Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış etdi

 

RƏCƏB TAYYİB ƏRDOĞAN: "AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDAKI MÜNASİBƏTLƏRİ YAXŞI MƏNADA DÜNYANIN HEÇ BİR İKİ ÖLKƏSİ ARASINDAKI MÜNASİBƏTLƏ MÜQAYİSƏ ETMƏK MÜMKÜN DEYİL"

 

Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Milli Məclisdə çıxış etdi. Qonağı salamlayan Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan və Türkiyənin dostluq əlaqələrindən danışdı. Qeyd etdi ki, iki dövlətin qardaşlıq və dostluq münasibətləri millətlərimizin eyni kökdən olması ilə əsaslanır. Spikerin sözlərinə görə, bu gün bölgədə də, dünyada da elə qüvvələr var ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrə qısqanclıqla yanaşırlar. Həmin qüvvələr iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə çalışırlar. "Lakin biz əminik ki, Azərbaycan və Türkiyə bu cəhdlərdən qat-qat üstündürlər. Azərbaycanın Türkiyə ilə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır" - deyə O.Əsədov vurğuladı. O qeyd etdi ki, Azərbaycan özünün çətin günlərində həmişə Türkiyənin köməyini hiss edib. Azərbaycanın qəlbində də Türkiyənin həmişə xüsusi bir yeri olub. Azərbaycanlılar Türkiyənin çətin günlərini öz çətinlikləri kimi qəbul ediblər. "Azərbaycan və Türkiyə bir-birinə həmişə güvəniblər, güvənirlər və güvənəcəklər" - deyə spiker çıxışını tamamladı.

 R.T.Ərdoğan da parlamentdəki çıxışına Azərbaycan və Türkiyənin dostluğundan bəhs etməklə başladı. O qeyd etdi ki, burada özünü öz evində, öz parlamentində çıxış edən kimi hiss edir: "Burada əcnəbi bir ölkədə deyil, qardaşlarımın arasında olduğumu bilirəm. Bakıya ayaq basdığımız andan etibarən mənə və nümayəndə heyətimə göstərdiyiniz qayğıkeşlik və qonaqpərvərlik də bunun bir isbatıdır". Baş nazir dedi ki, türk və Azərbaycan xalqları arasındakı qardaşlıq əsl qardaşlıqdır. İki xalq arasındakı qardaşlıq ruhu həm yaxşı, həm də çətin günlərdə, həm sülh, həm də hərb şəraitində də davam edib. İki xalq birlikdə sevinib, birlikdə üzülüb və lazım gəldikdə birlikdə savaşıb.

Azərbaycanın müstəqilliyi, rifahı, sabitliyi Türkiyənin uğuru kimi qəbul olunub: "Bizim aramızda sarsılmaz bağlar var. Dinimiz, inanclarımız, adətlərimiz, mədəniyyət təsəvvürümüz birdir. Biz tarix boyu eyni nağılları dinlədik, eyni musiqilər, eyni ritmlərlə böyüdük, eyni oyunları oynayıb, eyni əyləndik". R.T.Ərdoğan dedi ki, Azərbaycan və Türkiyənin siyasi əlaqələrinin mənşəyi ortaq hissiyyatdır. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Həmin tarixdən etibarən Türkiyə-Azərbaycan əlaqələri daim inkişafda olub. Azərbaycan və Türkiyə arasındakı münasibətləri yaxşı mənada dünyanın heç bir iki ölkəsi arasındakı münasibətlə müqayisə etmək mümkün deyil. Bunu təkcə Azərbaycan və Türkiyədə deyil, bütün dünyada bilirlər. "Azərbaycan və Türkiyənin yaxınlığını, iki ölkənin tarixi birliyini kimsənin müzakirə mövzusu etməsinə imkan verə bilmərik" - deyə baş nazir vurğuladı. O qeyd etdi ki, Azərbaycan və Türkiyə beynəlxalq sferada bir-birinin marağını qorumağa çalışır. Buna görə də iki dövlət arasında fitnəyə, fəsada yer olmamalıdır: "Əgər birisi bizim aramızı vurmağa çalışırsa, biz ona bunu söyləməliyik: Xeyr, Türkiyədən bizim əleyhimizə olan bir söz gəlməz. Çünki biz bir-birimizə güvənirik. Tarixi birliyimizi, bir-birimizin hüququnu qoruyaraq, ümumbəşəri dəyərlərlə birləşərək sürdürəcəyimizdən kimsənin şübhəsi olmamalıdır". R.T.Ərdoğan bildirdi ki, təkcə 2008-ci ildə Türkiyə və Azərbaycan arasında prezidentlər və baş nazirlər səviyyəsində 10, nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfərlər reallaşdırılıb. Bu, iki ölkə arasındakı münasibətlərin bir göstəricisidir. İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Xüsusilə də son illər ərzində iqtisadi əlaqələr də siyasi əlaqələrə paralel olaraq güclənir. Son 4 ildə iki ölkə arasındakı qarşılıqlı ticarət həcmi orta hesabla ildə 40 faiz artır. Keçən ilin axırında iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dolları keçib. Türkiyənin Azərbaycanın qeyri-neft sektoruna qoyduğu investisiyaların həcmi 3 milyard dollar səviyyəsinə çatıb. Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox pul qoyan sərmayədarlardan birinə çevrilib. İki ölkə arasındakı münasibətlərin əsas hədəflərindən biri də bölgədə sülhə, sabitliyə, inkişafa nail olmaqdır. Türkiyənin enerji və nəqliyyat sahəsində Azərbaycanla reallaşdırdığı regional layihələr də bu məqsədə xidmət edir. İki ölkə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsini reallaşdırıb. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də hazırda fəaliyyət göstərməkdədir. Hazırda iki ölkə Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi istiqamətində də əməkdaşlıq edir. "Biz bu layihəyə çox böyük önəm veririk. Bu layihəni həyata keçirməklə tarixi "İpək yolu"nun canlandırılmasını hədəfləyirik" - deyə baş nazir vurğuladı.

R.T.Ərdoğan çıxışında son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək məlumatların yayılmasına da münasibət bildirdi. O qeyd etdi ki, bəzi qüvvələr yalan xəbərlərə əsaslanaraq iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə çalışıblar: "Sanki stəkanda fırtına qoparırlar. Buna səbəb olan hadisə isə bir internet saytının erməni bölümündə yayımlanan uydurma bir xəbər oldu. Guya biz Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağın işğaldan azad olunması şərtindən imtina etmişik. Əziz qardaşlar, Türkiyənin Qarabağın işğaldan azad olunması şərtindən imtina etməsini ifadə etmək belə bizim üçün böyük bir böhtandır. Bu iftiranı hüzurlarınızda bir daha rədd edirəm". Baş nazir əlavə etdi ki, bu xəbər yayılandan sonra Türkiyə hökumətinin rəsmiləri bir sıra açıqlamalar veriblər. Amma buna baxmayaraq, yalan bir məlumata əsaslanan xəbərlər davam edir. Bu məsələ hətta Türkiyə əleyhinə bir kampaniyaya çevrilib. Baş nazir Türkiyənin Ermənistanla apardığı danışıqların detallarının açıqlanmamasını diplomatik normalarla əlaqələndirdi. Onun sözlərinə görə, diplomatiyada belə bir qayda var ki, son nəticə əldə olunmayana qədər danışıqların mövzusu açıqlanmır. Türkiyə-Ermənistan danışıqlarında da bu əsas götürülüb. "Bundan heç kim ictimaiyyətdən nələrinsə gizlədilməsi nəticəsini çıxarmamalıdır. Bir məsələ ilə bağlı ölkənin baş nazirinin söylədiklərinəmi inanılmalıdır, yoxsa hansısa bir internet saytının məlumatınamı" - deyə R.T.Ərdoğan sual etdi. O əlavə etdi ki, son 18 ildə Azərbaycan və Ermənistan arasında Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar barədə də ictimaiyyətə detallı məlumat verilmir. Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasına toxunan baş nazir dedi ki, burada bir səbəb - nəticə əlaqəsi var. Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağ işğal olunandan sonra bağlayıb. Sərhədlərin açılması üçün də işğal faktının aradan qaldırılması lazımdır. R.T.Ərdoğan dedi ki, rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldiyi gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqeyi tutubsa, bu gün də o fikirdə qalır.

Parlamentdəki çıxışında Türkiyənin baş naziri Cənubi Qafqazdakı vəziyyətə də toxundu. Onun sözlərinə görə, bu bölgə dünya üçün çox önəmli bir əhəmiyyətə malikdir. Amma hazırda bölgədə ciddi münaqişələr və ixtilaflar mövcuddur. Bu problemlər uzun illərdir bölgənin gündəmində yer alır və xeyli risk doğururlar. Keçən ilin avqustunda Gürcüstanla Rusiya arasındakı münaqişə də həll olunmamış münaqişələrin necə böyük təhlükə olduğunu açıq şəkildə göstərib. Bunu nəzərə alan Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ilə çıxış edib. Azərbaycan da bu təşəbbüsə dəstək verib. R.T.Ərdoğan bildirdi ki, Türkiyənin Qafqaza və regiondakı münaqişələrə baxışı Azərbaycanın baxışından fərqlənmir. Ankara regionda qarşılıqlı hörmətə və yaxşı qonşuluq münasibətlərinə əsaslanan normal əlaqələrin təsis edilməsidir. Amma dondurulmuş münaqişələrin səbəb olduğu etimadsızlıq hissi bölgə ölkələri arasında yaxşı münasibətlərin qurulmasına əngəl yaradır. Bu münaqişələrdən ən böyüyü və önəmlisi Dağlıq Qarabağ münaqişəsidir. Baş nazir dedi ki, Türkiyənin bu münaqişə ilə bağlı mövqeyi açıq və qətidir. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istəyir və bu mövqeyini davam edəcək" - deyə R.T.Ərdoğan vurğuladı. O qeyd etdi ki, münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri də təsdiq edir. Baş nazirin sözlərinə görə, münaqişənin həll edilməməsi heç kimə xeyir gətirmir. Problemlərin həlli isə iş tələb edir. Türkiyə də Ermənistanla danışıqlara bu məqsədlə başlayıb. Danışıqlar sadəcə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını deyil, Azərbaycanla birlikdə bütün bölgənin sülh və sabitliyinə xidmət edir. R.T.Ərdoğan dedi ki, aprelin əvvəlində Türkiyəyə səfər edən ABŞ prezidenti Barak Obama ilə Ankarada aparılan danışıqlarda ilk öncə Türkiyə-Amerika münasibətləri deyil, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Həm özü, həm də prezident Abdullah Gül bu məsələ ilə bağlı mövqeyi ABŞ prezidentinə çatdırıb və bu məsələdə Vaşinqtondan dəstək gözlədiklərini bildiriblər. Bununla da Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın yaxın müddətli xarici siyasət gündəminə daxil olub. Artıq məsələ beynəlxalq ictimaiyyətin də gündəmindədir. "Biz bu danışıqlarda heç vaxt Azərbaycanın milli mənfəətlərinə zidd addım atmadıq və bundan sonra da atmayacağıq" - deyə baş nazir vurğuladı. O qeyd etdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca bölgədə normal münasibətlərin qurulmayacağını bütün region ölkələri bilir. R.T.Ərdoğanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan, Türkiyə və Ermənistanın deyil, bütün Avrasiya bölgəsinin xeyrinə olacaq. Bunun nəticəsində Bakıdan Naxçıvana və Türkiyəyə qədər uzanan nəqliyyat infrastrukturundan hamı istifadə edəcək. Regional iqtisadi inkişaf bütün xalqların rifah halını yaxşılaşdıracaq. "Amma bütün bunların reallaşması üçün Azərbaycan torpaqlarının işğalına son qoyulmasının vacibliyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirəm" - deyə R.T.Ərdoğan vurğuladı. O qeyd etdi ki, sülh və sabitliyin əldə olunmasına sözlə və istəməklə nail olmaq mümkün deyil. Bunun üçün can-başla çalışmaq lazımdır. Türkiyənin baş naziri bu çağırışla Qarabağ münaqişəsinin həllinə müsbət istiqamətdə kömək etmək gücündə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransaya müraciət etdi. Onun fikrincə, beynəlxalq hüquqa etimadın bərqərar edilməsi üçün aparılan danışıqlarda tezliklə nəticə əldə olunmalıdır.

 

 

K.HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2009.- 14 may.- S.5.