Beş dəqiqəlik
qəhrəman olmaq istəyənlər
ONLARIN BU HƏVƏSİNDƏ
ÜRƏKAÇAN NƏSƏ TAPMAQ ÇƏTİNDİR
Xarici dövlətlərin öz
ictimai sektor təmsilçilərini təmənnasız
maliyyələşdirməsinə biz həmişə müəyyən
qibtə hissi ilə baxmışıq.
Bəzi vətəndaşlarımız
heç indinin özündə də təsəvvür edə bilmirlər ki, dövlət və yaxud hər hansı bir başqa qeyri-dövlət Azərbaycan vətəndaşına "çörək
çıxarmayan" hansısa
işlərin yerinə
yetirilməsi üçün
götürə də
pul verə! Pulun əl çirki olmaması haqda hörmətli müasirlərimizə
bir daha məlumat verməyə ehtiyac yoxdur.
Bəli, bu gün Azərbaycan
dövləti qeyri-hökumət təşkilatlarına maliyyə
dəstəyi verir. Bu, ölkədə ictimai sektorun dirçəldilməsi,
vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi
ilə bərabər həm də bir iftixar, qürur mənbəyi
olaraq öyünəsi haldır: bu günü də
gördük! Dövlətin vətəndaş cəmiyyətinə
maliyyə yatırımı ildən-ilə
artırılır. Əslində isə bu, yəni pullu-pulsuz
vətəndaş cəmiyyəti quruculuğu, yalnız
müstəqil dövlətçiliyə xas olan çox incə
rəmzlər sisteminin tərkib hissəsidir. Belə rəmzləri
bəzən adi gözlə görmək və onları dəyərincə
qiymətləndirmək çətin olur: bunun
üçün cəmiyyətdə yüksək
kollektivçilik mədəniyyəti
formalaşdırılmalıdır. Həmin mədəniyyətin
Azərbaycanda mövcud olmadığını və ola bilməyəcəyini
iddia edənlər cəmi-cümlətanı on beş-iyirmi
il öncə cəmiyyətin beyninə yeritməyə
çalışırdılar ki, Azərbaycan imperiyadan
ayrı, müstəqil yaşaya bilməz. Əlbəttə,
bunu deyərkən onların vətəndaş səmimiyyətinin
standartı sovet kalibr sistemi ilə müəyyənləşirdi,
amma hər halda və həmişə olduğu kimi, həqiqət
üstün gəldi: Azərbaycan öz dövlət müstəqilliyini
hələlik mümkün olan yeganə variantda qoruyub saxlaya və
inkişaf etdirə bildi. Ətrafımızda fürsət
gözləyən düşmənlər bu müstəqilliyi
hələ də həzm edə bilmir və
göründüyü kimi, səhvlərimizi bizə
bağışlamaq niyyətindən tamamilə uzaqdırlar.
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş
cəmiyyətinin möhkəmləndirilməsi və
inkişaf etdirilməsi üçün yaradılmış
xüsusi təyinatlı bir qurumdur. Onun yerinə yetirdiyi
bugünkü missiyanın Azərbaycanda analoqu yoxdur. Biz ictimai
əsaslarla kommunizm quruculuğunun həyatımıza dəxli
olmayan gop və yalanlarla çarpazlaşdırılaraq necə
reallaşdırıldığını və ideyanın necə
iflasa uğradığını vaxtilə görmüşük.
Həmçinin, bəzi xarici təşkilatların əsil
adı və mahiyyəti heç zaman olduğu kimi
açıqlanmayan donorluq fəaliyyətinə, Azərbaycanın
özəl və qeyri-özəl strukturlarının lokal və
xaotik maliyyələşdirmə texnologiyasına da bələdik.
Şuranın QHT maliyyələşdirmə sistemi isə
yalnız öz texnologiya və metodologiyası ilə deyil, həm
də və (ən başlıcası!) cəmiyyət tərəfindən
psixoloji qavranma dayanıqlığı ilə yenidir. Bu, cəmiyyət
üçün həm yeni fəaliyyət, həm yeni
münasibət forması, həm də həyati əhəmiyyət
daşıyan yeni informasiya mənbəyidir. QHT fəaliyyəti
sahəsində müəyyən təcrübəyə malik
təşkilatlar bu yeni situasiyada özlərini çox
yaxşı hiss edirlər: çünki, prinsip etibarilə,
uğurlu layihə yazmaq uğurlu nikah bağlamaqdan qat-qat
asandır. Ona görə maliyyələşdirilməyə
iddialı layihələrin sayı artır. Yaranmaq istəyən
QHT-lərin sayının necə artdığını isə
yalnız Ədliyyə Nazirliyinin müvafiq qurumunda işləyərək
təsəvvür etmək mümkündür.
Külli halda hələ
qrantı kreditdən ayıra bilməyən cəmiyyət
üçün birdən-birə (191+) 226 layihənin Azərbaycan
dövləti tərəfindən maliyyələşdirilməsinin
informativ effekti küçədən keçən adi vətəndaşımızın
təfəkküründə anlaşılmaz dərəcədə
yeni və mürəkkəbdir. QHT-lərə hər cür dəstəklə
yanaşı həm də toplumda belə mənəvi və
psixoloji yeniliklərin müstəqil dövlət quruculuğu
prinsiplərinə uyğunluqla çözülməsinin
effektiv təminatı üçün yaradılmış
Şura, onun azsaylı əməkdaşlarından ibarət
katibliyi Avropanın analoji qurumları ilə müqayisədə
sadəcə fədakarlıq nümayiş etdirməyə məcburdur.
Təzyiq hərtərəfli, rəngarəng, həm də
müsəlmansayağıdır. Burada qəbul edilən hər
bir sənəd, hər bir təlimat və irəli istiqamətində
atılan hər bir addım dövlət müfəttişlərinin
müvafiq sorğuları ilə bərabər, həm də cəmiyyətimizin
dərinliklərindən gələn bu təzyiqi, onun əsasən
uğursuz nəticələrini nəzərə almaya bilmir.
İctimai sektorun
böyük əksəriyyətini təşkil edən pozitiv
qat, yəni təcrübəli, tanınmış, nüfuzlu,
illərlə ölkə üçün faydalı layihələr
həyata keçirməyə müvəffəq olmuş təşkilatlar
Şuradan maliyyə dəstəyini alıb, öz layihəsinin
icrası ilə bağlı qayğılarının
ardınca gedir. Əslində, Şuranın əsas işləri
də elə bundan sonra, layihələrin icrasına nəzarət
sisteminin effektivliyinin təmin olunması yönündə
başlayır. Ancaq Şura maliyyə yardımı vermədiyi
layihə sahiblərinin israrlı və təkidli
"mübarizə" çağırışlarına
cavab vermək və mətbuata sel kimi yeriyən bu
cığal neqativlə münasibət
aydınlaşdırmaq məcburiyyətində qalır.
İkinci maliyyə
yardımı müsabiqəsinin nəticələrinin
açıqlanması və ondan sonrakı proseslər göstərdi
ki, cığal neqativ heç bir məntiqin
qarşısında dayanmaq istəmir. Onun özünün əsas
məntiqi isə son dərəcə bəsitdir: nəyə
görə filankəsin layihəsi keçir, mənimki yox?! Əgər
kiminsə layihəsi keçibsə, deməli, o layihədə
müsbət və layiqli nələrsə nəzərə alınaraq
qiymətləndirilib. Kiminsə layihəsi keçməyibsə,
bu yalnız iki səhifəlik yazıya verilmiş qeyri-kafi
qiymət olaraq düşünülməli və qəbul
edilməlidir. Başa düşmək lazımdır:
savadlı ekspert iki səhifəlik layihə yazısında 10
səhifəlik yazılmamış qüsur tuta bilər. Bunu
bütün dünya bilir, ona görə heç bir ölkədə
heç kim donorla bizimkisayaq kobud və məzmunsuz mübarizəyə
qurşanmır. Əlbəttə, ustad qələmi
altında yel dəyirmanları ilə vuruşub, qəhrəmana
da çevrilmək olar... Ancaq öz uğursuzluqları və
faciələri içində beş dəqiqəlik qəhrəman
olmaq istəyənlərin bu həvəsində həqiqətən
də ürəkaçan nəsə tapmaq çətindir. Sadəcə,
həmin insanlar beş dəfə üzbəüz
dayandıqları Şuranın gənc üzünə hiddətlə
baxanda, bircə dəfə də geri qanrılaraq, öz
arxalarında dayanmış təhrikçilərin
ilğım kimi gah görünən, gah da görünməyən
sifətinə Azərbaycan ziyalısı kimi baxmağı
bacarmalıdırlar.
Opponentlərimizin
susmuş qəlblərini yenidən riqqətə gətirmək
istəməzdik, sadəcə Şura və onun cəmiyyətimiz
üçün yerinə yetirdiyi ülvi missiya bu mətləblərə
bir daha toxunmağımızı zəruri edir. Cəmiyyətimizdə
ictimai neqativin xüsusi çəkisinin hələlik
ağır olması heç kim üçün sirr deyil: iki
yüz ilin müstəmləkəsi olmuş ölkədə
ayrı cür olmur. Bu neqativin mövcud olan və olmayan
analogiyalarını Şuranın adına, rəhbərliyinə
və onun hələ ikicə ili tam olmamış səmimi fəaliyyətinə
mexaniki şəkildə tətbiq etmək cəhdləri
şəxsi ambisiyadan, mənəvi məhdudluqdan başqa nəsə
deyil. İstərdik ki, bütün tərəfdaşlarımız
bunu nəzərə alsın.
Səfər ALIŞARLI
QHT-lərə Dövlət Dəstəyi
Şurasının mətbuat xidmətinin rəhbəri
525-ci qəzet.- 2009.- 15 may.- S.5.