Rixard Zorge
Bakıda sovet
dövrü heykəllərindən biri də Rixard Zorgenin
şərəfinə S.Vurğun küçəsindəki
bağda ucaldılmış abidədir. R.Zorgenin fəaliyyəti
Bakıda heykəlləri olan 20-30-cu illərin kommunist rəhbərlərinin
fəaliyyətindən fərqlənsə də onun
haqqında əhali arasında məlumatın olmaması
müəyyən narahatlıq doğurur. Hər gün bu abidənin
önündən keçən yüzlərlə insanı təbii
olaraq bir sual maraqlandırır. Bakının mərkəzində
abidəsi ucaldılmış bu şəxs kimdir? Vətəndaşlar
arasında məlumatsızlığı nəzərə
alaraq R.Zorge haqqında qısa məlumatı oxucuların diqqətinə
çatdırmağı lazım bilirik.
Rixard Zorge
1895-ci ilin 4 oktyabrında Bakının Sabunçu kəndində
anadan olub. Onun atası milliyyətcə alman olan Adolf Zorge
1885-ci ildə Bakıya gələrək neft texniki vəzifəsində
çalışıb. Rixard Zorgenin atası Adolf Zorge Karl
Marks və Fridrix Engelsin silahdaşı olan Fridrix Zorgenin
qardaşı oğlu idi. Onun anasının milliyyətcə
rus olması da gələcək fəaliyyətində müəyyən
rol oynayıb.
R.Zorge 13 yaşında,
yəni 1898-ci ildə ailəsi ilə birlikdə Almaniyaya
qayıdıb. O, 1914-cü ildə alman ordusuna
çağrılıb və həmin vaxtdan 1918-ci ilə kimi
bu ordunun tərkibində vuruşub. 1916-cı ildə Birinci
Dünya müharibəsi cəbhələrinin birində
yaralanaraq arxa cəbhəyə göndərilib. Hospitalda
müalicə olunarkən isə sol sosialistlərlə
R.Zorge 1917-1919-cu illərdə
Müstəqil Sosial-Demokrat, 1919-cu ildən etibarən Alman
Kommunist Partiyasının üzvü olub. O, 1919-cu ildə
Hamburq Universitetini bitirərək bir müddət pedaqogika və
jurnalistika sahəsində də fəaliyyət göstərib.
R.Zorge Birinci Dünya
müharibəsindən çıxmaq üçün "hər
bir ölkənin proletariatının silahı öz
burjaziyasına qarşı çevirməlidir" və yaxud
"imperialist müharibəsini vətəndaş müharibəsinə
çevirmək" haqqında rus bolşeviklərinin fikirlərini
müdafiə edib. O, 1918-ci ilin martında Brestdə
imzalanmış alman-rus müqaviləsini dəstəkləyib
və bu müqavilə ilə Rusiyanın müharibədən
çıxmasını yüksək qiymətləndirib.
R.Zorgenin
dünyagörüşünün formalaşmasında Birinci
Cahan müharibəsi dövründə aktual olmuş sol
radikal ideyalar mühüm rol oynayıb. O, kommunist
ideologiyasının bu dövr üçün geniş
yayılmış, lakin reallığı əks etdirməyən
"bütün inkişaf etmiş kapitalist ölkələrində
eyni zamanda və tezliklə sosialist inqilablarının qələbə
çalacağına" ürəkdən inanıb.
1920-1923-cü illərdə
Almaniyanın Axen, Vuppertal və Remşeyd şəhərlərində
kommunist ideologiyasının təbliğinə rəhbərlik
edən Zorge həm də Zolingen şəhərində partiya
qəzetinin redaktoru olub. Almaniyada 20-ci illərin əvvəllərində
daxili vəziyyət dəyişdiyindən və
nasional-sosializmin getdikcə daha da güclənməsindən
narahatçılıq hissi keçirən R.Zorge SSRİ-yə
gələrək müxtəlif sovet idarələrində
çalışıb. Bu illər ərzində beynəlxalq
münasibətlərə dair bir sıra əsərlər
yazıb. 1925-ci ildə R.Zorge Sovet İttifaqı Kommunist
Bolşeviklər Partiyasının üzvü seçilib.
1930-1940-cı illərdə isə R.Zorge SSRİ-nin xeyrinə
Almaniya və Yaponiyada casusluq edərək həmin ölkələr
haqqındakı məlumatları Moskvaya göndərməklə
məşğul olub.
Burada casus
sözünün işlədilməsi ilə bəzi oxucular
razılaşmaya da bilərlər. Çünki
onların yaşamış olduqları sovet dövründə
digər ölkələrin xeyrinə kəşfiyyat məlumatları
toplayanlar cəsus, SSRİ-nin xeyrinə başqa ölkələrdə
eyni işi görənlər isə kəşfiyyatçı
adlandırılırdı. Yəni, həmin dövrdə eyni
işi görən şəxslərin bir qisminə cəsus
kimi nifrət bəslənilir, başqaları ilə isə kəşfiyyatçı
kimi fəxr edilirdi. Fikrimizcə, hazırda bu cür
düşüncə tərzinin aradan qalxmasına ciddi ehtiyac
var.
SSRİ-nin ABŞ-da,
Almaniyada, Yaponiyada, Türkiyədə və digər ölkələrdə
fəaliyyət göstərmiş cəsus şəbəkəsinin
üzvləri ilə fəxr edilməsinə son
qoyulmağın vaxtı artıq çoxdan çatıb. Lakin
bu deyilənlər heç də R.Zorgenin bəşəriyyəti
fəlakət qarşısında qoymuş faşist
Almaniyası əleyhinə gördüyü müsbət
işlərin üstünə heç vəclə kölgə
sala bilməz. Ancaq bir həqiqəti də yaddan
çıxarmaq lazım deyil ki, R.Zorge bəşəriyyət
üçün faşizm qədər təhlükəli olan
kommunist ideologiyasına xidmət edib və həmin
ideologiyanın fəal təbliğatçılarından biri
olub.
1930-1940-cı illərdə
sovet-alman münasibətləri mürəkkəb
olduğundan R.Zorgenin fəaliyyətinin bəzi sahələri
indiyə qədər qaranlıq olaraq qalmaqdadır. Bu
barədə elmi ədəbiyyatda məlumat yoxdur. Onun
haqqında M.V.Kolesnikova və M.S.Kolesnikovun 1977-ci ildə nəşr
olunan "Rixard Zorge", eləcə də F.D.Volkovun 1978-ci
ildə rus dilində işıq üzü görən
"Rixar Zorgenin igidliyi" kitablarından da məlumat almaq
mümkün deyil. Bundan başqa, ADR tarixçisi Yulius Maderin
"Doktor Zorge Tokiodan xəbər verir" adlı
monoqrafiyası, ona həsr olunmuş povest, hekayələrdə
və onun haqqında çəkilmiş bədii filimdə də
R.Zorgenin 1930-1940-cı illər fəaliyyəti haqqında məlumat
yoxdur. Bəzilərin bunu R.Zorgenin gizli fəaliyyəti ilə
əlaqələndirə bilərlər. Amma, yaddan
çıxarmaq lazım deyil ki, onun Yaponiyadakı fəaliyyəti
də gizli olub. Lakin nəşr olunmuş kitablarda R.Zorgenin fəaliyyətinin
1941-ci ilin iyunun 22-dən sonrakı dövr haqqında
dolğun məlumatlar verilib. Bəs, nəyə görə
R.Zorgenin 22 iyun 1941-ci il tarixinə qədər, yəni,
faşist Almaniyasının SSRİ üzərinə qəfil
hücumuna qədərki fəaliyyəti haqqında indiyənə
qədər obyektiv məlumatlar əldə etmək
mümkün olmayıb? Fikrimizcə, bunun əsas səbəbi
1930-1940-cı illərdə SSRİ ilə Almaniya arasında
olmuş münasibətlərin sovet tarixşünaslığında
obyektiv işıqlandırılmamasıdır.
İkinci Dünya müharibəsinin başlanmasına təkan verən hadisələr, SSRİ ilə faşist Almaniyası arasında 22 iyun 1941-ci il tarixinə qədər mövcud olmuş münasibətlər və sair məsələlər sovet tarixşünaslığında birtərəfli işıqlandırılıb. Məhz bu səbəbdən R.Zorge kimi şəxslərin o dövrdəki fəaliyyəti haqqında dolğun məlumatlar əldə etmək mümkün deyil. Müharibənin başlanmasında irqçi faşist rejimi ilə yanaşı, totalitar kommunist rejiminin oynadığı mənfi rol haqqında mövcud faktları təhrif edən sovet tarixçiləri, faciənin səbəbkarı kimi yalnız faşist Almaniyasını günahlandırıb. Onlar həmçinin qərb ölkələrini faşist təhlükəsini aradan qaldırmaq sahəsində SSRİ-nin təşəbbüslərinə qoşulmadıqlarına, onunla həmrəy olmadıqlarına görə təqsirləndiriblər. Hücum etməmək haqqında 10 il müddətinə 23 avqust 1939-cu ildə imzalanmış sovet-alman müqaviləsini isə onlar Sovet hökumətinin xarici siyasətdə atdığı müdrik addımı kimi qiymətləndiriblər. Lakin, hazırda faktlar bunun əksini sübut edir. 1985-ci ilin avqustunda AFR-in Ştutqart şəhərində keçirilmiş tarix elmlərinin XVI Beynəlxalq Konqresində SSRİ dünya əleyhinə faşist Almaniyası ilə sövdələşməkdə ittiham olunub.
İkinci
Cahan müharibəsi tarixinin obyektiv tədqiqi
üçün başqa məsələlərlə yanaşı,
"Hücum etməmək haqqında" (23 avqust 1939-cu il) və
"Dostluq və sərhədlər haqqında" (28 sentyabr
1939-cu il) sovet-alman müqavilələrinə xüsusi diqqət
vermək lazımdır. Birinci müqavilənin gizli protokoluna
görə, o zaman Polşanın bölüşdürülməsi,
SSRİ-nin Baltikyanı əraziləri və Bessarabiyanı
işğal etməsi barədə razılıq əldə
olunub. Bu faktlara əsasən demək olar ki, SSRİ, faşist
Almaniyasının 1 sentyabr 1939-cu il tarixdə Polşaya
qarşı hücumuna və İkinci Dünya müharibəsinin
başlanmasına şərait yaradıb və bu dövrdə
ona ən yaxın dövlət olub.
"Dostluq və sərhədlər
haqqında" (28 sentyabr 1939 - cu il) müqavilə
imzalandıqdan sonra SSRİ-də dost ölkə olan faşist
Almaniyası əleyhinə təbliğat qadağan olunub. Antifaşist
təbliğatı ilə məşğul olanlar isə təqib
və təzyiqlərə məruz qalıb. Tarixi faktlar təsdiq
edir ki, SSRİ 17 sentyabr 1939-cu il tarixdə müharibədə
bitərəf kimi çıxış etsə də, 2
gün sonra özünü faşist Almaniyasının
müttəfiqi elan edib. 19 sentyabrda elan olunmuş sovet-alman bəyanatında
hər iki dövlətin qoşunları qarşısında
"Polşa dövlətinin məğlubiyyəti ilə
pozulmuş qayda-qanunu və sakitliyi bərpa etmək" vəzifəsi
qoyulub. SSRİ Ali Sovetinin 31 oktyabr 1939-cu il tarixli
sessiyasındakı çıxışında Molotov deyib:
"Polşaya əvvəl alman, sonra isə sovet ordusu tərəfindən
zərbələr vurulmuşdur ki, Versal müqaviləsinin bu əcayib
yetirməsindən bir şey qalmasın... Hitler
ideologiyasını... qəbul etmək və ya inkar etmək
olar... Lakin hər bir adam başa düşər ki,
ideologiyanı güc işlətməklə məhv etmək
olmaz... Buna görə də "demokratiya" uğrunda
mübarizənin saxta bayrağı altında gizlənərək
"hitlerizmi məhv etmək" uğrunda müharibə
aparmaq nəinki ağılsızlıqdır, həmçinin
cinayətdir."
SSRİ xalq
deputatlarının 2-ci qurultayında komissiya sədri
A.N.Yakovlevin "Hücum etməmək haqqında 1939-cu il
sovet-alman müqaviləsinə hüquqi və siyasi qiymət
verilməsi haqqında" çıxışında
müqavilə haqqında yeni faktlar da üzə
çıxarılıb.
SSRİ Elmlər
Akademiyasının ABŞ və Kanada institutu 1939-1941-ci illərdə
SSRİ-nin xarici siyasətinə həsr etdiyi "Dəyirmi
masa"nın "Bu necə olmuşdur?" başlıqla
çap edilmiş materialları, sovet
tarixşünaslığında tədqiq olunmamış məsələlər
barədə yeni faktların üzə çıxmasına
kömək edib. Bundan başqa, alman səfiri
F.V.Şulenburqun 1939-cu ilə aid arxiv sənədlərinin
çap olunması, D.Nəcəfovun, O.A.Rjevskinin,
O.Qorçakovun İosif Stalinlə Adolf Hitlerin 1939-cu ilin
oktyabrında Lvov şəhərində gizli görüşləri
barədə məqalələri, R.Medvedyevin 1939-1941-ci illərdə
Stalinin diplomatik və hərbi səhvləri haqqında məqaləsi,
D.A.Volkoqonovun sovet-alman gizli razılaşmaları haqqında məqaləsi,
A.Finkonun Almaniyanın Rusiyanı İkinci Dünya müharibəsindən
əvvəl işğal etməsi haqqında məqaləsi,
Q.M.İvaniskinin 1939-1941-ci illərdə sovet-alman ticarət-iqtisadi
əlaqələri haqqında məqaləsi, eləcə də
V.M.Molotovun 1940-cı ilin noyabrında Berlində
apardığı danışıqlar haqqında sənədlərə
əsaslanan məqalələri bizə bu müharibə
haqqında Sovet tarixşünaslığında əksini
tapmayan məlumatlar verir. Bundan başqa, yeni məqalələrdə
SSRİ-yə mühacirət etmiş 4 minə yaxın alman
kommunistinin, o cümlədən 242 rəhbər alman
kommunistinin məhv edilməsi və sairlər haqqında
faktlar da mövcuddur.
Buradan
haqlı olaraq belə bir sual ortaya çıxır. Necə
olub ki, özünü kommunist hesab edən R.Zorge 1933-cü
ildən sonra SSRİ-yə mühacirət etmiş alman
kommunistlərinin məhv edilməsinə göz yumub? Almaniyada
hakimiyyətə keçmiş nasional-sosialistlərin əleyhdarı
olmuş R.Zorge, nəyə görə 1939-cu ilin avqustun 23-dən
1941-ci ilin iyunun 22-nə kimi faşist Almaniyası ilə
SSRİ-nin dostluq əlaqələrinə normal yanaşıb?
Onun bu məsələlər haqqında necə
düşünməsi haqqında elmi ədəbiyyatda
heç bir məlumat olmasa da, müəyyən mülahizələr
irəli sürmək mümkündür.
R.Zorge sovet casus şəbəkəsində fəaliyyətə başladıqdan sonra SSRİ-nin məqsədlərinin həyata keçirilməsinə xidmət edib. Hətta onun ürəyində hansı məsələ barəsində fərqli münasibəti olsaydı belə, bunu açıqlamağa o zamankı rejim imkan verməzdi. Çünki əks təqdirdə onu da SSRİ-yə mühacirət etmiş alman kommunistlərinin aqibəti gözləyə bilərdi.
R.Zorge bir kəşfiyyatçı
kimi çox böyük istedada malik olub. O, 1939-cu il sovet-alman
müqavilələrinə inanan SSRİ rəhbərliyinə
1941-ci ilin yayında SSRİ sərhədlərinə toplanan
alman diviziyalarının sayı, onların hücumunun
vaxtı və hərbi əməliyyatların sxemi barədə
dəqiq məlumatlar verib. Lakin Stalin bu məlumatlara inanmayaraq,
bunu sovet-alman dostluğuna xələl gətirmək
üçün düşmənlərin uydurduğu
dezinformasiya hesab edib.
Faşist Almaniyası
SSRİ üzərinə hücuma keçdiyi dövrdə
Uzaq Şərqdə militarist Yaponiyanın da hücum təhlükəsi
var idi. Yaponiya Uzaq Şərqdə iddia etdiyi əraziləri
işğal etmək üçün məqam gözləyirdi.
Buna görə də Sovet qoşunlarının bir hissəsi
bu təhlükəyə qarşı Uzaq Şərqdə
mövqe tutmuşdu. Belə bir dövrdə Yaponiyadan kəşfiyyat
məlumatları əldə etmək üçün R.Zorge həmin
ölkəyə göndərilib. O, burada müxtəlif ad
altında jurnalist kimi fəaliyyət göstərib.
1941-ci ilin oktyabrında
Yapon polisi R.Zorgeni həbsə alıb və uzun müddət
onun ingilis casusu olduğu zənn edilib. Lakin sonradan onun
SSRİ-yə işləməsi aşkarlanıb və buna
görə o, 1943-cü ilin sentyabrında ölümə məhkum
olunub. Bir ildən sonra isə R.Zorge edam olunub.
Ölümündən 20 il sonra, yəni 1964-cü il
noyabrın 5-də isə ona Sovet İttifaqı Qəhrəmanı
adı verilib.
Mütərəqqi bəşəriyyət
faşizmin əleyhinə olduğu üçün ona
qarşı mübarizə aparmış şəxslər, o
cümlədən R.Zorge də hörmətə layiqdir. Lakin
bu heç də onun fəaliyyətinin obyektiv tədqiqinə
mane olmamalı, onun fəaliyyətinin qaranlıq tərəfinin
işıqlandırılmasının qarşısını
almamalıdır. Hər bir kəşfiyyatçı və
ya casus kimi onun da fəaliyyətinin gizli, öyrənilməmiş
tərəfləri vardır. Fikrimizcə tarixçilər
Bakıda abidəsi ucaldılmış R.Zorge haqqında bundan
sonra da tədqiqat işlərini davam etdirməli, əhaliyə
onun haqqında dolğun və obyektiv məlumatlar verməlidirlər.
Məhərrəm
ZÜLFÜQARLI,
tarix elmləri namizədi
525-ci qəzet.- 2009.- 15 may.- S.4.