SƏLİM BABULLAOĞLUNUN ŞEİRLƏRİNİ OXUYARKƏN...

 

Şair Səlim Babullaoğlunun İranda "Yaşmaq" kitab seriyasından nəşr olunan seçmə şeirləri toplanan kitabı müəllifin "Avqust" şeirindən götürülmüş bir misra ilə, "Küləyə qarşı gedən qadın" adlanır. Kitabın naşirləri redaktorları Həmid Asəfi, Səid Muğanlı Məsihağa Məhəmmədidir. Səid Muğanli Səlimin şeirləri haqqında yazır: "Çağdaş quzey şeirimiz öz nəhənglərinin çiynində dünya ilə ayaqlaşmaqda yürüməkdədir. Səlim həmin kəslərdəndir...." Həmid Asəfi bir başqa cür düşünür: "Bəzi şeirlər bizi oxuyarlar. Səlimin şeirləri halımın çağına düşübsə, həmişə məni oxuyubdur..." Kitabda güneyin ciddi ədəbiyyatşünaslarından olan Hümmət Şahbazinin Səlim Babullaoğlu haqqında məqaləsi yer alıb. Maraqla qarşılanacağını düşünərək, məqaləni oxucularımıza təqdim edirik.

...Onlarda iki obraz görmək olar:

Biri gündəmdə gedən, hamıya bəlli və tanış olan gerçəklik, ikincisi isə onlarla ilgidə olan yeni və sərbəst yozumdur. Şairin sintezində yaşanan və oxucuya çatdırılan an isə yeni dünyagörüşü skeletidir.

"Uşaqlar və ölum haqqında" şeirində həyat və ölum bir uşağın yozumu ilə dartışılır. Onlar iki doğru varlıqlardır. Şeirin gerçək üzü danılmaz olan "ölum"dur. Bəs yenilik nədir onda? Onların dartışmasından çıxan şairin, Məsiağa Məhəmmədi demişkən, "sərbəst yozumudur". Böyüklər ölumü fikirləşəndə qorxur, ümidsizləşir və ya dünyanın fani olduğunu düşünür. Ancaq Səlimin uşaq gözüylə ölumə baxışı da dirilikdir. Çünki uşaq öz istəyi ilə gülümsəyərək, gözlərini yumur, uzanır, ölür və ya özünü ölmüşlüyə vurur. Az sonra isə ölumu lağa qoyur. Çünki yaşamaq istəyir.

Beləliklə, Səlim ilk öncə bir mövzunu, ictimai davranışda olan bir sözü, bir problemi ortaya atır, sonra onların üzərində düşüncələrini şeirsəlləşdirir. Bundan çıxarılan nəticə isə yeni yozumlarla verilən anlayışlardır. Daha doğrusu, bu yeni anlayış alışdığımız və vərdiş etdiklərimizdən fərqlidir ("Avqust" şeiri).

Mən Səlimin şeirlərində yuxarıda dediyimdən başqa iki qabarıq özəllik görürəm və onları vurğulamaq istəyirəm:

A) təkrarlıq üzrə yaranan poetik təkid;? ?

B) süjetlik

"Lal qızın anlatdıqları", "Bəzi görüntülər", "Ürək döyüntüsünə ithaf" kimi şeirlərdə sözlər axarlıqla təkrar olur və bu təkrarlar şairin yanaşdığı mövzuları təkidləşdirir. Səlimin bəzi şeirlərində, təkrar olan söz ya anlayış, şeirin bütünlüyünü qoruyur. Örnək üçün: "Bəzi görüntülər" şeirində "əlləri görürəm" deyimi şeirdə bir-birindən fərqli anlam daşıyan kiçik fraqmentləri birləşdirir. Bu şeirdəki bəndlərin bir-birindən fərqli təsvirləri vardır. Ancaq şeirin bütünlüyü bu misra ilə təmin olunur. Şair dünyada baş verən təzadlı anları göz önünə gətirir yaxşı-pisini müəyyənləşdirməyi oxucunun üzərinə qoyur. Oxucu təzadlar içərisindən seçim etməlidir, o, oxucuya bu şansı, daha doğrusu, bu yozum haqqını verir oxucu şeiri davam etdirə bilir. Bu kiçik deyimin şeirdə o qədər önəmli rolu vardır ki, şeirdən götürülsə, şeir parçalanacaq hər bənd özlüyündə başqa-başqa şeirlər olacaq anlayışca birbirindən asılı olmayan bəndlər müstəqil "hayku" şeirləri kimi səslənəcəkdir.

Səlimin şeirlərindəki təkrarlar mühüm poetik məna daşıyır. Şair onlardan yararlanarkən, azacıq qəflət etsə, şeirində bütövlük görünməyəcək. yaxşı ki, Səlim şairlik bacarığını elə bu məqamda göstərir. Eyni sözləri onun "Avqust" adlı şeiri barədə demək olar. Burada bağlayıcı rolu oynayan "Hava tam qaralmayıb" misrası təkrarlanaraq, şeiri bütövləşdirir.

Səlimin poeziyasındakı bəzi təkrarlar isə xatırlatma rolunu oynayır. "Doqquzuncu hissə" şeirindəki "Təksən" sözü buna örnəkdir.

Bu təkrarlar oxucunu yormur. Adətən, oxucu misranın tezliklə sona çatmasını istəyir, onu məqsədə sürətlə yetirən mənaları sevir. Buna görə ümumiyətlə, təkrarlıq onu yorur. Amma Səlimin şeirlərində oxucu özü təkrarların ardını tutmaq istəyir.

Məncə, onun bu özəlliyi süjetliklə bağlıdır. Oxucuda emosiya yaratmaq, onu intizarda saxlamaq bacarıq tələb edir. Bu, Səlimdə var. Şairin süjetli şeirlərində söz, danışıq duyğu şeirin təsvirlərini kamilləşdirir. Bu da onun şeir dilini danışıq dilinə yaxınlaşdırır. Bu dil onun şeirində formalaşır, obrazlıq qazanır.

Səlim "süjetlik" daşıyan şeirlərində gərəkli olmayan vəsflər və ya anlayışlardan özünü qorumalıdır. Şeir ritmik yazılmaqla musiqiyə, süjetli ?yazılmaqla isə nəsrə yaxınlaşır. Bunlardan aşırı istifadə etməyin zərəri var. Birincidə şeir köhnə şeirin əruzlu-qafiyəli dadını verir. İkincidə isə uzunçuluğa uğrayır. Səlim hər ikisindən istifadə edərkən, özünü qoruyur. Ancaq bəzən qorumayanda, hər ikisi onu tapır. "Dostlar" şeirində gözə dəyən köhnə şeirin elementləri buna örnəkdir. Bəzən "süjetlik"dən həddindən artıq yararlananda dediyimiz uzunçuluğa uğrayır. "Atalar uşaqlar" şeirinin axarlığına baxmayaraq, bəzi gərəkli olmayan yerləri ixtisar eləmək olar :

 

   mən bilmirəm niyə uşaqlıq dostum

   qarğı atın belindəki, ayaqyalın

    atlı oğlan çağırdığımız çaylı rövşən

   dünyasını hamıdan tez dəyişdi,

   ona hansı div qalib gəldi? ...

 

Burada "niyə uşaqlıq dostum" deyiminin olması şeirdə gərəkli deyil. O olmasa, şeir yığcamlaşar. Başqa yöndən isə oxucu şairin təsvir etdiyi şəxsin təkcə uşaqlıq dostu olmasıyla qənaətlənmir, əksinə, bütün məqamlara yozur. Yəni belə olan halda yozum dairəsi genişlənir.

Əlbəttə, Səlimin süjetli şeirlərində bu hallar az görünür. Daha doğrusu, süjetin axarlığı şeiri həm uzunçuluqdan, həm klassik şeirdə olan yeknəsəq ritmdən qoruyur.   

 

 

Hümmət ŞAHBAZİ,

 

Güney Azərbaycan,

Muğan

 

525-ci qəzet.- 2009.- 16 may.-  S.23.