Aktyor və
rejissor Əbdül Mahmudovun 65 yaşı tamam olur
Bu gün
- mayın 15-də Azərbaycan kino sənətində özünəməxsus
yer tutan aktyor və rejissor Əbdül Mahmudovun 65 yaşı tamamlanır. Ömrünün
çox hissəsini kino sənətinə həsr etmiş istedadlı sənətkar
öz yaradıcılığı
boyu Azərbaycanın
görkəmli sənətkarları
olan Həsən Seyidbəyli, Adil
İsgəndərov, Hüseyn
Seyidzadə, Tofiq Tağızadə, Həsənağa
Turabov və neçə-neçə
kino korifeyləri ilə çiyin-çiyinə çalışıb,
onların təcrübəsindən
bəhrələnərək kinoda müxtəlif səpkili, parlaq və tamaşaçı
tərəfindən sevilən
obrazlar yaradıb, maraqlı filmlərə quruluş verib. Onun "Yeddi oğul istərəm"
filmindəki Qasım və "Nəsimi"dəki Dərviş obrazları xüsusilə
yaddaqalandır.
Ə.Mahmudov
1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun aktyorluq fakültəsində təhsil
aldıqdan sonra, təyinatla "Azərbaycanfilm"
kinostudiyasına gəlib və ikinci rejissor kimi
yaradıcılıq fəaliyyətinə başlayıb. 1973-1976-cı
illərdə Ə.Mahmudov Moskvaya Ali Kinorejissorluq kursunda təhsilini
davam etdirməyə gedib. O, Moskvada L.Trauberqin və
G.Daneliyanın emalatxanasında təhsil alıb, təcrübə
qazanıb. Diplom işi kimi "Qeyri-adi ov" filmini çəkərək
əla qiymətlə təhvil verib. Sonra doğma kinostudiyaya
qayıdıb və burada yaradılan "Kino-aktyor"
teatrının bədii rəhbəri olaraq fəaliyyətini
davam etdirib.
Onun bədii kinoda ilk ən
böyük işi "Atları yəhərləyin"
("Qaçaq Nəbi") filmidir. Bu film üzərində
o, dostu və sənət yoldaşı Həsənağa
Turabovla birlikdə uğurla işləyib. Onun "Firəngiz"
(1975), "Üzü küləyə"(1977), "Şəhərli
biçinçilər" (1985), "İki sahil" (1989),
"Gecə qatarında qətl" (1990) bədii filmləri
sevilə-sevilə baxılan və tamaşaçı rəğbəti
qazanan ekran əsərləri olmaqla yanaşı, həm də
öz dəsti-xəttilə, peşəkarlığıyla
seçilən, vətənə və torpağa vurğu bir
sənətkarın yaradıcılıq məhsullarıdır.
Azərbaycan Dövlət
Mükafatına və əməkdar incəsənət xadimi
fəxri adına layiq görülmüş Əbdül
Mahmudov Kinematoqrafçılar İttifaqının və
Professional Kinorejissorlar Gildiyasının üzvüdür,
milli kinematoqrafın fəal nümayənlərindən biri,
öz həmkarları və dostları arasında nüfuza
malik sənətkardır.
Ə.Mahmudovu 65 illiyi
münasibətilə Azərbaycan Professional Kinorejissorlar
Gildiyasının rəhbərliyi ürəkdən təbrik
edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar
arzulayır. Dəyərli sənətkara ünvanlanan yubiley təbriklərinə
"525"in kollektivi də qoşulur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2009.- 15 may.- S.7.