Gənclərin beynəlxalq əməkdaşlığına
həsr olunan festival keçirilib
Mayın 11-də
Bakıda Gənclər və İdman Nazirliyilə Tələbələrin
İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq
Assosiasiyası (AİESEC) beynəlxalq "Global Village"
festivalına təşkil edib.
Tədbirdə
çıxış edən Gənclər və İdman
Nazirliyinin sektor müdiri Fuad Babayev deyib ki, Azərbaycanın
ikinci dəfə ev sahibliyi etdiyi festival gənclər
arasında mədəniyyətlərarası anlaşma və
dialoqun daha da inkişafı baxımından çox əhəmiyyətlidir:
"Beynəlxalq "Global Village" festivalında gənclər
25-dən artıq artıq ölkənin mədəniyyətini
təqdim etməklə bərabər, ayrı-ayrı
xalqların adət-ənənələri, milli mətbəxi,
rəqsləri və musiqisi haqqında ətraflı məlumat
verirlər". F.Babayev qeyd edib ki, sözügedən festival
AİESEC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinə
və Azərbaycanın Beynəlxalq AİESEC təşkilatına
tamhüquqlu üzvlüyünün 3 illiyinə həsr
olunub.
"AİESEC Azərbaycan"
şirkətinin prezidenti Fərid İsmayılzadə
vurğulayıb ki, təşkilatın xəttilə hər
il dünyada 7 min 500 tələbə mübadiləsi həyata
keçirilir, beynəlxalq konfranslar təşkil olunur. Onun
sözlərinə görə, təşkilat dünyanın
100-dən çox ölkəsində gənclərin şəxsi
və peşəkar inkişafına istiqamətlənmiş
bütün təşəbbüsləri - təhsil və təlim
layihələrini, konfransları, beynəlxalq tələbə
mübadiləsi proqramlarını dəstəkləyir.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 13 may.- S.2.