Təəssüratlar qalereyası
Yazıçı var təhkiyəsi,
yazıçı var yaratdığı xarakterlər (biri və
ya toplusu), yazıçı da var ki, bircə əsəri ilə
yadda qalır. Amma əsərləri oxunduqdan sonra
yaratdığı qəribə hisslərlə - həyəcanla,
kədərlə, nifrətlə, sevinclə, təəssüflə,
maraqla, hansısa qəhrəmanın düşdüyü
situasiyanı yaşamaq arzusu ilə, hansınınsa yerində
ola bilmək qorxusu ilə... yadda qalan yazıçılar da
var. Ümumi şəkildə desək, təəssüratla...
Hər şey məhz o ümumi təəssüratın
fonunda qalır. Məsələn, bərk incidilərsən, səbəb
yaddan çıxar, amma ağrı qalar - bunun kimi. Bərk
sevinərsən, səbəb unudular, amma xoşbəxtlik hissi
qalar - bunun kimi... Və bu, inandırıram ki, xarakterdən də,
təhkiyədən də, bir əsərin qoyduğu izdən
də daha uzunömürlü olur...
1-ci təəssürat
"Məndən əvvəl
Sükut gəlir... Məndən sonra? - Yenə də
Süküt..."
"Məndən əvvəl
Yoxluq vardı... Məndən sonra? - Yenə də
Yoxluq..."
"Məndən əvvəl
Heçlik olub... Bəs, Məndən sonra? - Yenə də
Heçlik"
Özündən əvvəlki
mövcudluq haqqında nə qədər informasiyan olsa da, təxəyyülünün
gücünü işə salaraq özündən sonra
baş verəcəkləri nə qədər təsəvvüründə
canlandırsan da, bu, insan yaşamının, insan
varlığının modelidir. Bu - yəni iki boşluq, iki
sükut, iki heçlik arasında yaşanan ömür. Bir
anmı çəkər, yüz ilmi? Fərq etməz. Əsas
olan bu deyil. Əsas olan bu iki
yoxluq arasında yaşananlardır...
Onun əsərlərində
də ilk hiss etdiyim, ilk duyduğum bu modelin bədii ədəbiyyata,
sözə, nəsrə tətbiqi idi. Hər şey (oxu: nəqletmə)
hansısa bir yarımçıq məqamdan (əvvəli
olan, olduğu mütləq duyulan bir məqamdan)
başlayır və sonunun mövcudluğu şəkk-şübhə
doğurmayan (nöqtəsi qoyulsa da, sonrası oxucunun beynində
davam edən) məqamda isə yekunlaşdırılır. Bitir
yox - sadəcə, bu məqamlıq, bu anlıq
yekunlaşdırılır... Və nəqletmə, təsviretmə
elə bir səviyyədə baş tutur ki, elə bir şəkildə
həyata keçirilir ki, onun (təsvir edilən, yaradılan
hadisənin) nəyinsə davamı, nəyinsə
başlanğıcı olduğu təəssüratı
açıq-aydın duyulsun.
2-ci təəssürat
Əsl yaradıcı
insanın, daha doğrusu, özünə tənqidi
yanaşmaq bacarığı olan yaradıcı insanın (bu
məqamda oxu: yazıçının, başqa məqamlarda
şair də ola bilər, aktyor da, rəssam da...) məncə,
ən böyük qorxusu özü-özünü təkrarlamaqdır.
Çatdığı məqamdan, fəth etdiyi mövqedən,
enə bildiyi dərinlikdən (istər mənəvi-psixoloji,
istər estetik-sənətkarlıq), deməli, həm də
özündən irəli gedə bilməməkdir. Və bu, əsl
yaradıcının - deməli, istedadın Qətli,
İntiharı, Ölümə Məhkumluğu (bunlar
bir-birindən fərqli şeylər olsa da, Ölüm elə
Ölümdür) ilə nəticələnir. Çünki
Təkrar nəyinsə tükəndiyinin sübutu olmasa da,
onun başlanğıcından xəbər verir. Bunu hiss etmək
isə... yalnız dəhşət hissi yaşada bilər
(söhbətin əsl yaradıcı insana aid olduğunu
unutmayaq!)
Özü özündən,
öz üslubundan, öz yazı manerasından kənara
çıxa bilmək, uzağa getmək, hər dəfə fərqli
nələrəsə nail olmaq (istər mövzu, istər
problem, istər sənətkarlıq baxımından), sonra
yenidən geri qayıtmaq... Bu, yazıçının
yaradıcılığını fərqli edən
xüsusiyyətdir. Hər yazıçının da
bacarmadığı bir şey. Haradasa bəzi detallar, haradasa
yazıçını düşündürən suallara bir
daha və bir daha qayıdış ("İnsanlar öləndən
sonra onların ruhu qalır, bəs çiçəklərin,
güllərin?" ("Qırmızı qərənfil
gülləri "Pera Palas" otelində qaldı") və
ya "Mikroblar da canlıdı də, onların da ruhu
var"... Kəpənək zərifliyi ilə pəncərənin
qabağında dayanmış o penuarlı qız o zaman ruhlar
dünyasının sorağında idi..." ("Araba")
və s.) haradasa bir obraza, bir xarakterə, bir taleyə təkrar
dönüş ("Qarabağ şikəstəsi" və
"Bayraqdar"da olduğu kimi, və ya Baladadaş kimi...)
olsa da... Amma bunlarla yanaşı və bunların arxasında
çox fərqli təəssüratlar ansamblı,
yazıçının obrazını gizlədən, itirən
çox fərqli problemlərə, mövzulara müraciət
("Ölüm hökmü" hara, "Mahmud və Məryəm"
hara... "Sarı gəlin" hara, "Qatil" hara...
"Araba" hara, "Qarabağ şikəstəsi" və
"Bayraqdar" hara, "Qırmızı qərənfil
gülləri Pera Palas otelində qaldı" hara,
"Canavarlar" hara?!) durur. Yazıçını
tanımaq olmur. Yazıçını tapmaq olmur. Və bu,
yaddaşımda qalan ikinci təəssürat sayıla bilər
- dəyişkənlik! Məhz bu yazıçı ilə
bağlı təəssürat! Onu fərqləndirən, onu
O edən təəssürat!
Və bu məqamda
söhbət təkcə seçilən problemlərin, əsərin
mərkəzinə çəkilən talelərin,
mövzuların, zamanların, faciələrin fərqliliyindən
getmir, xarakterlərin, onların salındıqları
situasiyalarda yaşadıqları sarsıntılara verdiyi
reaksiyaların, mənəvi-psixoloji
yaşantılarının və təbii ki, bir də
bütün bunların təsvirinin fərqliliyindən gedir.
3-cü təəssürat:
Bu yazıçıda
insanın (yaratdığı qəhrəmanın) daxilinə,
mənəvi dünyasının dərinliklərinə varmaq
bacarığı çox güclüdür. Və
yaddaşlara hopan əsas təəssüratlardan biri də əsərlərdə
təsvir olunan mənəvi-psixoloji dünyalardakı dəyişmələrlə,
enmələr və qalxmalarla və bütün bunlara
çox fərqli, çox maraqlı bir baxış
bucağından yanaşmalarla bağlıdır. Onun qəhrəmanlarının
əksəriyyətində gözlənilməzlik var
(yazıçının özü kimi). Yaratdığı
situasiyalarda da həmçinin. Və bu gözlənilməzlik
əslində, çaşdırıcı da ola bilərdi. Dərk
etməyə maneçilik də yarada bilərdi. Amma əksinə.
Xarakterlərə, talelərə
bu cür yanaşma insanın nə dərədəcə
anlaşılmaz ola biləcəyinə, nə dərəcədə
gözlənilməz hərəkətlərə və nə
qədər fərqli davranışlara (və həm də
dünyaya!) sahib ola biləcəyinə sübutdur.
4-cü təəssürat:
Ölkələrin, mədəniyyətlərin,
koloritlərin bir-birinə yaxınlaşması... Fərqli
dinlərə, fərqli xalqlara, fərqli ölkələrə
məxsus insan təfəkkülərinin,
dünyagörüşlərinin bir araya gətirilməsi,
paralel təsviri, qarşılaşdırılması və...
Qovuşması... Məsələn, bu
yarıdıcılıq haqqında danışanda
Bakı və Bakıətrafı
kəndlərində ("Baladadaşın ilk məhəbbəti",
"Baladadaşın toy hamamı"nda, "Sarı gəlin"),
Qarabağda ("Qarabağ şikəstəsi",
"Bayraqdar")... və ümumən Azərbaycanda
yaşayan insanların yaşam tərzini də, təfəkkürünü
də, dilini də, xarakterini də, əxlaqını da,
çatışmazlığını da, nədən
sevindiyini, nədən dərdləndiyini də görmək
olur... Amma bütün bunlarla bir müstəvidə, fərqli
məkanlarda olsa da, bir zamanda başqa
"dünyaların" insanlarının müdaxiləsi,
arada-bərədə boy verməsi, o "dünyaların"
varlığını xatırlatması baş verir. Və bu
ani, ilk baxışdan təsadüfi olan boyvermələr, əslində,
birbaşa Azərbaycanla bağlı olur... Daha doğrusu, onun
o Böyüyün, o Tamın, o Bütövün bir
parçası olduğunu unutmağa, yaddan
çıxarmağa imkan vermir... Özünlüyü ilə
bərabər onun hissəsi olduğunu xatırladır. Məsələn,
haradansa əsərə gətirilən yəhudi İzabel
Xanukoff, Norveçli Martinius Asbyornsen, missis və mister
Blyumentallar... Dünyanın fərqli-fərqli yerlərində
yaşayan, amma bir məkanla, bir situasiya ilə bağlılıq
yaradılmasına xidmət edən ştrixlər kimi yadda
qalırlar...
5-ci təəssürat:
Sözü gözəl
duymaq hələ gözəl söz yaza bilmək deyil. Şeiri
çox gözəl duyanlar var ki (xüsusilə tənqidçilər
içində), bir misra belə gözəl söz yaza bilməzlər.
İstəsələr də (baxmayaraq ki, bu cəhdlərin
varlığı və tez-tez təkrarlanması istehzalı
bir təbəssümə səbəb olur). Nəsri gözəl
duyan, hiss edənlər var ki, bir misralıq belə əsl nəsr
nümunəsi yaratmağı bacarmazlar! İstəsələr
də! Və ya əksinə, çox gözəl
yazıçı, şair olmaq, gözəl şeir yazmaq, hələ
onu duymaq, yazdığının nə olduğunu dərk etmək
demək deyil. İnstinktlə, hansısa qüvvənin təsiri
(istedadın) ilə yazdığına kənar gözlə
yanaşmaq, orada nəyin yerli, nəyin yersiz olduğunu
anlamaq... Bu da tamam fərqli bir şeydir və hər kəsin
gücü və istedadı daxilində deyil...
Amma onun
yaradıcılığında, bu məqamda da ilişdim... Yazıçını
tənqidçidən, tənqidçini yazıçıdan
ayıran məqamın yoxluğunda...Bu sərhəddin
qovuşmasında... Yazıçı və tənqidçi
professionallığının bir səviyyədə bərabərləşməsində...
6-cı təəssürat
Bu
yazıçının dilində qəribə bir ritm, qəribə
bir takt və musiqi var. Əlbəttə, ilk növbədə
bəlkə də poetiklikdən, poeziyanın nəsrə (bir
çox məqamlarda!) gətirilməsindən
danışmalı idik. Maraqlı görünən "bir
loxma qəhər onun boğazında tıxılıb
qalırdı" ("Bayraqdar"), "elə bil
içində səssiz-səmirsiz, yumşaq bir şimşək
çaxdı" ("Bayraqdar"), "Elə bil... o təbəssümə
başqa bir dünyanın kölgəsi
çökmüşdü" ("Araba") "Müstəqillik
bunlara necə hamilə olmuşdu ki, birdən-birə bu qədər
doğdu bunları" ("Sarı gəlin") kimi ifadələrin
yaratdığı təəssüratdan söz aça bilərdik.
Bəzən hətta bu təhkiyə elə bir səviyyəyə
çatdırılır ki, nəsrdən çox poeziyaya bənzəyir:
" ...Ürəyindən belə bir ağrı da keçdi
ki, bayraq - bu gözəl bayraq, bu gözəl üçrəngli
bayraq qocalıb..." ("Bayraqdar")
Amma... Amma tez-tez
üz-üzə gəldiyim(iz) ritm, musiqi, çoxsəsli
akkordlar kimi səslənən ifadələr daha çox diqqətimizi
dayandırdı.
"İllər
uçdu.
Uçdu...
Uçdu..."
("Araba")
Əlbəttə, bu sadəcə,
sitatlar kimi göstərilə, təhlildən kənar qala
bilməz. "İdeya hətta uğurla seçilmiş
sitatlarda ifadə olunmur, bütün bədii strukturda
özünü göstərir" (Lotman). Ona görə də
qısa bir təhlilə varaq.
Məsələn,
"Araba"da bir şairin son günlərindən,
yazılmamış şeirlərindən, içindəki
uşaqlıq - araba xatirəsindən (o araba onun
uşaqlığının izi, geri qayıtması
mümkün olmayan arzusu idi), Ölümün hökmü
altında olduğu vaxt ətrafına yönəlmiş laqeyd
baxışlarından və son istəyindən "Araba istəyirəm!"
nidasından bəhs edir. Deməli, həm də bir
yaradıcı insanın iç dünyasının əslində,
başqalarına (övladı, Qudası, qızı olsa belə)
nə dərəcədə uzaq, yad, fərqli ola bilməsi təsvir
edilir. Və bu təəssüratların
çatdırılması üçün istifadə edilən
akkord tam yerinə düşür:
"Sonra qızına
baxdı: yad...yad... yaddd
adamlar...
Yad idi...
Yad idi...
Yad idi...
Yad idi...
Hamı və hər
şey yad idi...
Və həmişə
də belə olmuşdu... ("Araba")
Bu təəssüratı
möhkəmlətmək, dərinlətmək
üçün daha dərinlərə gedilir:
"Olduqca...
Həddən artıq...
Uy-y-y.
Çox...
Çox...
Çox uzaqlarda idi...
Akkordlar vurulur, vurulur,
sonra yenə də (polifoniya!) həzin bir musiqiyə
keçir... Ritm əvvəl
tez, daha tez, yavaş, sonra isə tam mülayim... Ümumiyyətlə, bu yazıçının
tez-tez müraciət etdiyi vasitədir. Sanki bu vasitə
ilə həm diqqət cəlb olunur, həm də insanın psixoloji durumu (öz-özünə sözü
təkrarlamağın hansı
psixoloji durumda tez-tez rast gəldiyini
təkcə psixoloqlar
deyil, hər kəs bilir...) çatdırılır.
7-ci təəssürat
"Azərbaycanda
böyük əsər yazmayıb, "böyük
yazıçı" ola bilərsən, hətta heç nə
yazmayıb, "yazıçı" ola bilərsən"
(Elçin)
Bəli, yaşanan ən
böyük təəssüratlardan biri də tez-tez
mübahisə doğuran fikirlərlə
qarşılaşmaqdır. Nəsrdə,
tənqiddə, publisistikada...
və həyatda... Mübahisə üçün zəmin yaratmaq, düşüncələrdə, ürəklərdə mübahisə
doğurmaq isə var olmaq deməkdir.
Sadəcə, VAR OLMAQ...
P.S. Məqalədə
söhbət xalq yazıçısı ELÇİNin
yaradıcılığından gedirdi.
"Əsərdə təsadüfi
heç nə yoxdur"
Lotman
Nərgiz CABBARLI
525-ci qəzet.- 2009.- 13 may.- S.7.