Heyranlıqlar içində albalı
bağı
Bu yazdıqlarımı heyranlıqlar içində təəssüratın səmimi ifadəsi kimi qəbul eləmək daha doğru olardı. Əsla tənqidi, analitik və buna bənzər bir yazı olmayıb, əslində, bu bir izhari - məhəbbətdir.
Çexovu həmişə
sevmişəm. "Öz
içindəki qulla əbədi mübarizədə"
olan bu böyük
sənətkar və böyük insan mənim üçün həmişə əziz olub. Və əziz
bir şeyə ehtiyatsız əllərin
toxunmasından da həmişə qorxmuşam...
Mən Çexovu Azərbaycan
səhnəsində hər bir şəkildə (tövrdə,
məqamda, variantda) təsəvvür edə bilərdim. Xüsusilə
də "Albalı bağı"nı. Xüsusilə də
sonda tamaşaçı qulağını deşən və
deşməli olan səhnəarxası balta səsləri əbədi
axtarışda olan (bəlkə yatan?!) teatr xadimlərimizin
özündən hələ də razı təvazökar təbəssümlərinin
fonunda... " O... Çexov!.. Albalı bağı...
Qağayı? Əlbəttə, Qağayı!.. Hələ
onun hekayələri... Nə qədər zərif, nə qədər
füsunkar... Düha!.. Müasir teatrın... nə bilim nəyi..."
və s. və i.a.
O isə sadəcə
öz içindəki qulu zərrə-zərrə içindən
çıxarmaqla məşğul olmuşdu. Nə az, nə
çox. Ah, bu zərif kəpənək qanadlarının
üstündə uçanlar...
Və bu qulun
çıxarılması, məhv edilməsi bu günün
özündə belə tamaşa-tamaşa, söz-söz, məqam-məqam
baş verir.
Müqtədir sənətkar
Vaqif İbrahimoğlunun rəhbəri olduğu Yuğ
teatrında "Albalı bağı" əsasında bu
yaxınlarda səhnəyə qoyduğu "Birinci akt"
tamaşası Çexova o qulu bir zərrə də ( bəlkə
bir udum hava qədər, bir udum su qədər, bəlkə
kainat boyda?!) öz içindən çıxarmaqda bəli, bəli,
hətta bu gün də kömək edir. Tamaşa birbaşa
Çexova tuşlanıbdır, desəm, məncə səhv
etmərəm.
Və bu ancaq belə
deyil. Cünki tamaşa həm də bizə -
tamaşaçılara tuşlanıb!
Bəli, həqiqətən
Çexovu çox cürə təsəvvür eləmək
olar.
Bir etiraf eləmək
istəyirəm. Mən Çexovu yalnız bu cür -
Vaqifsayağı təsəvvür edə bilməzdim. İlk
dəfə idi ki, seyr etdikcə tamaşa boyu aktyorların səsinə
səs vermək, onlara qoşulmaq, tamaşanın içində
ərimək istəyirdim. İlk dəfə idi ki, tamaşa
ilə bərabər məni tamaşaçılar da ahənrubə
kimi özünə cəlb edirdi, elə bil biz hamımız
ilıq bir gərginliyin içində idik... Hər
tamaşaçı, mənə elə gəlirdi ki, potensial
oyunçudur, o bu dəqiqə ayağa duracaq, səhnəyə
çıxıb aktyorlara qoşulacaq. Üzünə
baxdığım, ifadəsini tutmağa
çalışdığım hər bir
tamaşaçı, elə güman edirəm, mən
keçirən hissləri keçirdi.
Vaqif İbrahimoğlu, əlbəttə
ki, gözlənilən gözlənilməzliklərin əvəzsiz
ustadıdır. "Birinci akt" tamaşasının ikinci
hissəsi buna çox yaxşı sübutdur. Birinci hissədə
iştirak edən aktyorlar burada "Albalı
bağı"nın içinə girmək cəhdində
bulundular. Onun gizlinlərinə səyahət etdilər.
Onların hər biri öz qəhrəmanının gələcəyini
öz interpretasiyasında qurmağa çalışdı. Bu
bir improvizasiya təntənəsi idi, qəlbin və
şüurun bir-birinə sarılaraq yüksəklərə
canatım ehtirası idi. Müxtəlif, paralel
dünyaların əks-sədası idi. Bu interpretasiya ilə
razılaşmaq da olar, razılaşmamaq da olar, bu başqa bir
məsələdir, amma orası var ki, bu zaman "Albalı
bağı" öz içindən işıqlandı, biz
onu görməsək də, elə bil, sərin meh əsdi və
yarpaqlar xışıldadı...
Vaqifə qibtə etməyə dəyər. Doğma işlə məşğuldur. Ölkədə ən professional teatrın yaradıcısıdır. İstedadı tükənməzdir. Həm teatr sahəsində, həm fəlsəfi-nəzəri fikir, həm pedaqogika, həm tərcümə, həm də bədii esseistika sahələrində əvəzedilməzdir. Və nəhayət, bu son tamaşa!... Biz "Albalı bağı" ilə deyil, Çexovla, onun iç dünyası ilə qarşı-qarşıya gəldik. Gözləmirdik və diksindik.
Vaqif də, onun ardınca
ona qəlbində məhəbbət və inamla üz tutub bu yolla
gedən YUĞdakı
rejissorlar və aktyorlar hamısı bir yerdə, inanıram ki, bizləri hələ çox-çox diksindirəcəklər.
...Tamaşa boyu biz
tamaşaçılar albalı bağının
özünü görmədik. Sonda Çexovun remarkasında
olan kimi albalı bağını məhv edən məşhur
balta səslərini də eşitmədik. Amma o gecə mən
yuxuda böyük bir albalı bağının içində
idim. Bir ağacından başqa hamısı çiçək
açmışdı. Sonra gördüm, yox, o da
çiçəkləməyə başladı.
YUĞçulara məhəbbətlə,
Kamal ABDULLA