Firuz Mustafanın yeni kitabları təqdim olunub
Ötən gün Yazıçılar Birliyində yazıçı-dramaturq Firuz Mustafanın "Dəniz köçü" və "13-cü hekayə" kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu Firuz Mustafanın həm dost, həm də yaradıcı insan kimi çox gözəl xüsusiyyətlərə malik olduğunu vurğulayıb.
"Firuz Mustafa yaradıcılığı yeni dövrün ədəbi hadisəsidir". Bu fikri tədbirdə filologiya elmləri doktoru Bədirxan Əhmədli səsləndirib. Şair İlyas Tapdıq F.Mustafanı yaradıcılığa başladığı ilk vaxtlardan müşahidə etdiyini və onun ədəbi fəaliyyətində hərtərəfli inkişaf gördüyünü deyib: "Firuzun yaradıcılığı çoxşaxəlidir. Həm publisist, həm yazıçı və dramaturq, həm də ziyalı kimi fəaliyyətini ürəkdən bəyənir və yüksək qiymətləndirirəm".
Tənqidçi-publisist Bəsti Əlibəyli F.Mustafanı Azərbaycan yazarları içərisində heç bir nəsil təsnifatına sığışmayan, "dünənin, bugünün və sabahın yazıçısı" kimi səciyyələndirib.
Tədbirdə millət vəkili Nazim Məmmədov, şair Musa Ələkbərli, publisist Hicran Hüseynova və digər qələm sahibləri də F.Mustafanın yaradıcılığının məziyyətləri haqqında söz açıblar.
Sonda F.Mustafa şəxsiyyəti və yaradıcılığı haqqında söylənilən fikirlərə görə minnətdarlığını bildirib.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 14 may.- S.7.