Nizaminin "Leyli
və Məcnun"u Ukrayna dilində
nəşr olunub
Dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri bugünlərdə
Azərbaycan və Ukrayna dillərində işıq üzü görüb. Kitab Ukrayna
xaricində yaşayan
ukraynalılarla əlaqələrin
möhkəmləndirilməsi tədbirləri üzrə
Büdcə Proqramına
əsasən, Ukraynanın
Azərbaycandakı səfiri
Boris Klimçuk, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, professor, millət vəkili Rafael Hüseynov və ölkəmizdəki Taras Şevçenko
adına Ukrayna Cəmiyyətinin Nərimanov
şöbəsinin sədri,
"AZEL" şirkətinin direktoru İ.Yakovenkonun dəstəyilə nəşr
edilib. İdeyanın müəllifləri B. Klimçuk,
X.Pivnyak, layihənin rəhbəri və önsöz müəllifi
R.Hüseynovdur.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vəfatının 800 illiyinə ithaf olunan kitaba yazdığı "Əbədi məhəbbətin ilk abidəsi" adlı önsözdə R.Hüseynov Nizaminin "Xəmsə"sinin həmişə sevildiyini, poemalarının hər birinə müxtəlif şairlər tərəfindən nəzirələr qələmə alındığını vurğulayıb: "Leyli ilə Məcnun"un qəmli sevgisindən bəhs edən poema ürəklərə daha yaxın tutulub, say etibarilə də bu mövzuda yazılan cavablar daha boldur".
R.Hüseynov Nizami
yaradıcılığına Ukraynada həmişə
böyük maraq göstərildiyini, müxtəlif vaxtlarda
ukraynalı şairlər Vasil Barka, Mikola Miroşniçenko,
Vasil Misik və başqalarının dahi söz
ustasının ayrı-ayrı poemalarından hissələrini
və onun qəzəllərini ana dillərinə uğurla tərcümə
etdiklərini bildirib: "Lakin indiyədək Nizamidən
edilmiş tərcümələr sırasında Leonid
Pervomayskinin çevirdiyi "Leyli və Məcnun"
xüsusi yer tutur. 1947-ci ildə Kiyevdə işıq
üzü görən bu tərcümə Nizami "Xəmsə"sindən
ukrayna dilinə tam halda tərcümə edilən ilk poema
idi". R.Hüseynov poemanın tərcüməçisi
haqqında da ətraflı məlumat verib: "Görkəmli
şair və tərcüməçi, nasir və dramaturq, tənqidçi
və publisist, Leonid Pervomayski təxəllüsü ilə
yazıb-yaradan İlya Qureviç Ukrayna ədəbiyyatı
tarixində özünəməxsus yeri olan bir sənətkardır.
Hiss olunur ki, L.Pervomayski tərcümə prosesində ciddi
yaradıcılıq işi aparıb, Nizaminin dövrünü,
mühitin, klassik Şərqin mədəni aləmini də
yaxşı öyrənib". Önsözün müəllifi
tərcümə işinə belə yaradıcı
münasibətin, bir tədqiqatçı məsuliyyətilə
yanaşmanın nəticəsində Nizaminin "Leyli və Məcnun"unun
Ukrayna oxucusu ilə səmimi bir tərzdə
"danışa" bilməsini, dərin rəğbətlə
qarşılanmasını vurğulayıb. R.Hüseynov
sözügedən kitab vasitəsilə Ukrayna və Azərbaycan
xalqlarının tarixən dərin və mehriban olan
münasibətlərinin daha da inkişaf edəcəyinə,
hər iki xalqın bir-birini daha artıq tanıyıb sevməsinə
əminliyini vurğulayıb.
Kitabda Milli Ədəbiyyat
Muzeyində qorunan Nizami "Leyli və Məcnun"una orta əsrlərdə
çəkilmiş miniatürlərlə yanaşı,
müasir Azərbaycan rəssamlarının yaratdıqları
əsərlər də yer alıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 13 may.- S.7.