Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü Xızı
rayonunda da qeyd edilib
Beynəlxalq Diaspor Mərkəzinin
(BDM) təşkilatçılığı ilə
Xızı rayonunun Altıağac qəsəbəsində
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümü münasibətilə mədəni-kütləvi
el şənliyi keçirilib. Mərasimdə BDM-in sədri
İsmayıl Ağayev çıxış edərək ulu
öndər Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı əvəzolunmaz xidmətlərindən
danışıb. O, qeyd edib ki, "xalqlar həbsxanası"
adlandırılan keçmiş SSRİ-də slavyan
xalqları qanunpərəst, gürcülər vətənpərvər,
ermənilər daha çox ruslara sadiq xalq kimi
tanındığı vaxtda azərbaycanlılara qarşı
ögey münasibət bəslənib. Onun sözlərinə
görə, 1969-cu ildə Azərbaycan rəhbərliyinə
ümummilli lider Heydər Əliyevin gəlməsi bu stereotipi
təfəkkürlərdən birdəfəlik silib: "Ulu
öndər Heydər Əliyevin idarəçiliyi
dövründə Azərbaycan Respublikası daha da inkişaf
edib. Çoxsaylı azərbaycanlının dövlət
işlərinə cəlb olunması nəticəsində isə
xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi
formalaşıb. Bütün bunlarla yanaşı ulu öndər
Heydər Əliyev hələ sovet dönəmində
xalqımızın, dövlətimizin
bütövlüyünü təşkil edən
ideologiyanın bünövrəsini qoyub. Məhz bu xidmətlərinə
görə də, torpaqlarımızın 20 faizinin Ermənistan
tərəfindən işğal edildiyi və vətəndaş
müharibəsinin başladığı bir zamanda xalq
düzgün seçim edərək millətimizin gələcəyi
naminə yorulmadan fəaliyyət göstərən ulu öndər
Heydər Əliyevi yenidən hakimiyyətə dəvət
edib. Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara
son qoyulub. Həmin tarixdən etibarən müstəqil Azərbaycan
Respublikasının inkişafı naminə müxtəlif sahələri
əhatə edən genişmiqyaslı islahatlara start verilib,
ölkəmiz yeni həyata qədəm qoyub. Eyni zamanda
müxtəlif ölkələrə səpələnmiş
azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında
təşkilatlanması üçün də əməli tədbirlər
görülməyə, o cümlədən uzunmüddətli
perspektivlərə hesablanmış siyasət
yürüdülməyə başlanılıb".
Beynəlxalq Diaspor Mərkəzinin
Avropa nümayəndəsi Azər Kərimov
çıxışı zamanı ulu öndərin ölkəmizdən
kənarda yaşayan həmyerlilərimizə göstərdiyi
diqqət və qayğıdan danışıb. Bildirib ki,
ümummilli lider Azərbaycan prezidenti kimi rəsmi və
işgüzar səfərləri çərçivəsində
həmişə xaricdə yaşayan azərbaycanlılarla
görüşərək onların problemləri, həmçinin
də fəaliyyətləri ilə tanış olub,
soydaşlarımızı Azərbaycanda investisiya layihələrində
iştirak etməyə dəvət edib: "Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir
dövlətə çevrilməsi, qarşısında duran
problemlərin həll olunması, qanunun aliliyinin təsbit
olunduğu demokratik, hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməsi üçün bütün dünya
ölkələrindəki soydaşlarımızın həmrəyliyinə
nail olmaq kimi çətin bir missiyanı üzərinə
götürmüşdü. Məhz Heydər Əliyevin
produktiv fəaliyyəti, qayğısı və böyük
diqqəti sayəsində xaricdə yaşayan
soydaşlarımız Azərbaycanın milli maraqları
uğrunda daha əzmlə fəaliyyət göstərməyə
başlamış, doğma vətənləri ilə əlaqələrini
möhkəmləndirmiş, ölkəmizin dövlət
quruculuğu prosesində yaxından iştirak etməyə və
burada gördükləri real həqiqətləri
bütün dünyaya yaymağa başlamışlar".
Mərasimdə professor
Vaqif Arzumanlı, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya
Federasiyasındakı nümayəndəsi Ələmdar Nəbiyev
və başqaları da çıxış edərək ulu
öndərin həyat və fəaliyyətindən
danışıblar.
Sonra ümummilli liderin
anadan olmasının 86 ildönümü münasibətilə
Altıağac qəsəbəsindəki gənclərin
iştirak etdiyi at yarışı keçirilib. Yarışın
şərtlərinə görə müəyyən
edilmiş məsafəni birinci olaraq qət edən
yarışçıya pul mükafatı və Şəmistan
Əlizamanlının vətənpərvər mahnılardan
ibarət "Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
adlı diski hədiyyə edilib. Daha sonra mərasim
tanınmış müğənni və xanəndələrin
ifasından ibarət konsert proqramı ilə davam etdirilib.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2009.- 13 may.- S.2.