"Eurovision-2009" rəqs müsabiqəsinə hazırlıq uğurla davam edir

 

"BYORN ERİKSEN: "İNANIRAM Kİ, BAKIDA TƏŞKİL OLUNAN BUİLKİ MÜSABİQƏ ÇOX CƏLBEDİCİ BİR LAYİHƏ KİMİ YADDA QALACAQ"

 

Bu il sentyabrın 26-da Azərbaycanın paytaxtı Bakıda "Eurovision-2009" rəqs müsabiqəsi keçiriləcək. Təşkilatçıların açıqladıqları nikbin qənaətlərə görə, bu il daha da çox tamaşaçı auditoriyası, əvəzolunmaz çox həyəcanverici televiziya şousu gözlənilir. Müsabiqəyə hazırlıq prosesi barədə "Eurovision TV"-nin baş direktoru Byorn Eriksen ətraflı açıqlama verib: "Azərbaycandan olan həmkarlarımız, yarışın təşkilatçıları sözün əsl mənasında böyük bir şou-proqram düzənləməyi planlaşdırırlar. Bildiyimə görə, Avropa tamaşaçısının qeyri-adi heyranedici rəqs şousu seyr etmək imkanı qazanacağı "Eurovision rəqs-2009" müsabiqəsilə bağlı peşəkar səviyyədə aparılır".

B.Eriksenin müşahidələrinə əsasən, müsabiqəyə hazırlıq prosesi uğurla davam edir: "Mən şounun keçiriləcəyi səhnənin planını görmüşəm, bu, həqiqətən, heyranedici bir məkan idi! İlk növbədə səhnənin ölçülərini qeyd etmək istərdim. 63x43 metr ölçüsündə olan səhnə çox möhtəşəmdir. Belə anladım ki, burada tamaşaçıların hərtərəfli şəkildə şounu seyr edə bilməsinə bu həyəcanı daha ürəkdən yaşamasın imkan yaradacaq bir neçə hissədən ibarət səhnə böyük səhnəarxası hazırlanır. Bu səhnə son "Eurovision rəqs" müsabiqəsindəki standartlardan da yüksəkdir. Səhnədə yaşananlar tamaşaçıya özünü gözəl duyğulu, coşqun məhəbbət hekayətinin içərisində hiss etməyə imkan verəcək. Əlavə olaraq onu da qeyd edim ki, 2009-cu il rəqs müsabiqəsində böyük televiziya-açıq hava şousu da gözlənilir. Bu şou 24 sentyabrda Bakıda keçiriləcək bütün "Eurovision" iştirakçısı olan ölkələrdə nümayiş etdiriləcək".

Byorn Eriksenin fikrincə, Azərbaycandan olan təşkilatçılar çox professional və yaradıcı düşüncəyə malik insanlardır. Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəqs Federasiyası və İctimai TV-dən olan nümayəndələrdən ibarət heyət həm hazırlıq prosesini, həm də təşkilati məsələləri yüksək səviyyədə həyata keçirir. Onlar şounu çox maraqlı və cəlbedici edən çox sayda ideya və ciddi yeniliklər ortaya qoyurlar.

Avropalı mütəxəssisin sözlərinə görə, müsabiqənin təşkilində hazırda dünyada mövcud olan iqtisadi böhran amili də nəzərə alınır: "2008-ci illə müqayisədə, Avropa ictimai kanallarının öz büdcələrini, eyni zamanda, əsas xərclərini müəyyən məbləğdə azaltdıqlarını nəzərə alaraq, biz və Azərbaycan tərəfi iştirak haqqının da azaldılması barədə bu ölkələri məlumatlandırmışıq. Maliyyə böhranını çox yaxşı anlayan azərbaycanlı təşkilatçılar iştirakçı ölkələr üçün əlverişli olacaq xüsusi güzəştlər təqdim edirlər. Azərbaycan xüsusi ilə bu maliyyə böhranı zamanı özünü stabil, mübariz və yaradıcı bir ölkə, etibarlı tərəfdaş kimi göstərir. İnanıram ki, Bakıda təşkil olunan builki müsabiqə çox əhəmiyyətli və cəlbedici bir layihə kimi yadda qalacaq".

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 15 may.- S.7.