Duyğular imperiyası

 

Küləyin hikməti

 

Bir çox gecələrlə, ələlxüsus, qəfil, sütül ilhamla coşub nəhəng hava dalğalarıyla evlərin damlarını, pəncərə çərçivələrini titrədən Küləyin bizləri nə isə çox vacib, həyatəhəmiyyətli mətləblərdən agah eləməyə çalışdığı dərin uçurumlu qaranlıqlarda Qurandan şimşək barədə oxuduğum ilahi sətirləri xatırlayıram:

"...Mələklər insanların günahlarını bağışlamağı Allahdan diləyəndə, Göy üzü şimşək gurultularından lərzəyə gələr..."

 

Sevimli "Ə"

 

Neçə vaxtdan bəri yazıb qaraladığım, cümlələrinin altından, böyür-başından cızıqlayıb oxladığım mətnləri bu yaxınlarda nəzərdən keçirərkən, gözüm, vərəqlərdən birində, sətirlərin bitdiyi, sözlər və nöqtə-vergüllər yığnağının keçə bilmədiyi ağ haşiyədə, yağışdan islanmış cılız uşaq ürkəkliyi ilə büzüşüb bir kənarda dayanan balaca "ə" hərfinə sataşanda çaşıb qaldım...

Necəsə özümdən xəbərsiz, əlimin ya qələmimin hökmüylə yazdığım bu incə hərfi bir qədər yaxından və diqqətlə gözdən keçirdikcə, tükənməz səbr və dözüm payından yoğrulmuş solğun həyatlarını gözqamaşdıran Ədəbiyyat tozanağından kənarda - təmiz, səssiz bir ərazidə təkbaşına yaşayan zərif qələm adamlarını xatırladım...

 

Səlim Sarıyevin həyatı

 

Nə vaxtdan bəridi ki, bütün həyatını şəhərin mərkəzi küçələrindən birində yerləşən sanballı bir binanın geniş sahəli, təmirli mənzilinə sahib olmaq arzusuyla yaşayan, bundan ötrü özünü və ailəsini bir çox həyat həzzlərindən məhrum edib, acıqlı kahin ömrü sürən - soyuq qış ayları qızdırıcısız yataq otaqlarında yatmaqdan ailəliklə ağ ciyər iltihabı qazanan, ucuz və vitaminsiz yeməklərdən saralıb tuluqlanan, istirahət axşamlarını, teatr və konsert salonlarından daha ucuz və maraqlı tamaşalarda - çilçırağın gur işığı altına yığışıb, arvadına babasından miras qalmış qədim brilyantların, böyüdücü əl lupası ilə tamaşasında keçirən, pirojnanı, əncil mürəbbəsi yaxılmış çörək dilimləriylə, çimərliyi, içinə duzlu su yığılmış vannayla əvəz edən və bütün bu davamlı, dözümlü həyatın axırında nəhayət ki, öz ülvi arzusuna yetişən - yaşı 70-i haqlayarkən, nəhayət ki, şəhərin mərkəzi küçələrindən birində ucalan yeni tikilidə dördotaqlı mənzil almağa müvəffəq olan, lakin mənzilə köçüb rahatlandıqdan sonra, həyatının gizli mənasını itirib yazıqlaşan Səlim Sarıyev adlı qəhrəmanım barədə yazmaq istədiyim hekayə, ortaya düşən daha vacib və əhəmiyyətli işlər arasında, maşın yolunu heç cür keçib səkiyə çıxa bilməyən aciz piyadatək ilişib qalır.

 

Qus müəllim

 

Qəribədi ki, hər bir şeyin gizli mahiyyətini izaholunmaz dəqiqliklə aşkara çıxaran balaca əl lupasının böyüdücü şüşəsiylə, Hind okeanının qaranlıq dərinliklərində, mamır və ot çürüntüsündən qatılaşıb seliklənən qumluğun üstünə qalxanvari, nəhəng bədəniylə yatıb, qırçınlı dodaqlarının arasında ustalıqla gizlədiyi iri, qılıncvari dişləri və üzgəcdən çox, yığcam balıq torlarını andıran qırmağabənzər ətraflarıyla əlaltından tutub udduğu ovlarının pusqusunda yaşayan əcaib dəniz filinin şəklinə baxdıqca niyəsə, millət və vətən qeyrətiylə alışıb-yanan qəlbinin ağrıları qəddini əymiş, ağ, pərişan saçlarını üzünə töküb, kədərli simasının nəcib mərhəmətini bir qədər də artırmış görkəmli ədəbiyyatşünas alim - ölkənin bütün fəxri adlarını və təltiflərini alsa da, incik qəlbinin qırışları heç cür açılmayan, hörmətli Qus müəllimi xatırlayıram...

 

Ostap və Bender

 

Əqidəsi və xisləti etibarı ilə İlf və Petrov qardaşlarının məşhur fırıldaq ustası Ostap Benderin layiqli davamçısı olan bir "həmkarım", uzun illərdən bəri axtardığı xəzinəni, niyəsə itmiş stullarda yox, mədəniyyətimizin ən kasıb sahəsi olan ədəbiyyatda axtara-axtara, arada bir, işlədiyi qurumun "Ostaplar və Benderlər Birliyinə" çevrilməsi üçün, daha yumşaq oturacaqlı stullar istehsal edən yeni mebel fabrikləri yaratmaq fikrinə də düşür.

 

Paltar şkafında

 

Bir növ insan cəmiyyəti var ki, orda özünü, çirkli, nimdaş geyimlər asılmış köhnə paltar şkafında hiss eləyirsən...

 

Günlərin bir günü...

 

Günlərin bir günü, necəsə yol getdiyim yerdə, həlim xasiyyətinə, dinməz və dözümlü təbiətinə görə hədsiz sevdiyim bir rəfiqəm haqqında - başı daim kasıb qohum-əqrəbasına, tanış-bilişinə əl tutmağa, yüksək vəzifəli ərinin və istəkli övladlarının gündəlik rahatlığını mükəmməl həddə təmin eləməyə qarışdığından, özünə vaxt ayırmağa halı qalmayan və bu səbəbdən, cavan yaşlarından ağır ürək xəstəliyi qazanan, solğun bənizli, fədakar qadın barədə düşünərkən, birdən-birə beynimdən, məni laxladıb az qala üzü üstə yerə yıxacaq qorxulu bir fikir keçdi...

...Son aylar yuxuda, ya kimlərləsə danışdığı yerdə qəfil ürək çatışmazlığından keçinən bir neçə qadın yaşıdımı yadıma saldıqca, dünyaya göz açandan bəri özünü, hansısa köndələn əqidələrlə ətrafındakılardan ötrü odun əvəzinə yandıran bu fədakar dostumun hər an susmaq üzrə olan xəstə ürəyi, lap indilərdə səfeh bir yarımçıqlıqla bitəcək həyatı barədə düşünüb vahimələndimsə də, elə həmin an, hansısa gizli fəhmimlə, bu incə, zərif ürəyin artıq çoxdannan susduğunu və rəfiqəmin bu dünyadan, yorğunluq və iztirab saçan heysiz bəbəklərlə üzümə zilləndiyi hansısa uzaq payız günü köçdüyünü anlayıb qəhərləndim...

 

Hava gəmisində

 

Hər bir şeyin yorulub susduğu, gücünü, heyini itirib, taqətsiz həlimliklə öz yerinə çökdüyü ən səssiz gecələrlə, Yer kürəsinin bilinməz tərpənişindən hərəkətə gəlib, uzaq, qədim qərinələrin dərin suları altında batıb qalmış nəhəng gəmi cırıltılarıyla cırıldayan çardaq millərimizin səsini dinlədikcə, İlahinin:

"...Gizli xəzinətək yaşaya-yaşaya bir gün dərk olunmaq istədim... və dünyanı yaratdım..." - kəlamını xatırlayıram...

 

Din geyimi

 

Bir neçə həftə bundan əvvəl məni yuxuda, uzun ətəkləri hər tərəfi tutan ağ geyimdə görən yaxın bir adam bunun yozumunu belə verdi:

- Uzun ətəkli geyim - ucalığa işarədir...

...Bu yaxınlarda isə, "Xəzər"in növbəti sayı üçün hazırladığımı materialları - 810-cu ildə Buxara şəhərində yaşamış imam Məhəmməd Bin İsmayıl Əl Buxarinin "Səhih" əsərini gözdən keçirərkən, belə bir hədisə rast gəldim:

"Deyilənə görə, Əbu Səid əl Xudri, Allah ondan razı olsun, danışırmış ki, Bir dəfə Allahın rəsulu, Allah onu şad eləsin, dedi:

- Yuxuda mənə, əyinlərinə gödək köynək geymiş bir neçə adam göstərdilər. Bu köynəklərin bəzilərinin ətəyi sinəyə qədər, o biriləri ondan da gödək idi. Və mənə Ömər bin əl Xəttabı göstərdilər. Onun əynindəki köynək isə o qədər uzun idi ki, ətəkləri yerlə sürünürdü, ayaqlarına dolaşırdı...

Adamlar soruşdular:

- İndi sən bu yuxunu necə yozursan?

O cavab verdi:

 - Bu - dindir".

 

O məni sevir...

 

(hekayə əvəzi)

 

Uzun illərdən bəri Özünü müxtəlif müəmmalı işarələr və eyhamlarla bildirən, qəlbimdən ötəri niskillə ötüşən ən irreal, ən ağlasığmaz istəklərimi həmin andaca, inanılmaz dəqiqliklə yerinə yetirə-yetirə qarşımda şahə qalxan İlahi Sevgi etiraflarının ən sarsıdıcısı, 13 yaşlı oğlumun son bir ili mənə, içi sevgi və iztirab dolu gözlərlə baxa-baxa, dəqiqədə bir:

- Mən səni sevirəm... - deməsi oldu...

İlk günlər, "qədirbilən övlad sevgisinin" şirinliyindən əriyən mən, sinəmə məlhəm kimi yayılan bu bala nəvazişindən az qala məst olur, uşağı bağrıma basaraq, öpüb-qucaqlayırdımsa da, bir müddətdən sonra, heç cür səngimək bilməyən, iztirab və ağrı həddi heç bir vəchlə azalmayan bu etiraflardan cana yığıldığımı, sevgi və mərhəmət saçan bu ilıq sözlərdən qıcıqlandığımı duyub duruxdum... Bir qədər sonra isə, səhər-axşam üstümə qəfil, qaynar su kimi atılan bu sözlərin, anadan olandan bura məni daim öz həssas müşahidəsi altında saxlayan oğlumun, əsəblərimi bu sayaq tarıma çəkmək həvəsi olduğundan şübhələnməyə, uşağı, çox deyilməkdən mənasını itirmiş bu yersiz izharlarına görə məzəmmət eləməyə başladımsa da, heç nəyi dəyişə bilmədim.

Evdə olduğum axşamlar və istirahət günləri məni, saatlarla zilləndiyi kompyuterinin arxasından, otağının uzaq küncündə qapıldığı dərslik səhifələrinin arasından qarabaqara izləyən Rüstəm, televizora baxdığım, telefonla danışdığım, yazı yazdığım yerdə qəfildən ha tərəfimdənsə peyda olur, içi getdikcə dərinləşən gözlərini üzümə zilləyib yazıqlaşır, sonra nəfəsi az qala kəsilə-kəsilə:

- Mən səni sevirəm... - deyir, mən, mənasını itirib qulağımı döyənək eləmiş bu "söz yığınağından" əsəbiləşir, hirsimdən boğula-boğula onun sözünü: "Bilirəm...", "Bunu yüz min dəfələrlə demisən artıq...", "Nolsun axı?.." - kimi sərt cavablarla kəsirdimsə də, bütün bu kobudluğun onu qəti narahat eləmədiyini, var hirsimlə dediyim sözlərimin onun böyür-başından, içiboş, nəfəssiz külək kimi ötüşüb keçdiyini görür və bundan daha pis əsəbləşirdim...

Axır iş gəlib o yerə çatdı ki, məni bu amansız "izhar dolusundan" qorumağa çalışan ərim uşağı danlayıb, bütün axşamı otağında dustaq eləməklə cəzalandırdı.

...Həmin gün Rüstəm bütün axşamı otağından çıxmadı, hava qaraldısa da, otağın işığını yandırmadı.

Bütün axşamı ərimlə mən, səbəbini özümüz də anlamadığımız gizli günah hissiylə aralıq otaqda oturub, dinməz-söyləməz televizora baxdıq. Bir qədər keçmiş ərim, pərtlikdən, ya qorxudan böyümüş gözlərini üzümə dikib astadan:

- Bax, gör, o orda neyniyir?.. - dedi.

Mən ayağa qalxıb ehmal addımlarla otağın qapısına yaxınlaşdım, qapını azca aralayıb içəri baxdım və gördüyüm mənzərədən çaşıb qaldım...

...Rüstəm pallı-paltarlı, üzüqoyulu vəziyyətdə çarpayısına uzanıb qalmışdı... qapının açılmağını, mənim otağa girdiyimi hiss eləsə də, yerindən tərpənmirdi...

...Mən, həyəcandan, ya qorxudan, dizlərimin titrədiyini hiss elədim... çarpayıya yaxınlaşıb Rüstəmin yanında əyləşdim, başını ehmalca sığallayıb lap astadan:

- Axı, niyə belə eləyirsən, ay Rüstəm? - dedim. - Böyük oğlansan, amma özünü uşaq kimi aparırsan. Görürsən, əsəbləşirəm, elə dediyini deyirsən. Axı bir sözü nə qədər deyərlər?..

Rüstəm bir müddət dinmədi, məni eşitmirmiş kimi, barmağının ucunu belə tərpətmədi. Sonra haçandan-haçana ağır, qaranlıq yuxudan ayılantək, aramla mənə sarı çevrilib, otağın yarıqaranlığından, ağlamaqdan şişib qızaran gözləriylə üzümə baxdı, həmin yazıq səslə:

- Səni sevirəm... - dedi və yanağına diyirlənən dolu yaş damlasını qoluyla sildi...

...Bu məqam mən, bu sütül vücudun daşımağa gücü yetmədiyi hədsiz nəhəng Sevginin Özünü - hüdudsuz Mərhəmətdən gərilmiş yeniyetmə gözlərin dərinliyində işaran möhtəşəm üfüq ənginliyinin kiçicik bir hissəsini gördüm... və heyrətdən nəfəsim darala-darala, neçə vaxtdan bəri məni zinhara gətirən amansız etiraflar müəllifinin - mürəkkəb gedişli kompyuter oyunlarından, heyvanat aləmindən savayı bu dünyada heç nəyin marağında olmayan bu 13 yaşlı məktəbli oğlan uşağı olmadığını axır ki, anladım...

 

 

A.Məsud

 

525-ci qəzet.- 2009.- 9 may.- S.19.