çünki bu, Heydər Əliyevin ədəbiyyata
və mədəniyyətə münasibətdə göstərdiyi
əsl rəhbərlik və təəssübkeşlik
nümunəsinin sonrakı nəsillərə
çatdırılması kimi zəruri bir məqsədə
xidmət edir. Ancaq sözsüz ki, bu təhlil və təbliğ
işi mümkün qədər səviyyəli bir formada həyata
keçirilməli, hər cür sünilik və
konyunkturçuluqdan uzaq olmalıdır. Bu mövzuyla
bağlı hər bir mülahizə hər şeydən
öncə obyektivlik, sanballılıq və səmimilik kimi
keyfiyyətlərlə səciyyələnməlidir. Ümummilli
lider Heydər Əliyev haqqında, onun milli mədəniyyətə
və ədəbiyyatımıza qayğısı barədə
xalq yazıçısı Anarın öz düşüncələrini
qələmə alması ən əvvəl bu cəhətdən
əlamətdardır. "Unudulmaz görüşlər"də
bu nəhəng siyasətçi, ustad dövlət rəhbəri
haqqında onu yaxından tanıyan bir böyük ədibin,
görkəmli mədəniyyət xadiminin son dərəcə
qiymətli xatirə, təəssürat və mülahizələri
cəmlənib.
Aydın məsələdir
ki, Anar Heydər Əliyevin bioqrafı deyil, onun məqsədi
mərhum prezidentin şəxsi və ya siyasi tərcümeyi-halını
qələmə almaq olmayıb. Sadəcə, müasiri
olduğu, dəfələrlə canlı ünsiyyət
quraraq fikir mübadiləsi apardığı, yaxından
müşahidə etdiyi qüdrətli bir şəxsiyyətin
portretinə məhz Anar prizmasından baxışını
ortaya qoyub. Xatırlatmaq yerinə düşər ki, Anar indiyədək
Azərbaycanın bir çox parlaq şəxsiyyətilə
bağlı fikirlərini elmi və bədii-publisistik yöndən
qələmə alıb. Ədibin Nəsimi, Xətai,
Füzuli, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov
və başqa görkəmli tarixi simalar barədə
yazdıqları bu şəxsiyyətlərə həsr
olunmuş ən səviyyəli əsərlər
sırasındadır. Ancaq, heç şübhəsiz,
Anarın məhz Heydər Əliyev haqqında yazması əvvəlkilərdən
əhəmiyyətli dərəcədə fərqli hadisədir.
Ənənəvi də səslənsə, qeyd etməliyəm
ki, bu, zahirən asan görünsə də, əslində
olduqca mürəkkəb işdir. Maraqlıdır ki, bu
işin asanlığı da, çətinliyi də Anarın
Heydər Əliyevin yaxın müasiri olmasından, onunla əlaqədar
saysız-hesabsız faktlardan, məlumatlardan
agahlığından irəli gəlir. Yəni ədibin
üzərinə Heydər Əliyevlə bağlı yüzlərcə
maraqlı məqamı dərindən analiz etmək,
onların ən vaciblərini və ən səciyyəvi
olanlarını seçərək, yazıya gətirmək
kimi mürəkkəb bir missiya düşüb. Elə
buradaca, tam məsuliyyətlə vurğulamağı lazım
bilirəm ki, Anar müəllim bu missiyanı həm Heydər Əliyevin
adına və şəxsiyyətinə, həm də öz
böyük yazıçı imzasına layiq şəkildə
yerinə yetirib.
"Unudulmaz
görüşlər"də Anar Heydər Əliyevin
ictimai-siyasi və şəxsi portretinə ən müxtəlif
baxış bucaqlarından nəzər salıb. Burada, ən
başlıcası, ümummilli liderin Azərbaycan xalqı və
dövlətinin taleyini öz taleyilə üzvi vəhdət
halına gətirən qüdrətli siyasətçi
obrazı ifadə olunub. Bu obrazın ən qabarıq ştrixləri
Heydər Əliyevin milli dövlətçiliyin təşəkkülü,
bərpası və güclənməsi naminə təxminən
40 illik çoxşaxəli fəaliyyətinə dəqiq
faktlar əsasında baxış hesabına ortaya
çıxır. Ümummilli liderin obrazı onun Azərbaycan
mədəniyyəti və ədəbiyyatının
davamlı tərəqqisi naminə gördüyü
irimiqyaslı işlərə diqqət yönəldilməsilə
uğurlu bir şəkildə tamamlanır.
"Kitabda yer alan
"Qalib gəldi, qalib getdi" yazısında Anar Heydər Əliyevi
bütün fəaliyyəti boyu dəfələrlə
dövrün və mövcud sistemin ağır
sınaqlarından uğurla çıxan müzəffər
siyasətçi kimi səciyyələndirir. Bu yazıda
dövlət məmurluğundan bir xalqın ümummilli
liderliyinə yüksələn, bu yolda çeşidli çətinliklərə
cəsurluqla sinə gərən qüdrətli siyasi xadimin
müstəsna keyfiyyətləri dürüst biçimdə
təqdim olunur. Ən başlıcası isə, Anar bu
yazıda Heydər Əliyevin öz rəqiblərindən və
müasiri olduğu digər siyasətçilərdən ilk
növbədə üstün şəxsi-mənəvi keyfiyyətlərilə
seçildiyini əsaslandırır. Müəllif göstərir
ki, məhz bu keyfiyyətlərinə, öz daxili
tarazlığını hər zaman qoruduğuna görə
Heydər Əliyevin siyasi və rəhbərlik karyerası
sonadək uğurlu oldu. Bu nöqteyi-nəzərdən Anar
sözügedən yazıda Heydər Əliyevi neçə-neçə
siyasətçi nəsli, gələcəyin dövlət
adamları üçün örnək sayılmalı obraz
kimi təqdim edib.
"Şəxsiyyətin
miqyası" yazısında isə Anar Heydər Əliyevin
həm DTK-da rəhbər vəzifələrdə
çalışdığı, həm də sonralar
respublikaya başçılıq etdiyi dövrdəki fəaliyyətilə
bağlı çox maraqlı məqamlara diqqət yönəldir.
Ədibin nəzər saldığı həmin məqamlar
Heydər Əliyevin klassik səviyyəli idarəçilik
bacarığına dair ən bariz cəhətləri əks
etdirir. Anarın gətirdiyi faktlar sübut edir ki, Sovet
dövründə Azərbaycanın rəhbəri olarkən
Heydər Əliyev özünəməxsus nüfuz və təsir
imkanlarından mahir şəkildə yararlanaraq, Moskvadan Azərbaycana
yönələ biləcək təzyiqləri
neytrallaşdıra bilib. Bununla da respublikanın
ziyalılarını, sənət və ədəbiyyat
adamlarını müxtəlif məhrumiyyətlərdən
sığortalayıb.
"Unudulmaz
görüşlər"də Anar Heydər Əliyev şəxsiyyətinə
qiymət verərkən şəxsi münasibətlərə,
ondan ailə üzvlərinin və şəxsən
özünün gördüyü köməyə, dəstəyə
də əsaslandığını qətiyyən arxa plana
çəkmir. Bu cəhət heç də ümumi ideya ilə
ziddiyyət təşkil etmir. Çünki bu halda Heydər Əliyevin
ümumən ölkənin ədəbi-mədəni
mühitinə diqqəti Azərbaycana seçkin simalar bəxş
etmiş yaradıcı-ziyalı bir ailəyə
qayğısı şəklində təzahür tapır.
Anarın nəzər
yetirdiyi çeşidli detallar dönə-dönə bir həqiqəti
də təsdiqləyir ki, Heydər Əliyevin mədəniyyətə
və ədəbiyyata dəstəyi heç də mücərrəd
və qeyri-real anlayış olmayıb. Onun bu sahələrə
qayğısı konkret şəxslərdən başlayaraq
genişlənib, son nəticədə Azərbaycanın
söz-sənət mühitini bütövlükdə əhatə
edib. Müxtəlif yaradıcı insanlara Heydər Əliyevin
xeyirxah münasibəti onların istedadının məhsulu
olan neçə-neçə əsərin, yüksək sənət
nümunəsinin taleyində həlledici rol oynayıb. "Unudulmaz
görüşlər" ədəbiyyat, musiqi, kino, teatr, rəssamlıq,
heykəltəraşlıq, memarlıq və başqa sahələrlə
bağlı onlarca bu cür faktı özündə ehtiva
edir. Üstəlik, Anar imzası ilə işıq üzü
görən hər bir yazıda olduğu kimi, səlis,
dürüst və oxunaqlı bir dillə. Yeri gəlmişkən,
"Unudulmaz görüşlər"də Anar bədii və
siyasi-publisistik dil elementlərini böyük məharətlə
qovuşdurub. Bunun sayəsində də müəllif
xatırladığı məqamlara xas ikili məzmunu, yəni
həm siyasi, həm də mədəni-ədəbi
çaları, həm rəsmi, həm də məhrəm rəngləri
ustalıqla qələmə alıb.
"Unudulmaz
görüşlər"in yuxarıda qeyd etdiyim və
müxtəsərlik naminə sadalamadığım məziyyətləri
bir həqiqəti cəsarətlə dilə gətirməyə
imkan verir: ustad yazıçımız Anar bu əsərin
timsalında xatirat-yaddaş ədəbiyyatının olduqca
müstəsna dəyərə malik nümunəsini
yaradıb.
Rəşad MƏCİD,
Azərbaycan Yazıçılar Birliyinin katibi,
"525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2009.- 9 may.- S.9.