""Türkiyə hökumətinin mövqeyinə inanmalıyıq"

 

NİZAMİ CƏFƏROV: "ANKARA YEREVANLA DANIŞIQLARDA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNDƏN İMTİNA ETMƏMƏLİDİR

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri xüsusi əhəmiyyət daşıyırdı. Çünki fevral ayından bəri Türkiyə-Ermənistan sərhədlərinin açılacağı, Ankaranın Yerevanla münasibətlər qurmasında Qarabağ şərtindən imtina etməsi barədə mətbuatda mütəmadi yer alan məlumatlar Azərbaycanda ciddi narahatlığa səbəb olmuşdu. Bəs bu səfər iki ölkə arasında yaşanan gərginliyə son qoya bildimi? Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri Nizami Cəfərov "525"ə müsahibəsində bu və digər suallara aydınlıq gətirib.

-Türkiyənin baş naziri parlamentdəki çıxışında səmimi şəkildə bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədlər açılmayacaq, diplomatik əlaqələr yaradılmayacaq. Buna inanmaqdan başqa bizim çarəmiz yoxdur. Çünki cənab Ərdoğan özü də bildirdi ki, bəzən Azərbaycanda, eləcə də Türkiyədə baş nazirin sözündən çox mətbuata inanırlar. Azərbaycandakı narahatlığı əlbəttə, tək hisslərimizlə deyil, həm də intellektimizlə başa düşürük. Hesab edirəm ki, Türkiyə hökumətinin mövqeyinə inanmalıyıq. Amma hər məsələdə bir söz, bir də iş var. Cənab baş nazir həm türk, həm Azərbaycanca şeirlər də oxudu və bizim hisslərimizə təsir etməyə çalışdı. Əlbəttə, biz də çox istərdik ki, deyilən sözlərin arxasında iş dayansın. Bəzən Türkiyədə erməni xislətinin nə olduğunu o qədər də aydın başa düşmürlər. Son illər ermənilər Azərbaycana çox böyük yaralar vurublar. Buna görə də istər istəməz bizim narahatçılığımız başa düşülməlidir. Bu narahatlıq bir də ona görədir ki, Azərbaycanın Türkiyəyə münasibətində bir səmimiyyət var. Biz Türkiyəyə inanırıq, Türkiyə hökumətinə də həmişə inanmağa çalışırıq. İstəyirik ki, Türkiyə ilə Ermənistan, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar bir-birilə koordinasiya olunsun. Mən demirəm ki, Ərdoğan bu istiqamətdə dövlətin siyasəti, hər hansı planları, proqramı varsa, hamısını Milli Məclisdə bəyan etsin. Çünki elə detallar, diplomatik məqamlar ola bilər ki, onu geniş kütləyə söyləməyə ehtiyac yoxdur. Cəmiyyət üçün ancaq prinsiplər lazımdır. O prinsiplər də deyildi. Əsas məsələ budur ki, bizim dövlət başçıları arasındakı münasibətlərdə qarşılıqlı inam olsun. Allah bizi o gündən saxlasın ki, bu inamda hansısa bir şübhə toxumu olsun. Azərbaycan prezidenti də söylədi ki, artıq bütün şübhələrə son qoyuldu. Mənim, eləcə də digər həmkarlarım və cəmiyyət üçün əsas məsələ budur.

-Müxalifət mətbuatı deputatlara Ərdoğana sayğısızlıq göstərmək barədə xüsusi tapşırıq verildiyini və bu səbəbdən də baş nazir Milli Məclisə daxil olarkən millət vəkillərinin ayağa qalxmadığını yazıb. Bununla bağlı doğurdanmı əvvəlcədən hansısa razılaşma olmuşdu?

-Ümumiyyətlə, bununla bağlı xüsusi bir qayda yoxdur. Heç bir tapşırıqdan da söhbət gedə bilməz. Bəzən deputatlara elə münasibət bəsləyirlər ki, guya millət vəkillər taşırıqla oturub-dururlar. Hər deputatın öz mövqeyi, münasibəti var. İstənilən xarici ölkənin baş naziri parlamentə daxil olarkən ayağa durmaq da olar, durmamaq da. Amma adətən yazılmamış bir qanundur ki, bu və ya digər bir ölkənin prezidenti parlamentə daxil olanda deputatlar ayağa qalxırlar. Bundan əlavə, deputatların bəziləri Ərdoğanın necə çıxış edəcəyi, nə söyləyəcəyi barədə əvvəlcədən məlumatlı olmadığından indiyə qədərki şübhələri nəzərə alaraq öz narazılığını ayağa qalxmamaqla bildirə bilərdi. Buna çox ciddi və ağrı ilə yanaşmaq lazım deyil. Əsas budur ki, baş nazir çıxış edib gedəndən sonra hamı ayağa qalxdı. Yəni onun çıxışı parlamentariləri təmin etdi. Kimsə onu alqışlamaya da bilər. Bu həddən artıq formal bir məsələdir və ona çox böyük önəm vermək lazım deyi. Amma Ərdoğan gələndə əksəriyyət ayağa qalxmışdı. Mən bilmədim arxada kimlər durub-durmayıb. Lakin məndən öndə demək olar ki, hamı ayağa qalxmışdı. Söhbət ondan gedir ki, gərək bir də belə münasibət olmasın. Yəni baş nazir Türkiyədə aparıcı şəxsdir. Əgər bu və ya digər dövlətlə əlaqədar hər hansı bir münasibətini ifadə edirsə, təbii ki, o özü də bilməlidir ki, sabah həmin ölkəyə gedəcəksə, o dövlətin parlamenti tərəfindən necə qarşılana bilər. Yəni istər istəməz bunu hər bir dövlət başçısı düşünməlidir. Təbii ki, dövlətlərin münasibətləri qarşılıqlı prinsiplər üzərində qurulur. Dövlət öz siyasətinə, prinsiplərinə uyğun qarşı tərəfdən reaksiya görür. Parlament həmişə dünyanın ən demokratik bir qurumu olub. Orda müxtəlif fikirlər ola bilər. Ərdoğan Türkiyə Böyük Millət Məclisinə daxil olanda hər hansı bir müxalifət partiyasının üzvü ayağa qalxmaya bilər. Burda böyük problem açmaq mümkün deyil. Əsas budur ki, deputatlar çıxışdan razı qaldılar və bunu da formal göstəricilərlə ifadə etdilər.

-Ermənistanla-Türkiyə arasında dialoq mövcuddur. "Yol xəritəsi" də razılaşdırılıb. Sizcə bundan sonra bu dialoq hansı şəkildə inkişaf edə bilər ki, Azərbaycan narazı qalmasın?

-Türkiyə hökuməti ən müxtəlif danışıqlar aparıb, fikirlər söyləyə bilər. Amma əgər burda Azərbaycanla bağlı məsələdən söhbət gedirsə, ortada Qarabağın işğalı faktı varsa, bunu Türkiyə özü-özlüyündə həll edə, müzakirə obyekti kimi seçə, hər hansı bir xəritə, proqram təqdim edə bilməz. Çünki Azərbaycan müstəqil dövlətdir və onun taleyini kənarda kimsə nəinki həll edə, heç müzakirə də edə bilməz. Onda dərhal bizdə narahatçılıq yaranacaq. Sadəcə Türkiyə-Ermənistanla apardığı danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsindən imtina etməməlidir. Ermənistanla bir yerdə konsert keçirə, sərhəddə görüşə bilər. Amma o proseslər ki, birbaşa Azərbaycana aid olur, onun bütün detalları barədə Türkiyə məhz Azərbaycanın təklifi əsasında o iddiaları qaldırmalıdır. Təsəvvür edin ki, Türkiyə Azərbaycansız Ermənistanla danışır, sərhədləri açır, Ermənistandan isə tələb edir ki, işğal etdiyi beş rayonu boşalsın. Bu, artıq məntiqsizlikdir. Yəni Azərbaycanın razılığı olmadan Türkiyə hər hansı formada Ermənistanla belə bir müqavilə bağlaya, razılığa gələ bilməz. Eyni zamanda "biz bu cür razılığı gəlmişik" deyə Azərbaycan hər hansı formada təzyiq də göstərməsi mümkün deyil. Çünki Azərbaycan öz ərazi problemini hər hansı bir dövlətin təklifi ilə həll edə bilməz. Ona görə də əminəm ki, "şübhələr aradan qalxdı" deyəndə o nəzərdə tutulur ki, iki dövlət arasında münasibətlər elə olmalıdır ki burda Ermənistan həmişə ikinci tərəf kimi çıxış etsin. Əsas aparıcı kontekst Azərbaycan-Türkiyə münasibətləri olsun. Bu münasibətlərin səmimiliyi daxilində Ermənistana olan münasibət həll olunmalıdır.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2009.- 15 may.- S.5.