"Eurovision-2009"un ilk yarımfinalı keçirilib

 

Mayın 12- Moskvada "Eurovision-2009" müsabiqəsinin I yarımfinalı gerçəkləşib. APA-nın Moskvaya ezam edilmiş xüsusi müxbirinin məlumatına görə, müsabiqənin I yarımfinalının aparıcıları Andrey Malaxov Natalya Vodyanova olub.

Müsabiqənin I yarımfinalında 18 ölkə - Çernoqoriya, Çexiya, Belçika, İsveç, Belarus, İsveçrə, Ermənistan, Andorra, İsveç, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina mübarizə aparıb. Bu ölkələr arasından 10-u - Türkiyə, İsveçrə, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya-Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya finala vəsiqə qazanıblar. Bu 10 ölkənin finalda çıxış edəcəyi sıra nömrəsi müəyyənləşib. Mayın 16-da keçiriləcək final mərhələsində Türkiyə 18, İsveçrə 4, İsrail 2, Portuqaliya 6, Malta 14, Finlandiya 24, Bosniya-Hersoqovina 12, Rumıniya 22, Ermənistan 9, İslandiya 7-ci çıxış edəcək.

Yarımfinaldan sonrakı mətbuat konfransında çıxış edən Türkiyə təmsilçisi Hadisə Açıqgöz finala vəsiqə qazanmasına çox sevindiyini bildirib. O, media mənsublarının: "Siz bu müsabiqədə bütün təmsilçilərdən gözəlsiniz" - replikasının cavabında: "Bu müsabiqədə hər bir təmsilçi gözəldir, burada söhbət tək məndən getməməlidir" - deyib.

İsveçrə təmsilçisi Malena Ernman bu müsabiqədə ən güclü rəqibinin Yunanıstan təmsilçisi Sakis Ruvas olduğunu qeyd edib. İsrail təmsilçiləri Noa və Mira Avad isə mahnıları ilə bütün dünyaya sülh arzuladıqlarını bildiriblər: "Biz dünyada gedən bütün savaşlara yox deyirik, ancaq və ancaq sülh istəyirik. Bu mahnını oxumaqda da əsas istəyimiz məhz budur". Artıq üçüncü dəfə bu müsabiqədə iştirak edən Malta təmsilçisi Chiara bu dəfə qalib olacağını düşünür: "Eurovision" müsabiqəsində bu vaxta qədər iki dəfə iştirak etmişəm. Bir iştirakımda ikinci, digərində isə üçüncü olmuşam. Bu dəfə isə müsabiqənin qalibi olmağa gəlmişəm. Mən istəyimə çatacağam. İradəliyəm və qalib gəlmədən geri çəkilməyəcəm".

Qeyd edək ki, "Eurovision-2009" müsabiqəsinin II yarımfinalı mayın 14-də keçiriləcək. Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş müsabiqənin II yarımfinalında 12-ci çıxış edəcəklər.

 

 

525-ci qəzet.- 2009.- 14 may.- S.7.