"Həmişə" uğura doğru...
Avropa 54-cü dəfə
möhtəşəm bir
musiqi bayramı yaşayır. Böyük
mədəniyyətlərin qovuşuğunda - Moskvada gerçəkləşən bu
bayram onlarla ölkənin əhalisini gecənin bir aləmində ekranların
önünə cəmlədi.
Milli maraqların kulminasiya həddinə çatdığı yarışmada
hər kəs yalnız öz bayrağını yüksəklərə
qaldıran ifaçısını
alqışlayır və
dəstəkləyirdi.
Zənnimcə, builki
"Eurovision" ötənilkindən daha az coşquludur. Hər
halda, birinci yarımfinaldakı iştirakçıların
çıxışı bunu deməyə əsas verir. Hərçənd
ki, 18 ölkənin öz musiqi nömrəsini təqdim etdiyi
yarımfinalda kifayət qədər maraqlı ifalar da nəzərə
çarpdı. Amma bütün hallarda qəlbimdəki əzəli,
əbədi türkçülük sevgisini bir kənara
qoyaraq, əsl tamaşaçı mövqeyindən demək
istərdim ki, bu il qardaş Türkiyə təmsilçisi
keçən dəfəkindən yaxşı ifa və bəsit
olsa da, diqqətçəkən şou nümayiş etdirdi. Bütün
hallarda Avropa və dünya tamaşaçıları bir daha
türk sənətinin təntənəsinə şahid
oldular. Hadisə Açıqgöz artıq bir
"Eurovision" formatı kimi formalaşmış ənənəvi
qəlibdən çıxış edərək, hər kəsin
diqqətini çəkə bildi. Yarımfinalda elə
mahnılar və ifaçılar da oldu ki, sanki onlar, el
arasında deyildiyi kimi, müsabiqəyə "xala, xətrin
qalmasın" prinsipilə qoşulmuşdular. Bir
tamaşaçı kimi, Çexiyanın
çıxışını bu qəbildən olan ifalardan
hesab edirəm. Amma müsabiqənin qəbul olunmuş
formatından fərqli çıxışlar da az deyildi. Əsasən
opera musiqisinin üstünlük təşkil etdiyi mahnılar
da alqışlarla qarşılandı. İsveçin və
Maltanın təqdim etdiyi mahnılar bu baxımdan daha artıq
bəyənildi. Əksər hallarda olduğu kimi,
tamaşaçı zövqü bəzən sürpriz nəticələr
də diqtə edir. Favoritlər sırasında tez-tez adı
hallanan belaruslu ifaçı Pyotr Elfimovun finala çıxa
bilməməsi təəccüb doğurdu. Amma zövqlərə
(əslində bəlkə də siyasi maraqlara) görə
mübahisə etmək mümkün deyil. Hər halda,
adıçəkilən ifaçının peşəkar
çıxışının belə qiymətləndirilməsi
təəccüb və təəssüf doğurmaya bilməz.
Bədnam
qonşularımız - ermənilər yenə köhnə
ampluadaydılar. Müxtəlif ölkələrin musiqilərindən
qırıq-qırıq kəsib, yamaq-calaq şəklində
bir musiqi nömrəsi ortaya çıxarmışdılar. Bu
"qurama" mahnıda başqa xalqların, ən çox
da Azərbaycanın musiqisinin və mədəniyyətinin ən
yaxşı ştrixlərini əks etdirmişdilər. Yəqin
ki, elə buna görə onlar da finala çıxmağı
bacardılar. Nə yazıq ki, yayılan məlumatlara görə,
bu uğurun qazanılmasında Sankt-Peterburqda yaşayan və
çalışan azərbaycanlının da payı var. Musiqi
nömrəsində açıqca hiss olunan Azərbaycan
melodiyası, hətta zurnanın səsi
damarlarımızdakı qanı tərpətsə də,
çox təəssüf, bunu ermənilər təqdim edirdilər.
Bütün bu yamaqlara, quramalara və mənimsəmələrə
baxmayaraq, mahnının ruhuna əsl erməni xisləti
hopmuşdu. İngilis və erməni dillərində ifa etdikləri
mahnı əsl erməni şousu idi. Həmişəki kimi bu
dəfə də erməniliklərini gözə soxaraq irəli
keçə bildilər.
Müsabiqənin
finalına vəsiqə qazanan mahnılardan biri isə mahiyyətinə,
sözlərinə, daşıdığı məna
yükünə görə başqalarından əsaslı
şəkildə fərqlənirdi. İsraili təmsil edən
ərəb və yəhudi müğənnilər
"Başqa bir çıxış yolu olmalıdır"
dedilər. Bu mahnı ilə bir kökdən yaranan, bir
başlanğıcdan gələn bütün bəşər
nəslini sülhə, barışa səslədilər. Təəssüf
ki, bu cür həmrəylik hələ də yalnız səhnələrdə
gerçəkləşir. Amma tamaşaçıların səslərinin
bu mahnını finala çıxarması da, yəqin ki,
artıq bəşəriyyətin müharibələrdən,
qırğınlardan bezməsi ilə bağlı idi. Axı,
doğrudan da, bütün bu qarşıdurmalardan bir
çıxış yolu olmalıdır...
Hələlik bizə
mayın 14-də (bugün) ikinci yarımfinalı izləmək
qalır. Çünki biz də, millət olaraq,
bayrağımızı, istedadımızı, fikir və
maraqlarımızı "Eurovision" səhnəsinə
daşımışıq. Bunları yarımfinaldan finala
aparmaq vəzifəsi isə Aysellə Araşın çiyninə
düşüb. İnşallah, bəslədiyimiz ümidləri
"Həmişə"("Always") doğruldacaq!..
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 14 may.- S.7.