Bir gəncin romanı
Romanın adı "A". Müəllifi Elxan Qaraqan. Rəşad Məcid romana səmimi bir ön söz yazıb, qeyd edib ki, Elxan istedadlı gəncdir. Deyim ki, Rəşadın romanla bağlı keçirdiyi fərəh hissinə, bu gəncin ilk romanı haqqında düşündüklərinə mən də şərikəm.
Roman yazmaq yazıçılığın ən çətin, ən mürəkkəb və mən deyərdim ki, böyük enerji tələb edən bir sahəsidir. Vaxtilə V.Q.Belinski yazırdı ki, indi bizim zəmanədə ədəbiyyat dedikdə romanı və povesti nəzərdə tuturlar... Roman deyilən bu cadugər nə olan şeydir? Onun savadlı kütlələri ovsunlayıb ələ almasının səbəbi nədədir? Daha sonra Belinski yazırdı ki, romanın məzmunu - müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır. Müasir romanın vəzifəsi -həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir. Buna görə çox təbiidir ki, roman, bir istisna kimi,ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir: cəmiyyət romanı öz güzgüsü hesab edir və ona baxıb özünü görür, öz-özünü dərk edir.
Belinskinin roman haqqındakı bu klassik tərifi heç də köhnəlməmişdir və təbii ki, roman janrının dünya ədəbiyyatında əsr yarımdan artıq keçdiyi inkişaf yolunda nə qədər yeni meyllər, tendensiyalar diqqəti cəlb eləsə də, biz yenə o fikirdəyik ki, roman doğrudan da, cəmiyyətin güzgüsüdür və bu mənada heç bir janr romanın bu funksiyasını öz üzərinə götürmək iqtidarında deyil. Roman XX əsrdə insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilib. XX əsrdə bu janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözü qarşısında canlandırmaq və dolayı yolla insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaqdır.
Əlbəttə, mən bu fikirləri bütünlüklə gənc romançı Qaraqanın əsərinə aid eləmək fikrində deyiləm. Amma onun əsərində əsl romana xas olan müəyyən cizgilər nəzərə çarpmaqdadır və gələcək romanları üçün bunlar bir stimul ola bilər.
Keçək mətləbə. "A" romanı bir gəncin cəmiyyət haqqında, bu cəmiyyətdə baş verən hadisələr barədə düşüncələrini əks etdirir. Cəmiyyətdə, insanlar arasında ədalətsizlik, haqsızlıq baş verəndə, mənəvi harmoniya pozulanda buna qarşı müqavimət hissi də güclənir və necə olursa-olsun, cəmiyyəti dəyişmək, yeniləşdirmək ideyası yaranır. Belə bir ideya isə həyata açıq gözlə baxan, mühafizəkar qanunlarla və bu qanunları şövqlə icra edən ixtiyar sahibləri ilə heç cür barışmayan gənclər arasında intişar tapır. Ancaq onların mübarizə üsulları müxtəlif ola bilər, yayğın ola bilər, arzuları reallaşmaya bilər və s. Romanda təsvir olunan bu gənclər HOST (Hava, Su, Od, Torpaq) adlı bir təşkilatda birləşirlər. Onların proqramları bizim düşündüyümüz mənada heç də maarifçi xarakter daşımır. HOSTün proqram mətnində bu sətirlərlə qarşılaşırıq: "Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən: "Mən ki heç yaşamadım"... Sənə danışılan heç nəyə inanma... Sən heç vaxt xoşbəxt olmayacaqsan... Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz Tarixin sınma nöqtəsiyik. Bizim üçün dəyərli heç nə yoxdur... Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. Bizim döyüşümüz özümüzə qarşıdır"
Mətndən seçdiyimiz bu sətirlərdən də aydın görünür ki, HOSTçuların məqsəd və məramları dəqiq və aydın deyil. Bu mücərrəd, hətta anlaşılmaz "proqram"la nəyəsə nail olmaq mümkünmü? Həm də həmin "proqram"la gördükləri işlər bir-birilə heç uyğunlaşmır. Çünki bir azdan görəcəyik ki, özlərini ədalət döyüşçüləri hesab etməyən bu gənclər mübarizəyə qoşulurlar - rüşvətxor müəllimlərə, fahişələrə, yolunu azmış adamlara qarşı "hücuma" keçirlər. Doğrudur, onların mübarizəsi bir qədər qeyri-real təsir bağışlayır, mifik və nağılvari görünür, amma indiki cəmiyyətdə qeyri-mümkün olan bu mübarizənin səbəbləri romanda kifayət qədər inandırıcı görünür. Romandan bu sətirlər: "Dünya çox çirklənib...Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar rekord səviyyəsinə çatıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır... Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə, əvvəl oğlan olub, sadəcə cinsini dəyişib..." Əlbəttə, publisistik tonda ifadə edilən bu həqiqətlər bir az şişirdilmiş olsa da, nə gizlədək, qorxulu bir gələcəkdən xəbər verir. Təbii ki, bu qorxulu gələcəyin baş verməməsi üçün bütün cəmiyyət birlikdə ayağa qalxmalıdır. Buna isə hələ çox var, çünki cəmiyyət indi böhranlı çağlarını yaşayır. HOSTun mübarizəsi isə sanki cəmiyyəti silkələməkdir, ona qarşıdakı daha qorxulu bəlaların baş verəcəyinə inandırmaqdır. Ancaq bu mübarizə hansı üsulla aparılır? Onlar bu mübarizəyə hazırdırlarmı? Axı cəmiyyətdə baş verən bütün naqisliklər, neqativ hallar haqqında kəskin danışmaq hələ o mənfilikləri aradan qaldırmaq şansı yaratmır. Böyük döyüşə yollanmaq üçün toplarla, tanklarla getmək olar, kiçik çaplı tüfənglərlə yox...
HOSTçuların "kiçik çaplı tüfənglərlə" ilk hücumu fahişəliyə qarşı başlanır. "Niyə biz bütün dinlərdə açıq-aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir, bu, cinayətdir. Allah deyir, bu, günahdır. İnsanlar deyir, bu, pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS-i də göndərdi, amma bu, insanlara təsir etmədi". Beləliklə, ailələrin xoşbəxtliyi və sağlamlığı üçün düşünülən mübarizə start götürür. HOSTçular onlarla fahişəni tutub gətirir, xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırlar. Bu damğadan sonra fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər. Bu "hərəkat" on gün davam edir və təbii ki, cəmiyyətdə müəyyən əks-səda doğurur. Amma sonra A (təşkilatın rəhbəri) bu "fahişə ovu"nu qadağan edir. Səbəbi odur ki, artıq HOSTçular kimi düşünən gənclər də bu işə qoşulurlar, deməli, problemdən çıxış yolu tapılır.
Növbəti "hücum" rüşvətxor müəllimlərə qarşı aparılır. Bu mübarizə də fiziki üsullarla aparılır. "Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib, anadangəlmə soyundurub dənizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn, istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın".
Romanda bu tipli "əməliyyatlar"ın getdikcə çoxaldığını, ölkəni bürüdüyünü öyrənirik. Hətta bütün bunların siyasi motivlə əlaqələndirildiyi də söylənilir. Amma sonra... Sonra, bütün baş verən hadisələrin yuxumu, qarmaqarışıq xəyallarmı olduğu müəyyənləşmir. Amma lap "yuxu" romanı olsun, əsas məsələ hadisələrin yuxudamı, reallıqdamı baş verməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas budur ki, mifik ya real, həqiqi ya uydurma olsun, təsvir olunan gerçəklik bizə tanışdır.
"A" romanında personajların əksəriyyətinin adı A hərfi ilə başlayır. Azad, Adil, Abbas, Aslan, Araz, Aydın, Aynur, Aysel, Anar. "Niyə hamısı A hərfi ilə başlayır? Niyə? Belə təsadüf ola bilər? Öz adım da A ilə başlayır. Niyə?"
Bunun bədii bir fənd olduğunu düşünürsən. Amma müəllifin qəhrəmanı belə düşünür ki: "A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs üçlüyü bildirir... Hinduların inancına görə, "Aom" kəlməsi dünyanın yaranmasına səbəb olub. Lomonosova görə, A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır.A - Eqonun simvoludur". Fikrimizcə, sonuncu təyin daha münasib səslənir. Çünki romandakı A-ların hər biri öz eqolarının istəyilə hadisələrin axarına qoşulurlar.
Hər bir nəsr əsəri, xüsusilə roman
ilk növbədə, öz qəhrəmanını təqdim
edir. Həmin qəhrəman romanın
bütün süjet xəttində aparıcı missiyanı
öz üzərinə götürür, digər
personajların hərəkətlərini, dəst-xəttini
müəyyənləşdirir. Yəni
bütün obrazlar həmin qəhrəmanın çevrəsi
ətrafında hərlənir, ona münasibətindən
asılı olaraq hüsn-rəğbət ya da mənfi
reaksiya doğururlar. Təbii ki, "A"
romanında bu klassik təyinetmə əsas tutulub. Burada A-larla B-lərin, S-lərin mübarizəsi
deyil, A-larla cəmiyyəti uçuruma gətirib
çıxaran, gələcək üçün dəhşətli
bir qorxu yaradan tipajlar arasında mübarizə gedir.
Romanda bu mübarizə əvvəlcə şüurlarda
alovlanır, A-ların dövlət, cəmiyyət, məmləkət
və dünyada baş verən olaylar barədə düşüncələri
ilə
Əlbəttə, romanda çox sərt, çılğın motivlər diqqəti cəlb edir. Məsələn, HOSTçuların qeyri-adi mübarizə üsulları mahiyyəti etibarilə kriminal xarakter daşıyır. "Məmləkətdəki cinayətlərin, azğınlıqların qarşısını almaq üçün bundan başqa yol, vasitə yox idimi" - deyə düşünürsən. Məsələ burasındadır ki, HOSTçuların düşüncə tərzi, öncə qeyd etdiyimiz kimi, maarfçilik ideyası üzərində qurulmayıb, onlar birbaşa cəmiyyəti müzür ünsürlərdən təmizləmək istəyirlər. Burada bütün inqilablara məxsus bir dağıdıcılıq istəyi reallaşır. Həm də hər bir hərəkətlərinə də bəraət üçün dəlil-sübut tapa bilirlər. Abbasın məhkəməsində onun son sözünü xatırlayaq: "O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eləyən içkilər satır, o fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir.... Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar, xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar! Müdirin masasına uzanan katibələr! Uşaq koloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları! Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər! Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər, xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibinizə qoymağınız..." və başqa ittihamlardan sonra məhkəmə zalına sükut çökür.
Biz bir gəncin
- Qaraqanın romanı ilə, qismən də olsa, sizi
Əlbəttə, bütün bunları bir gənc yazarın roman yazmaq təcrübəsinin azlığı ilə də izah etmək olar. Amma bir məsələ var ki, Qaraqanın romanı da özü kimi "gəncdir", belə romanlar ədəbiyyata təzə hava gətirir, bizi illər boyu oxuduğumuz bəzi romanlardan tamam fərqli bir təsir bağışlayır. Bu təzə romanlara da biz alışmalıyıq.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2009.- 16 may.- S.24.