Bir ömrün
odisseyası
"Dünyaya gələn
hər bir insanın öz missiyası olur: kimi böyük,
kimi də kiçik işlər görmək
üçün doğulur. İnsan var ki, Tanrının onun
çiyinlərinə qoymuş olduğu missiyadan xəbərsiz
olur və günlərin bir günü, sanki möcüzə
baş verir; nə isə adilikdən çox uzaq bir iş
görüb, hamını təəccübləndirir. İnsan
da var, kiçik yaşlarından hiss edir ki, o, böyük
işlər üçün doğulub. Özünü dərk
edən kimi ətrafda olan hər şeyə
yaradıcılıqla yanaşır". Bu məzmunlu sətirlər
publisist Gülər Mehdiyevanın bu il çapdan
çıxmış "Bir ömrün odisseyası"
kitabından götürülüb. Yüksək çap
keyfiyyətilə seçilən bu kitab öz enerjisi,
intellektuallığı və zəhmətsevərliyi ilə
həyatda çox şeyə nail olmuş bir insanın - uzun
illər Kənd Təsərrüfatı Nazirliyində və
Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə
işləmiş, doğulub boya-başa
çatdığı Cəbrayıl rayonunda səkkiz ilə
yaxın İcra Hakimiyyətinə başçılıq
etmiş, Milli Məclisin ikinci
çağırışının deputatı olmuş,
iqtisad elmləri namizədi Kərəm Əliyevin həyat
yolundan bəhs edir.
Bu kitabı Kərəm
Əliyevin ömrünün 59-cu baharının astanasında
müəyyən mənada onun həyat hesabatı da saymaq
olar. O, sadə bir vətəndaş kimi nəyə nail olubsa,
hamısını vətənpərvərlik, təvazökarlıq,
işgüzarlıq, səmimiyyət, kamilliyə can atması
sayəsində qazanıb.
Kitabın üz
qabığındakı təsvir, mövzusu kimi
işıqlı və mənalıdır. Dəhşətli
müharibə səhnəsinin qalıqları - Cəbrayılın
"Xan" çinarının yanmış sinəsi,
doğma insanlarına həsrətdən, nisgildən
cadar-cadar olmuş torpaq və təmkinli, vüqarlı, lakin
yiyəsiz dağlar, doğan günəş nurlu sabahın
olacağına yaşlı nəsillə gənc nəslin
doğma yurda qayıdışına böyük ümid və
inamı əks etdirir.
Mən kitabı oxuculara
təqdim etməzdən əvvəl diqqətlə oxudum. Demək
olar ki, qüsursuz əmək və həyat fəaliyyəti
olan insanların simasında Kərəm Əliyevə rəğbətim
artdı və fikirləşdim ki, hər kəs öz vəzifəsinin,
daha dəqiq desək, Allahın ona həvalə etdiyi
missiyasının öhdəsindən Kərəm Əliyev
kimi ləyaqətlə gəlsə, dünyamız bəlkə
də çətin dönəmini yaşamazdı.
Kərəm Qaraxan
oğlu Əliyev 1950-ci ildə anadan olub. Cəbrayılda orta
məktəbi bitirib. Gənc yaşlarında futbolçu kimi
tanınan Kərəm əvvəl bütün
futbolçuların həsrətində olduğu
"Neftçi" komandasının əvəzedici heyətində,
sonralar isə Gəncənin "Dinamo" komandasında
oynayıb.
Kərəm kimi gənci,
istedadlı, ümidverici oyunçunu sevdiyi və ilk uğur
qazandığı bu peşədən onun komanda
yoldaşı, müdafiəçi Məmmədov namərd zərbəsi
ilə sıradan çıxartdı.
Kərəm Dadaş
Bünyadzadə adına Xalq Təsərrüfatı
İnstitutunu bitirdikdən sonra, öz həyat uğurlarına
doğru bundan sonra addımlamağa başladı. Onun iqtisad
elminə dərindən yiyələnmsinin əsas səbəbi
isə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunda əmək
fəaliyyətinə başlaması oldu. Əl qoyduğu
bütün fəaliyyətində uğur qazanmağı
bacaran Kərəm Əliyev məsul vəzifələrdə
çalışarkən, habelə Milli Məclisin
iqtisadi-siyasət komissiyasının üzvü kimi
qarşısına qoyulan vəzifələri layiqincə yerinə
yetirmiş, habelə cəmiyyətin dəyərlərini
qoruyub saxlamış xeyirxahlığa aludə olmuşdu.
Qeyd etmək yerinə
düşər ki, Kərəm müəllim həm də
gözəl ailə başçısıdır. Fərəh,
Nigar adlı qızları, Fərid adlı oğlu, həmçinin
Leyla xanım kimi qayğıkeş həyat yoldaşı
olduğu üçün özünü xoşbəxt
sayır. Hələ Tanrı payı olan nəvələri,
Ayişə, Ayla və Leylanı əzizləyəndə ruhən
dincəldiyini, qəlbən sevindiyini də gizlətmir.
Kamil insan, vicdanlı vətəndaş,
eyni zamanda mükəmməl oğul, mükəmməl ailə
başçısı, mükəmməl ata olmaq, ümumiyyətlə
bütün nə yaxşı xüsusiyyət varsa, onu öz
şəxsiyyətində birləşdirmək
üçün nə etmək lazımdır, - suallarına
cavabı Kərəm müəllim haqqında
yazılmış bu kitabda tapa bilərsiniz. Məhz bu
baxımdan kitab barəsindəki fikirlərimi sizinlə
bölüşmək qərarına gəldim. Burada bizdən
çox-çox əvvəlki illərdə
yazıb-yaratmış dahilərin fikirləri ilə razılaşmamaq
olmur. Belə ki, böyük zəka sahibləri Ziqmund Freyd və
onun ardıcılı Karl Qustav Yunqun insanın
doğulduğu yer, ailə və uşaqlıq mühitinin
onun psixologiyası və xarakterinin formalaşmasında
mühüm rolu barədə yazdıqları hardasa ilk
sualımıza daha real cavab kimi səslənir.
"Bir ömrün
odisseyası" kitabında da Kərəm müəllimin
doğulduğu təbii-coğrafi xüsusiyyətlərin,
elmi, tarixi-mədəni ənənələrinin təkrarolunmaz
məkanı - Cəbrayıl bölgəsinin əvəzsiz
rolu da öz əksini tapıb.
Kitabda qeyd olunduğu
kimi dağ yerinin adamlarına Allah elə bil ki,
başqalarına nisbətən daha gözəl, daha cazibəli
yaşayış məkanı bəxş etmişdir.
Cəbrayılın bu təbii
şəraiti daimi olaraq Azərbaycana qüdrətli
ziyalılar verməsinə şərait yaradıb.
Nəsildən-kökdən
gələn halallıq, kişilik, vicdani borc, kökə
bağlılıq və təəssübkeşlik ona
addım-addım yüksəlməyi öyrətdi. Kim bilir, o
pillələri qalxdıqca gənc Kərəm hansı
problemləri gördü, hansı çətinlikləri
yaşadı?
Pillələri
qalxdıqca gözügötürməyənləri də
artdı. Zərbənin başlanğıcı komanda
yoldaşı Məmmədovdan gəldi.
"Bir ömrün
odisseyası" kitabında Kərəm müəllimin ulu
babası da, babası da, atası da, balaca nəvəsi də
yer alıb. Çünki bu dünyada insan həyatının
ən ümdə vəzifəsi körpü olmaqdır -
özündən əvvəlkiləri özündən sonrakılarla
birləşdirib, zamanlar və nəsillər arasındakı
əlaqəni qırmağa qoymayan bir körpü - nəsillər
arasında körpü salmasıdır. Bu məsələ
doğrudan da, mənim diqqətimi çox cəlb etdi.
Çünki dünyanın ən inkişaf etmiş dövlətlərinin
insanları və məmurları ilə təmasda olarkən,
onların bu ülvi münasibətləri qoruyub
saxladıqlarının şahidi olursan. Bəzən də
fikirləşirsən ki, ilahi, görəsən, bizim millət
nə vaxt bu vacib məsələni dərk etmək
iqtidarında olacaq. Yəni, kim istəməz ki, ulu
babalarının canlı həyatını öz gözləri
ilə görsün. Onların keçdiyi həyat yoluna nəzər
yetirsin.
Bir qayda olaraq, adamlar rəhbər
vəzifəyə təyin olunanda sevinc hissləri
keçirir, qohumlar, yaxınlar onu təbrik edir,
gözaydınlığı verirlər. Kərəm müəllim
isə elə ağır, dözülməz dərd
yükünün altına girmişdi ki, hamı ona səbr
diləyir, bir söz tapıb təskinlik verirdi. 27 illik fasilədən
sonra o, yurdunun toy-büsatına yox, yasına, matəminə,
həmyerlilərinin dərdinə şərik olmağa,
ağlagəlməz bəlalardan əziyyət çəkən
adamların könül yaralarına məlhəm olmağa gəlmişdi.
O, qəm karvanına sarvan təyin edilmişdi və bu
karvanı səmum vaxtı səhradan keçirib təsəlli,
rahatlıq, sakitlik vahəsinə çatdırmalıydı.
Məhz bu baxımdan, kitabda məcburi
köçkünlük dövründə icra hakimiyyətinin
başçısı vəzifəsini və xalqın
mandatını əldə etmiş deputat səlahiyyətini
el-obasının ən ağır günlərində şərəflə
- ləyaqətlə yerinə yetirməsinə və onun əhalisi
tərəfindən necə sevilməsinə yer
ayrılması təsadüfdən yazılmayıb. Müəllif
daha rahat və gözəl dizaynla bəzədilmiş kabinetlərdə
əyləşib vəzifə tutan məmurlara sanki demək
istəyir ki, xalq qarşısında məsuliyyətinizi
yaddan çıxarmayın, tamahınıza qalib gəlməyi
öyrənin və sizə etimad göstərilmiş vəzifəni
layiqincə yerinə yetirin ki, nə vaxtsa işdən
uzaqlaşdırıldıqda, sizin də haqqınızda bir kəlmə
müsbət söz deyən tapılsın.
Müəllifin bu
cür ardıcıllıqla xırdaladığı məsələlər
və etdiyi manevrlər əsəri daha da zənginləşdirir.
Kitabda ən dəhşətli
məqamlardan biri də Kərəmin insanları Araz
çayından keçirmə tarixçəsinin qələmə
alınmasıdır.
Müəllif bu faciəni
(qısa məzmunda) belə təsvir edir: Rayonun
böyüklü-kiçikli, arvadlı-kişili,
qocalı-cavanlı əhalisi təngnəfəs idi. Bu, mal-heyvanlarını yaylağa, ya da arana aparan
insanların köçü
deyildi. Bu qədim türkün yeriyən evlərlə, təkərlər üstündə
otaqlarla yeni yurd axtarışı da deyildi. Arxada erməni faşistləri,
qarşıda isə payızın buz kimi gur Arazı
dururdu. Tərs kimi Arazın
bu yeri geniş
və dərin olduğundan
Xan Araz! Minlərdən bəri elə-obaya bərəkət gətirən,
son iki əsrdə isə alnına bir milləti iki yerə bölmək
kimi mənhus bir tale yazılmış günahsız müqəssir.
O indi heç olmazsa bu ağır
gündə ölümlə
üz-üzə dayanan
adamlara yol verəcək, onları lili sularında qərq etməyəcəkdi
ki?!
Minlərlə adamın
ölüm-dirim məsələsinin həll olunduğu bu məqamdakı
qətiyyətsizlik sonra əvəzi heç nə ilə
ödənilməyəcək itkilərə gətirib
çıxara bilərdi! Bircə yol qalırdı - qətiyyət, hətta ölümlə pəncələşmək
bahasına belə irəliləmək! K-700 traktoru ilə çayı keçmək
qərarına gələn
Kərəm Əliyev
bu qətiyyətli addımı atdı.
Baxmayaraq ki, çayın ortasına çatanda traktorun batma təhlükəsi yüz faizə yaxın olsa da, Allahın möcüzələrindən biri
də baş verərək Kərəmi
ölümün caynağından
qoparıb aldı, bu da onun
İrana keçməsinə
və minlərlə cəbrayıllıların, zəngilanlıların,
qubadlıların və
s. ölümdən xilas
olmaları ilə nəticələndi.
Kitabda bir-birimizə olan
qısqanclıq və paxıllıq hisslərinin vurduğu zərbələrin
nəticəsi barədə də yer ayrılmasından yan
keçilməyib. Həyatın bütün sahələri
üzrə Allah tərəfindən xalqımıza bəxş
olunmuş qeyri-adi istedadlı insanları qısqanclığa
qapılaraq aradan götürməklə rahatlıq
tapırıq.
Müəllifin bu fikri
ilə razılaşaraq, onu oxucularımıza sadə dildə
çatdırmaq məqsədilə bu sahədə nankor
qonşularımızdan, düşmən də olsalar ibrət
götürmək lazım gəldiyini demək istəyirəm.
Belə ki, onlar yüz ildən də çoxdur ki, dünyanın hansı nöqtəsində
olursa-olsun, istedadlı
uşaqlarına, uşaq
vaxtlarından seçib
lobbilərinin ayırdıqları
milyonlarla dollar sərf
edərək onları
xüsusi diqqət və qayğı altında bəsləyir, dünya səviyyəli mütəxəssis kimi hazırlayır və sonradan dünyanın canına salırlar.
İstər elm sahəsi olsun,
istər biznes sahəsi, istərsə də milli məsələ,
fərqi yoxdur. Nəticə
də göz qabağındadır. Kim də bilməsə, Azərbaycan xalqı bunu yaxşı bilir. Bir şeyi dərk etməyin gec də olsa vaxtı
çatıb: biz bilməliyik,
ziyalısız, öndərsiz
millətin axırı
yoxdur. O, daima kiminsə qoltuğu altında yaşamağa üstünlük vermək
məcburiyyətində olacaq.
Fikrimi "Ön
sözün" müəllifi, AMEA-nın müxbir
üzvü, professor, BDU-nun türkologiya kafedrasının
müdiri Tofiq Hacıyevin sözləri ilə
yekunlaşdırmaq istəyirəm: "Kitabdakı hadisələri
həyəcansız oxumaq olmur. Bu kitab yalnız Kərəm Əliyevin tərcümeyi-halı deyil.
Bu təsvirlər yerindən-yurdundan didərgin
düşmüş insanların
yaşadığı dəhşətli
faciə səhnələri,
köçkünlük həyatının
müsibətli anlarıdır.
Kərəm müəllim ömrünə-gününə,
həyat tarixçəsinə
yazılan o anlara dəyanətlə, mərdliklə
sinə gərdi, həyatın çətin
sınaqlarından çıxdı.
Həmyerlilərinə arxa, kömək
oldu, özünü unudub, yalnız ellərini düşündü.
Bu ona gətirib
çıxardı ki,
Kərəmin simasında
cəbrayıllılar əsl
xalq elçisini gördülər. Bu etimad onu millət
vəkili kürsüsünə
aparıb çıxartdı.
Kərəm deputat fəaliyyəti
dövründə də
ona göstərilən
etimadı doğrultdu.
Xalqının özünün dərdi kimi yaşadığı ağrısını
dünyanın ən mötəbər kürsülərindən
səsləndirməkdən çəkinmədi".
Amma məncə, cəmiyyət
hələ Kərəm müəllimin haqqında son
sözünü deməyib. Onun potensialından
tam dolğunluğu ilə
istifadə olunmayıb.
Heç
şübhəsiz ki,
mühit saflaşdıqca,
kamilləşdikcə, unutqanlığa
son qoyulacaq və Kərəm müəllim
özünün əsl
qiymətini də onda alacaq.
Ən nəhayət, müəllif Kərəm müəllimin ən ali arzusunun hələ həyata keçmədiyini qeyd edir. Bu arzu torpaqlarımızın azad edilməsi və yurd-yuvalarımıza dönmək arzusudur. Kərəm müəllim öz arzularında da halal və ləyaqətlidir. Şübhə etmirik ki, bu vətənpərvər istəyi də hökmən həyata keçəcək. O vaxt onun sevinci də şəxsiyyəti kimi bütövləşəcək. Müəllif kitaba Kərəm müəllimin öz dilindən çıxan: "Torpaqlarımız azad olarkən ağrı-acılarıma son qoyulacaq. Anamın və qardaşımın (hər ikisi bir gündə dünyasını dəyişib) qəbrini qucaqlayıb, uzun müddət onlara baş çəkmədiyimə görə doğmalarımın ruhlarından üzr istəyəcəyəm", - sözləri ilə bitirir.
Əntiqə RƏŞİDQIZI
525-ci qəzet.- 2009.- 13 may.- S.6.