Mənim tanıdığım Kamal Qəhrəmanov

 

Mən ədəbiyyatşünas alim Kamal Qəhrəmanovu keçmiş Azərbaycan Dövlət Pedaqoji İnsititutuna qəbul olunmazdan xeyli əvvəl tanıyırdım. Onun adını ilk dəfə ədəbiyyat müəllimim, AYB-nin üzvü, Respublikanın əməkdar müəllimi, doğmaca əmim Sevi Sevdimalıdan eşitmişdim. Sonralar mən də filologiya fakültəsinə qəbul olundum. Haqqında xoş təəssürratım olan Kamal müəllimlə uzaqdan-uzağa tanış idim. Kamal müəllimi uşaqlardan soraqladım. Bir gün tənəffüs vaxtı idi. Dəhlizdə qələbəlik idi. Həmin vaxt filologiya fakültəsi keçmiş Ketsxoveli (indiki akademik Ş.Əzizbəyov) küçəsində yerləşirdi. Hər kursda 250 tələbə oxuyurdu. Dörd kurs üzrə ümumilikdə 1000 nəfər təhsil alırdı. İndi özünüz tənəffüs vaxtı yaranacaq mənzərəni bir anlıq göz önünə gətirin. Bu vaxt yuxarı mərtəbədən bir müəllim ləngərli addımlarla düşürdü. Bayaqkı səs-küydən əsər-əlamət qalmadı. Uşaqlar pıçıldaşdılar ki, Kamal müəllim gəlir. Hamı əllərini yanına salıb, sanki farağat vəziyyətini aldı. Mən Kamal müəllimi birinci dəfə belə gördüm, onun nüfuz sahibi olduğunun şahidi oldum. Deyilənlər doğru imiş. Öz gözlərimlə gördüm, öz fəhmimlə duydum. Həqiqətən, Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsində bir Kamal Qəhrəmanov kultu var idi. Tam məsuliyyətlə deyə bilərəm ki, bu, belə idi. Tələbələrdən tutmuş müəllimlərə, hətta dekan və rektora kimi ona böyük həssaslıqla yanaşar, xüsusi hörmət bəsləyər, həmişə də etimad göstərirdilər. Bu böyük nüfuzu, dərin ehtiramı onun özü qazanmışdı. Onun nüfuzunun kökündə ziyalı dünyagörüşü, savadı, geniş erudisiyası, müəllim təmizliyi, pedaqoji əxlaqı dururdu. Onun adı, şəxsiyyəti obyektivliyi, sözü, əməli, lazımi anlarda atdığı addımı-hərəkətı, davranışı filologiya fakültəsinin ab-havasına açıq-aşkar təsir edir, mənəvi atmosferinə hissolunacaq səviyyədə bir saflıq gətirirdi.

Təkcə fakültədə yox, ümumən, institutda sayılıb-seçilən şəxslərdən idi. Onun üstün keyfiyyətləri çox idi. Ədalətli və obyektiv, bilikli və bacarıqlı idi. Hökmlü, sözü bütöv şəxs idi. Qətiyyətli, bütöv kişi olması qürurundan su içirdi. Bu səbəbdən söz sahibi idi, bir sözü iki olmazdı.

Döyüşkən, mübariz şəxs idi. Bu mübarizlik ədalətli olmasından, həqiqəti sevməsindən irəli gəlirdi. Son dərəcə ciddi, intizamlı təmənnasız müəllim olan Kamal Qəhrəmanova yoldaşları, yaxın dostları ona obyektiv olmayan, həqiqətə söykənməyən, ədalətdən uzaq söz deyə bilməz, xahiş etməyə ürək etməzdilər. Onu öz prinsiplərindən uzaqlaşdırmaq mümkün deyildi. Onu tanıyanlar da ədalət naminə təsdiqləyərlər ki, o, bütün ömrü boyu belə oldu, inamını, əqidəsini heç nəyə qurban vermədi, prinsiplərini heç nəyə dəyişmədi. O, həyatda həmişə hər yerdə alnıaçıq, üzüağ olub. Bənzərsiz, özünəməxsus bir ömür yaşayıb. Onun həyat düşüncə ritmi tam özünəməxsus orijinal idi. O, hər an fikir düşüncəsində, hərəkət davranışında improvizə etməyi bacaran, situasiyadan asılı olmayaraq təbii bədahətən danışmağı hərəkət etməyi bacaran kişi idi. Sözü məqamında birbaşa deyərdi. İnstitut həyatında o, mühafizəkar deyildi, azad müstəqil insan idi. Onun özünütəsdiqinin kökündə biliyi, savadı ilə yanaşı, elə bu ərən keyfiyyətləri - azad ruhlu müstəqil olması da dururdu. Yazının bu məqamında beynimdən keçdi ki, yəqin Kamal Qəhrəmanov şair olub. Adam heç cür inanmır ki, belə azad ruhlu, müstəqil düşüncəli birisi şeir yazmamış ola. Onda azad ruh, şair təbiəti var idi. Kamal Qəhrəmanov ilk baxışdan bəzilərinə qapalı adam təsiri bağışlayırdı. Bu təəssürat müşahidə bir anlıq özünü doğrulda bilərdi. O, birinci kursa yenicə qəbul olunmuşlara "Ədəbiyyatşünaslığın əsasları" fənnini tədris edirdi. İlk dəfə qədəm basdığı auditoriyaya özünün azadlığını gətirərdi. Birinci gündən uşaqlarla zarafat edər, bədahətən tələbənin xarakterinə uyğun replikalar işlədərdi. Zahirən sakit, ləngərli görünən Kamal Qəhrəmanov həssas açıqfikirli müəllim idi. Mən özüm onun ədaləti, haqqı müdafiə etməsinin əyani şahidiyəm.

Üçüncü kursda oxuyurduq. Deyəsən, mart ayı idi. Tənəffüs vaxtı idi. Növbəti auditoriyada dərs keçməli idik. Dərs keçəcəyimiz auditoriyada Tağı Xalisbəyli mühazirə söyləyirdi. Zəng vuruldu, ancaq Tağı müəllim auditoriyadan çıxmadı. Qapının göz yerindən növbə ilə baxdıq. Tağı müəllimin görkəmindən otağı tərk etmək hiss olunmurdu. Çoxumuzun hövsələsi daralmışdı. Birdən uşaqlardan biri dilləndi: "Kimin cəsarəti çatar ki, Tağı müəllimə zəngin içəri vurulduğunu desin".

Mən irəli çıxdım: "İndi mən deyərəm, siz də görərsiniz" dedim. Qapını döymədən açdım. Elə qapının ağzından dedim ki, Tağı müəllim, zəng vurulub. Elə bunu demişdim ki, Tağı müəllim ley kimi üstümə şığıdı. Yaxamdan tutub içəri çəkdi, yazı lövhəsinin qarşısına apardı. Başladı qışqıra-qışqıra danışmağa. Nə isə bu münaqişənin təfərrüatlarına varmadan deyim ki, o vaxt dekanlığa gəldik. Dekan Afat Qurbanov idi. Orada Tağı müəllim yenidən əsib-coşdu. A.Qurbanov mənim danışmağıma imkan vermədi. Eynəyinin altından məni soyuqqanlılıqla süzüb dedi ki, tələbə biletini ver. Katibəsi Sənubərə də dedi ki, bunun qovulma əmrini yaz. Bunu eşidən kimi özümü saxlaya bilmədim. Mən də əsəbi şəkildə bildirdim ki, Tağı müəllim məni vurubdu, xahiş edirəm araşdırın, görün, mənim təqsirim varmı? Həmin vaxt Kamal Qəhrəmanov da dekanlıqda idi. Kamal müəllim üzünü A.Qurbanaova tutaraq dedi.

- Afat müəllim, Tağı Xalisbəylinin belə işləri çox olur. Onun tələbələrlə güləşməsi birinci dəfə deyil ki.

Onun məsələyə müdaxiləsi ab-havanı bir qədər yumşaltdı.

Çox-çox sonralar həmin gərgin situasiyanı və Kamal Qəhrəmanovun məqamında tutduğu mövqeyi özlüyümdə təhlil etmişəm. Düşdüyüm situasiyanı təhlil edən oxucu da Kamal müəllimin ədalətsizliyə dözmədiyini, əksinə açıq-aşkar şəkildə haqsızlıq edən birisinin gözləri qarşısında nümayişkaranə şəkildə haqqı müdafiə etdiyini mənimlə birgə dərk edər. Söhbət gedən dövrdə tələbənin haqqını müdafiə etmək hər müəllimin hünəri deyildi. Əksinə, bütün hallarda tələbələr müəllimlərin ayağına verilərdi. Bu əhvalat yadıma düşəndə dünyanın ədalətli insanlardan heç vaxt xali olmadığına inanıram. Bu dünyanın tarazlığını həmişə xeyirxah insanlar qoruyub-saxlayıblar. Həyatda itirilən, basılan həqiqətlər gec-tez ədalətli kişilərin gücü, qüdrət sayəsində bərpa olunub. Bəli, Kamal Qəhrəmanov belə kişilərdən idi.

 

 

Xeybər GÖYALLI

 

525-ci qəzet.- 2009.- 14 may.- S.6.