"Türk kültüründə
azərbaycanlılar və
Sarıqamış hərəkatı"
adlı konfrans keçirilib
Atatürk Mərkəzində
"Türk kültüründə azərbaycanlılar və
Sarıqamış hərəkatı" mövzusunda konfrans
keçirilib. Atatürk Mərkəzinin rəhbəri, millət
vəkili Nizami Cəfərov konfransın ümummilli lider Heydər
Əliyevin doğum gününə təsadüf etdiyini
xüsusi vurğulayıb. O, belə konfransların mütəmadi
keçirilməsinin vacibliyini deyib.
Sonra əslən Azərbaycanın
Qazax bölgəsindən olan İstanbul Universitetinin Cərrahpaşa
tibb fakültəsinin professoru, araşdırmaçı alim
İbrahim Yıldırımın "Türk
Kültüründə azərbaycanlılar. İstanbul və
İstanbul Universiteti" adlı məruzəsi dinlənilib.
İbrahim Yıldırım deyib ki, mövzu ilə
bağlı uzun illər ərzində apardığı
araşdırmalarda gəldiyi nəticələrə görə,
Amasya və ətrafındakı bölgələr dəyişik
zamanlarda Qafqazdan, Balkandan və Krımdan çoxlu türk
köçlərinə qucaq açıb. Sonradan Anadolunun
bütün yerlərinə Azərbaycan türkləri məhz
bu şəhərdən yayılıblar. Burada əslən Azərbaycandan
olan və "şirvanlı" adı verilmiş bir türk
toplumu mövcuddur, lakin bu insanların bir çoxu onlara nə
üçün "şirvanlı" deyildiyini bilmirlər.
Bu mövzu indiyə qədər dərinliyi ilə
araşdırılmayıb. Alim deyib ki, buraya ilk köçlər
Şirvan vilayətindən olub, ardınca Azərbaycanın
digər vilayətlərindən də buraya köçlər
olub. Lakin əvvəlki adla onların hamısına
"şirvanlı" deyilib. İstanbul Universitetinin Azərbaycan
türklərinin həyatında önəmli rolundan bəhs
edən alim eyni zamanda Universitetdə mühazirələr
oxumuş onlarca Azərbaycan türkünün mənalı
ömür yolundan danışıb. İ.Yıldırım
xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin
ideoloqlarından və qurucularından olan Əlibəy
Hüseynzadə, Əhmədbəy Ağaoğlu və
başqa mütəfəkkirlər haqqında indiyə kimi məlum
olmayan qaranlıqları açıqlayaraq, onların
saralmış nadir fotolarını göstərib.
Çıxışının
sonunda İ.Yıldırım Azərbaycan hökumətindən
Əlibəy Hüseynzadəyə və digər xalq fədailərinə
xatirə olaraq abidə və ya heykəl yapılmasını
istəyib.
Digər məruzəçi
əslən Ahıska türkü olan tarixçi, professor
Bingül Sönməz "Sarıqamış hərakatı
və türk əsirləri" adlı məruzə ilə
çıxış edib. B.Sönməz Bakı
yaxınlığında yerləşən Nargin
adasındakı əsirlərin acı taleyinə toxunub. Deyib
ki, "İlanlar adası" adlanan adanın "dəhşətlər
adası" adlanmasını orada əsirlərə verilən
insanlıq xaricində olan işgəncə və zülmlə
əlaqədardı.
Nəriman Nərimanovun
Nargin adasında açıq havada, küləklar
qarşısında saxlanan türk əsirlərin durumu barədə
tükürpədici məlumatları da məruzədə əksini
tapıb. Azərbaycan türklərinin böyük çətinliklər
bahasına Nargin adasındakı türk əsirlərə
göstərdikləri yardımlar və adadan əsirlərin
qaçırılmalarının təşkili barədə
ilk dəfə geniş araşdırmalar
aparıldığı bildirilib. Sonda əsirlərə
kömək məqsədi ilə yaradılmış xeyriyyə
cəmiyyətlərinin adları açıqlanıb.
Məruzələrdən
sonra millət vəkili Qənirə Paşayeva qonaqlara öz
dərin təşəkkürünü bildirərək,
onların çox önəmli işlərlə məşğul
olduğunu diqqətə çatdırıb.
Konfransda həmçinin film nümayiş
olunub. Rusların Sarıqamış döyüşündən sonra
propaqanda üçün
lentə aldığı
bu dəhşətli kadrları sakit bir tərzdə izləmək mümkün
deyildi. Meyitlərin başları əzilib,
gözləri çıxarılıb,
bir sözlə tanınmaz hala salınıblar. Dağlarda, yollarda
donmuş vəziyyətdə
qalmış meyitlər
4 ay dəfn olunmaq üçün yerli əhaliyə verilməyib,
qurd-quşa yem olub. Minlərlə türk əsirinin
Rusiyanın müxtəlif
yerlərində və
çətin relyeflərində
yaradılan əsir düşərgələrinə köçürülməsindən də bəhs edilib.
Sonda Nizami Cəfərov
qonaqlara konfransın keçirilməsinə görə təşəkkürünü
bildirib.
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 13 may.- S.5.