Ermənilərin "Eurovision-2009"dakı çıxışında azərbaycanlı
"imzası"
Moskvada keçirilən
"Eurovision-2009" müsabiqəsinin
ilk yarımfinalında səhnəyə
çıxan Ermənistan
təmsilçiləri Anuş
və İnqanın kostyumları, saç düzümü və makiyajı, xoreoqrafik etüdü və səhnə tərtibatı
azərbaycanlı Aslan
Əhmədovun işidir.
APA-nın
"Novosti Armeniya"ya istinadən yaydığı məlumata
görə, Aslan Əhmədov Ermənistan təmsilçilərinin
çıxışını hazırlayan "Fresh Art"
şirkətinin təsisçilərindən biridir. O, digər
təsisçilər David Gevorkov və Aleksandr Siradekyanla birgə
Anuş və İnqanın çıxışı
üçün xüsusi kompozisiya tərtib edib. "Fresh
Art"ın rəhbərləri Ermənistan təmsilçilərini
"Eurovision-2009"a hazırlamaq işinin məhz onlara
tapşırılmasından qürur duyduqlarını
bildiriblər.
Qeyd edək
ki, Aslan Əhmədov 1973-cü ildə Bakıda anadan olub. 1994-cü
ildə Bakıda İncəsənət Universitetini bitirib və
Sankt-Peterburqa köçüb. Orada David Gevorkov
və Aleksandr Siradekyanla birlikdə
"Fresh Art" şirkətini təsis edib.
APA-nın
"Eurovision-2009" müsabiqəsinin işinin
işıqlandırmaq üçün Moskvaya ezam olunmuş
müxbiri Ermənistan təmsilçilərinin
çıxışını hazırladığı
bildirilən Aslan Əhmədovdan bununla bağlı münasibət
öyrənmək istəsə də, o açıqlama verməkdən
imtina edib.
525-ci qəzet.- 2009.- 13 may.- S.7.