Mətbuat Şurasında
Türkiyə və Azərbaycanın media təmsilçilərinin dialoqu
keçirilib
ƏFLATUN AMAŞOV: "BİZİM FİKRİMİZ BUDUR Kİ, QARABAĞ MƏSƏLƏSİ HƏLL OLUNMAYANADƏK TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ AÇILMASIN"
Mayın 11-də Azərbaycan
Mətbuat Şurasında Türkiyənin ölkəmizdə
səfərdə olan nüfuzlu media təmsilçilərindən
ibarət nümayəndə heyəti ilə görüş
keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas
diqqət Türkiyə-Azərbaycan münasibətlərinin
son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin
açılması məsələlərinə yönəlib.
Tədbiri açan
MŞ sədri Əflatun Amaşov bildirib ki, hazırda iki
ölkə arasındakı əlaqələr müzakirə
edilərkən nəzərlər Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına dair söz-söhbətlərdə cəmləşir,
bu zaman müəyyən narazılıqların və ziddiyyətli
məqamların mövcudluğu gözə dəyir. Ə.Amaşov
bildirib ki, Şuranın təşəbbüsü ilə
aprelin 7-də Azərbaycanın aparıcı kütləvi
informasiya vasitələrinin nümayəndələri
qardaş ölkənin jurnalistlərinə müraciət
ünvanlayıb: "Müraciət sərhədlərin
açılıb-açılmayacağı ilə
bağlı Türkiyə hökuməti tərəfindən
konkret mövqenin sərgilənmədiyi bir dönəmə təsadüf
edib. İstər buna, istərsə də sərhədlərin
açılması məsələsinə etiraz edən digər
çağırışlarımıza həssas
yanaşılması müsbət haldır. Bizim fikrimiz budur
ki, Qarabağ məsələsi həll olunmayanadək
Türkiyə-Ermənistan sərhədləri
açılmasın. Çünki 1993-cü ildə
Türkiyə Ermənistanın üzünə sərhədləri
qapayarkən Qarabağ faktoru əsas
götürülmüşdü. Vəziyyət dəyişməyib.
Yəni, Azərbaycanın ərazisi olan Dağlıq
Qarabağ işğaldan qurtulmayıb. Belədə məsələnin
gündəmə gəlməsi birmənalı
qarşılanan deyil. İstərdik ki, Türkiyənin
aparıcı media qurumları təmsilçilərinin buna
münasibətini bilək".
Avrasiya Qəzetəcilər
Cəmiyyətinin rəhbəri Kürşad Zorlu təmsil
etdiyi təşkilatın fəaliyyət istiqamətlərində
türk toplumlarındakı media vasitələri arasında əlaqələr
yaradılmasının başlıca yer tutduğunu
vurğulayıb. O qeyd edib ki, informasiya mübadiləsi
lazımi səviyyədə olmayanda meydana problemlər
çıxır. Zaman-zaman Qarabağ həqiqətlərinin
dünyaya düzgün çatdırılmaması da bunlardan
biridir. Ona görə də türk dövlətlərinin
mediaları, başlıca olaraq Azərbaycan və Türkiyə
mediası bir olmalıdır. "Hazırda dünyanın mədəni
coğrafiyasında bir sıra amillər dəyişməkdədir.
Türkiyə bütün bunlara qarşı ciddi müqavimət
göstərir. Hesab edirik ki, bu müqavimət Azərbaycanın
xeyrinə olacaqdır. Türkiyə beynəlxalq aləmdə
nə qədər güclü olarsa, Azərbaycan da
güclü olar", - deyə o bildirib.
AQD-nin digər təmsilçisi,
Türkiyənin "Yeni Şəfəq" qəzetinin
müxbiri Murat Palavar bilgi, informasiya mübadiləsi məsələsini
iki ölkə mediası arasındakı münasibətlər
sistemində əhəmiyyətli cəhət kimi dəyərləndirib.
Onun fikrincə, bunun zəifliyi bəzi xoşagəlməz məqsədli
fikirlərin ortaya atılmasına rəvac verib. M.Palavar səfərlərinin
belə meyllərə qarşı olduğunu diqqətə
çatdırıb. Sərhədlərin
açılıb-açılmayacağına gəlincə,
dərnək təmsilçisi bu məsələdə
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
mövqeyinə inandığını dilə gətirib.
"Yeni Şəfəq"
qəzetinin yazarı İbrahim Qaragül
çıxışında müzakirə edilən mövzunun
beynəlxalq müstəvidə dəyərləndirilən
istiqamətlərindən söz açıb: "Mənim
baxışlarımda Qafqaz bir bölgədir. Beynəlxalq aləmdə
də belə qəbul olunur. Burada söhbət təkcə Azərbaycan
torpaqlarının işğalından getmir. Türkiyənin
Qafqaz siyasətində Azərbaycan ayrıca amil kimi müstəsna
əhəmiyyətə malikdir. Türkiyənin Ermənistanla
münasibətləri də Qafqaz siyasətinin tərkib hissəsidir".
"Xalq cəbhəsi"
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələnin
bu cür qoyuluşu ilə
razılaşmadığını dilə gətirib. Onun
sözlərinə görə, Azərbaycan Türkiyəyə
Avrasiya siyasətinin tərkib hissəsi kimi yanaşmır. "Biz
Türkiyəni elə Türkiyə kimi qəbul edirik və
münasibətin qarşılığını istəyirik"
deyən baş redaktor tarixi faktlara müraciət edərək
diqqəti 1905-1918-ci illərdə Osmanlı İmperiyası
daxilindəki erməni qırğınlarına yönəldib
və bildirib ki, Qarabağda baş verənlər əslində
həmin mənfur siyasətin tərkib hissəsidir.
Məlumatsızlığa
gəlincə, E.Mirzəbəyli Türkiyə
mediasının Azərbaycanı tanımamaqla bağlı
probleminin mövcud ola biləcəyini istisna etməyib. Azərbaycan
mediasının isə Türkiyə barədə kifayət qədər
xəbərdar olduğunu vurğulayıb: "Fikirlər səslənib
ki, Azərbaycan mediası sərhəd məsələsini
qabardır. Amma gəlin unutmayaq ki, Ermənistanla sərhədin
açılacağını ilk olaraq yazan Türkiyənin
"Hürriyyət" qəzeti olub".
Mövzunu davam etdirən
"Azəri press" Agentliyinin (APA) baş direktoru Vüsalə
Mahirqızı Azərbaycandan Türkiyəyə yönələn
müxtəlif miqyaslı əks fikirləri Türkiyə rəsmilərinin
sərhəd məsələsindəki anlaşılmaz
mövqeyi ilə izah edib: "Prezident İlham Əliyev də
Belçikada səfərdə olarkən Türkiyə
hökumətinin indiyədək bir suala cavab vermədiyini dilə
gətirdi. Həmin sual "Yol xəritəsi" planında
Qarabağ məsələsinin yer alıb-almaması ilə
bağlıdır. Təəssüf ki, cavab yoxdur. Belədə
media qurumlarının məsələni istədikləri kimi
yozmaları mümkündür".
Türkiyənin
"Radikal" qəzetinin beynəlxalq xəbərlər
şöbəsinin müdiri Ceyda Karan Türkiyə və Azərbaycanın
bölgədə mühüm güc sahibləri kimi
çıxış etdiklərini vurğulayaraq onların səylərini
birləşdirmələrinə zərurət duyulduğunu
önə çəkib.
"Azərbaycan" qəzetinin
baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun
fikrincə, sərhəd məsələsinin gündəmə
gəlməsi dünya iqtisadi böhranı ilə
bağlıdır. Onun bildirdiyinə görə, böhran Ermənistanı
acınacaqlı vəziyyətə salıb. İkili
standartlardan çıxış edən beynəlxalq birlik isə
hər vəclə ölkəni düşdüyü durumdan
çıxarmağa çalışır. Türkiyənin
sərhədləri nə üçün
bağladığı hamımıza bəllidir. Qarabağla
bağlı gündəmdə qalıb-qalmayacağı
bilinmir.
Tədbirdə Azərbaycanın
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini
tanımaması ilə bağlı türkiyəli jurnalistlərin
açdıqları müzakirəyə münasibət bildirən
"Ədalət" qəzetinin təsisçisi, millət
vəkili Aqil Abbas ölkəmizin türk Kipri ilə
münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib,
bununla əlaqədar bir sıra faktları
açıqlayıb. Müstəqilliyin tanınmamasına gəldikdə,
millət vəkili məsələni Qarabağ problemi ilə
eyni müstəvidə dəyərləndirməyin tərəfdarı
olmadığını deyib. Onun fikrincə, Şimali Kipr
türklərin tam ixtiyarında olan ərazidir, türk
torpağıdır: "Dünya qəbul etsə də, etməsə
də bu, belədir. Qarabağ isə işğal
altındadır".
"Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı
çıxışında diqqəti Türkiyə prezidenti
Abdullah Gülün Ermənistana səfərinə yönəldib.
O, həmin səfərdən sonra türk jurnalistlərin
Yerevana səfərlərinin mütəmadi xarakter
aldığını, qələmə alınan yazılarda
ermənilərə məhəbbət və rəğbət
hissinin aşılanmasına geniş yer verildiyini
vurğulayıb: "Məsələnin bu formada qoyuluşu
yanlışdır. Ermənistan elə Türkiyənin
özü ilə bağlı hansı məsələdə
güzəştə gedib ki, ona belə münasibət sərgilənir?"
Çıxış edən
digər natiqlər Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə bağlı söz-söhbətlərin
və yaranan situasiyanın Türkiyə və Azərbaycan
xalqı arasındakı münasibətlərə xələl
gətirməyəcəyinə olan inamlarını müxtəlif
tarixi bağlılıq tellərinin güclü olması ilə
əsaslandırıblar.
Qeyd edək ki, türkiyəli
media nümayəndələrinin ölkəmizə səfərinin
təşəbbüsçüsü Avrasiya Qəzetəcilər
Dərnəyidir. Bu missiyanın reallaşdırılmasında
Azər-Türk Qadınlar Birliyi yaxından iştirak edib. Təşkilatın
sədri Tənzilə Rüstəmxanlı Mətbuat
Şurasında keçirilən görüşün əhəmiyyətini
qeyd etməklə yanaşı, qonaqların
qarşıdakı üç gün müddətində
qatılacaqları digər tədbirlər barədə də
məlumat verib.
T.Rüstəmxanlı həmçinin
bildirib ki, səfərin təşkilindən məqsəd
ölkəmizdə Türkiyə ilə bağlı
yaşanan durumun qardaş ölkənin ictimai rəyinə
obyektiv şəkildə təqdimatına kömək göstərməkdir.
O, türkiyəli jurnalistlərin bu istiqamətdə çox
iş görə biləcəklərinə ümidvar
olduğunu vurğulayıb.
BƏXTİYAR
525-ci qəzet.- 2009.- 13 may.- S.2.