Mediaya necə
dəstək gərəkdir?
Mediaya iqtisadi dəstək,
reklam bazarının genişlənməsi, mətbuatın
maddi durumu son illər KİV təmsilçilərini ən
çox düşündürən məsələlərdən
biri idi. Bu barədə uzun müzakirələr
aparılıb, müxtəlif fikirlər səslənib. Nəhayət,
KİV-in İnkişafına Dəstək Fondunun
yaradılması haqqında Azərbaycan prezidenti İlham Əliyev
sərəncam imzaladı. Belə mərhələdə, yəni
mətbuatın rentabelli işləmək imkanlarının zəif
olduğu məqamda dövlət tərəfindən maliyyə
dəstəyinin göstərilməsi müsbət hadisədir.
Yəqin ki, yaxın zamanda bu qurumun formalaşma prosesi başa
çatacaq və real fəaliyyətə start veriləcək.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-yə Dövlət
Dəstəyi Şurası da fəaliyyət göstərərək
ictimai təşkilatlara maliyyə vəsaiti ayırır. Əgər
Şura tərəfindən bu iş şəffaf prinsiplərlə
həyata keçirilsə, qeyri-kommersiya təşkilatları
olan QHT-lər bundan daha yaxşı fayda götürəcək.
QHT sektoru ilə müqayisədə media biznes sahəsidir. Deməli,
KİV-ə gəlir gətirən sahə olduğuna görə,
iqtisadi dəstək yalnız müəyyən bir zaman
üçün nəzərdə tutulmalıdır.
Əslində bu
keçid dövrü çoxdan başa çatmalı, yəni
jurnalistika özü-özlüyündə oturuşmuş
iqtisadiyyata malik olmalı, normal biznes sahəsinə
çevrilməli idi. Bazar münasibətlərinin sərt tələbləri,
hələ tam aydınlaşmayan media-cəmiyyət
münasibətləri, mətbuatın iqtisadi idarəetmə
sistemində təcrübəsizlik və digər məqamlar
KİV-in biznes sahəsinə çevrilməsinə əngəl
olan amillərdir.
Görünür, bir
sıra məsələlərin çözülməsi
zamanla bağlıdır. Təbii ki, belə məqamda yetərincə
səlahiyyəti və dəstəyi olacaq KİV-in
İnkişafına Dəstək Fondu jurnalistika
üçün səmərəli iş görə bilər.
Mənə belə gəlir ki, bu qurum fəaliyyətini
yalnız qrant layihələrinə dəstək verməklə
bitirməməlidir. Ən azından müstəqil KİV-lərin
gələcək iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşməsində
addımlar ata bilər. Əsas odur buna səmimi istək və
vətəndaş mövqeyi olsun.
Azərbaycan
Respublikasının "Reklam haqqında" Qanunu 10 ildən
artıqdır fəaliyyətdədir. Azərbaycanın
bugünkü inkişaf tempinə həmin qanun heç vəclə
uyğun gəlmir. Ölkəmizdə qanunlar toplusu, hüququ
baza beynəlxalq standartlara uyğun hazırlanıb qəbul
edilir. Demək olar ki, bu uyğunlaşma prosesi başa
çatmaq üzrədir. Ola bilər çox gözəl
qanun qəbul edilsin, ancaq onun həyata keçirilməsində
problemlər olsun. Ümumiyyətlə, bu hüquqi sənədlərin,
o cümlədən "Reklam haqqında" qanunun tək təkmilləşməsindən
söhbət getməməlidir, burada qanunların icra mexanizmlərinin
tapılmasına, reallığa uyğun olaraq həyata
keçirilməsinə diqqət yetirilməlidir.
Bundan əlavə reklam
mədəniyyətinin, məsuliyyətinin
formalaşmasına, reklam işində azad rəqabətin dərinləşməsinə
və başqa məsələlərə həmin qurumun
önəm verməsi pis olmazdı. Çünki reklam
işinin canlanması tək mətbuat üçün deyil,
həmçinin dövlətin özü üçün də
sərfəli olar. Ona görə ki, KİV burada halal qazanc
götürər, dövlət isə əlavə maliyyələşmə
yükündən azad olar.
Yaxşı bir fikir var,
"kiməsə balıq tutub verməklə məsələ
həll olunmur, həmin şəxsə balıq
tutmağın yolunu öyrətmək lazımdır". Nə
qədər çətin olsa da, gec-tez tilovu KİV-in
özünə vermək gərəkdir. Bu, medianın gələcək
inkişafı, iqtisadi müstəqilliyinin möhkəmlənməsi
baxımından ən optimal variantlardan biri ola bilər.
Sosial təminat və mənzil
məsələsi bu gün KİV əməkdaşlarının
çox ciddi problemləri sırasındadır. Sıravi qəzet
yazarlarının aldığı az məvaciblə ev
alması reallıqdan çox uzaqdır. Bu, quru səhrada
balıq tutmaq kimi bir şeydir. Ancaq formalaşacaq KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlərin
mənzil problemlərinin həllində bəzi işlər
görə bilər.
Bunu yalnız dövlət
büdcəsi hesabına etmək düzgün olmazdı. Azərbaycanda
və xarici ölkələrdə çox zəngin azərbaycanlılar
biznes fəaliyyəti ilə məşğuldur. Sadəcə
olaraq milli sahibkarların düzgün istiqamətlənməsindən,
belə xeyirxah işlərə cəlb olunmasından Azərbaycanın
mediası qazanar. Necə ola bilər ki, xaricdə yaşayan
soydaşımız öz ad gününə məşhur
musiqiçi Cenifer Lopesi dəvət edir, onun bir-iki ifasına
1,5 milyon dollar ödəyir, necə ola bilər, bu gün Azərbaycanda
qadın müğənnilərə, şou əhlinə pul
xərcləməkdə xəsislik etməyən iş
adamı Azərbaycan mediasının inkişafında öz
töhfəsini verməsin? Mənə belə ki, bu işə
bir stimul vermək, millətin gələcəyinə biganə
qalmayan sahibkarlar arasında iş aparmaq lazımdır.
Bütün bunlar media ilə
bağlı xoşməramlı düşüncələrdir.
Qaldı ki, yaranan fondun fəaliyyətinə, ona indi qiymət
vermək çətindir. Belə bir qurumun işi,
ayıracağı vəsait ictimaiyyət tərəfindən
həssaslıqla izlənəcək. Hər halda istər QHT-yə,
istərsə də, kütləvi informasiya vasitələrinə
dövlət tərəfindən verilən maliyyə vəsaiti
gələcək inkişafa yönələn sərmayələrdir.
Dövlət öz iradəsini ortaya qoyaraq bu addımı
atıb. Məsuliyyəti isə bu sərmayəni şəffaf
və ədalət prinsipi ilə bölüşdürülməsini
təmin edən və ona nəzarət edən şəxslər
daşıyacaq. Sözümü müqəddəslərimizin
fikri ilə bitirmək istərdim: "Vətəni sevmək
imandandır, imanlı bəndələrdən olun".
Əkrəm BƏYDƏMİRLİ
Sosial Rifah və Tədqiqatlar
İctimai Birliyinin sədri
525-ci qəzet.- 2009.- 15 may.- S.2.