Milli Elmlər
Akademiyasında Məmməd
Cəfər Cəfərov
yad edilib
Milli Elmlər
Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında
görkəmli ədəbiyyatşünas alim akademik Məmməd
Cəfər Cəfərovun 100 illik yubileyilə bağlı
elmi sessiya keçirilib. AMEA-dan verilən məlumata görə,
burada alimin həyat və yaradıcılığı ilə
bağlı sərgi də açılıb.
Akademiyanın prezidenti
Mahmud Kərimov 83 illik ömrünün 60 ilini ölkəmizdə
ədəbi-nəzəri fikrin inkişafına həsr edən
alimin həyat və yaradıcılığından, XIX əsr
rus ədəbiyyatının Azərbaycan oxucusuna
çatdırılmasında əvəzsiz xidmətlərindən
danışıb.
Professor Nizaməddin
Şəmsizadənin "Ədəbi-ictimai fikrimizin
patriarxı" adlı məruzəsi Məmməd Cəfər
Cəfərovun çoxşaxəli və məhsuldar elmi fəaliyyətindən
bəhs edib: "Məmməd Cəfər 1937-ci il
repressiyasından sonra ədəbi tənqidə "ikinci
növ ədəbiyyat" kimi baxan, redaksiyalarda tənqidi məqalələri
qovluğunda saxlayan yazıçılara və naşirlərə
sübut edib ki, ədəbi tənqid çox çətin və
dəyərli sənətdir. Əgər yazıçı
özündən, ovqatından asılı olursa, tənqidçi
həm özündən, həm bədii əsərdən, həm
də zəmanənin estetik zövqündən asılı
peşə sahibidir".
Şirindil
Alışanovun "M.C.Cəfərovun nəzəri-estetik
görüşləri" adlı məruzəsində,
akademiklər Bəkir Nəbiyevin, İsa Həbibbəylinin,
professor İsrafil İsrafilovun çıxış və
xatirələrində də mərhum alimin xidmətləri
yüksək qiymətləndirilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 13 may.- S.7.