Moskvada Heydər Əliyevin xatirəsi anıldı

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskvadakı müxbirinin məlumatına görə, tədbirdə çıxış edən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov Heydər Əliyevin həm SSRİ, həm də Azərbaycan üçün böyük işlər gördüyünü, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində əvəzsiz rol oynadığını söyləyib: "Heydər Əliyevə hansı qiyməti versək də, bu az olacaq, çünki ən böyük qiyməti tarix verir". Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov, Azərbaycan və Rusiyanın əməkdar incəsənət Janna Dozorçeva, general-polkovnik Aleksandr Kovtunov, "Aktual proqnozlar xəbərləri" jurnalının şöbə müdiri Lyudmila Lavrova, "Exo planetı" jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya, SSRİ Nazirlər Kabinetinin sədr müavini Yuri Soloduxin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi Georgi Pozdorovkin Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Tədbirdən sonra iştirakçılar Şərq Ədəbiyyatı Mərkəzinin zalında açılmış, Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

Rusiya hökuməti yanında Maliyyə Akademiyasında isə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. Gecə Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyadakı Azərbaycan Gənclər Təşkilatı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Maliyyə Akademiyasının Azərbaycan Klubu tərəfindən təşkil olunub. Tədbirin əvvəlində H.Əliyevin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib, sonra incəsənət ustalarını çıxışları olub. Rusiya Maliyyə Akademiyasının Azərbaycan Klubunun sədri Anar Məmmədov gecənin təşkilatçılarına və ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkür edib. Akademiyanın rəhbəri Alla Qryaznova isə Heydər Əliyevlə görüş və söhbətlərini xatırlayıb və Azərbaycanın müasir durumu, inkişafı haqqında öz fikirlərini bildirib.  

 

 

525-ci qəzet.- 2009.- 15 may.- S.4.