"A"dan sonra...
İkili həyat, ikili
yaşam tərzi insanın təbiətinə aid olub, onu daim
izləyən, təqib edən əsas cəhətlərindən
biridir. İnsan nə qədər azad olsa da yenə cəmiyyətin
əlindədir. Cəmiyyətsə o qədər sərhədsizdir
ki, kənara çıxmaq mümkün deyil, o qədər məhduddur
ki, əl-qol atmaq olmur. Qaraqanın (Elxanın) "A"
romanını oxuduqdan sonra aldığım ilkin təəssürat
yuxarıda qeyd etdiyim məntiqi fikirləri özüm
üçün bir daha yəqinləşdirməkdən ibarət
oldu. Əsas dəyər verdiyim amil kimi isə ilk növbədə
bədii sərbəstliyi vurğulamaq istərdim. Oxucu
düşüncəsini mətnin üzərində daha da səfərbər
edən intellektual müdaxilələr, təfəkkür
süzgəcindən keçənlərin yüksək bədii
zövqlə oxucuya təqdim edilməsi, daha lakonik formadan
istifadə, dinamizm və başqa bu kimi nəzəri cəhətlər
də əsərin bədii dəyərinə xidmət edən
amillərdəndir.
Romanda depressiyaya
düşmüş bir gəncin ruhani dünya ilə real
dünya arasında çırpınması, real dünyada (cəmiyyətdə)
rast gəldiyi ictimai-siyasi və mənəvi
çatışmamazlıqları aradan qaldırmaq uğrunda
bir qrup gənclə birləşərək
apardığı maraqlı mübarizə yolundan bəhs
edilir.
Əsər Anar adlı
bir gəncin valideynlərindən icazəsiz evdən
qaçaraq səyahətə çıxmağı ilə
başlayır. Əslində ev bu gəncin
azadlığını qəlibə salan, onu pessimizmə
yuvarladan mövcud boğucu atmosferin pozitividir. Qaçıb
azad olmaq! Özündən, həyatındakı monotonluqdan,
toplumun insan qarşısına qoyduğu etalonlardan, cəmiyyətdəki
haqsızlıqlardan, mentalitetdən - bir sözlə, hər
şeydən qaçıb qurtulmaq, azad olmaq!
Evdən sonra səyahət
başlayır və bu səyahət həm də gələcək
hadisələrin yaranması, inkişafı üçün
bir Dao-dur.
Əsərin birinci
bölməsində müəllif folklor elementlərindən
istifadə edərək, hadisələri nağıl motivləri
üzərində düzənləməyə
çalışır. Əvvəlcə hər şey
nağıllarda olduğu kimi rəngarəng, cəlbedici, ruh
oxşayan bir aləmdə baş verir. Bakının
hündür-hündür binalarının, mərkəzi
küçələrinin, mikrorayonlarının arasından
keçərək Azərbaycanın rayonlarına üz tutan
gəncin qoca bir kişiyə qonaq olması, qocanın
üç atından birini ona bağışlaması, onun
atın belində dərələr-təpələr
aşması və gözəl bir çəmənlikdə
öz şahzadəsini, yəni sevgilisi Ayseli tapması və
divin əlindən qaçırması - bütün bunlar
nağıla bənzəyir.Bu nağıl Anarın arzu və
xəyallarının, həzzalma istəklərinin
toplaşmış olduğu ruh dünyasındakı "zirzəmidə"
baş verir. Sonra isə hər şey dəyişir.
Qızı onun əlindən
alan div real dünyadan soraq verir, Anarı türməyə
saldırmaqla mövcud olan dünyanın qapılarını
onun üzünə açır.
Türmə Anarın
keçmişi ilə gələcəyi arasında bir kəsişmədir.
Romanın zavyazka
nöqtəsi olan Anarın türməyə düşməsi
səhnəsi adət etdiyimiz keşikçi-məhbus
qarşıdurması, müxtəlif işgəncələr,
əzab-əziyyət situasiyaları fonunda deyil, ötəri və
sürətli şəkildə verilir. Və bu səhnə
yalnız əsərin strukturoloji harmoniyasına, bitkinliyinə
xidmət edir. Ümumiyyətlə, əsərdəki
üslub sürəti, informasiya bolluğu, polemikaya ehtiyacı
olan monoloqlar bu əsəri həm də aktual publisistika ilə
bir araya gətirir.
Abbas və Aslanın
köməyi ilə türmədən qaçan Anar, HOST
adlı təşkilatın fəal üzvünə
çevrilir. Rəmzi adı Hava, Od, Su və Torpaq sözlərinin
baş hərflərindən ibarət bu təşkilat bərabərlik,
humanizm anlamını bildirir. Bu təşkilatın üzvləri
əsasən şəxsi həyatında travma almış gənclərdir.
Bu travmatik zədələnmədə ayrı-ayrı "pis"
insanlarla yanaşı, həm də həyat gerçəkliyi
olan cəmiyyətdəki qanunsuzluq, rüşvətxorluq,
fahişəlik, mənəvi despotizm və s. bu kimi ümumi
real nüansların da "böyük xidməti" göz
qabağındadır.
Onu da qeyd edim ki, mətn
boyu müəllif bütün bu sadalanan həyat komponentlərini
"diri" saxlayır, metafiziki qatlara enmir. Yenilikçi ruh,
modern üslub, hadisələrə real baxış onu klassik
epiqonçuluq stixiyasının iştirakçısı
olmaqdan inamla sığortalayır.
HOST-a daxil olan gənclər
obyektiv və nümunəvi insan proqramı hazırlamaq, ədalətli
və demokratik dünyəvi dövlət yaratmaq, köhnə
sistemi dağıdıb yeni sistem qurmaq ideologiyası
altında mübarizə aparırlar. Səbəbdən məqsədə
gedən yolun belə asanlıqla həll edilməsinə inam,
"tam azadlıq", "sərhədlər yox, dillər
yox" kimi utopik şüarlar onları romantik utopizmə
yaxınlaşdıdır. Eyni zamanda, mübarizə prosesi bu
iştirakçıları özləri də hiss etmədən
siyasi oyunlara, cəngəllik qanunlarına aparır. Mübarizənin
önündə gedən Anar, ideologiyanın radikal mübarizə
qolunun analoji olaraq siyasətin içindən keçdiyini dərk
etmir və siyasi oyunun içinə
düşdüyünü qəbul etmək istəmir.
Müəllif romanda
kütləvi şüurun tipik xarakterini, tarixi prosesin
atmosferinin təsvirini verməyə
çalışmış və yaxın keçmişimizin
bir sıra xarakterik xüsusiyyətlərini əsərə gətirmişdir.
Məsələn, mübarizənin kulminasiya nöqtəsində
təsvir edilən şəhəri bürümüş olan
xaos, dağıdılmış dükanlar, sınmış
şüşələr, küçə və meydanlara
toplaşmış kütlə - bütün bunlar azərbaycanlı
oxucusuna 90-cı illərin Bakısını xatırladır.
Əsərin janrına
uyğun olaraq mübarizə prosesi siyasi və ideoloji problemlərlə
yüklənmir. Təşkilat üzvlərinin maraqlı
ekstremizmləri, mübarizə üsulları, daha çox
mübaliğə ilə verilmiş qəhrəmanlıqıları,
yumor doğuran, müxtəlif vasitələrdən istifadə
etmələri bir qədər ciddi təsir
bağışlamasa da əsərin bədii keyfiyyətini,
mütaliə effektini zəiflətmir, əksinə belə
sadəlövh mübarizə üsulları mətnin
ağırlığını, mənfi emosiyalarını
aradan qaldırır, əsərə macəra janrının
yüngüllüyünü gətirir. Məsələn:
onlar rüşvət alan müəllimi döyüb
qaçırlar, yaxud tələbənin gözü
qarşısında rüşvətxor, qiymətkəsən
müəllimi liftin içində soyunduraraq dəhlizə
buraxırlar, despot müəllimin mühazirəsi zamanı
sinfə daxil olub, onun başına bir vedrə rəng tökərək
qaçırlar, belə müəllimlər dərs deyən
sinifdə döşəmənin altına iylənmiş
yumurta qoyurlar və s.
Başqa bir qəhrəmanlıq
nümunəsi isə küçələrdə fahişələrin
tutularaq döyülməsi, onların üzünə
xüsusi dəmirlərlə damğa vurulmasıdır. Bütün
bunlar göstərir ki, həmin gənclərin qarşısında
həyatı düzgün dərk etmək, kortəbii fanatizmdən
uzaqlaşmaq, məqsəd və vasitələrin
düzgün seçilməsi kimi problemlər
durur.Bütün bu məziyyətlərlə yanaşı
HOST ideoloji bir qurumdur və əsər boyu semantika və
mövzu ictimai şüura hesablanan fikrin azad şəkildə
o tərəf-bu tərəfə cövlan etməsinə
söykənir.
Əsər boyunca siyasi
mübarizə ilə yanaşı "insan necə
olmalıdır" fəlsəfi sualına cavab axtaran
HOST-çular özlərini daha çox eklektik (seçməyi
bacaran) insan kimi təqdim etməyə
çalışırlar.
Əsərdə oxucunu cəlb edən, emosional reaksiya doğuran əsas personajlardan bir HOST-un başçısı olan
A fenomenidir. A gizli şəkildə
bütün hərəkata
dirijorluq edir, onun diktəsi ilə hərəkat məhdud müstəvidən
ümumxalq mübarizə
müstəvisinə keçir.
A kimdir? Tanrı tərəfindən göndərilən
xüsusi seçilmişmi,
mübarizəyə qoşulan
adi gənclərdən
birimi, yoxsa hökumət tərəfindən
müəyyən edilmiş
və dövlətə
işləyən xüsusi
cəsusmu? Bu sual əsərin sonunadək açılmamış
qalır və öz həllini tapmır.
Roman əsərin əsas qəhrəmanı olan Anarın məntiqi cəhətdən qaçılmaz məğlubiyyəti ilə tamamlanır. Lakin bu məğlubiyyət qəhrəmanın reallaşmayan istək və arzularından imtinasına gətirib çıxarmır. Anarın məğlubiyyəti əsərdəki ümumi mənzərənin ayrılmaz bir hissəsi kimi əsərdəki hadisələrin yenidən işıqlandırılaraq dərk edilməsi, incələnməsi və dəyərləndirilməsinə şərait yaradır.
Əsərin
sonluğu oxucunu konkret, hökm verən, sərhədləri
bəlli olan qapanmış məntiq qəlibində deyil, qnoseoloji problemlərin qabarıq göründüyü,
bir çox açıq qalmış
sualları və müəmmaları ilə
dolu olan, həm də maraqlı görünən
bir axarda saxlayır.
Mən Qaraqanın
"A" romanının ardınca daha dolğun, struktur və
məzmun cəhətdən mükəmməl, yüksək ədəbi
xüsusiyyətlərə cavab verən əsərlər
yazacağına inanıram.
Kitabın redaktoru Rəşad Məcidin sözləriylə desək, "Bütünlüklə Azərbaycan əsəri" olan bu romanı böyük həvəs və zövqlə oxuduqdan, buna adekvat olaraq əsərin istedad və təfəkkür süzgəcindən keçdiyini yəqinləşdirdikdən sonra bu qənaətə gəldim. Bəlkə də müəllif "A"dan sonra yazacağı yeni əsərinin adını "B" və yaxud nə bilim, əlifba sırasındakı başqa hərflərdən hansısa biri ilə adlandıracaq. Bəlkə də bu belə deyil, başqa cür olacaq. Ancaq hər halda "A"dan sonra "B"nin gəlişi tam gözlənilən və labüddür.
NARINGÜL