Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
Hörmətli oxucular,
bu məqalədə Azərbaycanda özəl təhsil müəssisələrinin
təşəkkülü, əldə olunan nailiyyətlər,
fəaliyyətlərindəki problemlər və onları
doğuran səbəblər barədə fikirlərimi sizinlə
bölüşməyə çalışacağam.
Müstəqil Azərbaycanın
təhsil sistemində beynəlxalq təcrübənin və
yeni iqtisadi-siyasi sistemin doğurduğu yeniliklərdən biri
də özəl təhsil müəssisələrinin
yaranması hesab olunmalıdır. Hazırda texniki-peşə
təhsili pilləsi istisna olmaqla, bütün digər təhsil
pillələrində dövlət müəssisələri
ilə yanaşı, özəl təhsil müəssisələri
də fəaliyyət göstərir. Bu müəssisələr
içərisində sayına və əhatə dairəsinə
görə ümumi orta və ali təhsil müəssələri
üstünlük təşkil edirlər.
Dünya təcrübəsi
göstərir ki, məhz bazar iqtisadiyyatı şəraitində
azad rəqabətə imkan yaratmaqla, dövlət sektoru ilə
yanaşı, özəl sektorun formalaşdırılması
və onun imkanlarından istifadə etməklə iqtisadi
inkişafa, ölkənin tərəqqisinə nail olmaq
mümkündür. Elə buna görə də müstəqilliyin
ilk illərindən ölkəmizdə digər sahələrlə
yanaşı, təhsil sahəsində də özəl sektor
yaranmağa başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan
və digər postsovet ölkələri üçün yeni
olsa da, dünyada təhsil sektorunda özəl təhsilin payı
hissolunacaq dərəcədədir. Şübhəsiz, özəl
təhsil müəssisələrinin yaranması bir sıra əhəmiyyətli
cəhətləri ilə xarakterizə olunurdu. İlk növbədə
ölkəmizdə ali təhsil müəssisələrinin
şəbəkəsi genişlənir, insanların ali təhsil
almaq və seçim imkanları artırdı. Digər tərəfdən
ali təhsil almaq istəyən gənclər üçün
açıq rəqabət mühiti yaranırdı. Ali təhsil
sahəsində dövlət müəssisələrinin
inhisarçılığına son qoyulur, kadr
hazırlığı sahəsində onlarla real rəqabət
aparacaq müəssisələrin fəaliyyəti
üçün imkanlar açılırdı. Eyni zamanda
özəl təhsil müəssisələrinin yaranması
ilə təcrübəmizə bu vacib sahədə müstəqil
idarəetmə üsulları da daxil olurdu.
Azərbaycanda bu
ideyanı ilk olaraq həyata keçirənlər hazırda fəaliyyət
göstərən "Xəzər", "Azərbaycan"
və "Qərb" Universitetləri oldu. O dövrdə Xəzər
Universiteti Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını
İdarəetmə İnstitutunun nəzdində -
"İngilis dilli Azərbaycan Universiteti" (Nazirlər
Kabinetinin 18 mart 1991-ci il tarixli, 41 nömrəli qərarı
ilə), Qərb Universiteti Azərbaycan Kommunist Gənclər
İttifaqının Zaqafqaziya Komsomol Məktəbinin
bazasında - "Gənclər İnstitutu", "Azərbaycan
Universiteti" Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
- "Ali Humanitar Kollec" (Təhsil Nazirliyinin 16 iyul 1991-ci il
tarixli əmri ilə) kimi fəaliyyətə
başlamışdı.
1992-ci ilin sonunda Azərbaycan
Parlamenti tərəfindən qəbul olunan "Təhsil
qanunu"nda bu məsələyə xüsusi yer verildi və
faktiki olaraq ölkədə özəl təhsil müəssisələrinin
fəaliyyətini tənzimləyən hüquqi baza
yaradılması istiqamətində ilk addım atıldı. İlk
özəl ali təhsil müəssisələrinin meydana
çıxması cəmiyyətdə birmənalı
qarşılanmasa da, onların yaranması tarixi zərurət
idi. İqtisadi cəhətdən inkişaf etmiş əksər
ölkələrdə belə təhsil müəssisələri
artıq çoxdan fəaliyyət göstərir, dövlət
müəssisələri ilə müvəffəqiyyətlə
rəqabət aparır, hətta bəzi hallarda öz
üstünlüklərini sübüt edirlər.
Azərbaycanda özəl
ali təhsil müəssisələrinin on səkkiz illik
tarixinə nəzər salsaq, onun inkişaf yolunu şərti
olaraq üç mərhələyə bölmək olar:
Birinci mərhələ
1992-1997-ci illəri əhatə edir ki, bu dövr özəl təhsil
müəssisələrinin kütləvi şəkildə
yaradılması və qeydiyyatdan keçirilməsi mərhələsi
kimi xarakterizə olunur. Azərbaycanda fəaliyyət göstərən
və gələcəkdə yaradılacaq özəl ali təhsil
müəssisələrinin fəaliyyətinin qanuniləşdirilməsi
məqsədilə 1993-cü ildə Nazirlər Kabinetinin qərarı
ilə Təhsil Nazirliyinin nəzdində Dövlət Ali
Ekspert Komissiyası yaradıldı, onun Əsasnaməsi təsdiq
edildi. Komissiyanın əsas məqsədi mövcud özəl
təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək
və yeni təhsil müəssisələrinin
yaradılmasına razılıq verməkdən ibarət idi. Əsasnaməyə
görə DAEK-ın verdiyi müsbət rəylər Təhsil
Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim
edilməli, Nazirlər Kabinetinin müvafiq qərarından
sonra təhsil müəssisələri qeydə
alınmalı, dövlət reyestrinə daxil edilməli və
onlara Təhsil Nazirliyi tərəfindən müvafiq sertifikat
verilməli idi.
Lakin bu prosesdə Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində siyasi sabitliyin
pozulması, o zamankı ölkə rəhbərliyinin səriştəsizliyi
və özəl təhsilin təşkili sahəsində təcrübənin
olmaması səbəbindən mövcud Əsasnamənin tələblərinə
əməl olunmadı, özəl təhsil müəssisələri
qanuni status almadan yalnız komissiyanın müsbət rəyləri
əsasında fəaliyyət göstərərək qanunsuz
tələbə qəbulu aparmağa başladılar. Onu da
qeyd etmək lazımdır ki, yaradılmış Komissiya da vəzifəsinin
öhdəsindən gələ bilmədi, əsaslandırılmamış,
formal rəylər verməyə başladı. Elə bunun nəticəsi
oldu ki, Komissiyanın 5 aylıq fəaliyyəti müddətində
30-dək özəl təhsil müəssisəsinin
yaradılmasına müsbət rəy verildi.
Heç bir maddi-texniki
bazası, müvafiq kadr potensialı olmadan, bu sahədəki
qanun boşluğundan istifadə edərək bir
çoxları qanunsuz özəl ali təhsil müəssisələri
"yaratmaqla" yanaşı, həmin universitetlərin
ayrı-ayrı bölgələrdə
"filiallarının" təsis edilməsi sahəsində
sanki yarışa girmişdilər. Həmin özəl ali məktəblər
bu mərhələdə müstəqil olaraq "tələbə
qəbulu aparır", fəaliyyətlərində təhsil
qanunvericiliyinə və ali məktəbin fəaliyyətini tənzimləyən
digər normativ-hüquqi sənədlərə əməl
etmirdilər.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra bütün sahələrə
olduğu kimi, təhsil sisteminə də diqqət
artırıldı, özəl təhsil müəssisələri
ilə bağlı bir sıra qərarlar qəbul olundu. Bunlardan
birincisi 1993 -cü ilin 29 iyulunda Nazirlər Kabinetinin 413
nömrəli qərarı ilə DAEK-in yenidən təşkil
edilməsi oldu. Dövlət təhsil standartlarının və
müvafiq əsasnamələrin hazırlanması işləri
başa çatdırılana qədər müvəqqəti
olaraq yeni təhsil müəssisələrinin
yaradılması və qeydiyyata alınması işi
dayandırıldı. Komissiyanın Təhsil Nazirliyinin nəzdində
fəaliyyət göstərdiyi qısa dövr ərzində
müsbət rəy verilmiş 27 özəl təhsil müəssisəsinin
fəaliyyəti qeyri-qanuni hesab edildi.
Növbəti qərar
isə ölkə Prezidentinin 24 sentyabr 1994-cü il tarixli Fərmanı
ilə Nazirlər Kabineti yanında yeni DAEK-in yaradılması
oldu. DAEK-in tərkibinə ölkənin nüfuzlu alimləri
və müəllimləri daxil edildilər. Bundan sonra Təhsil
Nazirliyinin nəzdindəki Ekspert Komissiyasının müsbət
rəyini almış özəl ali təhsil müəssisələrinin
hamısı təkrarən yeni yaradılan DAEK-ə müraciət
etməli oldular. 1995-ci ildə DAEK-in verdiyi rəylər əsasında
7 (Xəzər, Qərb, Asiya, Azərbaycan, Qafqaz, Təfəkkür
Universitetləri və San-Marino Beynəlxalq Elmlər
Akademiyası Akademik Mərkəzinin Azərbaycan filialı
(Mingəçevir şəhəri), 1996-cı ildə 6 (Ali
Diplomatiya Kolleci, Ali Pedaqoji Qızlar Seminariyası, Odlar Yurdu,
Naxçıvan (2 ünvanda- Bakıda və
Naxçıvanda olmaqla), Bakıda Amerika universitetləri, Gəncə
Elm-Təhsil Mərkəzi (tərkibində 3 ali məktəb
- N.Gəncəvi adına Gəncə Universiteti, Aqroekologiya
İnstitutu, Azərbaycan Yeyinti-Sənaye İnstitutu) özəl
ali məktəb dövlət qeydiyyatına alındı. Nazirlər
Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s nömrəli sərəncamı
ilə DAEK-in 1996-cı ildə verdiyi müvafiq rəylər əsasında
daha 3 ali təhsil müəssisəsinin (Azərbaycan Beynəlxalq
Universiteti, Bakı Biznes Universiteti, Ali İctimai-Siyasi Kollec) fəaliyyətinə
Təhsil Nazirliyi tərəfindən lisenziya verildi.
Özəl təhsil
müəssisələrinin fəaliyyətlərində ikinci
mərhələ ölkə Prezidentinin 4 oktyabr 1997-ci il
tarixli 637 nömrəli "Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin siyahısının təsdiq
edilməsi haqqında" Fərmanı ilə təhsil
müəssisələrinə lisenziya verilməsi səlahiyyətinin
Təhsil Nazirliyinə həvalə edilməsi və 11 aprel
1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti
yanında Dövlət Ali Ekspert Komissiyasının ləğv
edilməsindən 2001-ci ilədək olan dövrü əhatə
edir.
Yaxşı
xatırlayıram, 1998-ci il martın 25-də ümummilli lider
Heydər Əliyev məni qəbul etdi. O zaman Bakı Dövlət
Universitetinin rektoru vəzifəsində
çalışırdım. Ölkədə təhsilin
ayrı-ayrı pillələrinin vəziyyəti,
professor-müəllim heyətinin sosial problemləri, xüsusən
ali təhsil sahəsində mövcud olan problemlər onu daha
çox maraqlandırırdı. Bir saatdan çox davam edən
söhbətin sonunda Heydər Əliyev məni ölkənin
təhsil naziri vəzifəsinə təyin etmək qərarına
gəldiyini bildirdi. Onu da yaxşı xatırlayıram ki, ulu
öndər bu vəzifənin məsuliyyətindən, səlahiyyətlərindən
və əhatə dairəsinin geniş olmasından ürək
yanğısı ilə danışırdı. Söhbətimiz
başa çatandan sonra Prezidentin katibliyində mənə
dedilər ki, indi Prezident Aparatında Heydər Əliyev Sizi təhsil
naziri kimi ölkə rəhbərliyinə təqdim edəcək.
Təqdimatda ölkənin baş naziri, Prezidentin İcra
Aparatının rəhbəri, baş nazirin müavini,
humanitar siyasət məsələləri şöbəsinin
müdiri və Prezidentin köməkçiləri iştirak
edirdilər. Təqdimat zamanı Heydər Əliyev ölkədə
ictimai-siyasi durum, təhsilin vəziyyəti, bu sahədəki
problemlər və onların həlli yolları ilə
bağlı öz fikirlərini bildirdi və
tapşırıqlarını verdi. Bununla yanaşı,
Prezident DAEK-in fəaliyyətindən ciddi
narazılığını da bildirdi və elan etdi ki, bir
neçə gündən sonra təhsillə bağlı iki
sənəd imzalayacaq. Onlardan biri ölkədə təhsil
sahəsində islahat proqramının hazırlanması ilə
əlaqədar Dövlət Komissiyasının
yaradılması, digəri isə DAEK-in fəaliyyətinin
dayandırılması və bu səlahiyyətlərin Təhsil
Nazirliyinə verilməsi ilə əlaqədar qərarlar idi. Heydər
Əliyevin həmin təqdimat zamanı
çıxışının stenoqramı ən qiymətli
bir sənəd kimi mənim arxivimdə bu gün də
saxlanılır.
Ölkədə təhsilin
inkişafında müstəsna əhəmiyyət kəsb edən
bu tarixi qərardan sonra Təhsil Nazirliyi tərəfindən
özəl ali təhsil müəssisələrinin
lisenziyalaşdırılması mexanizminin icrasına
başlanıldı. Bu məqsədlə yaradılmış
İşçi qrupu tərəfindən ölkədə
qanunsuz fəaliyyət göstərən 40-dan artıq
"ali təhsil müəssisə"sinin, o cümlədən
özəl təhsil müəssisələrinin bölgələrdə
yaratdıqları 18, xarici ölkə ali təhsil müəssisələrinin
Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris
məntəqələrinin aşkar edilməsi istiqamətində
sistemli araşdırmalar aparıldı.
Aparılan araşdırmalar
zamanı bəzi özəl təhsil müəssisələri
tərəfindən qanunsuz tələbə qəbulu
aparıldığı, mövcud qanunvericiliyə zidd olaraq məzunlara
ali məktəblər tərəfindən
hazırlanmış diplomların verildiyi, zəruri ehtiyac
olmadığı halda respublikanın müxtəlif bölgələrində
filial və şöbələr yaradıldığı, tələbələrin
köçürülməsi və bərpasında, ikinci ali
təhsilə tələbə qəbulunda,
buraxılış yekun dövlət attestasiyasının
keçirilməsində ciddi nöqsanlara yol verildiyi, qanuna
zidd olaraq ali məktəblər tərəfindən təsdiq
olunmuş tədris planları əsasında kadr
hazırlığı aparıldığı
aşkarlandı.
Araşdırmalar eyni
zamanda elmi-pedaqoji potensialı, maddi-texniki bazası, tədrisin
keyfiyyəti zəif olan özəl ali məktəbləri də
aşkara çıxardı. Aparılan
araşdırmaların nəticələri 1999-cu ilin
dekabrında Təhsil Nazirliyinin Kollegiyasında geniş
müzakirə olundu. Kollegiyanın qərarına əsasən
respublikanın müxtəlif bölgələrində qanunsuz
yaradılmış filial və şöbələrin fəaliyyəti
dayandırıldı. Belə ki, San-Marino Beynəlxalq Elmlər
Akademiyası Akademik Mərkəzinin Azərbaycan
filialının Göyçay və Bərdə, N.Gəncəvi
adına Gəncə Universitetinin, Biznes, Odlar Yurdu və Azərbaycan
Beynəlxalq universitetlərinin Ağcabədi, Gəncə
Elm-Təhsil Mərkəzinin Beyləqan, Zaqatala, Təfəkkür
Universitetinin Salyan, Əli Bayramlı (hazırda Şirvan), Quba
filiallarının (cəmi 18 filial) fəaliyyətinə xitam
verildi. Beləliklə, özəl ali məktəblərin
qanunsuz fəaliyyət göstərən bütün
filialları bağlanıldı, bir çox xarici ölkə
ali məktəblərinin ölkəmizdəki filialları və
tədris məntəqələrinin fəaliyyətinə
xitam verildi. Dövlət qeydiyyatından keçməmiş
özəl təhsil müəssisələrinin verdiyi
diplomlar etibarsız hesab olundu.
2000-ci ildə təsisçilərin
təklifi əsasında Ədliyyə Nazirliyinin qərarı
ilə Bakıda Amerika Universitetinin dövlət qeydiyyatı,
onun əsasında isə Təhsil Nazirliyi tərəfindən
verilən lisenziya ləğv edildi.
Aparılmış təhlillər
göstərir ki, fəaliyyəti dayandırılmış
özəl ali təhsil müəssisələri haqqında qərarlar
vaxtında qəbul edilmişdi. Həmin ali məktəblərin
bağlanmasından 9 ildən çox vaxt keçməsinə
baxmayaraq, bu təhsil müəssisələri ilə
bağlı problemlər bu gün də qalmaqdadır.
Təhsil Nazirliyi tənzimləmə
tədbirləri ilə yanaşı, nöqsanların aradan
qaldırılması və fəaliyyətlərinin təkmilləşdirilməsi
üçün özəl ali təhsil müəssisələri
qarşısında bir sıra təxirəsalınmaz tələblər
də qoydu. Bu tələblər tədris binası,
maddi-texniki baza da daxil olmaqla müvafiq infrastruktur yaratmaq, beynəlxalq
əlaqələr qurmaq, fəaliyyətlərini mövcud
qanunvericiliyə uyğun təşkil etmək, tədrisin
keyfiyyətini yüksəltmək, yüksək ixtisaslı
elmi-pedaqoji kadrları işə cəlb etmək, ali məktəbin
strukturunu - fakültələri və kafedraları optimal
formalaşdırmaqdan ibarət idi.
Bəzi özəl təhsil
müəssisələri qısa müddət ərzində tədris
prosesinin təşkilində yol verilən nöqsanların
aradan qaldırılması istiqamətində müəyyən
addımlar atdılar, maddi-texniki bazalarının möhkəmləndirilməsi
istiqamətində tədbirlər görməyə
başladılar. İlk dövrlərdə ayrı-ayrı təşkilatlara
məxsus binalarda fəaliyyət göstərən müəssisələrin
bir qismi artıq maddi-texniki bazalarını xeyli
yaxşılaşdırmağa, müstəqil tədris
korpusları tikib istifadəyə verməyə, zəruri
avadanlıqlar almağa, müasir tələblərə cavab
verən laboratoriyalar, kompyuter mərkəzləri, kitabxanalar,
nəşriyyat-mətbəə bazası yaratmağa müvəffəq
oldular. Bakı Biznes, Bakı Asiya, Azərbaycan Beynəlxalq,
Odlar Yurdu, Bakı Ali Pedaqoji Qızlar Seminariyası (hazırda
Bakı Qızlar Universiteti) universitetləri, Ali Diplomatiya
Kolleci (hazırda Bakı Avrasiya Universiteti) yeni tədris binaları
inşa etdilər, Azərbaycan, Xəzər, Qərb
universitetləri öz maddi-texniki bazalarını xeyli
yaxşılaşdırdılar. Təəssüf ki, digər
özəl ali təhsil müəssisələri
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
ilə bağlı ciddi işlər görə bilmədilər.
Belə ki, Elm və Təhsil Mərkəzi Təfəkkür
Universiteti və Ali İctimai Siyasi Universitetin hələ də
tədris binaları yoxdur, hər iki ali məktəb icarəyə
götürülən binalarda fəaliyyət göstərir.
Hesab edirəm ki, həmin təhsil müəssisələrinin
rəhbərləri müvafiq infrastrukturun yaradılması
istiqamətində ciddi tədbirlər görməlidirlər.
Özəl təhsil
müəssisələrinin fəaliyyətində
üçüncü mərhələ 2001-ci ilin
sentyabrında Bakıda Müasir Özəl Təhsil
Kompleksinin açılışında Ulu öndər Heydər
Əliyevin özəl təhsil sisteminin mahiyyəti, vəzifələri,
milli təhsil sistemində onun yerinə dair proqram xarakterli
çıxışından sonra başlandı. Özəl
təhsil müəssisələrinin zamanın tələbi,
beynəlxalq təcrübənin diktəsi ilə
yarandığını və onu dəstəklədiyini bəyan
edən ölkə başçısı, eyni zamanda, bu sahə
ilə məşğul olanlara, həmçinin təhsil siyasətini
aparanlara belə bir tarixi göstərişi də verdi: "Təhsil
biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir.
Təəssüflər olsun ki, ötən illərdə
ölkəmizdə bu məsələlər hələ tam
nizamlanmadığına görə bəzi yerlərdə
özəl universitetlər, yaxud özəl məktəblər
yaranıbdır. Ancaq araşdıranda görürsən ki,
bu, onu yaradanların artıq vəsait əldə etməsi məqsədi
daşıyır. Başqa universitetlərə, məktəblərə
nisbətən daha da yüksək təhsil vermək məqsədi
daşımır. Bu, bizi narahat edir... Əgər özəl
universitetlər, özəl məktəblər yaradan şəxslər
başqa məqsəd daşıyırlarsa, yəni onlar bundan
özləri üçün mənfəət götürmək
məsələsinə üstünlük verirlərsə, bəzən
də və çox hallarda təhsilin keyfiyyəti bizim
dövlət universitetlərindən, dövlət məktəblərindən
aşağıdırsa, bu həm xalqa, həm uşaqlara, həm
də millətimizə xəyanətdir. Buna qətiyyən yol
vermək olmaz... Bu bizim dövlətimizin siyasətidir. Bu siyasət,
yəni özəl təhsil müəssisələrinin də
keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər
bu olmasa, biz belə özəl təhsil müəssisələrinin
yaranmasına imkan verməyəcəyik...".
Özəl təhsil
müəssisələrinə dair dövlət siyasətinin
konseptual prinsiplərini özündə əks etdirən bu
tarixi göstərişi həyata keçirmək məqsədilə
Təhsil Nazirliyində hazırlanmış fəaliyyət
proqramına uyğun olaraq 2001/2002-ci tədris ilində özəl
ali məktəblərin fəaliyyəti kompleks şəkildə
araşdırıldı, 2002-ci ildə Təhsil Nazirliyinin
kollegiya iclasında geniş müzakirə olundu və
müvafiq qərarlar qəbul edildi.
Təhsilin keyfiyyətinə
nəzarət artırıldı, tədrisin təşkilindəki
ciddi pozuntulara görə 2001-ci ildə 5 ali məktəbin
(Naxçıvan Universiteti, Gəncə Elm-Təhsil Mərkəzi
tərkibindəki 3 ali məktəblə, San-Marino Beynəlxalq
Elmlər Akademiyasının Akademik Mərkəzinin Azərbaycan
filialı) fəaliyyəti dayandırıldı, ali məktəblərin
qəbul planında əsaslı dəyişikliklər
aparıldı, 2002-ci ildən başlayaraq bir neçə
özəl ali məktəbə
"hüquqşünaslıq", "tibb" istiqamətinə
daxil olan ixtisaslar, "gömrük işinin təşkili",
"beynəlxalq hüquq", "beynəlxalq münasibətlər"
ixtisasları üzrə, Müstəqil Azərbaycan
Universitetinə isə ümumiyyətlə tələbə qəbulu
dayandırıldı.
Həmin dövrdə həyata
keçirilən tədbirlərə baxmayaraq, müəssisə
və təşkilatlar tərəfindən özəl ali məktəb
məzunlarının təhsil səviyyəsinin, ixtisas
üzrə hazırlıqlarının qənaətbəxş
olmadığı, onların zəruri peşə tələblərinə
cavab vermədikləri barədə Nazirliyə
çoxsaylı müraciətlər daxil olurdu. Belə məlumatlar
daha çox hüquq və tibb sahəsində kadr
hazırlığı ilə bağlı idi. Əksər məzunlarının
bilik səviyyəsinin minimum standartlara belə cavab verməməsi
ümumilikdə özəl təhsil müəssisələrinin
nüfuzuna böyük ziyan vurmaqla ictimaiyyət arasında
onlara etimadı azaldırdı.
Bu səbəbdən də
2006-cı ildə ali məktəblərə tələbə
qəbuluna dair təkliflər hazırlanarkən ən
çox şikayətlər daxil olan
"hüquqşünaslıq", "beynəlxalq
hüquq" və "tibb" ixtisasları üzrə kadr
hazırlığı aparılan özəl ali təhsil
müəssisələrində monitorinqlər keçirildi. Monitorinq
nəticəsində müəyyən edildi ki, Azərbaycan
Beynəlxalq, Xəzər, Bakı Asiya, Azərbaycan, Qərb,
Bakı Biznes, Odlar Yurdu, Elm və Təhsil Mərkəzi Təfəkkür,
Bakı Diplomatiya (hazırda Bakı Avrasiya), Qafqaz Universitetlərində,
Əmək və Sosial Münasibətlər
Akademiyasının Bakı filialında (hazırda Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyası)
qeyd edilən ixtisaslar üzrə kadr hazırlamaq
üçün maddi-texniki baza zəifdir, kifayət qədər
səriştəli və peşəkar müəllimlər
yoxdur, tədris planları dövlət təhsil
standartlarına uyğun deyildir, tələbələrin
istehsalat təcrübəsi formal xarakter daşıyır,
ümumilikdə tədris prosesi mövcud normativlərə
uyğun təşkil edilmir.
Araşdırmaların
nəticələri Nazirliyin kollegiyasının müzakirəsinə
çıxarıldı, Kollegiyanın 4 may 2006-cı il
tarixli qərarı ilə maddi-texniki baza, ştatda olan
elmi-pedaqoji potensial və tədris-metodiki təminat mövcud
normativlərə cavab vermədiyinə görə özəl
ali təhsil müəssisələrinə
"hüquqşünaslıq", "beynəlxalq
hüquq" və "tibb" ixtisasları üzrə tələbə
qəbulu dayandırıldı.
Özəl ali məktəblərin
fəaliyyətində baş verməkdə olan neqativ
halların səbəblərindən biri də dövlət
ali məktəblərinə tələbə qəbulunun Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
aparıldığı halda, özəl ali məktəblərdə
bu işin Təhsil Qanununun müvafiq bəndinə əsasən
öz nizamnamələrinə əsasən aparmaları idi. 2004-cü
ilə qədər TQDK-nın keçirdiyi imtahanlarda
keçid balından az bal toplayaraq müsabiqəyə
buraxılmayan, müsabiqədən keçməyən, hətta
TQDK-nın imtahanlarında iştirak etməyən abituriyentlərin
özəl ali məktəblərə qəbulu təhsilin
keyfiyyətinə mənfi təsir göstərirdi. Məhz bu
səbəbdən 1 iyun 2004-cü il tarixdə Milli Məclisin
qərarı ilə Təhsil Qanununun 21-ci maddəsinin
dördüncü hissəsinə dəyişiklik edildi. Ölkə
Prezidentinin "Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişiklik edilməsi barədə" 17
iyun 2004-cü il tarixli 78 nömrəli Fərmanının 2.1
bəndinə əsasən dövlət və özəl ali
və orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbulunun aparılması səlahiyyəti Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına həvalə olundu. Həmin ildən
bütün ali və orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu TQDK tərəfindən
aparılmağa başlandı.
Təhsil Qanununda edilən
bu dəyişiklikdən sonra TQDK-nın sərəncamı
olmadan qanunsuz olaraq kütləvi şəkildə tələbə
qəbulu apardığına, fəaliyyətində aşkar
olunmuş qanun pozuntuları və ciddi nöqsanlara görə
Nazirliyin Lisenziya Komissiyasının 5 may 2006-cı il tarixli qərarı
əsasında Müstəqil Azərbaycan Universitetinin fəaliyyətinə
verilmiş lisenziyanın vaxtının uzadılması
qeyri-mümkün hesab edildi və Universitetin fəaliyyəti
dayandırıldı.
Eyni zamanda
respublikamızda qanunsuz fəaliyyət göstərən təhsil
müəssisələri ilə bağlı yenidən
geniş miqyaslı araşdırmalar aparıldı və
bunun nəticəsi olaraq Təhsil Nazirliyinin həmin Kollegiya
iclasında xarici dövlətlərin ali təhsil müəssisələrinin
Azərbaycandakı bütün filiallarının fəaliyyətinin
dayandırılması və qanunvericiliklə müəyyən
edilmiş qaydada onların ləğv edilməsi haqqında məhkəmə
orqanları qarşısında vəsatət
qaldırılması barədə qərar qəbul olundu.
Təhsil Nazirliyinin vəsatəti
əsasında məhkəmənin müvafiq qərarları
ilə Dağıstan Dövlət Universitetinin, Sankt-Peterburq
Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və
Hüquq İnstitutunun, Cənubi-Rusiya Humanitar İnstitutunun,
Kiyev Reklam İnstitutunun, Moskva Hüquq və İdarəetmə
Akademiyasının, Dnepropetrovsk Milli Universitetinin Bakı
filiallarının, habelə Rusiya Federasiyası Maymonid
adına Dövlət Klassik Akademiyasının Bakı tədris
məntəqəsinin fəaliyyətləri
dayandırıldı.
Qeyd etməliyəm ki, həyata
keçirilmiş çoxsaylı tədbirlər nəticəsində
hazırda ölkəmizdə qanunsuz fəaliyyət göstərən
heç bir özəl ali təhsil müəssisəsi və
ya filiallar mövcud deyildir.
Ölkəmizdə
özəl ali təhsil müəssisələrinin
yaranması və inkişafı mərhələlərinin təhlili
göstərir ki, 1991-1995-ci illərdə qanuni fəaliyyət
göstərən təhsil müəssisələrinin
sayı kifayət qədər az olmuşdur. Onların sayı
3-4 olsa da, həmin dövrdə, xüsusilə 1993-1995-ci illərdə
40-dək qanunsuz ali təhsil müəssisəsi fəaliyyət
göstərmişdir. Sonradan dövlət qeydiyyatına
alınan ali təhsil müəssisələrin sayında
ciddi artım baş vermişdir ki, bu da əvvəllər
qanunsuz fəaliyyət göstərən bir sıra təhsil
müəssisələrinin dövlət qeydiyyatına
alınması ilə bağlı olmuşdur. 1996-1997-ci tədris
ilindən qanuni fəaliyyət göstərən özəl
ali təhsil müəssisələrinin sayı 13-dən 19-a
yüksəlmiş, 2000-2001-ci tədris ilindən isə daha
ciddi tənzimləmə prosesləri nəticəsində
onların sayında getdikcə azalma tendensiyası
müşahidə olunmuşdur. Hazırda ölkəmizdə
15 özəl ali təhsil müəssisəsi fəaliyyət
göstərir.
Bütün bunlarla
yanaşı, özəl təhsil müəssisələrinin
fəaliyyəti ilə bağlı çox ciddi problemlər
bu gün də qalmaqdadır. Həmin problemlərdən biri
bu təhsil müəssisələrində qəbul
planının dolmaması ilə bağlıdır. Sual oluna
bilər, özəl ali təhsil müəssisələrinə
o qədər də çox olmayan qəbul planı niyə
yerinə yetirilmir? Düşünürəm ki, bunun əsas
səbəblərindən biri həmin təhsil müəssisələrində
keyfiyyətin aşağı olması, kadr
hazırlığının kifayət qədər səmərəli
aparılmaması ilə bağlıdır. Etiraf edilməlidir
ki, ilk özəl ali təhsil müəssisəsinin
yaradılmasından 18 il keçməsinə baxmayaraq, ölkə
ictimaiyyətində özəl təhsil müəssisələrinə
inam formalaşdıra bilməmişik. Sirr deyil ki, ali məktəblərə
sənəd verən abituriyentlər yalnız son sıralarda,
dövlət ali məktəblərindən sonra, hər
ehtimala qarşı, özəl ali təhsil müəssisələrini
qeyd edirlər.
Konkret faktlara nəzər
salaq. Cədvəldən görünür ki, özəl ali təhsil
müəssisələrinə qəbul planı 1999-cu ildə
969 nəfər, 2000-ci ildə 1823 nəfər, 2001-ci illərdə
1977 nəfər, 2002-ci ildə 2565 nəfər, 2003-cü ildə
1625 nəfər kəsirlə yerinə yetirilmişdir. Ümumilikdə
1999-cu ildə qəbul planı 84, 2000-ci ildə 69, 2001-ci ildə
60, 2002-ci ildə 29, 2003-cü ildə 65 faiz yerinə
yetirilmişdir. Onu da qeyd etmək lazımdır ki, qəbul
planının dolmaması ilbəil özəl ali təhsil
müəssisələrinə qəbul planlarının
azalması ilə də müşayiət olunmuşdur.
Hörmətli oxucular,
növbəti məqalədə ölkəmizdə özəl
təhsil sahəsində mövcud olan çoxsaylı problemlərlə
bağlı fikirlərimizi davam etdirəcək, mövcud vəziyyətdən
çıxış yolları ilə bağlı təklifləri
də diqqətinizə təqdim edəcəyik.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 16 may.- S.10-12.